vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MÜƏLLİF  
23:31 | 28 sentyabr 2013 | Şənbə Məqaləyə 3163 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Avropa davasından, vitrin davasına»

Dilqəm ƏHMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Şərif Ağayarla Nigar Köçərli arasındakı vitrin davasından sonra “28 Mall”dakı “Əli və Nino”ya getdim. Yerdə Xalid Hüseyninin son iki kitabından ibarət “qüllə”lər vardı. “Xanım T” isə “X” rəfdə də gözümə dəymədi. Əsla, Nigar Köçərlini qınamıram. Bu məsələdə birmənalı olaraq ona haqq verirəm. Xanım kiçik kapitalistdir, mənfəətini düşünür, istəsə heç kitab qəbul etməz. Necə ki, Həmid Herisçinin kitabını götürmədi.

Hər mağazanın öz qaydaları var. Necə ki, “Bayatı” kitab evinə ilk kitabımı aparanda satıcı dedi ki, əvvəlcə katiblik baxıb qərar verməli, sonra satışa uyğun olub-olmaması yoxlanılmalıdır. Ona görə də Nigar xanıma minnətdar olmalıyıq ki, indiyə qədər heç kimin kitabının içinə baxıb rəyini verməyib. 
Ölkədə yazarların harada işlədiyi, gündəlik nə işlə məşğul olduqlarını hamımız bilirik. Hərə bir cür zehni işin altına girib maaşla birtəhər dolanır. İlə bir kitab yazanda da kitabı belinə yükləyib mağaza-mağaza dolaşır, kitabdan xəbəri olmayan insanlarla məcburi qiymət söhbəti edir və s. 
Bu vurhavurda isə sağdan naşirlər, mağaza sahibləri, soldan oxucular, “buddalar” yazıçını vurur, öyrədir, başa salır, yol göstərir, danlayır, məsləhət verir. 
Tamam qrafomanıq, plagiatçıyıq, yaza bilmirik, Kafka kədərinə yoluxub, onu da Ahmet Kayanı da urvatsız etmişik, bərbad gündəyik və s. 
Bir kənardan özünüzə baxın, bizi bu qədər söyənə qədər, komplekslərinizdən doğan tənqidlər yaza-yaza, hər gün ağ adamlar kimi əyləncənizdən qalmaya-qalmaya nə etmisiniz axı? 
Əgər işiniz-gücünüz tənqid etməkdirsə, demək ki, sizə nələrsə toxunur, nələrsə narahat edir. Və ürəyinizin dərinliyində bilirsiniz ki, bu ölkədə intellektual baxımdan nələrsə dəyişilirsə, elə məhz gənc yazarlara borclusunuz. Siz bunu etiraf etməyəcəksiniz, amma Azərbaycanın sabahı bunu yazacaq. 
Siz kitaba, yazıçıya dəstək verməyin, oxumadığınız kitabına görə onu lağa qoyun, xarici görünüşünə, siyasi düşüncəsinə görə itələyin. Təki oxumamağınız üçün səbəb axtarın. Görək, axırınız hara gedəcək. 
Oxuculardan heç vaxt maddi dəstək gözləmək olmaz. Yazıçı və oxucu arasında yalnız bir münasibət forması var: Yazıçı yaxşı yazmalıdır, oxucu pul verib kitabı alıb təbliğ etməlidir. 
Bu ölkədə kifayət qədər istedadlı adamlar var. Onların da haqqıdır ki, yeni təmtəraqlı binalarda yaşasın, Ayaz Vəfalı demiş yaradıcılıq üçün ev şəraiti olsun, işləmək üçün uyğun zamanı olsun. Bu ölkənin oxucusu yazarının ağır şəraitindən, əzablarından zövq alır. İstəyir ki, yazar elə pivəxanalarda, çayxanalarda görünsün, ucuz içki məclislərində tamada kimi tost desin, heç vaxt elit təbəqəyə yüksələ bilməsin. 
Azərbaycan yazıçısında elitlik yoxdur. Yaşı qırxı adlayan yazarların adicə “Facebook” statusu belə onun aqrar təfəkkürdən çıxa bilməməsini göstərir. Amma çoxunuz hiss etməsə də, ölkədə yeni dönəm başlayıb və yeni dönəmin şərtlərinə tab gətirə bilməyən bütün istedadlar məhv olacaq. Kapitalizm artıq adi bir mağaza səviyyəsində öz amansızlığını göstərir. Şərif Ağayar yaşda yazıçının dərdi vitrin yox, Avropaya çıxmaq olmalı idi. Amma mövcud şərtlər bunu tələb edir.
İstedadın məhsulu hədəfinə ulaşmır, kitablar geniş şəkildə yayılmır, tərcümə edilməsi isə ümumiyyətlə heç kimi düşündürmür. 
Bəzən ortaya yeni bir ideyanı qoymaq üçün hər cür şərtlər hazır olur. Mühit var, istedad var ideya var, amma o “sehrli” “başla” təkanı yoxdur. Aşağıdakı nümunə ilə nə demək istədiyimi izah etməyə çalışacam.
Tam 107 il bundan öncə Azərbaycanda nə qədər parlaq imzanın yetişməsinə səbəb olan “Molla Nəsrəddin” adlı jurnal dərc olundu. O jurnalın adı çəkiləndə təkcə iki fədakar insan olan- Mirzə Cəlil və Ömər Faiq yada düşmür. Həmçinin üçüncü bir adam da sayğı ilə xatırlanır. Məşədi Ələsgər. Dönəmin tanınmış tacirlərindən biri. Deməli, Ömər Faiq Məhəmmədağa Şahtaxtlının “Şərqi-rus” qəzetində çalışırdı, mollalar əleyhinə yazdığı yazılara görə tez-tez aralarında konfliktlər yaranırdı. Lakin onların işi bir-birindən keçdiyinə görə tərəflər dözməyə məcbur idilər. Lakin Şahtaxtlı borclandığına görə mətbəəsini satmaq qərarına gəlir. 
Fürsətdən istifadə edən Ömər Faiq mətbəə başqalarının əlinə keçməsin deyə alverçi dostu Məşədi Ələsgər Bağırovdan 7 min manat pul alaraq Mirzə Cəlilə verir, sonuncu isə mətbəəni satın alır, adını “Qeyrət” qoyurlar.
Mətbəədə ilk kitab Ömər Faiqin “Nəşri-asara dəvət “ adlı rus inqilabından bəhs edən əsəri olur. Artıq mətbəə sahibi olan Ömər Faiq və Mirzə Cəlil yeni planlar qururlar. Lakin Ömər Faiqin “Torpaq” jurnalına Türkiyə təhsilli olduğuna görə çap icazəsi verilmir. Mirzə Cəlilin “Novruz “ qəzetinə də razılıq olmur. Nəhayət, Azərbaycan mətbuatının ən böyük dəyərlərindən olan “Molla Nəsrəddin” jurnalının çapına nail olurlar.
Cəlil Məmmədquluzadənin və Ömər Faiq Nemanzadənin Azərbaycan mətbuat tarixində oynadığı rol haqqında günlərlə yazı yazmaq, orada çap olunan yazılara fərqli münasibətlər sərgiləmək olar. Lakin “Molla Nəsrəddin” və onun yaratdığı məktəb haqqında danışarkən əsas adamlardan birinin haqqını vermək lazımdır: Ömər Faiqə pul verən Məşədi Ələsgər Bağırov. 
Naxçıvanlı tacir Məşədi Ələsgər 1868-ci ildə doğulub, 1904-cü ildə Tiflisə köçüb. Varonsov küçəsindəki dükanında şirniyyat, kitab, dəftər, yazı ləvazimatları satıb. Onun dükanı həmçinin bir növ indiki AYB-nin Natəvan klubu funksiyasını həyata keçirib. Ömər Faiq, Ə.Haqverdiyev, Q.Şərifzadə, E.Sultanov, H.Cavid, Ə.Qəmküsar yollarını buradan tez-tez salırmışlar. Mirzə Cəlil Məşədi Ələsgər haqqında yazırdı: “Məşədi yoldaşımı hədsiz təşəkkürlə yad edirəm...O qədər ki, maarifə və maarif yolunda xərc qoymağa həvəsi vardı, az bir qeyri məşədidə də bir belə həvəs ola bilər... “Qeyrət” mətbəəsinin möhkəmlənməyi yolunda və pansionumuzun davamı yolunda da onun xeyli xərci çıxdı və bunlar hamısı onun üçün nəticədə zərərdən başqa bir özgə şey olmadı”. 
Mirzə Cəlil xeyriyyəçi insana sadəcə jurnalın hər nüsxəsindən göndərməklə borcunu ödədi. Sözsüz ki, Ömər Faiq və Mirzə Cəlil sahib olduqları intellektlə mühüm işlər həyata keçirəcəkdilər. Lakin Məşədi Ələsgərin yeddi min manatı olmasaydı, “Molla Nəsrəddin” olacaqdımı?
Və bir də kompleksli adamlar var ki, düşünürlər ki, bu ölkədə kimsə özünü Mirzə Cəlillə, Axundovla və digərləri ilə müqayisə edə bilməz, onlar dahidir və s. Əzizlərim, zaman o zaman deyil, indi Azərbaycanda elə gənclər var ki, bir balaca təkan olsa, qat-qat parlaq işlər görə bilər. 
Axundovun, Mirzə Cəlilin dahiliyi ancaq öz dönəmlərindəki şəraitə görə idi. 2013-cü ildə Avropa davası aparmaq lazımdır, vitrin davası yox.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)