vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TOP OYUNLARI  
01:24 | 26 oktyabr 2016 | Çərşənbə Məqaləyə 2374 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan futbolunda «İran bazarı»

Buradakı «ticarət»ə kim nəzarət edir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu mövsüm Azərbaycanın futbol üzrə birinci divizionunda xeyli iranlı legioner peyda olub. Əslində, iranlı futbolçuların Azərbaycan çempionatında oynaması bir o qədər də təəccüblü olmamalıdı. Qonşu ölkədir, üstəlik İranda xeyli azərbaycanlı da yaşayır. Vaxtilə azərbaycanlı futbolçular da İran çempionatında çıxış ediblər.

150 manata qane olan iranlı?

 

Amma iranlı futbolçuların Topaz Premyer Liqasında çıxış edən klublarda yox, məhz birinci divizon komandalarında oynaması məsələnin müəmmalı tərəfidir. Müəmmalı və həm də qaranlıq. Çünki Azərbaycanın birinci divizionunda çıxış edən klubların maliyyə vəziyyəti olduqca acınancaqlıdır. Bu komandaların hamısı bir mənbədən - SOCAR-dan maliyyələşir. Büdcə olduqca azdı. Komandaların illik büdcələri 150-250 min manat arası dəyişir. Futbolçuların orta aylıq əməkhaqqı da aşağıdır. Birinci divizionda ən yüksək məvacib 300 manatdır. Bu qədər məvacib almaq da hər futbolçuya nəsib olmur. Əksəriyyət 150 manata da qane olur. Bax, iranlı futbolçuların birinci divizionda peyda olmasının qaranlıq tərəfi də məhz bu məqamla bağlıdır.

 

Pul yoxdursa, 5 min manatı necə ödəyirlər?

 

Məsələ burasındadır ki, birinci divizionda çıxış edən komandalar legionerlər üçün rüsum ödəməlidilər. Özü də yüksək məbləğdə. Birinci dəstədə hər bir legioner üçün 5 min manat rüsum ödənilməlidir. Sual yaranır: Tamamilə SOCAR-dan maliyyələşən, cüzi büdcəyə sahib olan komandalar bu rüsumu necə ödəyirlər? Üstəlik, İranda orta aylıq əmək haqqının Azərbaycandan qat-qat yüksək olduğu bir vaxtda, iranlı futbolçular 150-300 manat məvacibə burda niyə oynasınlar? Deməli, ortada müəmma var. Elə bu müəmmanı araşdırmaq məqsədiylə futbol təsərrüfatında çalışan mütəxəssislərdən birinin məsələyə münasibətini öyrəndik.

Adının açıqlanmasını istəməyən mütəxəssisin verdiyi məlumata görə, iranlı futbolçular bura futbol oynamağa, pul qazanmağa gəlmirlər. Onlar hərbi xidmət problemlərini həll etmək üçün Azərbaycana üz tuturlar. Məsələ burasındadır ki, İran qanunlarına görə, xaricdə legioner həyatı yaşamış futbolçulara hərbi xidmət zamanı güzəşt olunur. Futbolçular məhz bu güzəşti əldə etmək üçün Azərbaycana gəlirlər. Mütəxəssisin bildirdiyinə görə, iranlı futbolçular Azərbaycanda çıxış etdikləri zaman pul almırlar. Əksinə, onlar buna görə pul ödəyirlər.

 

«İran bazarı» PFL prezidentinin nəzarətindədir?

 

Adının açıqlanmasını istəməyən futbol ekspertinin Komanda.az-a verdiyi məlumata görə, bu işə bir neçə şəxs nəzarət edir. Həmin şəxslərin isə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevə yaxın adamların olduğu bildirilir. Mənbənin sözlərinə görə, Azərbaycana gələn hər bir iranlı futbolçudan haqq alınır və onlar birinci dəstədə çıxış edən klublara yerləşdirilirlər. Bu futbolçular bir mövsüm Azərbaycanda oynadıqdan sonra vətənlərinə qayıdacaqlar. Birinci divizion klublarının Peşəkar Futbol Liqasına təqdim etdiyi iştirak ərizələrinə nəzər saldıqda, Azərbaycanda 13 iranlı futbolçunun oynadığı məlum olur. Onların saylarının artacağı da gözlənilir. Hazırda «Rəvan»da 4, «Energetik»də 2, «Mil-Muğan»da 1, «Bakılı»da 2, «Şahdağ»da 3, «Şəmkir»də 1 iranlı futbolçu çıxış edir.

 

PFL-dən cavab: Mən bu işlərlə məşğul deyiləm

 

Araşdırmalar zamanı onu da öyrəndik ki, bu futbolçulara görə tələb olunan rüsum da ödənilmir. Futbolçuların adları iştirak ərizəsinə qeyri-qanuni, 5 min manat ödənilmədən salınır. Bu məsələyə, ümumiyyətlə, PFL-in sədri Ramin Musayevin adının «iranlı alveri»ndə hallanmasına «Meydan.tv» PFL-in münasibətini öyrənib. Qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev verdiyi açıqlamada rüsum məsələsində komandalara güzəşt olunduğunu bildirib:

«Nəinki birinci divizion klublarına, eləcə də Premyer Liqada çıxış edən komandalara rüsum məsələsində güzəşt olunur. Komandalara məbləği ödəmək üçün müəyyən vaxt verilir. Mövsüm ərzində klublar futbolçulara görə üzvlük haqqını ödəyirlər. Qayda həm Premyer Liqa, həm də birinci divizion klubları üçün keçərlidir».

Şahgəldiyev PFL prezidenti Ramin Musayevin bu məsələdə adının hallanmasına belə münasibət bildirib:

«Futbol təsərrüfatında Ramin Musayevə ən yaxın olan şəxs mənəm. Mən də bu işlərlə məşğul deyiləm».

(Komanda.az)