vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MÜSAHİB  
14:25 | 7 iyun 2016 | Çərşənbə axşamı Məqaləyə 1257 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bütün məhrumiyyətlərə dözməliyik»

Kamal Qasımov: «3 milyon türkün yaşadığı Almaniya parlamentində saxta soyqırımı haqda qərar qəbul olunması, sadəcə olaraq, diasporun olmaması anlamına gəlir»

Elşad PAŞASOY

Ötən həftə Bakıya Dünya Azərbaycanlılarının Qurultayına 50-yə yaxın ölkədən yüzlərlə nümayəndə dəvət olunmuşdu. İndiki həssas dönəmdə ümumazərbaycan, ümumtürk problemlərini müzakirə etmək üçün Vətənə toplaşan şəxslərin sırasında uzun illərdir Avropada yaşayan həmkarımız, «Yeni Müsavat»ın sabiq əməkdaşı Kamal Qasımov da var idi. Hollandiyadan gəlmiş nümayəndə heyətinin tərkibində olan Kamal bəydən müsahibə götürmək fürsətimizi dəyərləndirdik.

-  Kamal bəy, yəqin ki, Dünya Azərbaycanlılarının Qurultayı olmasaydı, bu ərəfədə görüşümüz də baş tutmayacaqdı. Gəldiniz, iştirak etdiniz, müşahidləriniz də oldu. Necə bilirsiniz, Azərbaycan diasporunun güclü olması üçün nələr etmək lazımdır?

- Bura gəlməmişdən oradakı tərəfdaşlarımızla, özü də təkcə Hollandiyada yox, Almaniyada yaşayan həmvətənlərimizlə görüşdük, «biz nə edə bilərik» sualı ətrafında fikir mübadiləsi apardıq. Təbii ki, Qarabağ məsələsi, Xocalı soyqırımı ilə bağlı xaricdə ciddi işlər görülməlidir. Ancaq Qərb mətbuatında bu məsələlərə geniş yer verilmir. Deyək ki, dördgünlük döyüşlər olmasaydı, bu məsələlərə son zamanlardakı diqqətin də şahidi olmayacaqdıq. Ümumiyyətlə, Qərb insanı bizim bu problemlərimizin həllində o qədər də maraqlı deyil. Ona görə də elə çalışmalıyıq ki, Qərb mətbuatına çıxa bilək.

 

- Bununla bağlı konkret təklifləriniz varmı?

- Təbii ki, var. Mən Bakıya 7-8 konkret təkliflərlə gəlmişəm. Almaniyadakı tərəfdaşım Fəxrəddin Hacıbəyli ilə bərabər çalışacağıq. Elə bir proqram hazırlayacağıq ki, Fəxrəddin Almaniyada, mənsə Hollandiyada həyata keçirəcəyəm. Yəni miqyası geniş olan bir proqramdan söhbət gedir. Biz çalışırıq ki, problemlərimizi ən azı Hollandiya parlamentinin ikinci palatasına qaldıra bilək. İlk cəhddə, təbii ki, müsbət bir şey gözləmirik. Çünki aydın məsələdir ki, erməni diasporu kifayət qədər işləyib. Özü də hər yerdə işləyirlər. Təkcə bizim azərbaycanlı diasporunun yox, ümumiyyətlə, türk diasporunun fəaliyyətinin yekununu Almaniya nümunəsində gördük. Çox zəifdir. 3 milyon türkün yaşadığı Almaniya parlamentində saxta soyqırım haqda qərar qəbul olunması, sadəcə olaraq, diasporun olmaması anlamına gələ bilər. Ya da formaca var, məzmunca bir iş yoxdur.

 

- Hollandiyada bu sahədə vəziyyət necədir?

- Hollandiyada ermənilər çox güclüdür. Onlar vaxtaşırı tədbirlər keçirirlər. Şəxsən mən bir dəfə təsadüfən bir tədbirə getdim, gördüm ki, Dağlıq Qarabağla bağlıdır. Təsəvvür edirsinizmi, mitinqdə hollandlar çıxış edirdilər. Onları ələ alıblar, işləyiblər.

 

- Bu ölkədə yaşayan azərbaycanlıların sayı nə qədərdir?

- Deyilənlərə görə Hollandiyada 10 mindən çox azərbaycanlı yaşayır. Həmçinin, rəsmi məlumata görə, bu ölkədə 400 mindən çox Anadolu türkü var. Nə yazıq ki, kəmiyyət heç də həmişə müsbət nəticəyə zəmanət vermir.

Kiçik bir haşıyəyə çıxım. Təsəvvür edin, 24 apreldə Azərbaycan türkləri mitinq təşkil etmişdi. «Erməni yalanına yox deyirik!» şüarı ilə keçirilən tədbir ermənilərin saxta iddialarla əlaqədar həmin meydanda mitinq keçirə bilməsinin qarşısını almaqla yanaşı həm də sözdə olan soyqırıma bir etiraz idi. Həmin mitinqə cəmi 100 nəfər adam gəldi. Yarım milyona yaxın Anadolu türkündən 1 faizini mitinqə çıxara bilmədik. Hansı ki, o meydanı tutmaq üçün bircə faiz bəs idi.


- Kamal bəy, bir az da özünüzdən danışaq. Yaşadığınız ölkədə hansı işlə məşğul olursunuz? Yəqin ki, mətbuatda deyilsiniz...

- Mən ixtisasca mühəndisəm. İlk öncə 5 il bir şirkətdə çalışdım. Hazırda isə Lely Indusrtie NV adlı dünyaca məşhur innovativ bir şirkətdə çalışıram. Biz fermer təsərüffatlar üçün - yeni texnologiyalar - robotlar istehsal edirik. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, heyvandarlıq sahəsi üzrə kifayət qədər püxtələşmiş, ən yaxşı şirkətlərdən biri sayılırıq. İstehsal etdiyimiz robotlar tövlə təmizləməkdən tutmuş, ot dərzlərinin bağlanması, heyvanlarin qidalanmasına nəzarət etməyə qədər bir çox işdə fermerlərin əsas yardımçısı hesab oluna bilər. Mən əsasən süd sağan robotların istehsalı layihəsində yer alıram. Qeyd edim ki, bizim istehsal etdiyimiz robotlardan Azərbaycanda yoxdur.

Düzdür, bu robotlardan istifadə işsizlik yaratsa da, Qərbdə çox sərfəlidir. Bu ölkələrdə həm maaş yüksəkdir, həm də iş sahibi insan faktorundan azad olur. İnsan əməyi stabil olmadığı üçün risklidir. İşçinin bir gün işi olur, bir gün uşağının ad günü olur, məzuniyyətə gedir, xəstələnir və nəticədə iş dayanır. Məsələn, mən iki gündür burdayam, mənim işim dayanıb.

 

- Maraqlıdır, neçə gün işləyirsiniz?

- Beş günlük iş rejimində işləyirəm. Gündə 8 saat yarım işdə oluram, yarım saat da yemək vaxtıdır. Amma bu, iş saatlarımız dəyişkəndir ki, bu da işçıyə sərbəstlik verir. İş və şəxsi həyat arasında münasıbətlərin tənzimləməsində böyük rol oynayır. Əgər işə səhər saat 7-də getmişəmsə, 16.30-də, saat 10-da getmişəmsə, 18.30-da işdən çıxa bilərəm.

 

- Azərbaycanda hər il kənd təsərrüfatı sərgisi keçirilir. Sizin şirkət də bu sərgiyə qatılmaqla fermerlərimizin diqqətini cəlb edə bilər. Bəlkə fürsətdən istifadə edib, Azərbaycanda öz təkliflərinizlə çıxış edəsiniz?

- Bir neçə il əvvəl bu məqsədlə Azərbaycana gəlmişdim. Müxtəlif şirkətlərlə görüşlərim oldu və təkliflər verdim. Amma məhsullarımız Azərbaycandakı fermerlər üçün bir az bahalı sayılır. Digər tərəfdən məsələ robotların satışı ilə bitmir. Gərək işləmə müddətində onlara texniki xidmət göstərilə. Bu robotların hər birinin gün ərzində orta hesabla 60-70 inəyi sağmaq imkanı var. Azərbaycanda isə bu sahədə karusel adlanan yarımavtomatlaşdırılmış sistem var ki, orada insan əməyindən istifadə olunur. Mən Bərdədəki fermalardan birində 170 inəyə 20-22 adam xidmət etdiyini gördüm. Amma bizim şirkətin istehsal etdiyi robotlardan 3 ədədi artıqlaması ilə bu işin öhdəsindən gələ bilər. Onu da deyim ki, bu robotlar tək sağımı həyata keçirmir. Onlar həm də südün keyfiyyətinə nəzarət edir və keyfiyyətdən asılı olaraq onun süd zavoduna göndərməsinə qərara verir.

 

- Bəs maaşınız necədir?

İnkişaf etmiş kapitalist dövlətlərində maaş anlamı bir qədər fərqlidir. Əməkhaqqının məbləği işçinin ixtisasıından, bilik və bacarığı ilə yanaşı, həm də təcrübəsindən asılı olur. Hətta universitet düşüncə səviyyəsi də fərqləndirilir ki, bu da öz növbəsində maaşa təsir edən amillərdəndir. Qeyd edim ki, iş elanlarında belə bunlar ayrıca vurğulanır. Təbii ki, ən yüksək səviyyəlilərin maaşı daha çox olur. Ümumiyyətlə Qərb ölkələrində əməkhaqqı saathesabı verilir.

 

- Mənzil problemini necə həll etmisiz? İpotekadan istifadə və Azərbaycanla müqayisədə faizlər necədir?

Biz ev alanda ipoteka müqaviləsini 4,2 faiz bağlamışıq. İndi daha da aşağı - 2,7 faiz olmalıdır. Ancaq onu da əlavə etməliyəm ki, bu faiz bir çox faktorlardan asılı olaraq dəyişir. Buna Hollandiya Milli İpoteka (HMİ) zəmanəti, faizin stabil olaraq nəzərdə tutulduğu müddət, ipotekanın növü və s. Faktorları misal göstərmək olar. Hollandiya Milli İpoteka zəmanəti ilə müqavilə bağlamağın əlavə pul ödəmək kimi mənfi tərəfi olsa da, faizin aşağı salınması və gəlirin olmadığı halda bir müddət yardım almaq kimi üstünlükləri də var. Onu da əlavə edim ki, HMİ bank deyil, sadəcə sənə zəmanət verir. Azərbaycanda isə ipoteka faizləri çox yüksəkdir.

 

- Həyat yoldaşınız, bizim keçmiş həmkarımız Vəfa xanım işləyirmi?

- Bəli, işləyir. Amma o da mətbuatda deyil.

 

- Nədən heç biriniz yerli mətbuatda çalışmadınız?

- Mən hərdən tərcümələr edirəm. Amma mətbuatda işləmək, söz oyunu başqa şeydir. Mən holland dilini normal danışıq tərzindən yuxarı səviyyədə bilirəm. Təbii ki, mühəndis işləyirəmsə, demək, dil səviyyəm normaldır. Düzdür, mən yüksək səviyyədən imtahan vermədim, dedim işləmək istəyirəm.

 

- Uşaqlar haqda bir neçə kəlmə?

- İki oğlum var. Biri ibtidai məktəbin 4-cü sinfində oxuyur, digəri isə orta məktəbin birinci sinfində. Hollandiyada təhsil sistemi fərqlidir. İbtidai təhsildən sonra Hollandiyada şaxəli başqa sözlə desək profilli təhsil sistemi mövcuddur. Məsələn, ibtidai məktəbi bitirdik də müəllimlər tərəfindən verilən məsləhət əsasında şagirdlər səviyyələrinə uyğun orta məktəbin müxtəlif bölmələrində oxumaq şansı qazanırlar. Bu metod həm də orta məktəbi bitirdik də tətbiq edilir. Orta məktəbi bitirən hər kəs universitetə sənəd verə bilməz. Ali məktəbə qəbul olunmaq üçün gərək 6 il elmi təhsildən əvvəlki təhsil bölməsində təhsil almış olasan. İnsititut üçünsə bu təhsil müddəti 5 ildir.

Maraqlı olansa, müəllimlər seçim edərkən tək qiymətlərə baxmır, uşağın səviyyəsini müxtəlif faktorlarla da dəyərləndirilir. Bunun da əsasında məsləhətlər verilir. Növbəti seçimdə də məhz bu məsləhətlər əsas götürülür.

 

- Azərbaycana qayıtmaq istəmisinizmi?

- Əlbəttə. Bütün doğmalarımız burdadır. Hərdən elə olur ki, hər şeyi atıb gəlmək istəyirsən. Yəni o dərəcədə darıxmaqlar olur. Amma əgər ora getmisənsə, başlanan işləri, gələcək planları yarımçıq qoyub qayıtmaq düzgün olmaz.

Hollandiyada təhsilin səviyyəsi çox yüksəkdir. Buna rəğmən böyük oğlum 8 sinfi 7 ilə bitirib, 4-cü sinfi oxumayıb. Biz də istəyirik ki, uşaqlarımız bu imkandan maksimum yararlansın. Həm də hazırki vəziyyət onu diktə edir ki, xaricdə azərbaycanlıların çox olması Vətənimiz üçün xeyirlidir. Sadəcə olaraq, müəyyən strategiya işlənib hazırlanmalıdır. Təbii ki, şəxsən itirdiyin məsələlər də var, Azərbaycandan, doğmalardan uzaq düşürsən. Amma ölkənə töhfə vermək üçün bütün məhrumiyyətlərə dözməlisən.

 

- Bu illər ərzində neçə dəfə Vətənə gəlmisiniz?

- Mən 2002-ci ildə Azərbaycandan getmişəm. İlk dəfə 2010-cu ildə, 8 il sonra gəlmişəm. Bu gəlişim dördüncüdür. Bir dəfə də sırf bizneslə bağlı gəlmişəm.

Söhbət əsnasında Hollandiyada siyasi sığınacaq alan Leyla və Arif Yunusları da soruşduq. Həmkarımız dedi ki, onların sığınacaq alması xəbərini mətbuatdan alsa da, bu günə kimi hər hansı təmasları olmayıb.

Sözarası onu da dedi ki, Azərbaycanda qurultay müzakirələri, ayrı-ayrı qurumlardakı şəxsi görüşləri səbəbindən hələlik doğmalarını ziyarət etməyə də vaxt tapa bilməyib. Odur ki, zamanını çox almayıb dəyərli həmkarımızla sağollaşdıq...