vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
13:23 | 9 yanvar 2015 | Cümə Məqaləyə 13283 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ağ, yoxsa qara?»

Dünyanın iki əks qütbü - yin və yanq (ağ və qara)

Günel NATİQ

MÖVZU İLƏ ƏLAQƏLİ

Qədim Çin fəlsəfəsinin əsaslarındandan olan Yin və Yanq (İn və Yan) bir-birinə zidd iki qütbü əks etdirir. Bu fəlsəfəyə görə, hər bir şey ikiqütblüdür: Ağ və qara, gecə və gündüz, işıq və qaranlıq. Yin- ağ rəng aktiv başlanğıca-kişiyə, Yanq- qara rəng isə passiv başlanğıca- qadına işarədir. Yin və Yanq həm də ölüm və həyatın, işıq və zülmətin daim bir-birinə çevrilməsini ifadə edir. Qütblər bir-biri ilə əlaqəlidir və bir-birindən ayrı müstəqil mövcud ola bilməzlər. Gündüz olmasa, gecə də olmaz və ya əksinə - işıq və qaranlıq, soyuq və isti, ağ və qara kimi… Həyat Yin və Yanqın harmoniyasından ibarətdir. Bu nəzəriyyəyə görə, heç nə tam qara və tam ağ deyildir. Iki rəng arasında fərq sakral mahiyyət daşıyır.

Ağ-qara filmlər, ağ-qara fotoşəkillər, ağ-qara şahmat taxtası… İnsanı həyatı boyu müşayiət edən ağ və qara zolaqlar…

Ağ və qaranı ayrı-ayrılıqda tanımağa çalışsaq da, əks qütblər bizi kəsişən nöqtələrə gətirib çıxaracaq.

 

Qara- əbədiyyət, ya fanilik?

 

Hələ lap qədimlərdən insanlar rənglərin köməyilə dünyanı anlamağa və dərk etməyə çalışırdılar. Qaraya münasibət birmənalı deyildi, amma qədim insanların nəzərində bu rəng, əsasən, şər qüvvələrlə bağlı idi. Axı qaranlıq insanda təlaş və qorxu yaradır, enerjisini özünə çəkir və demək olar ki, onu aciz və gücsüz edirdi.

Əgər ağ rəng işığı simvolizə edirsə, qara- zülməti təmsil edir. Ağ aydınlıqdırsa, qara xaosdur və s.

Qara dünyanın iki ucudur. Şərq mifologiyasında qara rəng torpağı ifadə edir, o, həm törəyir, həm də məhv edir. Qara əbədiyyət və fanilikdir.

Ona görə, qədimlərdə qara rəng qadın başlanğıcı ilə əlaqələndirilirdi. Qara həm torpaq ananı simvolizə edir, həm də qadınların qeyri-adi magik gücündən soraq verirdi.

 

Ağ düyəni gördünmü?

 

Ağ rəng təmənnasızdır, iddiasızdır. Ağ rəng aydan arı, sudan durudur.

Sufi dünyasına gedən yol ağ rəngdədir. Ağ işıq sevdası - Tanrı eşqidir. Sufi öz içinə sığmaz- könlünü ağ işıqla bəslər, ilahi eşqə - Tanrıya can atar. Bu səbəbdən sufilər papaqlarını ağ quzu dərisindən tikdirər və inanardılar ki, ağ rəng şər ruhları qovub uzaqlaşdırır.

Türk mifologiyasında «Ülgen»- Xeyir Tanrısıdır. Ona «ak ayas kaan», yəni «ağ parlaq xaqan» deyə, xitab edirlər.

Ural tatarları səmimi, ürəyiaçıq adama «ağ üzlü», «ağ könüllü» deyirlər. «Ağ yol» deyimi isə sağlamlıq və yaxşılıq mənasındadır. Toydan əvvəl qız tərəfinin bəy evinə verdiyi hədiyyə «ağ» və ya «ağ vermə» adlanır.

Türkmənlər birini səfərə yola salarkən «Yolun ak bolsun» deyirlər. Yəni «Yolun açıq olsun». Hansısa bir uşağın naz-nemət içində, mehr-məhəbbətlə böyüdüyünə işarə etmək üçün «ağ süd əmib» deyirlər. Türkmən dilində «Ağ ev»- bərəkətli evdir. «Ağ düyəni gördünmü?» sualının mənası isə budur: «Olanlardan xəbərin varmı»?

 

Qara rəngin hökmü

 

Qara bütövlükdür, tamlıqdır. Yeganə rəngdir ki, bütün rəngləri gizləyə bilir. Hər şeyi qaraya boyamaq mümkündür. Qara bütün rənglər üzərində hakim rəngdir. Ona görə, «qara» sözü əski dilimizdə «uca», «böyük» mənalarını verib. Dədə Qorqud boylarında «Qara günə oğlu Qarabudaq» obrazını yada salaq. O, ər oğlu ər olduğu üçün bu adı daşıyır. «Qara başım qurban olsun, xanım, sana» deyiminində də «qara» kəlməsi «ucalıq» mənasındadır.

Adında qara rəngin ucalığını daşıyan Qaragünə oğlu Qarabudaq «qarşıda yatan qara dağlar» deyir. Yəni uca dağlar, böyük dağlar. Təbiətlə bağlı deyimlərdə yenə qara rəngin hökmranlığını görürük. «Qara dağlar», «qara meşələr», «qara sular», «qara buludlar»... Təbiətin hökmü qarşısında insan acizdir. Təbiət ünsürlərini «qara» kəlməsiylə ifadə edərək insan təbiətin ucalığını, böyüklüyünü vurğulayıb. «Qara sular» deyimi də mifologiyadan qaynaqlanır. Yer altından axan sular «qara sular» adlanır.

Tarixi mənbələrdə deyilir ki, keçmişdə türk hökmdarları taxta çıxarkən oturacaqları səccadə və ya xalça qara rəngdə olmalıydı.

Yapon mədəniyyətində qara rəng ululuğun və təcrübənin, ağ rəng isə gəncliyin simvoludur. Məsələn, döyüş sənətində «qara kəmər» ən yüksək dərəcəni bildirir.

 

Ağ yolda ağ işıq

 

Tarixi dastan olan «Kitabi Dədə-Qorqud»da da ağ rəngin izinə düşürük.

Dədə Qorqud deyir ki:

«Ağ qoyunlar gəlib çevrəsində yatan su»!

Su həyatdır, su işıqdır. Ağ qoyunların gəlib suyun çevrəsində yatması xeyirin gücünü, önəmini ifadə edir.

«Ağ ormana girmişsən,

Ağ qovağın budağından yırğayıban keçmişsən»,- deyir Dədə Qorqud.

Dədə Qorqud boylarında «ağ aləmli» ifadəsi də var. «Ağban evüm» deyimi də bu dastandan dilimizə işıq salır. Ağ yola ağ işıq salır.

Qədim insanların magik rituallarında da ağ rəngdən istifadə olunurdu. İnanca görə, ağ rəng xeyir qüvvələri özünə cəlb edir, şər qüvvələri isə qorxudub uzaq salırdı. Yas mərasimlərində də ağ rəngdən faydalanırdılar. Belə bir sual doğur: Əgər ağ rəng işığı, həyatı simvolizə edirdisə, nə üçün yas mərasimlərində bu rəngdən istifadə olunurdu? Məsələ burasında idi ki, qədim insanlar üçün ölüm biryolluq yox olmaq demək deyildi. İnanca görə, ölən adam yeni doğulmuş çağa şəklində qəbiləyə qayıdırdı, ya da ruha, ilahi qüvvəyə çevrilirdi. Ona görə, dəfn mərasimində ağ rəngin olması neqativ xarakter daşımırdı, əksinə, ölən adamın yenidən doğuluşunu ifadə edirdi.

Ağ rəng insanları gözdəymədən də qoruyurdu, bir qayda olaraq, amuletlər ağ rəngdə olurdu.

Qara rəng də bir növ amulet rolunu oynayırdı, amma bunun anlamı başqa idi, yəni demək istəyirdilər ki, qara rəngin sahibinin gözdəyməyə, qısqanclığa səbəb olacaq heç bir özəlliyi yoxdur. Elə bu niyyətlə də yeni doğulmuş çağanın üzünə qara rəngli nöqtələr qoyulurdu.

 

Qara qız bəzənincə, toy əldən gedər

 

«Qara» sözüylə bağlı dilimizdə xeyli sayda şən, şux deyimlər var. Məsələn, «Qara qız bəzənincə, toy əldən gedər». Və ya «Qara kişmişi cibə tökərlər, ağ ayranı itə»və s.

Çin dilində qara rəng əməksevərliyi ifadə edir. Məsələn, «Qara it donuza çevrilib». Yəni pis materialdan yaxşı material alınıb. Eyni zamanda, bu rəng məntiqsizliyi simvolizə edir. İşinin hər hansı bir nəticəsi görünməyən adam haqqında belə deyirlər: «Elə bil, qara it yuyub». Və ya nəyəsə kinayə edəndə, ya qınayanda deyərlər: «Qara it qarğaya qara olduğu üçün nifrət edir». Və ya «Məgər qazan qara olduğu üçün sıyıq da qara olmalıdır»? Qara rəng eyni zamanda sübut edir ki, zahiri görünüş aldadıcıdır: «Qara qarğa da ağ həyat yaşaya bilər». «Xarici görünüş işıqlıdır, ürək qara».

 

«Ruhlar qaranlıqda görmür»

 

Qəbilə halında yaşayan xalqlarda belə bir adət var. Onlar öz əcdadlarının ruhlarıyla əlaqə qurarkən üzlərini ağ rəngə boyayırlar. Belə hesab edirlər ki, o dünya ilə ünsiyyət yalnız ağ rəng vasitəsiylə mümkündür. Yas mərasimində isə qara rəngdən istifadə etmək yolverilməzdir, çünki inanca görə, ölmüş adamın ruhu qaranlıqda heç nə görməyəcək.

Yəhudilərdə ağ rəng – ağ saçları və deməli, uzunömürlülüyü, qocalığı ifadə edir. O həm də yüksək və saf insan mahiyyətindən soraq verir. Yəhudi qızları məhsul yığımı vaxtı ağ paltarda rəqs edir, gənclər isə onların arasından özlərinə həyat yoldaşlarını seçirdilər. Paltarın rəngi əsaslı rol oynayırdı, belə ki, ağ rəng sosial təbəqə fərqlərini aradan qaldırır və qızlar yalnız öz qədd-qamətləri, zövqləri, ağılları ilə diqqəti cəlb edirdilər.

Buddizmdə ağ rəng müqəddəsliyi, təmizliyi, məsumluğu bildirirdi. Eyni zamanda, bu rəng insanın özünüdərkiylə əlaqəli idi.

 

«Qara xoruz xoşbəxtlik gətirər»

 

Çuvaşlar hesab edirdilər ki, qara rəngli heyvanlar qeyri-adi gücə sahibdir. Onların inancına görə, qarğalar pis niyyətli olanları tanıyır və onların başı üzərindən uçaraq insanları təhlükədən agah edirlər. Əgər bir çuvaş qadınının azyaşlı uşaqları bir-birinin ardınca dünyasını dəyişirsə, yeni doğulmuş körpəyə qara rəngli bir heyvanın adı verilir. Çuvaşlar belə düşünürlər ki, qara rəngli xoruz sahibinə xoşbəxtlik gətirir. Orta əsrlərdə hesab edirdilər ki, qara pişik cadugərlərin atributudur. Azərbaycan dilində «Aramızdan pişik keçdi» deyimi var. Yəni, münasibətlər soyudu, arada umu-küsü oldu.

Qara rənglə bağlı mifoloji obrazlardan biri «Qarabasan»dır. Miflərdə qarabasan dul və yalqız qadınlar yuxuda olarkən evə gəlir, onları qorxudur. Yalqızları ailə qurmağa məcbur edir.

 

Ağ yalan, ya ağ həqiqət?

 

Konfutsinin fəlsəfi-etik sistemində ağ rəngin başqa özəllikləri də var: Borcun yerinə yetirilməsi, həqiqətin bərpa olunması və fədakarlıq.

«Ağ rəng ləkə götürmür», -deyirlər. Ağ rəngdə nöqsan, qüsur tez nəzərə çarpır. Dilimizdə «ağ yalan» deyimi var. Amma filosoflardan biri bu qənaətdədir ki, ağ rəngi heç də hər kəs görə bilməz. Çünki ağ- həqiqətdir. Həqiqəti isə heç də hər kəs görə bilmir. «Ağ-aşkar həqiqət» deymini xatırlayaq.

Ağ rəngdə həm də Ağatlı oğlanın taleyi var. Bilmirəm, ağ yalandır, yoxsa əksinə, ağ-aşkar həqiqət, amma deyirlər, indiyə kimi Ağ atlı oğlanı «gördüm» deyən olmayıb...

Ağ rəng, eləcə də, pravoslav inancının simvoludur. İnsan ömrünün hər mərhələsi- doğuş, xaç suyuna salma, nikah, ölüm ağ rənglə müşayiət olunur. Dini xidmətçilər bu zaman ağ cübbədə olurlar.

Katoliklərdə ağ rəng Milad bayramı, Pasxa, Müqəddəs Məryəm və başqa bayramlarla simvolizə olunur.

İslam aləmində belə hesab edilir ki, ağ rəng Allaha xoş gəlir, ona görə müsəlmanlar ağ libas geyinir, başlarına ağ çalma qoyurlar.

Müsəlmanlarda bu rəng ənənələrə sadiqliyi və inancın paklığını ifadə edir. Belə hesab olunur ki, əgər bir insan namusunu itiribsə onun rəngi qaralmağa başlayır, əgər şərəfini özünə qaytararsa, rəngi də yenidən özünə qayıdar.

Siyasətdə ağ rəng neytrallığı, ənənəni və elmi yanaşmanı ifadə edir.

Ağ bayraq- barışıq və sülh rəmzidir.

 

«Qara bəxtim oyanmazmı»?

 

Qara rəng- qara bəxtdir. «Oyadar xəlqi-əfqanım, qara baxtım oyanmazmı?»- deyir Füzuli. Dədə Qorqud boylarında Bayandır xan bəylərə ziyafət verərkən oğlu olanı ağ otağa, qızı olanı qızılı otağa, oğlu-qızı olmayanı isə qara otağa ötürür. Övladı olmayanın qarşısına qara qoyunun qovurması qoyulur, ayaqlarının altına qara qoyunun keçəsi salınır.

Qara həm dünyanın faniliyini, həm də sonsuzluğunu bildirir. «Bu dünyanın qara daşı göyərməz»- deyir Musa Yaqub. Aşıq Veysəl «mənim sadiq yarım qara torpaqdır» deyir. «Qara» son mənzildir. «Qara» dünyanın taleyidir. «Qara» alın yazısıdır- yazıya pozu yoxdur. Yunus Əmrə də qara torpaqdan bəhs edir:

Hanı o dünya bəyləriGeymişlər dürlü rəngləriÖrtmüşlər qara torpağıGözləri dolmuş olanı.

Yəni dürlü-dürlü rənglərlə həyatı rəngarəng etmək olar, amma bu rənglərlə qara torpağı gizləmək mümkün deyil. Son yolçuluq qara rənglə ifadə olunur. «Vara vardım o qara daşa»- deyən Qaracaoğlan ayrılıqdan, yoxsulluqdan və ölümdən gileylənir. Başqa bir şeirində «yarın acı sözü qara bağrımı dələr gedər»- deyir.

«Qara» deyəndə Qaracaoğlan şeiri gəlib qonur ruhumuza. Qara gözlü, kömür gözlü gözəlləri vəsf edən Qaracaoğlan...

Mənə qara deyən gözəl
Gözlərin qara deyilmi?
Üzünü sevdirən dilbər
Qaşların qara deyilmi?

 

Ağ rəngin taleyinə yazılan sözlər

 

Ağ deyəndə Ağ Aşıq xatırlanır. Aşıq ədəbiyyatına bəmbəyaz yol salan Ağ aşıq.

Ağ aşıq həsrətdi biçarə yarə,
Görəsən olarmı dərdimə çarə,
Müddətdir, düşmüşəm qürbət diyarə,
Fələk saldı qürbət ellərə məni

Xalq şeirində ağ rəngin taleyinə bəyaz, inci dişli, ağ üzlü gözəllərin tərifi yazılıb.

Koroğlunun yarı göyçək,
Ağ üzünə töküb birçək.
Mədəd eylə, bir əncam çək,
Çəkincən gözlərəm səni.

Ağla qaranın taleyi çulgalaşır bir məqamda: «Ağ üzlü, qara gözlü», «siyah tellər, ağ buxaq» və s.

Gəlir bir bölük göyçəklər,
Ağ üzdə qara birçəklər,
Bağçada əlvan çiçəklər,
Dərməyə nazlar gəleyir.

 

Hər şeyin nüvəsində ona əks qütb dayanır

 

İndi isə Yin və Yanqı ərsəyə gətirən dairəyə nəzər salaq. Bu, iki balıq motividir. Ağ balığın gözü qara, qara balığın gözü ağdır. Dairə boyu hərəkət etdikcə ağ rəngdə qaranın, qara rəngdə isə ağın həcmi böyüyür. Bu isə o deməkdir ki, bir-birinə zidd qütblərdə daim çevrilmə gedir. Bu nəzəriyyəyə görə, AĞI QARANIN, QARANI İSƏ AĞIN DAXİLİNDƏ AXTARMAQ LAZIMDIR.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)