vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ANALİZ  
21:12 | 8 aprel 2016 | Cümə Məqaləyə 3146 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dağlıq Qarabağ+2 rayon?

4 günlük müharibə və 10 ildir dövr edən «Madrid prinsipləri»

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarabağda hər iki tərəfdən çoxsaylı itkilərlə müşaiyət olunan 4 günlük müharibə münaqişənin nizamlanmasına dair vasitəçilik təşəbbüslərini fəallaşdırıb. Daha doğrusu Rusiya uzun müddətdir dayanmış danışıqlar prosesini bərpa edib tərəfləri hansısa «Lavrov planı»nı razılaşdırmaq üçün masa arxasına keçməyə çağırır. Rusiyanın münaqişənin həllinə dair hansısa yeni ideyalarının olduğu haqda çoxdan danışılırdı, indi isə həm xarici işlər naziri Sergey Lavrov, həm prezident Vladimir Putin, həm bu gün Bakıya gələn baş nazir Dmitri Medvedyev tərəflərə hansısa plan təqdim etdikləri haqda bəyanatlar veriblər.

Əslində isə söhbət indiyə qədər müzakirə olunan nizamlama variantlarından kəskin fərqlənməyən hansısa ideyalardan gedə bilər. Ermənistan tərəfi bildirir ki, Rusiya doğrudan da tərəflərə təkliflər verib, ancaq bu, 2011-ci ildə Kazan görüşündə prezidentlərin razılaşdırmalı olduğu sənəddir. Yaxud onun hansısa düzəlişlər edilmiş variantıdır.

Bəs «Kazan sənədi» nədir? Ötən 10-12 ildə aparılan danışıqlar prosesini izləyən analitiklərə yaxşı məlumdur ki, əslində «Kazan sənədi» hələ ondan 5 il əvvəl-2006-cı ildə gündəmə gələn «Madrid prinsipləri»inə söykənən abstrakt, Azərbaycanın ərazi bütövlüyü prinsipinin pozulması riskini özündə ehtiva edən sülh təkliflərindən ibarətdir.

«Madrid prinsipləri»inin əsas müddəaları 2007-ci il noyabrında ATƏT ölkələrinin İspaniya paytaxtında keçirilmiş görüşündə işlənib hazırlanıb və qismən dərc edilib. Lakin bundan əvvəl-2006-cı ilin iyun ayında ATƏT-in Vyanadakı Daimi Şurası Qarabağ münaqişəsinin nizamlanmasına dair həmsədrlərin təklif etdiyi əsas prinsiplərin hazır olduğunu açıqladı. Bundan bir neçə gün sonra ABŞ-ın İrəvandakı səfirliyi həmin əsas prinsipləri öz saytında dərc etmişdi.

Sənəddə münaqişənin nizamlanmasının mərhələli variantı təklif olunurdu. Əsas müddə isə Dağlıq Qarabağın yekun statusunun hansısa müddətdən sonra referendumda müəyyən edilməsindən ibarət idi. Həmsədrlərin bəyanatında göstərilirdi ki, əsas prinsiplər  Ermənistan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından, daha doğrusu 5 rayondan mərhələlərlə çəkilməsini, Kəlbəcər və Laçın rayonları üçün ayrıca statusun müəyyən edilməsini, sonradan bu rayonların demilitarizasiyasını, münaqişə bölgəsinə beynəlxaq sülhməramlı qüvvələrin yeridilməsini nəzərdə tutur.

Əldə edilmiş razılaşmaların yerinə yetirilməsinə xüsusi komissiya nəzarət etməli, tərəflərə bərpa və minaların təmizlənməsi üçün beynəlxalq donorlar tərəfinndən maliyyə yardımlarının göstərilməsi də planda əksini tapmışdı.

Plan dərhal Azərbaycan cəmiyyətində təslimçi akt kimi qarşılandı. Çünki Dağlıq Qarabağın yekun statusunun referendumda müəyyən edilməsi prinsipinin hansı nəticə verəcəyi bu referendumun nə vaxt keçiriləcəyindən asılı olmayaraq hamıya aydındır.

Ancaq nizamlama prosesində referendum variantının gündəmə gətirilməsinin tarixçəsi də bir qədər əvvələ gedib çıxır. Bu prinsip hələ 2004-cü ildə MDB-nin Astanada keçirilən sammiti zamanı Kremlin tərəflərə təqdim etdiyi təkliflərdə əksini tapırdı. Və hər iki tərəf bu təkliflər üzrə danışıqlara başlamağa razılaşmışdı. Planın müddəaları, xüsusən referendumun keçirilməsi o vaxt Kreml administrasiyasının rəhbəri Vladimir Kozakın Dnestryanı bölgənin statusunu müəyyən etmək üçün Moldovaya təqdim etdiyi, prezident Vladimir Voroninin son anda imtina etdiyi «Kozak planı»nın müddəaları ilə oxşar idi.

Beləliklə, sonradan «Madrid prinsipləri» adını alan, əslində mahiyyəti Kremlin təkliflərinə əsaslanan əsas prinsiplər üzərində üzücü, uzun-uzadı danışıqlar prosesi düz 10 il davam etdi. Bu sənəd danışıqlar prosesində bir neçə dəfə düzəlişlərə məruz qaldı, ancaq əsas mahiyyəti dəyişmədi. Bir neçə dəfə tərəflərin əsas prinsiplər üzrə razılaşmaya çox yaxın olduğu da məlumdur. Lakin hər dəfə ortaya bir əmma çıxıb və danışıqlar dalana dirənib.

Əslində həmin baza prinsiplərinin razılaşdırılmasının özü belə sülh demək deyildi. Çünki baza prinsipləri razılaşdırılsaydı tərəflər bu dəfə hər prinsip üzrə ayrıca danışıqlar aparıb yekun sülh sazişinin mətnini hazırlamalı idilər. Məsələn, qoşunların çıxarılmasının qrafiki, Kəlbəcər və Laçının məsələsi, sülhməramlılar, erməni qoşunlarının boşaltdığı ərazilərə qaçqınların qayıtması, təhlükəsizlik təminatı-bütün bunlar uzun-uzadı danışıqlar tələb edən məsələlərdir. Və qətiyyən şübhə doğurmurdu ki, baza prinsipləri razılaşdırılsa belə Ermənistan işğal etdiyi əraziləri boşaltmaqdan imtina etmək, status-kvonu daha da uzatmaq üçün həmin yekun sülh sazişin dair danışıqların gedişində istənilən qədər bəhanə irəli sürə, beləliklə də proses yenidən dalana girə bilər.

Məsələn, həmsədrlər əsas prinsipləri elan edəndən sonra Ermənistan XİN bildirdi ki, bu sənəd məqbul deyil. Çünki referenduma qədər Dağlıq Qarabağın aralıq statusunun nədən ibarət olacağı göstərilməyib. Yaxud daha sonra Ermənistan referendumun 5 ildən sonra keçirilməsi şərtini irəli sürməyə başladı, həmsədrlər isə 10-15 illik müddətdən bəhs edirdi.

Nəhayət bu sənəd müxtəlif düzəlişlərdən sonra «Kazan sənədi» kimi Rusiyanın vasitəçiliyi ilə baş tutan görüşdə razılaşdırılmalıydı. Ancaq Azərbaycan tərəfi sənədin müddəaları ilə bağlı bəzi texniki düzəlişlər irəli sürdü. Ermənistan prezidenti isə sonradan özünün etiraf etdiyi kimi yeni bəhanə tapdı: sənəd ancaq o zaman qüvvəyə minmiş sayılacaq ki, Dağlıq Qarabağ «parlamenti» ..də onu ratifikasiya etsin. Bu şərti isə Azərbaycan qəbul edə bilməzdi.

Və danışıqlar pozuldu. 2013-cü ilə qədər «Madrid prinsipləri» üzrə danışıqları bərpa etməyə yönələn müxtəlif cəhdlər irəli sürülsə də 2 ilə yaxındır ki, proses faktiki dayanıb. İndi 4 günlük müharibə həmin sənədin Rusiya tərəfindən düzəlişlər edilmiş hansısa yeni variantının gündəmə gəlməsinə təkan verib. Azərbaycan prezidenti deyir ki, sənəd Bakı üçün məqbuldur, rada ərazi bütövlüyünün saxlanılmasına təminat var. Ancaq Ermənistan bu təklifləri rədd edir.

İstənilən halda belə görünür ki, «Lavrov planı»ında da referendum məsələsi əksini tapıb. Ancaq Dağlıq Qarabağ ermənilərinə yekun statusu səsvermədə müəyyən etmək hüququ verilərsə ərazi bütövlüyünün pozulmayacağına hansı formada təminat veriləcəyi açıq qalır.

Digər tərəfdən danışıqlar prosesində vəziyyət və vasitəçilərin irəli sürdüyü təkliflərin müxtəlif modifikasiyaları heç də münaqişənin həllinə yaxınlaşdırmadı, əksinə, uzaqlaşdırdı. Və həmsədrlərin mövqeyində də erməni tərəfin maraqlarına doğru əyilmə tendensiyası artdı.

Məsələn, «Madrid prinsipləri», yaxud «Lavrov sənədi» xeyli ölçüdə həmsədrlərin hələ 1997-ci ildə təqdim etdiyi «mərhələli həll» variantına oxşayır. Ancaq 1997-ci ildə təqdim edilmiş variantda Kəlbəcərin boşaldılması qeyd-şərtsiz əksini tapırdı, təkcə Laçın rayonunun məsələsi, yaxud Laçın dəhlizinin eni əsas mübahisə predmeti idi.

İndi isə bütövlükdə Laçın və Kəlbəcərin boşaldılması məsələsi təxirə salınır, üstəlik həmin rayonlar üçün ayrıca statusdan danışılır. Bu iki rayonun referenduma qədər boşaldılacağı sənəddə qəti əksini tapmır, üstəlik Kəlbəcərdə ermənilər hansısa mövqeləri həmişəlik saxlamaq iddiaları irəli sürürlər. Yaxud Azərbaycanın bu rayonlarda hərbi qüvvə saxlamaq hüququnu istisna etmək məsələsi haqda həmsədrlər tərəfindən müddəalar irəli sürülüb.

1997-ci ildə təqdim edilmiş sülh təkliflərində də Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi də daha sonraya saxlanılırdı, ancaq statusun məhz referendumla müəyyən ediləcəyinə dair prinsipdən söhbət getmirdi. Həmin planı qəbul etməyə hazır olduğuna görə Ter-Petrosyanı devirdilər, Köçəryan və digər səhra komandirləri hakimiyyətə gəldilər. Sonradan «paket həll» variantı ortaya çıxdı. Bu, status məsələsi ilə ərazilərin boşaldılmasının eyni vaxtda həllini tapmasını nəzərdə tuturdu.

Tərəflər «paket həll» üzrə bir müddət danışıqlar apardılar, nəticə hasil olmadı. Ondan sonra irəli sürülən «ümumi dövlət» modelini isə Bakı rədd etdi. Bu variant üzrə danışıqlar aparmadı. Və beləcə on illər keçdi və indi hansısa «Lavrov sənədi», yaxud «Madrid prinsipləri»nin hansısa yeni modifikasiyası qanlı döyüş əməliyyatlarının ardınca masaya qoyulur. Məsələnin mahiyyəti isə dəyişmir: Ermənistan hətta ona sərf edən sülh variantı üzrə də həmişə hansısa bəhanə tapır və nəinki Dağlıq Qarabağı, ona bitişik rayonların daha bir neçəsini də qəsb etmək üçün məkrli siyasətini dəyişmir. O zaman məsələnin hərbi yolla həllindən başqa Azərbaycanın hansı yolu qalır?