vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MÜƏLLİF  
15:28 | 14 sentyabr 2013 | Şənbə Məqaləyə 3714 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həyata təcavüz eləməkdən bezmədinizmi?»

Günay ARDA

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi İdris İsayev deyir ki, bu il 54 000 adamın ölməsi nəzərdə tutulur. Dövlət məmurunun hardan belə qənaətə gəldiyini bilmirəm. Amma İdris bəyin siyahısında olmaqdan heç birimiz sığortalanmamışıq.

Taleyin vərəqlərini sıxışdırıb, əzişdirib, onu büzüş-büzüş etdikdən sonra nəyimizə yarayacaq? Niyə həyatdan, bəxtimizdən bu qədər şikayət edirik? Darıxmaq, bədbinləşmək bizə nə verir? Uğursuzluqlarımıza görə günahlandırmağa adam tapmayanda isə yeri gələndə fəsli, hətta havanı da günahkar çıxarırıq. 
Görəsən, feysbuk, vatsap, mesaj olmayana qədər sevmələr necə idi? Bir xatırlayan varmı? Heç kim özünü əziyyətə salmaq istəmir. Sevgilər, etiraflar, küslər də virtuallaşıb, anlamını itirib. Allaha dualar belə artıq feysbukda yazılır. Bəlkə Allaha da bir feysbuk hesabı açaq, vaxtaşırı dualarımıza onu da işarələyək? Bəlkə elə Allah dualarımızı belə daha asan qəbul edər... Bəlkə Allahın da başı Markın Zükkerbergin şeytan əməlinə qarışıb?
Ümid...
Ümid yeganə abstrak olmayan, əllə toxunulan gözləntidir. Nəyi, niyə, kimdən gözləyək? Bəlkə elə gözləmədən, tələb etmədən, ümid etmədən həyatımızı ot kimi, ağac kimi, təbiətin bir hissəsi kimi davam etdirsək xoşbəxt olacağıq? Bəlkə də xoşbəxtik, xəbərimiz yox... Axı  Nazim deyir, ən gözəl çiçəklər məzarlıqda bitir.
Darıxmaq.
Özü ilə darıxan insanı, özü ilə əylənməyi, mutlu olmağı bacarmayan insanı dünyada heç bir qüvvə xoşbəxt edə bilməz. İnsan dediyin zarımaz, atam balası, zarımaz! İndi ətrafda daha çox zarıyan insan tipləri var. Ağlayan yox, zarıyan. Nədən, kimdən narazı olduğunu bilməyən, sönük və parıltısız insanlar. Bu zarıltıların adı nədir? İllərlə yığılıb qalmış zəhər indimi canımızdan çıxır? İctimai nəqliyyatda, küçədə, lap elə yeri gələndə toyda, konsertdə də üzündə təbəssümdən əlamət olmayan insan necə hər şeydən şikayətçi ola bilər? 4 milyonluq şəhərdə doğurdanmı təkliyini bölüşməyə insan yoxdur? Virtual aləmdə 4000 dostu olan insan hər dəqiqə təklikdən, darıxmaqdan şikayət edirsə, hər şey onu sıxırsa bəlkə sıxıcı olan özüdür? 
“Restart”ın vaxtı çatıb.
Hər şeyi yeniləmək, yeni nəfəs gətirmək üçün həyatımızda inqilabların olmağına ehtiyac yoxdur. Xəyalların üstündən xətt çəkərik, xəyalın yerini həyat, xəyalətin yerini isə insan tutar. İnqilablar, vahiməli dəniz kimi bizi atıb-tutan sevgi dramları olmadan da təzələnmək mümkündür. Təsəvvür edin, həyat sizə bir ovcunda sevinc, digərində kədəri gətirib. Siz neqativi səslədikcə o sizə bir addım da yaxınlaşacaq. Dənizin fırtınasını sənət əsəri kimi görüb əlinə fırça alan da var, fırtınanı təbii fəlakət hesab edən də. “Restart”ın vaxtıdır. Xüsusi hadisələri pəncərə qırağında yollara baxıb gözləməkdənsə, bir fincan qəhvə, bir kətil, bir kitab, bir də yun ədyalla xoşbəxtliyi çağırın. İçinizi acılar, ağrılar bəsləmədən, sizi bezgin, hamını bezdirən məxluqa çevirmədən yenilənin, yeniləyin. Zaman xoşbəxtliyin nədən ibarət olduğunu çək-çevir etməyə belə macal vermir. Onsuz da meqapolis qarabasmaları, özümüzün özümüzə yaratdığımız mənəvi boşluq, sevgisizlik sindromu ictimai kədər qədər əbədidir. Sadəcə ancaq bizə hesablanmış kədəri uzaqlaşdırmaq bizim üzərimizə düşür. 
Bəlkə də uydurduğumuz kədər də, sevgi ah-vayları da bekarçılıqdandır. Çox sevdiyim Frederik Beqbeder sevgiyə “Ədəbsiz bədən hərəkətləri ilə təzahür edən qarışıq hisslər” deyir. Demək ki, sevgi də, sevgisizlik də fiziki, feli hərəkətdir. Ətalətdən çıxdığımız anda isə hərəkilik hansı istiqamətə desək, dəyişir. Yetər ki, içimizdə azı beş Adəm övladına yetəcək sevgi daşıya bilək. Yenilik, təzələnmə bir fincan qəhvə, bir kitab, bir söhbət, bir əl hərəkəti qədər yaxınımzdaykən eyni hərəkətləri təkrarlayıb ayrı nəticələr gözləməyimiz pozitiv olmaq qaydalarına ziddir.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)