vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
14:43 | 8 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2822 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Marlborro»nun oduna düşdüm»

Siqaret çəkən deputatlar onu tərgitmək istəmirlər

Ağa AKİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda siqaretin və tütün məmulatlarının reklamı yaxın günlərdə qadağan olunacaq. Belə ki, artıq bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsində müzakirələr aparılıb.

«Tütün və tütün məmulatı haqqında» qanuna ediləcək dəyişikliyə görə, bundan sonra siqaretin açıq şəkildə reklamı mümkün olmayacaq.

Milli Məclisin hətta siqaret çəkən deputatları da qanuna bu dəyişikliyi alqışlayırlar. 

Vaxtilə siqaret çəkmiş deputatlardan biri də Mahir Aslanovdur.  O parlamentin Aqrar siyasət komitəsində «Tütün və tütün məmulatı haqqında» qanunun müzakirəsi zamanı bildirib ki, siqaretdən uzun müddət əzab çəkib:

«Mən 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım. Hətta tütün məhsullarının yığımı da zəhərlidir. Ona görə də siqaretin reklam olunmasının qarşısı birmənalı şəkildə alınmalıdır. Siqaretin reklamı qəti qadağan olunmalıdır. Xarici ölkələrdə siqaret çəkən və çəkməyən insanların ağ ciyərlərinin şəklini də qutunun üstünə vururlar. Adam o şəkilə , ciyərə baxanda siqaretin qutusunu belə, açmaq istəmir».

Modern.az saytı parlamentin siqaret çəkən bir neçə deputatından bu vərdişə necə yiyələndiklərini, siqareti tərgidib-tərgitmək istəməkdiklərini öyrənib.

Deputat Nizami Cəfərov bildirib ki, cavanlıqda Amerika «Marlborro»sunun tüstüsünə düşüb, o vaxtdan elə bu günə qədər də siqaret çəkir:

«Siqaret çəkməyə gec başlamışam. Təxminən 30 yaşımdan siqaret çəkirəm.  5-6 il davamlı çəkəndən sonra 7 il tərgitmişəm. Sonradan yenə də çəkməyə başladım. Hər dəfə deyirdim ki, çəkən deyiləm, bunu da çəkim, tərgidəcəm. Amma o çəkən bu çəkən, tərgidə bilmirəm.Artıq tərgitmək barəsində düşünmürəm, fikirləşirəm ki, azaldım. Bu siqaret də dünyanın bir nemətidir. İndi «Kent-8» çəkirəm. «Kent-8»in özəlliyi odur ki, bir az elə bil sərtdir. Çəkəndə hiss edirəm ki, əsl siqaretdir. Amma nikotini az olan siqaretlər mənə təsir etmir. Siqaretin qoxusu məndə heç bir kompleks yaratmır. Yazı yazanda daha çox siqaret çəkirəm.Günə 1 qutu yarım, 2 qutu gedir. Siqareti gün ərzində nə qədər çəkməyim həmin gün nə qədər işləməyimdən də asılıdır. Bəziləri deyirlər ki, siqareti kefdən ya da fikirdən çəkirlər. Amma məndə bunların heç biri deyil.
Sovetlər dönəmində daha çox Amerika «Marlborro»su  çəkirdim. Bu o zaman ən məşhur siqaret idi. Yadıma gəlir ki, mən də elə o zaman Amerika «Marlborro»sunun oduna düşdüm».

Deputat Aqil Abbas deyib ki, hələ də siqareti tərgitmək fikri yoxdur: «Siqareti tərgitmək haqqında qətiyyən düşünmürəm. Amma siqaret çəkməsəm, daha yaxşı olar. Siqareti çəkməyə 35 yaşımda başlamışam. Camaat bu yaşında siqareti tərgidir, amma mən çəkməyə başladım. İndi hələ ki, tərgitmirəm. Kim istəyir çəkər, kim istəyər çəkməz. Azərbaycanda tütünçülüyü inkişaf etdirmək lazımdır.

Bu, çox gəlirli bir sahədir. Azərbaycan və Türkiyə tütünü dünyanın ən qiymətli tütünlərindən sayılır. Əgər Azərbaycanda tütün çəkmək istəmirlərsə, istehsal edib xarici ölkələrə satmaq olar. Niyə özümüz istehsal etdiyimiz siqaretin tütününü xaricdən alaq? Elə özümüz istehsal edək də...

Deputat Mahir müəllim siqaretə başlayanda mən uşaq olmuşam. Mən də Mahir Aslanovun yaşına çatım, onun xatirinə siqareti tərgidəcəm. 27 ildir ki, siqaret çəkirəm, 53 yaşıma çatanda mən də atacam. Hansı siqaretdən çəkməyimə gəlincə, bunu söyləməsəm yaxşıdır. Yoxsa deyəcəklər ki, pulu çoxdur, «Marlborro» çəkir. Amma yox, qoy deyim, indi «Kent-8» çəkirəm, çünki indi yaxşı «Marlborro» yoxdur».

Deputat Asim Mollazadə deyib ki, siqareti tərgitmək hər kəsin şəxsi qərarıdır:

«Siqaret reklamının Azərbaycanda dayandırılması müsbət bir haldır. Əsas hədəf gənc nəsli siqaretdən qorunmaq məqsədi daşıyır. Siqareti tərigidib, tərgitməmək hər bir şəxsin öz qərarıdır».

Siqaret çəkən digər deputat Fəzail Ağamalı özünün bu zərərli vərdişə qurşanmağı haqda məlumatların insanlara o qədər də maraqlı olacağını düşünmür:

«Azərbaycanda istənilən yerdə siqaret çəkməyin tam məhdudlaşdırılmasının tərəfdarıyam. Siqaret reklamının qadağan edilməsini də alqışlayıram. Bəzi ictimai yerlərdə siqaret çəkənlər üçün ciddi cərimələr yazılsa, daha yaxşı olar. Amma mənim siqaret çəkib, yaxud tərgitməyim məncə kiməsə maraqlı olmaz».