vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜƏLLİF  
17:20 | 17 mart 2015 | Çərşənbə axşamı Məqaləyə 2414 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Öncə televizordan imtina edin»

Bir də «təhlükəsizlik kəməri»ndən istifadəni unutmayın!

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə il öncə yazıçılarımızın «yaradıcılıq laborotoriya»sına baş çəkib onların iş üslubunu yaxından izləmək həvəsinə düşdüm. İstədim ki, hər dəfə bir qələm sahibinin qızıl qaydaları ilə tanış olub müşahidələrimi Kulisə təqdim edim. Bunun həm özüm, həm də oxucular üçün bir çox faydası olar deyə düşünürdüm. Fikirlərimi Qan Turalıyla bölüşən kimi «həmən başla» dedi.

Müraciət edəcəyim müsahiblərin siyahısını müəyyənləşdirdim... Elə ilk cəhddə məlum oldu ki, bizim bütün yazıçılarımız erkəndən qalxıb yazmağa başlayırlar.

Həm də heç birinin özəl qaydası-zadı yoxdur, elə Allahın verdiyi ilə kifayətlənirlər. Yəni, səhər günəş doğmazdan vəhyin hənirini hiss edən kimi qələmə sarılıb şedevrlərini yazıya çevirirlər.

Amma mən nədənsə əmin idim ki, onlar dan yeri sökülməmiş yazıb-yaratmaq barədə düşünməzlər.

Çünki bizim mühitimizdə yazmaq yazıçının qeyd-şərtsiz ikinci işi olmalıdır. Axı gün başlayan kimi hamı çörək qazandığı işin arxasınca gedir və getməlidir...

Hətta dedilər ki, sən nə qoymusan, nə axtarırsan, onların bəzilərı o saatda içki məclisindən yenicə ayrılıb, yatmağa hazırlaşırlar, yazmaq-filan nədi? «Biz də edərik ailəmi-röyadə tərəqqi...»

Bir sözlə, onların müdrik, yaradıcı görünmə fəndlərini saf-çürük edib dəqiqləşdirdim ki, uğursuzluğun yeganə səbəbi var – səmimi ola bilməmək.

İşləri, özləri haqda səmimi danışa bilmədikləri kimi səmimi də yaza bilmirlər.

Deməli, oxunmayan əsərlər, satılmayan kitablar və bihudə yaşanmış illər üçün oxucuların arasında günahkar axtarmaq yanlışdır. Oxucu sizin bircə cümlənizi oxuyursa belə ona ehtiramla yanaşmaq, dəyər vermək lazımdır. Çünki o zamanını sizə ayırır.

Nəhayət, bu kəndirlə quyuya düşməyə risk eləməyib layihəni başlamamış saxlamalı oldum.

Amma o dərinlikdəki cazibə məni çəkdiyindən kəndir axtarışını dayandırmadım...

Əlimə keçən, ağlıma batan nə varsa, oxuyub öyrənməyə çalışıram.

Demirəm ki, böyük iddialarım var. Mən yalnız təsəvvür etdiyim mənzərənin şəklini sözlərlə çəkməyi hər şeydən çox sevirəm və bu səbəbdən o quyuya şeytanın kəndiri ilə də enməyə razıyam. Yetər ki, kəndirin təhlükəsizliyinə güvənə bilim.

Maraq dairəmə bələd olan tərcüməçi Kazım Səlimov ingiliscədən çevirdiyi kitabı çapdan çıxan kimi zəng etdi: «Əlimdə sizin üçün möhkəm bir «kəndir» var».

Kitabı mənə bərabər çalışdığımız Azərbaycan Dövlət İqtisad Universitetində verib: «Stivin «kəndiri» çox etibarlıdır, mən o qədər bəyəndim ki, hamınız oxuyasınız deyə tərcümə etdim»,- dedi.

Bestsellerlər müəllifi, ABŞ yazıçısı Stiven Kinqin «Yazı sənəti» kitabını elə həmin gündən oxuyuram. Gündüzləri işləyir, gecələri isə özüm də kitab üzərində çalışırdım, vaxt çox az idi. Amma kəndiri əlimdən yerə qoymurdum.

Mütəxəssislər deyir ki, yazı sənəti haqqında çox az kitab bu qədər faydalı ola bilər. Kinq memuarları ilə yanaşı, həm də yazı sənətinin ən vacib normalarından bəhs edərkən, birinci qaydanı belə izah edir: «Əgər siz yazıçılığa yeni başlayırsınızsa, birinci televizorunuzdan xilas olmalısınız».

Bu ilk şərtdir. «Əgər bu yoxdursa, davamı da yoxdur», - deyir. Həm də Kinq bunu bizim yerli kanalları izləyərək demir, adam Amerikada oturub yazır.

«Facebook»da televiziya verilişlərinin bizim istedadlı yazarlar üçün «prestij»li bir mövzu olduğu nəzərdən qaçmır. Əslində, televiziya əsri bitib, bu deyingən, qaraqabaq qutu ömrünü tamamlayıb. Tamaşaçıdan əl çəkib, tamaşaçı, üstəlik ziyalı təbəqə hələ də televiziyadan əl çəkmək istəmir. Hər gün baxır, yazır, baxır, yazır, baxır, yazır...

Efirdə kim mayallaq aşsa, birinci bizim qələm əhli xəbər tutur. Əminəm, bu mayallaq haqda jurnalistlər heç nə yazmasa tamaşaçının xəbəri olmaz.

Kinqin ikinci qaydası ilk redaktorundan aldığı məsləhətdir: «Yazanda qapını ört. Düzəliş edəndə isə açıq saxla. Başqa sözlə, sənin yazın özün üçün yazmaqdan başlayır, sonra isə dünyaya çıxır».

Ah, ah, ah! Bu yerdə «Qəribi rəsmən ağlamaq tutur». Biz axı əlimizə qələm alandan dünya üçün yazırıq və oxunmadığımıza görə bütün bəşəriyyəti savadsızlıqda ittiham edirik...

Hə, bir də narkotiklərdən imtina edən Kinq deyir ki, yalnız axmaq, mazoxist və başdanxarab adam sərxoşluğu özünün həyat tərzinə çevirər...

Daha heç nə demirəm. Mən artıq kitabı ikinci dəfə oxuyuram. Quyuya düşməyə həvəsli olan həmkarların da bu «kəndirdən» möhkəm yapışacaqlarına inanıram. Sonda, kitabdan bir neçə sitat:

- Yazı yazmağa əsəbi də, həyəcanlı da, ümidli də, hətta çarəsizlik hissi ilə də - fikrinizdə və ürəyinizdə olanları heç vaxt kağıza tamamilə köçürə bilməməyiniz hissi də yanaşa bilərsiniz. Bu işə yumruqlarınız sıxılmış, bəbəklərini daralmış halda da gələ bilərsiniz. O qızın sizinlə evlənməyini və ya dünyanı çevirmək istədiyiniz üçün də gələ bilərsiniz. Necə istəyirsiniz, elə də gəlin, amma etinasız gəlməyin. İcazə verin, təkrar edim: ağ kağız üzərinə etinasız gəlmək olmaz!

- Daimi oxucunuz olmasa siz səhranın ortasında çığıran adama bənzəyəcəksiniz.

- Əgər siz pis yazıçısınızsa heç kim sizin gözəl yazıçı olmağınıza kömək edə bilməz, heç səriştəli yazıçı olmağınıza da kömək edə bilməz.

- Əgər yazıçı olmaq istəyirsinizsə, hər şeydən əvvəl iki işi görməlisiniz: çox oxumalı və çox yazmalısınız. Bu iki işi görməkdən başqa yol yoxdur, yəni yazıçı olmağın kəsə yolu mövcud deyil.

- Pis nəsr oxumaqla adam nəyi etməmək lazım olduğunu aydın öyrənir və bu dərs yaxşı yazıçılıq məktəbində, orda lap superstar mütəxəssis mühazirə söyləmiş olsa belə, bir semestr oxumaqdan daha dəyərlidir.

- Biz bacarıqsız yazılmış və açıq-açığına zəif olan əsərləri oxuyuruq: bu təcrübə bizə imkan verir ki, o ünsürlər öz yazımıza girəndə tanıyaq və təmizləyək. Biz həm də öz yazımızı, yazının necə ola biləcəyi haqda təsəvvür qazanmaq üçün gözəl və dahi əsərlərlə müqayisə etmək məqsədi ilə oxuyuruq.

- Əgər içinizdə CNN-in sərsəm xəbərlərini eşitmək ehtiyac hiss edirsinizsə, özünüzdən yazıçı olmaq istəyinizin nə qədər ciddi olması haqqında soruşun.

- Demək olar ki, televiziyanın efir əmziyindən ayrılan hər bir kəs, oxumaqla vaxt keçirməyin necə zövqverici olduğunu duyur. Fikrimcə, daim çərənləyən yeşiyi birdəfəlik söndürməyiniz həm həyatınızın, həm də yazınızın keyfiyyətini yüksəltmək üçün yaxşı seçimdir.

- Nə istəyirsiniz yazın, amma onu həyatın nəfəsilə doldurun.

P.S. Mənzil başına vaxtında çatmaq, quyuya sağ-salamat düşmək istəyirsinizsə «sükan arxasına» keçərkən Stiven Kinqın «təhlükəsizlik kəməri»ndən istifadə etməyi unutmayın! «Yazı sənəti»ni mütləq oxuyun. Mütləq!