vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QALMAQAL  
15:07 | 6 aprel 2016 | Çərşənbə Məqaləyə 3349 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Elçibəyin dostu ilə düşməni birləşib»

Bəstəkardan deputatlara İttiham

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir müddət öncə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin himn barədə dedikləri ictimai-siyasi həyatda səs-küy doğurdu. Araz Əlizadə bildirib ki, Azərbaycan himninə qulaq asanda adamı ağlamaq tutur. Bununla yanaşı, o, himnin insanlarda ruh yüksəkliyi yaratmadığını deyib.

Deputatın bu fikirlərinə həmkarı Fazil Mustafa da dolayısı ilə dəstək verərək qeyd edib:

«Hansısa tarixi abidəni də nöqsanlarına baxmadan, dəyişmədən bərpa etməyə daha çox üstünlük verirlər. Ancaq himnimizi təhlil etmək, başqa himnlərlə müqayisə etmək olar. Bunu dəfələrlə yazdığıma görə bildirirəm ki, bu himnin həm musiqisində, həm ifa vaxtında, həm də sözlərində müəyyən nöqsanlar var.

Bu da ifa zamanı müəyyən çətinliklər yaradır. Xüsusilə sonluğunda dörd dəfə «Azərbaycan» sözünün səslənişində bu ahəngi qorumaq asan olmur. Himni musiqisiz oxuyarkən kollektiv ahəngi qorumaq xeyli çətin olur. Vaxt baxımından da ən azı bir dəqiqə artıq səslənir. Sözlərində də lüzumsuz təkrarlar var. Minor və ya major olması elə də əhəmiyyət daşımır, ideyası, peşəkar mətn və musiqinin vaxt standartına uyğunlaşdırılması zəruridir».

Tanınmış bəstəkar, hazırda Şimali Kiprdə yaşayan Cavanşir Quliyev mövzu ilə bağlı Modern.az saytına açıqlama verib. O artıq neçənci dəfədir ki, himn barədə mübahisələrin açıldığını xatırladıb.

«Yadımdadır, 90-cı illərin ortalarında da söz-söhbət açıldı, bəstəkarların işə qarışması ilə bitdi. Məncə himnimizin dəyişməsini hakimiyyətdə kimlərsə istəyir, bunu açıq söyləyə bilmir, ona görə də deputatlardan istifadə edir». 

C.Quliyev A.Əlizadə və F.Mustafanın çıxışlarına təəssüfləndiyini vurğulayıb:

«Bu dəfə hətta hörmət etdiyim Fazil Mustafanı da ortaya atmaları məni məyus etdi. Fazil bəyi vaxtilə Əbülfəz Elçibəyin yaxın mücadilə dostlarının arasında görərdik, O, AXC hakimiyyətinin üzvü idi və himn barədə o zaman fikirlərini söyləyə bilərdi, hətta, istəyini də yeridə bilərdi. Bu himn qəbul olunarkən susması, üstündən 24 il keçəndən sonra üzə çıxıb fikir söyləməsi mənim üçün, ən azından, səmimiyyətsizlikdir.

Araz Əlizadənin isə Cümhuriyyət atributlarına qarşı olması gözlənilən haldır. Çünki mənim müşahidələrimə görə, o, Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəylə bağlı nə varsa, hər şeyə nifrət edir, bunu gizlətmir də. Bu işin acı ironiyası da odur ki, Elçibəyin dostu ilə düşməni eyni platformada, yəni himnə nifrətdə birləşdilər! Həqiqət isə budur ki, nə Fazil Mustafanın, nə də ki Araz Əlizadənin «tənqidləri» ciddiyə alınası fikirlərdir, musiqidən və himndən anlamayan bir həvəskar dedi-qodusudur, vəssalam.

Cənablar, tənqid edirsinizsə, ciddi olun, sizin tənqidlərin heç bir dəyərliliyi, məntiqi və ağırlığı yoxdur! O üzdən bu iki vətəndaşımıza kiçik musiqi dərsləri verməyə məcburam»

Cavanşir Quliyev arqumentlərini belə əsaslandırıb:

«Dərs 1:Cənab Əlizadə, musiqinin möhtəşəmliyi və təntənəli olması onun hər hansı bir məqamda - major, minor yerləşməsindən deyil, bəstəkarın məqsədindən, ustalığından və istedadından asılıdır.

Birinci misal: dünya musiqisinin ən kədərli və lirik (Sizin təbirinizcə, mərsiyə) əsərlərindən hesab olunan Şubertin «Ave Maria» əsəri majordadır.

İkinci misal: Azərbaycan musiqisinin ən təntənəli və möhtəşəm əsərlərindən biri «Koroğlu» operasının Uvertürası minordadır. Sizin təbirinizcə, mərsiyə olmalıdır. Bu cür misallar musiqi tarixində saysız-hesabsızdır, ətrafınızda tanıdığınız ciddi musiqiçilərdən soruşub öyrənə bilərsiniz. Deyirsiniz ki, dünyada heç bir ölkənin himni minorda deyil. Yalan deyirsiniz.

Slovakiya, Türkiyə, Bolqarıstan, İsrail, Rumıniya, Ukrayna, Mərakeş – bu, tam olmayan siyahıdakı ölkələrin himni məhz minor məqamında bəstələnib.

Deyirsiniz ki, himnimizi dinləyərkən dəsmal götürüb ağlamaq istəyirsiniz, mən isə qanadlanıb uçmaq istəyirəm, çünki o musiqidə mən Vətənimi görürəm, millətimizin müstəqillik mücadiləsini görürəm, torpağımız uğrunda canını verənlərin ruhunu hiss edirəm! Ona görə də himnin musiqisi məni ruhlandırır, irəliyə çağırır. Əminəm ki, milyonlarla insan mənim kimi düşünür, cənab Əlizadə! Silin göz yaşlarınızı! Yeri gəlmişkən, Siz bu prinsiplə bizim muğamatı da, yəqin, mərsiyə adlandırırsınız, elə deyilmi?

Dərs 2:Cənab Fazil Mustafa, mükəmməl bilmədiyiniz bir şeyi mətbuata açıqlamayın, yaxın çevrənizlə müzakirə edin. Himnin musiqisində heç bir musiqi nöqsanı yoxdur. Əksinə, bizim himn dünyanın formaca ən kamil, musiqicə ən gözəl himnlərindən biridir. İnternet resurslarında dünya himnlərinin hamısı var, dinləyin, müqayisə edin . Sizin xəta hesab etdiyiniz təkrarlar isə musiqidə nöqsan sayılmır, bu, formadan doğan tələbatdır.

O ki qaldı «Azərbaycan» kəlməsinin təkrarlanmasının ifa çətinliyi ilə bağlı dediklərinizə! Sizin qulaqlarınızın musiqi səslərinə duyarlılıq dərəcəsini mən bilmirəm, yoxlamamışam. Amma  lütfən, tənbəllik etməyin, bir gün səhər-səhər hər hansı bir məktəbin ibtidai siniflərindən birinə girin və Sizin oxuya bilmədiyiniz o kəlmənin əl boyda uşaqların necə rahatlıqla oxumasının  şahidi olun.

Dərs 3:
Cənab Araz Əlizadə və cənab Fazil Mustafa, ümumiyyətlə, ölkə himninin musiqisinin bədii keyfiyyətini sizlər yox, musiqi və söz mütəxəssisləri dəyərləndirməlidirlər. Parlament isə himnin, bayrağın və gerbin siyasi uyğunluğu barədə qərar verməlidir. O da 1918-ci və 1992-ci ildə verilib. Onlar yalnız ölkənin siyasi quruluşu dəyişərkən yasaqlana bilər. Çünki himn, bayraq və gerb öncə siyasi atributdurlar, sonra sənət əsərləri.

Hər ürəyi istəyənin arzusu bu məsələdə keçərli olmamalıdır.

SONLUQ:Mən hesab edirəm ki, zaman-zaman bu mövzunu cəmiyyətin qabağına «atılması», bunun müzakirəsinin açılması Rəsulzadə və Elçibəy düşmənlərinin demokratik atributları ortadan qaldırmaq cəhdlərindən biridir.

Həm də indiki iqtisadi böhran şəraitində cəmiyyətin başını qatmaq məqsədi güdür. Hesab edirəm ki, Azərbaycan Dövlət Himni dəyişdirilə bilməz. Çünki o Dövlətin Himnə olan ehtiyacını tam olaraq ödəyir, Üzeyir bəyin ən təntənəli və mükəmməl əsərlərindən biridir!»