vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
20:57 | 2 aprel 2016 | Şənbə Məqaləyə 2785 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səkkizinci fil

Yaxud, 1991-ci il, yanvarın 5-də baş tutacaq görüş

İlqar ƏLFİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Hind mifologiyasına əsasən, fillər yer üzünə əfsanəvi bir quşun yumurtasının qırıqlarından gəliblər. Yumurtanın bir yarısından səkkiz erkək, digərindən isə səkkiz dişi yaranıb. Dünyadakı bütün fillərin əcdadı sayılan bu səkkiz cüt heyvan bu gün də kainatın düzənini saxlayır...

Qədim bir tay əfsanəsində isə deyilir ki, lap əvvəllər fillərin qanadı da varmış və bizim qalaktika əslində nəhayətsiz ənginliklərdə uçan saysız-hesabsız ağ fil sürülərindən ibarətdir.

Fil həm də Buddanın atası sayılır. Mifologiyaya əsasən, bir gecə şahzadə Maya yuxusunda bəyaz bir filin bətninə necə daxil olduğunu görür və bəlli müddətdən sonra, bari-həmləsini yerə qoyanda bəlli olur ki, dünyaya Budda həzrətlərini gətirib. Söyləyirlər ki, Budda özü də keçmiş həyatlarının birini elə bəyaz fil obrazında yaşayıb.

Bəyaz fil həm də insanın dünyəvi əzablardan nicat simvoludur...

***

- Salam!

Yad qadın səsiydi - bəm, boğuq... Baxışlarımı qarşımdakı məktubun kələ-kötür sətirlərindən zorla qopara bildim. «Dalğa» proqramının televiziyanın zirzəmisində yerləşən kasıb otağında qəfil qonaq görməyə adət etməmişdik. Qonağımız, həmişə çağırılmış olardı, onları da pəncərəmizlə üzbəüz çayxanamızda qarşılayardıq.

Elə otağa girib-çıxmağımız da işıqlı dünyaya açılan o bircə pəncərədən idi...

Çirkətab boz bukle paltosunun çilləri balağını qatladığı qara şalvarı, yarımdaban, uzunboğaz çəkməsiylə, qoltuğundakı əzik çantasıyla eyni rəngdəydi... Azacıq ləngisəm də, salamını aldım:

- Salam.

Və sual dolu baxışlarım dolu əndamlı cantaraq qızın paltosundakı iri, bozumtul mavi düymələrdə gəzişib elə onlarla eyni boyda ala-yaşıl, işıqlı gözlərdə durdu.

«Nə əcəb?» sualı da baxışlarımdan oxundu yəqin, çünki «he-eç, elə-belə, bura gəlmişdim, dedim bir sizə də baş çəkim...» - deyə dilləndi.

- Yaxşı eləmisən...

Onunla tanışlığım çoxdan deyildi. Amma son zamanlar yazılarını izləyirdim. Bir-iki ay qabaq da Tatarıstandan bir stringer gəlmişdi, Nataşa adında - kamerasıyla yatıb, kamerasıyla dururdu. Onları bir-birinə calaşdırdım. Nataşa da cavan qadındı, yaşıd olardılar; onun da bir balası vardı, bunun da; o «Müharibə və uşaqlar» mövzusunda film çəkməyə gəlmişdi, bizimki müharibədən yazılar yazırdı və hər ikisinin bəxti ailə sarıdan gətirməmişdi... bir sözlə, onlarınkı tutardı. Hərçənd ki, Mədəniyyət Nazirliyindən Tatarıstanlı qonaqla məşğul olmağı məndən xahiş etmişdilər, amma onları bir-birinə calaşdırmaqdan yaxşı variant tapmadım. Və nə yaxşı ki, heç olmasa bu ağlıma gəlmişdi...

Ünsiyyətdə «yaxşı eləmisən» ifadəsi nidayla deyil, nöqtələrlə bitəndə təxminən «sözünü de, başım qarışıqdır...» anlamını verir. O da məni çox gözlətmədi, laxlaq kətillərimizdən birinə çöküb yekə çantasını açdı, ağzı üstə masaya çevirdi, içindəki nəydisə, töküləndə bərk tappıldadı.

Sonra isə hər kvadratsantimetri gülən sifətiylə heç uyuşmayan qəmli gözlərini üzümə zilləyib «İlqar, bunlara bax!» - dedi, çantasını üsulluca, qarşısındakı sehrli örtüyün altından indicə dovşan çıxaracaq fokusçu görkəmiylə qaldırdı. Və...

...İki dənə - biri tünd, digəri al qırmızı rəngli dodaq boyası, kiprik tuşu, ucuz ətir şüşəsi, kiçik güzgü, işlənməkdən rəngi qaçmış, boşluğundan qarnı belinə dəyən qəhvəyi pulqabı, daraq, bir cüt əlcək, oğlunun kiçik şəkli, yarımçıq saqqız, xırda pullar və daha nələrinsə arasında həqiqətən mənə göstərmək istədiyi nəsə vardı, amma bəyazlığı ilə gözə soxulan bu «nəsə» dovşan yox, fil idi - süd kimi mərmərdən yonulmuş neçə dənə fil. Fil fiqurları. Çantanı çevirərkən bayaqkı müdhiş taqqıltını da onlar salmışdı - mərmər Hindistan filləri.

Filləri bir-bir götürdü, masanın kənarında boy sırasıyla düzüb, dedi:

- Bax da...

- Nəyə? - soruşdum.

Deyəsən anlamazlığımdan darılırdı:

- Neçə dənədi?

- Yeddi - tez saydım. Amma yenə bir şey anlamırdım.

- Bəs neçə olmalıdı?.. Səkkiz!

Yaxşı ki, sualının cavabını da özü verdi - mən onda bilmirdim ki, az qala hamının evində rast gəldiyimiz bu Hindistan suvenirinin tam dəsti mütləq səkkiz fiqurdan ibarət olmalıdır.

Yenə anlamırdım; nə demək istədiyini anlamırdım.

Bayaqkı təbəssümü isə hələ də sifətindəydi. Dilləndi:

- Bu fillərin biri sınanda gərək hamısını atasan, yoxsa evə bədbəxtlik gətirər... Mənim də əlim gəlmir. Bilmirəm neyləyim...

- Əşşi, ürəyinə pis gəlir, at getsin! Sən allah, o boyda yolu bunları göstərməyə gəlmisən?

Elə bil ayıldı, «yox-yox, işim vardı» - deyə mızıldanıb masanın üstündə sürüsü yarımçıq olduğundan boynunu yaman bükmüş filləri də qalan əşyalarıyla bir yerdə çantasına süpürdü.

- Laçına getmirsən ki?

- Hələ yox...

- Sabah getsəydin, məni də aparardın. Ağdama kimi asandı, ordan Şuşaya, Laçına çatmaq durub gözümə... Sən vertolyotla birbaş Laçına gedirsən də... Yaxşı olardı...

Düzü mən də sabah Ağdama gedəsiydim, ordan Şuşaya da, Laçına da keçəsiydim; amma vertolyotla yox, qatarla: artıq zaman dəyişmişdi - daha bizə vertolyot vermirdilər. Amma ona yoldaşlıq edib səhərə kimi yarımçıq fil dəstinin acı dastanına qulaq asmaq hövsələsində olmadığımdan dinmədim. O isə öz-özüylə danışırmış kimi, sözünə davan edirdi:

- Onda yenə hərbçilərə ağız açmalıyam. Gərək bir-iki dənə anekdot danışım, qılıqlarına girim, aparsınlar...

Bunları da deyib, getdi...

Ertəsi gün axşam vağzala gedəndə Zevin küçəsindən Neftçilər prospektinə çıxan tində gördüm onu, elə dünənki qiyafəsindəydi və deyəsən taksi gözləyirdi. Maşını saxlayıb götürəcəkdim, arxadan gələnlər «düt-dü-düt» salıb imkan vermədi; Bakını bilirsiniz də...

***

Salatın o gedən oldu...

Çoxdan seçdiyi yolun ağına düşüb getdi...

Bu yolun əbədiyyətə apardığından xəbərsiz getdi...

***

Mən heyvanlardan bəhs edən filmləri xoşlayıram. BBC-nin fillər haqda gözəl bir filmi var; diktor mətnini pozub Ravi Şankarın sitarda çaldığı ecazkar musiqilərdən yazmışam üstünə, hərdən baxıram və hər dəfə baxanda üzünü belə görmədiyim həmin o səkkizinci fil düşür yadıma - Salatının uzaq yolunu yaxın eləyən fil - dünyəvi əzabların bitdiyindən xəbər verən bəyaz fil...

Salatının fili...

***

Dekabrın 16-sı sənin ad günündür...

Görəsən adını Salatın qoyanlar bu kəlmənin içindəki sızıltılı nisgilin fərqinə varmayıblar?

Bu axşam sən ruhən dostların, yaxınların, bircə balanla birgə olacaqsan, ölümündən azca əvvəl Tatarıstanlı stringer Nataşanın sizdə, öz kamerasını yoxlamaq üçün çəkdiyi qısa lentə baxaraq, bir də həmin günlərə dönəcəksən...

Mənsə mütləq bunu düşünəcəm: Nə yaxşı ki, calaşdırdım onları...

Sonra da on doqquz ildən bəri, hər il azı iki dəfə - dekabrın 16-sı və yanvarın 7-də beynimi gəmirən cavabsız bir sualın dəmir məngənəsinə düşəcəm: niyə o axşam səni maşınıma mindirmək üçün inad göstərmədim?...

***

Deyirlər ki, zaman makinası düzəltmək ideyası gerçəkləşmək üzrədir.

Düzəlsə, mütləq qayıdacam ora - Zevinin tininə. Bir də görəcəksən sumağı bir maşın durdu yanında və içindən kimsə səni səsləyir: «Ay qız, Salatın, Ağdama gedirsən?»

Mən qabaq oturacağa yad qadın əyləşdirmirəm, amma sən oturarsan. Sən yad deyilsən. Sən Salatınsan...

Oturarsan, Ağdama birlikdə gedərik...

Eşidirsən? Unutma ha! Zevindəki svetofor, 1991-ci il, yanvarın 5-i, saat doqquz tamamda!...