vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
13:35 | 10 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2002 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yerinə yetirməyi bacaracaqmı?

Trampın vəd etdiyi və dünyanın dəngələrini dəyişəcək seçki planı

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika xalqı 45-ci prezidentini də seçdi: onlar Respublikaçılar Partiyasının namizədi Donald Trampa qarşıdakı 4 ildə dünyanın bu nəhəng dövlətinin sükanını etibar etdilər. Tramp, eləcə də Amerika xalqı bütün dünyanı növbəti dəfə heyrətləndirməyi bacardı.

Hazırda bütün müzakirələrin əsas düyün nöqtəsi budur: Tramp Amerikaya, eləcə də bütün dünyaya nə vəd edir?

Strateq.az aşağıda artıq prezident seçilmiş Donald Trampın oktyabrın 22-də Pensilvaniya ştatının Gettisberq şəhərində keçirdiyi görüşdə prezident seçiləcəyi təqdirdə hansı işləri görəcəyinə dair etdiyi çıxışın tam mətnini təkrar yayır. Bu çıxış həm də ABŞ-ın yaxın gələcəkdə yürüdəcəyi siyasətin konturlarını cızmağa imkan verir: 

…Burada, Gettisberqdə, nə qədər adamın azadlıq uğrunda həyatını qurban verdiyi bu müqəddəs torpaqda çıxış etmək mənim üçün böyük şərəfdir! Bura heyrətamiz yerdir. Prezident Linkoln ölkənin onun vaxtınadək görünməmiş bölünməsi ilə üzləşmişdi. Ümid edirəm ki, ondan nümunə götürə və bu gün üzləşdiyimiz nifaqa qalib gələ bilərik. Biz indi çox güclü şəkildə parçalanmışıq. Mən siyasətçi deyiləm və mənə inanın, olmaq da istəməmişəm. Lakin gördüm ki, ölkə fəlakət içindədir və anladım ki, kənarda durub bunu seyr edə bilmərəm. Ölkəmiz mənə çox yaxşılıq edib, mən onu sevirəm və dərk etdim ki, hərəkətə gəlməliyəm.

Mən uzun illər bu sistemlə yaxından tanışam. Onun  mühüm hissəsiydim. Vaşinqton və Uoll-Stritdə oyunun necə aparıldığını bilirəm. Və bilirəm ki, sadə amerikalıların ziyanına olaraq orada qanunla necə dələduzluq edirlər. Bu, fırıldaqçılıq qaydasıdır.

Demək olar, hər dörd amerikalıdan biri ən əmək qabiliyyətli yaşında işsizdir. Hər beş ev təsərrüfatından birində heç kim işləmir. 45 milyon amerikalı ərzaq talonu alır, 47 milyon isə yoxsulluq içində yaşayır. Kasıb şəhərlilər əziyyət çəkir, afro-armerika və Latın Amerikası icmaları əzab çəkir – biz onların ümidlərini aldatdıq.

Xaricdə hərbi avantüralara qarışırıq. Bizim müharibələr sonsuzadək uzanır – çünki onu aparan adamlar uda bilmirlər. Onlar müharibəni uda bilmirlər. Bu arada ölkəmizdə qəhrəman veteranlar tibbi yardım gözləməyə səbri çatmadan ölürlər. Dəyişikliklər xarab sistemin içindən qaynaqlana bilməz – bizim sistem xarab olub. Vaşinqton və Vaşinqton isteblişmentinin bizim kampaniyamızı dayandırmağa bu cür cəhdi ancaq sübut edir ki, bizim kampaniyamız həyatda yalnız bir dəfə baş verən dəyişimlərin əlamətidir. 

Bu sistem tamamilə qabiliyyətsizdir və fırıldaqçılığa əsaslanır.

Seçkilərdəki saxtalaşdırmalardan başlayaq. "Pew"in məlumatına görə, hazırda Birləşmiş Ştatlarda seçicilərin qeydiyyatının 24 milyonu etibarsızdır və yaxud böyük pozuntularla aparılıb. Bu pozuntular tamamilə ağlasığmaz olur. 1,8 milyon ölü seçici qismində qeydə alınıb və onların bəziləri səs verirlər! Belə şeyin necə mümkün olduğunu bilmirəm. 2,8 milyon adam bir neçə ştatda qeydə alınıb… Bax, rəqəmlər belədir, bəli. Amerika vətəndaşlığı olmayan Amerika sakinlərinin 14 faizi seçici kimi qeydiyyata alınıb.

Bu, həm də ona görə fırıldaqçılıq sistemidir ki, Hillari Klinton ABŞ prezidentliyinə namizədliyini irəli sürməməliydi. Lakin FTB və Ədliyyə Nazirliyi onun cinayətlərini ört-basdır edir – yeri gəlmişkən, o, FTB və Konqresə dəfələrlə yalan danışıb. Bundan savayı, 39 dəfə – müxtəlif hallarda! – FTB-yə «yadıma gəlmir» cavabı verib. O, qalan hər şeyi çox gözəl xatırlayır, burada isə 39 dəfə yadına düşməyib. Ümumiyyətlə isə, bu da yalandır.

(Zalda qışqırıqlar: «Onu həbsxanaya!»)

O, sonra artıq Konqresdən çağırış vərəqəsi alanda 43 min məktubu silib. Yəni çağırışı alandan sonra silib. Qeyd edək, bu həftə məlum olub ki, ləyaqətli general Ceyms Katraytı beş ilədək həbs və FTB-yə bir dəfə yalan dediyinə görə böyük cərimə təhdid edir. Həm də o, iddia edir ki, bunu milli təhlükəsizlik təsəvvürlərinə görə edib. Tam bir general! Bu, iki gün öncə baş verib. Təsəvvür edirsiniz, o özünü necə hiss edir? Müxtəlif qanunları bu qədər dəfələrlə pozmuş Hillarinin namizədliyini irəli sürməyi də fırıldaqçılıqdır. Ona niyə icazə veriblər?

Şərəfsiz, başlıca KİV-lər də korrupsiya mexanizminin tərkib hissəsidir. Həm də mühüm. Onlar yalan danışır və yeniliklər quraşdırır ki, onlara xoş gəlməyən namizədləri təhlükəli cinayətkar kimi təqdim etsin. Onlar mənim mitinqlərimə heç vaxt gəlmir, adamın çoxluğundan danışmır, amma əhəmiyyətini azaltmağa çalışır. Bununla belə, Hillarinin mitinqinə nə qədər az adamın gəldiyini göstərmir, amma deyirlər ki, orada adam çoxdur, lakin ora, demək olar, heç kim getmir. Siz bunu bilirsiniz, onlar bunu bilirlər, bunu hamı bilir. Bu yaxınlarda üç nüfuzlu ümummili sorğu göstərib ki, biz birinci yerdəyik. Bu sorğulardan biri son iki seçki silsiləsində ən düzgünü idi. Ancaq mətbuat bu haqda susur. Demək istəmirlər və vəssalam. Onlar var gücüylə mənim və Amerika xalqının səsini boğmağa cəhd edir. Onlar Amerika seçicisinin şüurunu zəhərləməyə çalışırlar. Kampaniyama ziyan vurmağa çalışan qadınların hamısı yalan danışırdı. Tam yalan. Belə bir şey olmayıb – heç vaxt! Seçkilər başa çatanda yalançıların hamısını məhkəməyə cəlb edəcəklər. Amma pisi budur ki, aparıcı qəzetlərə və televiziyaya bir zəng yalançılara «yaşıl işıq» təmin edir və faktları heç kim yoxlamır. Bu, sizin üçün niyə mühümdür? Onlar mənə – cavab hərəkəti üçün, demək olar, qeyri-məhdud imkanı olan adama qarşı bu cür davrana bilirlərsə, fikirləşin ki, sizinlə, işiniz, təhlükəsizliyiniz, təhsiliniz və səhiyyənizlə nələr edə bilərlər. Etiqad azadlığınızın pozulması, zavodlarınızın, mənzillərinizin itirilməsi, İkinci düzəlişinzin oğurlanması və s. Görün, iş yerlərinizi başına nə oyun açıblar!

Bu günlərdə məlum olub ki, bəzi mitinqlərimdəki iğtişaşlar – polislərin və mitinqçilərin güclü ziyan çəkdiyi, sifətlərdən qan axdığı Çikaqoda – Milli Demokratik Komitənin (MDK) pullu agentləri və Klintonun qərargahı tərəfindən təşkil olunub. O vaxt bunu bilmirdik, amma indi bilirik və bizdə videoyazılar var. O zaman baş verənlər bizi sarsıtdı – bunlar isə muzdlu agentlər idi. Onlara MDK və ehtimal ki, Klinton qərargahı pul ödəyib. Bu, cinayət idi. Polislər və xeyli başqa adam ciddi ziyan çəkdi. Günahkarları məsuliyyətə cəlb etmək lazımdır. Amma çox güman ki, fırıldaqçı sistem üzündən buna görə onlara heç nə edilməyəcək. Eynilə yalan danışan qadınlar kimi. Yəqin ki, onları da MDK və Klinton qərargahı göndərib. Bunu sonra məhkəmədə aydınlaşdırarıq. Bunu çox gözləyirlər!

Bu fırıldaqçılığın mənası bundadır ki, korrupsiyalaşmış isteblişment və ona bağlı biznes öz maraqları naminə və sizin, bütün amerikalıların  ziyanına olaraq hakimiyyəti saxlasın. Qaldı ki, mənim maraqlarıma, onun hamısı sizinlə, Amerika seçiciləriylə bağlıdır. İnanın, mən bütün bunlara qarışmaq istəmirdim. Bu, ağır işdir, amma başqa cür bacarmadım. Mən ölkəmizi, xalqımızı sevirəm və bu cür hərəkət etməliydim.

Hamımız başa düşürük ki, bu problemləri yaradan siyasətçilərə ümid bağlasaq, bunlar həll olunmayacaq. Hillari Klinton mənə qarşı çıxış etmir – dəyişikliklərə qarşı, bütün Amerika xalqı, Amerikanın bütün seçicilərinə qarşı çıxış edir.

Biz hazırda yolayrıcındayıq. Keçmişin səhvlərini təkrar edib-etməyəcəyimizdə və yaxud gözəl, əziz ölkəmizi hələ də böyük gələcəyin gözlədiyinə əminliyimizdə seçim etməliyik. Mən gələcəyə inanıram və bilirəm ki, o, əzəmətli olacaq.

Mənim iqtisadi planım on il müddətində 25 milyon iş yerinin yaradılmasını təmin edir. Hazırda iş yerlərimiz ölkədən gedir. Meksikaya və başqa ölkələrə gedir. Bu, birtərəfli hərəkətdir. Onlar iş, zavod, pul əldə edir, bizə isə narkotiklər və işsizlik qalır. Bunu dəyişməyin vaxtıdır və mənə inanın, dəyişiləcək.

Bütün ölkələrlə bu cürdür. Çinə, istənilən ölkəyə nəzər salın – onlarla ticarət sazişlərimiz sadəcə dəhşətlidir. Rüsvayçılıqdır ki, hökumətimiz buna imkan verib. Bunlar pis sazişlərdir və hökumətə çox gözəl məlum idi. Onlar bunu elə-belə təşkil etməyiblər, amma mənə inanın, bunu tezliklə ləğv edəcəyik. Bizdə əla ticarət olacaq – azad, lakin düzgün və gerçək olacaq.

Təhlükəsizlik sahəsindəki planım kasıblarımızı təhlükədən xilas edəcək.

Hökumətdəki korrupsiyanın – nəhəng korrupsiyanın axırına çıxmaq mənim əxlaqi planımdır. Biz buna son qoyacağıq… Vaşinqton bataqlığını qurudacaq və onu yeni – xalq naminə xalqın həyata keçirdiyi idarəçiliklə əvəz edəcəyik. Mənə inanın!

Bax, planımı elan etmək üçün Gettisberq şəhərini buna görə seçmişəm. Amerika xalqından siyasi qalmaqaldan yuxarıda durmağı və Amerika xarakterinin həmişə güvəndiyi inam və nikbinliyə dönməyi xahiş edirəm – bu dünyada Amerika xarakterindən yaxşı və güclü heç nə yoxdur. Amerikalılardan arzulamağı yenidən öyrənməyi xahiş edirəm. Amerika əzəmətinin dönüşü üçün sizə yüzgünlük planımı təqdim edirəm. Bu, Donald Trampla Amerika seçicisi arasında müqavilədir və nəzərdə tutur ki, dəyişikliklər Vaşinqtonda düzgünlük və məsuliyyətli yanaşmanın bərpasından başlanacaq.

Buna görə də vəzifəmə başladıqdan bir gün sonra mənim administrasiyam korrupsiya ilə mübarizə və hakimiyyətlə biznesin çulğaşması ilə mübarizə üzrə altı tədbir üzərində işə başlayacaq.

Birincisi, Konstitusiyaya Konqres üzvlərinin seçilmə müddətinin sayını məhdudlaşdıran düzəliş lazımdır.

İkincisi, biz (hərbçilər, ictimai təhlükəsizlik və səhiyyə işçilərindən başqa) federal qullquçuların sayını azaldacağıq və bu qayda ilə təbii azalma nəticəsində məmurların sayı düşəcək.

Üçüncüsü, qayda qəbul olunacaq ki, hər yeni federal norma nizamlayıcısına görə fəaliyyətdə olan ikisi ləğv ediləcək. Nizamlayıcı normalar bizim ölkəni və iş yerlərimizi məhv edir.

Dördüncüsü, Ağ Ev və Konqresin keçmiş əməkdaşlarına qulluqdan getdikdən sonra beş il lobbiçi olmaq qadağan ediləcək.

Beşincisi, Ağ Ev əməkdaşları üçün xarici hökumətlərin maraqlarına lobbilik etməyə ömürlük yasaq tətbiq ediləcək.

Altıncısı, xarici lobbiçilərə Amerika seçki kampaniyaları üçün vəsait yığmaq tam qadağan ediləcək. Hazırda bu cür işlər baş verir.

Elə həmin gün Amerika işçilərinin müdafiəsi üzrə yeddi tədbir görəcəyəm. Biz durumu çox tez dəyişəcəyik.

Birincisi, Şimali Amerika azad ticarət zonası haqda ölkəmizin tarixindəki ən pis ticarət sazişlərindən biri olan müqaviləni – yeri gəlmişkən, onu Bill Klinton imzalayıb – tamamilə yenidən nəzərdən keçirtmək və yaxud 2205-ci Maddə üzrə ondan çıxmaq niyyətimizi bildirirəm.

İkincisi, ölkəmizi əsil fəlakətlə təhdid edən Transsakit okean tərəfdaşlığından çıxacağımızı elan edirəm.

Üçüncüsü, Çini valyuta manipulyatoru elan etmək haqda maliyyə nazirimə tapşırıq verəcəyəm, çünki bu belə də var. O öz valyuta  oyunları ilə bizə böyük ziyan vurub və bu, olduqca təəssüfə layiqdir. Qeyd edim ki, onları qınamıram, onlar sadəcə ağıllıdırlar. Onların qabağını almayan siyasətçilərimizi qınamağına dəyər, amma bunu etmək çox asan idi.

Dördüncüsü, ticarət nazirliyinə və ABŞ ticarət təmsilçiliyinə bütün xarici ədalətsiz, Amerika işçilərinə ziyan vuran ticarət praktikalarını üzə çıxartmaq və bu sui-istifadələrə qarşı Amerika və beynəlxalq hüquq normalarının üsullarını dərhal istifadə etməyi tapşıracağam.

Beşincisi və olduqca önəmlisi, şistli neft, neft, qaz və kömür daxil olmaqla Amerika enerji resurslarının hasilatına məhdudiyyətləri götürəcəyəm. Bu, 50 trilyon dollar və xeyli iş yeridir. Şaxtaçılarımız yenidən işə qayıtmalıdır.

Altıncısı, Obama və Klintonun müəyyən etdiyi maneələri aradan götürəcəyəm və həyatönəmli energetik infrastruktur layihələrinin irəliləməsinə imkan verəcəyəm. Bunlar üçün inanılmaz sayda əngəllər var – ekoloji, struktur… «Kistoun» boru kəməri və xeyli digəri inşa olunacaq. Bu, saysız-hesabsız iş yeri və ölkə üçün böyük mənfəətdir.  

Yeddincisi, BMT-nin kürəsəl istiləşmə ilə mübarizə proqramlarına milyardlarla dollar verməyi dayandıracaq və bu pulu Amerika su infrastrukturu və ekologiyasının ehtiyaclarına sərf edəcəyik. Biz milyardlar veririk, halbuki öz ekologiyamızla məşğul olmağın vaxtıdır.

Üstəlik, birinci gündən təhlükəsizlik və konstitusiya asayişinin bərpası üzrə sıradakı beş tədbirlə məşğul olacağam:

Birincisi, prezident Obamanın bütün qeyri-konstitusiya aktları, sərəncam və göstərişləri ləğv ediləcək.

İkincisi, biz mərhum hakim Skaliyanın əvəzlənməsi seçki prosesinə başlayacağıq. Yeri gəlmişkən, onun arvadı – möcüzə qadındır – öz həyətində mənim portretimi asıb. Çox yaxşıdır, düzdür? Ancaq bu gün bilmişəm. O, böyük adam idi. Mənin siyahımdan seçəcəyik. Orada 20 hakim var. Düşünürəm ki, 20 görkəmli hakimdən Birləşmiş Ştatlar Konstitusiyasını qoruyub müdafiə edən layiqli namizəd seçiləcək.

Üçüncüsü, mühacirlər üçün sığınacaq şəhərlərin federal maiyyələşdirilməsi ləğv ediləcək.

Dördüncüsü, qeyri-qanuni, cinayətkar mühacirlərin ölkədən çıxardılmasına başlayacağıq. Onlar hazırda iki milyondan çoxdur. Narkotik alverçiləri, banditlər, qatillərdir. Öz cinayətkarlarını geri almayan ölkələrin vətəndaşlarına viza verməyəcəyik. Hillari Klinton dövlət katibi olarkən növbəti cinayətkarı ölkədən çıxartmağa cəhd etsəydik və ölkəsi onu qəbul etməsəydi, Hillari bizə deyirdi ki, onu geri almağımız lazımdır və başqa ölkəni onu qəbul etməyə məcbur etməyəcəyik. Mən prezident olsam, bu cür məsələ daha olmayacaq, mənə inanın.

Beşincisi, terrorizmə meylli bölgələrdən mühacirəti dayandıracağıq, çünki oradan çıxanları normal yoxlamaq mümkün deyil. Deyək ki, Suriya. Oradan bizə minərlə adam gəlir. Kim, haradan, nə niyyətdə olduqlarını bilmirik. Hillari Klinton onların miqdarını daha 550 faiz artırmaq istəyir. Bununla belə, radikal islamçılıq lap yanımızdadır. Bizim güclü, ağıllı və ayıq olmağımız lazımdır. Biz onu ölkəyə buraxa bilmərik. Öz problemlərimiz bəs edir. Ölkəmizə gələnlərin hamısını yoxlayarkən son dərəcə diqqətli olacağıq. Ehtiyatlı olmaq lazımdır…(Strateq.az)