vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ELM-TƏHSİL, DİN  
20:34 | 2 aprel 2016 | Şənbə Məqaləyə 2654 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Çıxış yolu yoxdur»

150 manata kirayə qalan ucqar dağ kəndinin gənc müəllimi:

Aytən ZƏHRA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün cəmiyyətimizdə bəzi gənclər peşə vəzifələrini ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac olan yerlərdədirlər. Bu vəsilə ilə Modern.az saytı «Ucqar kəndin gənc müəllimi» layihəsini davam etdirir. Budəfəki müsahibimiz isə Lerik rayonunun ucqar kəndlərindən birində işləyən Mahmud Cavadovdur.

- Əvvəlcə sizi tanıyaq...

- 1993-cü il mart ayının 14-də Göyçay rayonunun Qaraman kəndində anadan olmuşam. 2011-ci ildə Hacı Rəhim Əfəndi adına Qaraman kənd orta məktəbini əla qiymətlərlə bitirmişəm. Həmin ili Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında 433 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil oldum. 2015-ci ildə təhsilimi başa vurdum.


- Müəllim olmaq qərarına necə gəldiniz?

- Bəli. Mənə bu ixtisası sevdirən orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəlliməm Şəmsiyyə Piriyeva olub. IX sinifdə oxuyarkən qərara gəldim və qarşıma ciddi məqsəd qoydum. Məqsədim ya jurnalist, ya da Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq idi. Şükürlər olsun ki, ikisindən birinə nail oldum.


- Nə zamandan işləyirsiniz?

- 2015-ci il iyul ayının 26-da Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu zamanı ixtisasım üzrə imtahan verdim və 45,189 bal toplayaraq Lerik rayonu Balaş Dövlətov adına Vılık kənd ümumi orta məktəbinə göndərildim.


- Şəhərdə ali təhsil almısınız. Bu gün şəhərdə ali təhsil alanlar kənd həyatına geri qayıtmaq istəmirlər, həmin yerlərdə özlərinə iş tapırlar. Siz ucqar dağ kəndində müəllim işləməyə necə qərar verdiniz?

- Düzdür, bu gün hər kəs şəhərdə işləməyə can atır. Ancaq burada belə bir sual meydana çıxır: hər kəs bu cür fikirləşirsə, bizim ucqar kəndlərimizdə yaşayan xalqımızın balalarına kim təhsil verəcək?! Məni hər zaman düşündürən Azərbaycanımızın ucqarlarında yaşayan gələcək nəslin maariflənməsidir. Şəhərlərimizdə yetərincə müəllim kadrlar fəaliyyət göstərir, amma vətənimizin ucqarlarında ixtisaslı müəllim çatışmazlığı yaşanır. Axı hər il universitetlər minlərlə müəllim yetişdirir. Niyə bəs bu cür yerlərdə işləmək istəmirlər? Bunun bir sadə cavabı var: şəraitsizlik. Mən isə bütün bu çətinliklərə sinə gərərək valideynlərimin narazılıqlarına baxmayaraq, ucqar dağ kəndində işləməyə qərar verdim. Peşman da deyiləm, belə bir addım atdığım üçün şərəf hissi duyuram.


- Şagirdlərin sizin dərsə marağı necədir?

- Şagirdlərin dərsə marağı normaldır. Düzdür, uzun müddət Vılık kəndində ixtisas müəllimi olmayıb. Ona görə də yeni başlayanda şagirdlər müəyyən çətinliklər çəkirdilər. Həm də bu kəndin sakinləri ailələrində talış dilində danışdıqlarına görə şagirdlər Azərbaycan türkcəsini bir qədər gec qavrayırlar. Amma kifayət qədər potensialı olan bir cavan kadr olaraq öz işimin öhdəsindən lazımınca gələ bilirəm və bu bir neçə ay ərzində şagirdlərdə xeyli irəliləyiş olduğunu görürəm.


- Ümumilikdə orada dərs şəraiti, təhsil mühiti necədir?

- Dərs şəraiti müasir dövrün standartlarına cavab vermir. Məktəb 70-ci illərdə tikilmiş köhnə 5 otaqlı tikilidir. Müəllim kollektivində isə münasibətlər çox yaxşıdır.


- Bəs yaxşı, aylıq gəlirinizlə ehtiyacınızı ödəyə bilirsiniz? Orada yəqin kirayədə qalırsınız...

- Az da olsa, çox da olsa, aldığım məvacibə min şükür. Bəli, kirayədə yaşayıram. Kiçik bir otaqdır. Məndən başqa da iki müəllim bu evdə yaşayır. Aylıq hərəyə 150 manat olmaqla cəmi 450 manat kirayə haqqı veririk. Kənddə ancaq bir adam kirayə saxlayır. Ailəli ev olduğu üçün çox böyük sıxıntılar yaşayırıq. Başqa boş ev də yoxdur ki, özümüz sərbəst qalaq. Düşünürəm ki, bizim üçün bu kənddə məktəbin yaxınlığında 3 nəfərlik kiçik bir ev tikilərsə, bizə çox rahat olar. Çünki həm kirayə haqqı çoxdur, həm də ev məktəbdən xeyli uzaq məsafədə dağın zirvəsində yerləşir. Evdən məktəbə getmək 1 saat vaxt aparır. Qışda yollar lap çətin olur. Ona görə ki, bura dəniz səviyəsindən çox yüksəkdə yerləşdiyi üçün tez-tez qar yağır. Yollar buz bağladığı üçün dağdan enəndə çox çətinlik çəkirik. Bayaq da qeyd etdiyim kimi, əgər bizim üçün məktəb yaxınlığında bir kiçik ev tikilərsə, bütün bu çətinliklər aradan qalxmış olar.


- Sizinlə qalan həmin müəllimlər də başqa yerlərdən gəliblər?

- İngilis dili müəllimi keçən il imtahanla Astara rayonundan gəlib, burada işləyir. Digər müəllim isə tarix-coğrafiya müəllimidir, o isə Lerik rayonunun başqa kəndindən bu il işləməyə gəlib.


- Məktəbdə ixtisaslı müəllim çatışmazlığı var?

- Kimya, biologiya, fizika, informatika fənləri üzrə müəllim çatışmır.


- Pedaqoji fəaliyyətə başlamağınız məktəbə hansı yeniliyi gətirib? İstər şagirdlərin dərsə marağının artırılması baxımından, istərsə kollektiv arasında.

- Mənim gəlişimlə şagirdlərdə fənnə böyük maraq oyanıb. Yerli müəllimlər də təsdiq edirlər ki, əvvəlki illərdə şagirdlər vaxtı-vaxtında dərsə gəlmirdilər, amma indi isə mütəmadi olaraq dərslərdə iştirak edirlər.


- Fikrinizcə, hansı məsələlər həll olunsa, kənddə təhsilin keyfiyyəti arta bilər?

- İlk olaraq məktəb problemi həll olunmalıdır. Daha sonra isə məktəb müasir təhsil üçün vacib olan texniki avadanlıqlarla təmin olunmalıdır. Əgər bütün belə problemlər həllini taparsa, gənc müəllim kadrları da ucqar kəndlərdə işləməyə maraq göstərərlər. Bununla da kənd təhsil sistemində ən böyük problem olan savadsızlıq aradan qalxmış olar.


- Kənddə hansı çətinliklərlə qarşılaşırsınız?

- Yolların çətinliyi. Çünki bayaq da qeyd etdiyim kimi, kirayə qaldığım ev məktəbdən xeyli uzaqda yerləşir.


- Repetitorluqla məşğul olursunuzmu?

- Xeyr. Bunun üçün şərait yoxdur. Bir otaqda 3 nəfər qaldığımız üçün şagirdləri hazırlaşdıra bilmirik.