vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MÜƏLLİF  
22:19 | 30 sentyabr 2013 | Bazar ertəsi Məqaləyə 4879 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xəlil Rzanın gözləri»

Səhər ƏHMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir dəfə yazmışdım ki, Azərbaycan ədəbiyyatı tarixini beynində gəzdirmək cəhənnəm əzabıdır. Fikrimdə qalıram, bəli məhz ədəbiyyat tarixini. Ayrı-ayrı müstəmləkələrin, hökmdarların, müharibələrin dövründə yaşamış Azərbaycan yazıçılarının qüssəli həyatını.

Tərslikdən mənim bəxtimə hər il bu tarixi qədim dövrdən bu günə qədər yenidən izləmək düşüb. Hər il gözlərimin qabağında Nəsimi yenidən soyulur, Müşfiq yenidən güllələnir, Cavid bir daha sürgün olunur. Hər dəfə on birinci əsrlə on ikinci əsrin qovşağında yaşamış Xaqani sadəlövh bir inamla deyir:
Biz ədl sarayıykən zülm ilə bərbad olduq,
Zalımlar olan qəsrə gör neyləyəcək dövran.
Hər dəfə iyirminci əsrlə iyirmi birinci əsrin qovşağında yaşamış mən bu sətirləri oxuyub Xaqaniyə də, özümə də, aramızdakı bütün şairlərə də acıyıram.
Hər dəfə orta əsrlərə “çatanda” Füzuli gileylənir: “Salam verdim, rüşvət deyildir deyə almadılar”. On doqquzuncu əsrdə Mirzə Şəfi eyni yorğun səslə Mirzə Fətəlidən soruşur: “Fətəli, sən də riyakarmı olmaq istəyirsən?” İyirminci əsrdə sağkən ölüm xəbəri yayılmış Hadi üsyan edir:
Mən bir diriyəm, etdi məni dəfn təsadüf,
Zində görünən bir sürü mövtalar içində.
Hər dəfə Səməd Vurğunu nənəsi, Müşfiqi analığı, Seyid Əzimi babası, Axundovu anasının əmisi saxlayır. Və mən həyatı əvvəlcə yaxşı gətirənlərə də sevinə bilmirəm, çünki bu “kinonun” sonunu bilirəm.
Nə Axundovun ictimai həyatının yaxşı alınmasına sevinirəm, nə Vaqifin xalq arasından çıxıb eşıkağası vəzifəsinə yüksəlməsinə, nə Natəvanın atasının Qasım bəy  Zakirə kənd bağışlamasına, nə Ələsgərin uzun ömrünə, nə Mirzə Cəlilin uğurlarına. Çünki bilirəm, əvəzində Axundovun şəxsi həyatı alınmayacaq, on bir övladını itirəcək və mən də hər dəfə on bir övlad itirmiş bir atanın acısını təsəvvür etməyə çalışacam. Vaqif oğluyla birlikdə asılacaq, Zakirin sakit həyatı pozulacaq, Ələsgərin uzun ömrünün sonu kədərli olacaq, Mirzə Cəlilin həyatına peşmanlıq nöqtə qoyacaq.
Axundovla Mirzə Şəfi axırda eyni qəbiristanlıqda uyuyacaq, Sabir öz müəllimi Seyid Əzimlə eyni taleyi yaşayacaq, nikbin Vaqif bədbin Vidadiylə sonda eyni fikrə gələcəklər.
Hər il ədəbiyyat tarixini yekunlaşdırıb  son mərhələyə gələndə  nədənsə Xəlil Rzanın Moskvadan həbsxanadan qayıtdıqdan sonra televiziyadakı son çıxışını xatırlayıram. Onun böyümüş gözləri yadıma düşür. O çıxışı kənddə televiziyadan izləyəndə çox fikirləşmişdim, görəsən, onun gözlərini bu qədər dərinləşdirən nədir, qorxumu, peşmanlıqmı, təəssüfmü?! İndi anlayıram, əslində, o vaxt Xəlil Rzanın baxışlarına Azərbaycan ədəbiyyatı tarixi yazılmışdı. Qədim dövrdən özünə qədər olan bütün Azərbaycan yazıçılarının taleyi. Ayrı-ayrı müstəmləkələrin, hökmdarların, müharibələrin dövründə yaşamış qələm adamlarının eyni məğlubiyyəti.
Təxminən belə.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)