vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
18:22 | 17 may 2013 | Cümə Məqaləyə 3192 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mister Nəsrullah»

Qurban YAQUBOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Qəflətən yadıma - Allah, sən saxla! - Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povesti (bəziləri roman sayır) düşdü; amma nə illah elədim, Səfəviyyə taxtını yəhər-yüyən ustasına təhvil verməli olan Şah Abbasın saray hərəmxanasının aqibətini yada sala bilmədim. Aciz-naəlac baxa-baxa qaldım. Ey gidi dünya... “Ölülər”də İskəndər necə deyir:

Bir gün olar sən də məni atarsan,
Qurtlarınan aşnalığı qatarsan,
Balam, qatarsan.
Əfv elə, ağam, axırda kitab açası oldum.
Şərqi Qərbə qovuşdurmaq niyyətiylə qol çırmamış Xamnəli yazıçının məzkur əsəri elə hərəmxana cizgisiylə başlayır; padşahı taxt-tacdan əl çəkməyə məcbur qoyan xəbəri gətirmiş Münəccimbaşı qapı ağzında Şah Abbasın Səlma xatunla şirin söhbəti bitirməsini gözləyir. Şah loxəbər Münəccimbaşının içəri girməsinə sevimli xanımını hərəmxanaya yola salandan sonra rüsxət verir. Xəbər də nə xəbər. Həm gözlənilməz, həm də amansız...
Ancaq taleyin xətərli təhlükəsini, ulduzların buynuzlu toqquşmasını Şah Abbasın başından sovuşdurmalı olan Yusif Sərrac saray hərəmxanasının otaqlarının yalnız daş-divarına tamaşa eləməklə kifayətlənir; bəlkə, ona hərəm zövqü-səfası maraqsız olacaq, gərəksiz, ədəbsiz, əxlaqsız görünəcəkdi? Bilmirik. 
Çünki hərəmlərin hamısı qabaqcadan sarayı tərk eləyir. İki xanımdan başqa (biri gürcü qızı, o biri də Qəzvin tacirinin qızı), qalanlar Abbas Məhəmməd oğluna qoşulub gedir. Axundzadə yazır ki, Abbas cavan və yaraşıqlıydı... Bəli, qadın sədaqəti hərəmxanadan çıxanda da özünü göstərir. Onda da gözəl kişi üçün.
“Hərəmlərin küllisi təzədən razı oldular ki, şaha mənkuhə olsunlar, çünki şah çox cavan və göyçək oğlan idi və bir də hərəmlər bu əmri zarafat kimi bir şey qiyas edirdilər və hərgiz əğillərinə çatmırdı ki, Şah Abbas qəflətən bir Abbas Məhəmməd oğlu ola. Amma oların cümləsindən iki nəfər dilbəri-xubru ki, xilafi-rizaları ilə şahın hərəmxanəsinə düşmüşdülər, qayət şərm ilə və ahəstə səslə ərz etdilər ki:
- Biz padişaha mənkuhə olmuşduq və öz bəxtimizdən və dərəcəmizdən çox xoşnud idik; indi ki, bu bəxtəvərlikdən məhrum olduq, Abbas Məhəmməd oğluna ərə getməyi qəbul etmirik....”
Yaddaşımın bu qəfil hoqqabazlığı haqda düşünürəm - görən, bu hərəmxana motivi mənim nəyimə lazımıydı? Niyə, hansı səbəbdən gəldi yadıma düşdü? 
Hərəmxanayla başlayır... Niyə əsər ordan başlamalıydı? 
Mən yalnız onu deyə və əlavə edərəm ki, biz heç vaxt keçmişimizdən tamamilə qopub ayrılmırıq; keçmişlə tamam-kamal əlaqəni kəsmək qeyri-mümkündü, çünki biz sivişib aradan çıxsaq belə, o özü bizi gəlib tapır, haqlayır, yaxamızdan yapışıb silkələyir. 
Mən yalnız bunu deyirəm. 
Baş vermiş hadisələr, olmuş əhvalatlar, yazılmış süjetlər də elədi. Heç vaxt itmir, pozulmur, silinmir. Kim iddia edər ki, daha vilayətimizə, şəhərimizə, şirkətimizə “Ölülər”in baş qəhrəmanı varid olmur?
Onun adının qarşısında Şeyx titulu olmaya bilər, o, özünü Həzrət kimi yox, qloballaşan dünyanın, inteqrasiya olunan cəmiyyətin yeni düzəninə uyğunlaşmış adla təqdim edər. 
Şeyx olmaz, Mister olar. Çalma bağlamaz, eynək taxar. 
Üsullar, vədlər, davranışlar isə eynən vaxtilə baş verdiyi sayaq təkrarlanar. Məzmun-fabula yerində qalar. O, gəldiyi vilayətdə, şəhərdə, şirkətdə, müəssisədə lazımi kəsləri möcüzə yaradacağına inandırar. Bütün qapıların açarlarını istəyər. Qiymətli qənimətlərə sahib olmağa çalışar. Tələb qoyar, tələbatını ödəyər. Ofsunlayar, sehirləyər. Bir səhər də əkilər.
...Əgər nə zamansa belə biri qapınızı taqqatuqla döysə, izn istəyib nitqinə başlasa, möcüzələr icad eləyib ölü dirildəcəyinə sizi inandırmağa səy eləsə, amandı, ehtiyatı əldən verməyin. Ona görə yox ki, ölülər dirilmək istəmir və ya ölüləri diriltmək mümkün deyil. Xeyr, əsla.
Ona görə ki, fırıldaqla ölü dirilmir.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)