vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MÜSAHİB  
16:12 | 26 noyabr 2014 | Çərşənbə Məqaləyə 3589 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Burnuma araq qoxusu gəlir, nəinki ədəbiyyat»

«Azad istəklər, azad diləklər, azad hərəkətlər - budur mənim qanunum!»

Tural BALABƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Onun imzası çoxlarına tanışdır. Haqqında uzun-uzadı danışıb təqdim etməyə ehtiyac görmürəm. Aktulal.az-ın «Yazarın bazarı» rubrikasının qonağı Kulis.az saytının baş redaktoru Qan Turalıdır.

- Qan Turalı özünü azad yazıçı hesab edirmi?

- Azadlıq nədir axı? İnsan tam mənada azad ola bilərmi? Bunlar dərin fəlsəfi mətləblərdir. «Azadlıq nədir?» sualına cavab tapmamışıqsa, mən öz azadlığımı hansı alətlə ölçəcəyəm?! Hə, mən istədiyim şeyi yaza bilirəm. Amma istəklərim azaddırmı? Diləklər azaddırmı? Cəfər Cabbarlı Biləgənli Elxanın, yəni Babəkin dilindən yazırdı:

Amma kim təyin edir azadlığı? İnsanlara azadlıq gətirən bolşeviklər səma altında, QULAQ adında dünyanın ən böyük həbsxanasını yaratmadılarmı? Hitler də azadlıq gətirirdi. Azadlıq carçıları kor bir nadanlığın əsiri deyillərmi?

Hər şeydən qabaq azadlıq carçılarını azad etmək gərəkdir.

 

- Ədəbi aləmdə Sizi qane edən və etməyən məqamlar hansılardır?

- Ədəbi aləmin mövcudluğuna inanmıram. Bu, Sovet sovxasıdır. Yazıçılar yazır, ideyalar inkişaf edir, cərəyanlar ayrılır və birləşir, köhnə nəslin estetik dəyərləri inkarı inkara uğrayır. Bunlar məlum məsələlərdir. Ədəbi mühit isə mənə bir ovuc cızma-qaraçının özlərini ədəbiyyatda hiss etdirən uydurma bir məkan kimi gəlir. Ədəbi mühit deyəndə mən yeraltı kafelərdən yüksələn ədəbi nərələri eşidirəm, burnuma araq qoxusu gəlir, nəinki ədəbiyyat...

 

- Yaxşı bəs ədəbiyyatda vəziyyət necədir?

- Deyəcəklərim doğma deyil, öz fikirlərimi yazıram. Azərbaycanda çox narahat bir cəmiyyət var. Sosial problemlər, kənddən şəhərə köç, istismar... Üstəgəl də dini radikalizm. Lakin ədəbiyyatımızın zamanın çağırışlarına səs vermədiyini düşünürəm. Bu iradlar, eyni şəkildə, mənə də aid oluna bilər. Mən, təfəkkürcə, bir az başqa cür düşünürəm. Tutaq ki, dini radikalizmin qlobal problemə çevrildiyi bir dünyada sufilik haqda yazıram. Lakin bizim çox gözəl qələmi olan yazıçılarımız var ki, bu mövzularda parlaq əsərlər yaza bilərlər.

Ədəbiyyat real həyatdan çox uzaqlaşıb. Əlbəttə ki, hamını cəmiyyətin gündəminə çağırmaq olmaz. Lakin ölkədəki problemlər də ədəbiyyatda öz əskini tapmır. Harada qaldı bizim realist yazıçılarımız? Hərə bir «izm»in arxasınca düşüb, o «izmə» aidiyyəti olmayan saxta əsərlər yazılır. Kimsə özünün intellektual olduğunu, bir başqası kənd əhvalatlarını xalqa sırımaq istəyir və güman edir ki, onun ucuz hekayələri kiməsə maraqlı olacaq. Hərə bir kompleksin arxasınca gedir. Əlbəttə ki, kənddə də gözəl əhvalatlar var, əlbəttə ki, yazıçılıq üçün intellektuallıq əsas şərtlərdəndir, lakin ədəbiyyat ictimai həyatdan çox geri qalır. Cəmiyyət həyatının bir çox kataklizmləri ədəbiyyatda öz əskini tapmır. Amma dünyada elə deyil. Misal üçün qonşu Rusiyada bir çox sosial problemlərin bədii həlli verilir. Əlbəttə ki, mən heç kimin yaradıcılıq mətbəxinə burnumu soxmaq istəmirəm. Sadəcə, fikirlərimi deyirəm, bəlkə, bir adamın ağlına batdı.

 

- Siz Azərbaycanda kimləri şair və yazıçı hesab edirsiniz?

- Bütün yazıçıları və bütün şairləri...

 

- Özünüzü köşə yazarı, yoxsa yazıçı hesab edirsiniz?

- Yazıçıya köşə yazısı yazmaq qadağandırmı? Mən bəzilərinin, az qala, söyüş kimi tələffüz etdiyi «köşə yazarı» adını şərəflə qəbul edirəm. Bizim bəzi yazıçılarımız elə bilirlər ki, köşə yazmaq, nəsə, pis bir şeydir. Halbuki, bir tək Seymur Baycan onlarla yazıçının yazdığı yüzlərlə romandan daha gözəl yazılar yazıb, ədəbiyyatı təbliğ edib, oxuculara istiqamət verib. Köşə yazıları insanların cari qayğılardan ayırıb onlara ədəbiyyat adlı mələyin varlığını xatırladır, insanların təfəkkürünə təsir edir, onları xoş ideallara səsləyir, hansısa bir roman, hansısa bir film haqqında məlumat verir.

Fikir versəniz, aydın şəkildə görərsiniz ki, ən çox oxunan yazıçılar, eyni zamanda, dövri mətbuatda müntəzəm şəkildə çıxış edən müəlliflərdir. Başqa cür ola da bilməz. Yazıçı müğənni deyil ki, şəklini bilbordlara asaq. Oxucu ilə yazıçının ilk tanışlıq yeri mediadır, daha sonra kitablar gəlir. Oxucu ilə təmas hər zaman lazımdır.

 

- İndi nə oxuyursunuz?

- Son günlərdə gərgin bir oxu rejimi içərisindəyəm. Qəribə bir adətim var, sevdiyim yazıçıların bütün əsərlərini oxumağa əlim gəlmir. Misal üçün, Remarkın dörd romanını oxusam da, onun ən məşhur əsərini «Qərb cəbhəsində təbəddülat yoxdur» romanını gələcəyə saxlamışam. Hermann Hesseyə də eyni münasibət bəsləyirəm. Bazar günü «Siddhartta»nı oxuyub dəhşətə gəldim. Türkiyədən son səfərimdə aldığım kitabları saf-çürük edəndə buddizmlə bağlı üç kitab gördüm. Buddizm məni Vittgenşteynin istiqaməti ilə cəlb edir. «Siddharta», Henri Millerin də dediyi kimi, bir romandan ziyadə müqəddəs bir kitabdır. İndi isə gənc türk yazıçısı Hakan Bıçaqçının «Doğa tarixi» romanını oxuyuram. Əslində müasir romanların tematikası ən ümumi şəkildə də budur: Modern insanın ziddiyyətləri. Budda da müasir insan ziddiyyətlərinin həlli üçün bir çarə təklif edir.

 

- Modern insan kimdir?

- Elə insanlar var ki, onlar elə 90-cı illərin ab-havasında yaşayırlar. Onlar modern insan deyillər. Modern insan müasir dünyanın yaratdığı insandır. O insan getdiyi hər yeri Facebooka qeyd edir, bank kartları ilə ehtiyacı olmayan şeyləri alır, alış-verişini supermarketlərdə edir, günü telefonda keçir, xəbərləri internetdən izləyir, sürət əsrində yaşayır, plazalarda işləyir. Müasir həyatının bütün komfort və narahatlıqlarını yaşayır. Onun yaşadığı dövrün paradokslarını, yaşadığı daxili ziddiyyətləri dərk və təsvir etmək gərəkdir. Bu mənada da, bizim ədəbiyyat modern insana soyuq yanaşır, ondan uzaq dayanır.

 

- Bəs buddizmin təklif etdiyi çarə nədir?

- Mən buddizmi ancaq indi-indi araşdırmağa başlamışam. Bu vaxta qədər isə ancaq müxtəlif yazıçılar, xüsusən də, Selincerlə buddizmə yaxınlaşmışam. Bir də, təbii ki, Hessenin «Siddhartha»sı. Siddharta Kamalaya dediyi sözlərə fikir verin: «Sən başqa insanlara bənzəmirsən. Sənin içində elə bir şey var ki, sən ona sığına bilərsən. İnsanları vecinə almazsan. Sən öz içindəki cövhərlə xoşbəxt ola bilərsən. Öz daxili dünyan səni mutlu edə bilər».

Biz şou dünyasında yaşayırıq. Hamı özünə başqalarının gözüylə baxır. Aynaya baxanda belə düşünür ki, görəsən, başqalarına necə görünürəm. «Özünü dərk et» aforizmi müasir dövr üçün dəbdən düşüb. Əsrlərdir insanlar özlərini dərk etmək üçün nələri qurban vermirdilər? Monastırlara, sufi təkkələrinə düşən adamları xatırlasana... Ac qalırdılar, susuz qalırdılar, qaranlıq çiləxanalarda illər keçirdirdilər.

Nizami Gəncəvi 40 dəfə çiləyə girib. Hər çilə 40 gündür, hardasa, 5 il yer altında yaşayıb Nizami. Ruhunun cövhərlərini axtarıb, özünü axtarıb o qaranlıq otaqda...

Amma indi görüntü dünyasındayıq. Qlamur jurnallarda oxuyuruq ki, 100 min manatlıq maşınını restoranın içinə sala bilməzsən, ona görə də bahalı saat taxmalısan ki, sənin zəngin olduğunu restoranda bilsinlər. Nəyə görə axı? Sənin zəngin olduğun, insanlar üçün, çoxmu vacib informasiyadır?

Belə bir zamanda buddizmin insanın daxili aləmini gözəlləşdirməsi haqda öyüdləri çox yerində görünür. Çünki bu gün insan ən çox özü-özündən uzaqlaşıb, təbiətdən uzaqlaşıb, sünilikdən uzaqlaşıb. Süni parıltılar içində insan özünə özgələşib. Ruhuna özgələşib. Qadınlar sinəsi, kişilər boyları haqda düşündüklərinin, heç yüzdə biri qədər, ruhları haqda düşünmürlər. Biz, əslində, minlərlə tövbəsiz Nexlyudovların əhatəsində yaşayırıq. Ölü Nexlyudovlar. Ölülər!!! Maslovalar fahişədir, Nexlyudovlar əxlaqsız.

Heç kim ruhunun xilası haqqında düşünmür. Lüks maşınlardan görünən dünyalar insanları daha çox cəlb edir. Ruhlarımıza Swarovski daşlarla bəzədilmiş almaz xəncərlər sancılıb.

 

- Çox pessimist danışırsınız...

- Buddist rahiblər Myanmada müsəlmanlara qarşı soyqırımı edirlər. Düşünə bilirsinizmi bunu? Dağıstandakı sufilər də artıq terrora qurşanıblar. İŞİD-in elədiklərini görürük. Dünya, getdikcə, radikallaşır. Dünya, getdikcə, terrorlaşır. Çünki insan öz kompasını itirib. İnsan, getdikcə, daha canavar, daha vəhşi olur.

 

- İndi hansı əsər üzərində işləyirsiniz?

- Heç bir əsər üzərində işləmirəm. Arada beynimə ideyalar gəlir, onları qeyd edirəm.

Yazmaq dolub-boşalmaqdır. Boş beyindən, boş ürəkdən nə əsər çıxacaq ki? Yazmaq dərin və üzücü mütaliə prosesinin nəticəsidir. Onlarla kitab, jurnal, film, tamaşa... Oralardan gələn ideyaların beynimdə emalı, beyinin, kəmiyyətcə, zənginləşməsi, sonra isə fikirlərin daxili təkamülü, analizi, sintezi...

Biz bəzən unuduruq ki, ədəbiyyat idrak vasitəsidir. Dünyanı anlamaq cəhdidir. Bəzi filosoflar, misal üçün, Hegel ədəbiyyatı fəlsəfədən daha kiçik miqyaslı idrak forması kimi nəzərdən keçirtmişlər. Bu barədə dərin mübahisələrə dalmadan, bircə şeyin gerçək olduğunu bilirik: «Ədəbiyyat idrak hadisəsidir».

Biz əsər yazmaqla idrakımızın əldə etdiyi nəticələri bölüşürük. Ədəbiyyat idrakımızın sərgisidir. Hər bir əsər, mahiyyətcə, yazıçının yeni ideyası olmalıdır.

Bəzən çox xaotik bir oxu prosesinə qoşuluram. Lakin zaman keçdikcə, xaosun mənə bəlli olmayan prinsipləri aydınlaşır. Mənə aydın olur ki, əslində, bir- birinə çox uzaq kimi görünən kitablar, ideyalar vahid ideyanın zərrələri imiş.

Hər bir əsər, prinsipcə, yeni bir ideya, yeni bir yanaşma tələb edir. Bu yenilik, bəlkə də, dünya üçün heç nə ifadə etmir, lakin yazıçı üçün irəliyə atılmış bir addım olmalıdır.

 

- Sosial media haqda nə düşünürsünüz?

- «Əcəb epoxaya düşmüşük». Görəsən, yazı kəşf olunanda necəymiş? Hamı əlinə bir şey alıb hər yerə adını yazmırmış ki? Arximed qumların üstünə yazırdı.

İnsanın öz düşüncələrini başqaları ilə paylaşmaq ehtirası əbədidir. Məktəb partalarına adını yazanları görməmişikmi? Tualet divarlarına yazılan telefon nömrələri, küçə divarlarına yazılan «A+S=S», ailə albomları sosial media ilə əvəzlənib.

Yalnız bircə cihaz-telefon bloknotu, qol saatını, maqnitofonu, fotoaparatı, faktiki olaraq, sıradan çıxardıb. Və bu imkanlar insanlara hər anını paylaşmaq üçün münbit şərait yaradır.

Amma biz sosial media erasının ilk illərində yaşayırıq. Bir müddət sonra alışacağıq. Biləcəyik ki, nəyi paylaşmaq olar, nəyi olmaz. Biləcəyik ki, sosial mediaya nə qədər vaxt ayırmaq lazımdır. Daha yeniyik. Daha uşağıq. Çağayıq. Öyrənirik. Amma onu bilirəm ki, bu sosial media belə gəlib, amma belə gedə bilməz. Bu çılğınlığın bir sonu olmalıdır.