vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0421 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2982 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MƏMLƏKƏT  
21:58 | 15 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1122 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakının kəndi var...

Abşeron torpağı odlar diyarı...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı şəhəri ətrafında salınan kəndlərin sayı ayrı-ayrı zamanlarda müxtəlif miqdarda göstərilirdi. I Pyotrun səfəri ərəfəsində Bakıda olmuş katolik missionerlərdən birinin yazdığına görə, Bakı əyalət şəhəridir və onun 34 kəndi vardır.

Aparılan araşdırmalara görə, orta əsrlərdən ta XVII əsrədək Bakıda 32 kənd olub. XIX əsrdən başlayaraq Bakı kəndlərinin sayı artmağa başlayıb. 1813-cü ilin məlumatına görə, Bakıda artıq 37 kənd var idi, 1850-ci ilin dövlət sənədlərində isə bu rəqəm 40-a çatıb. Sonralar onların üzərinə Göradil, Ləş, Şüvəlan və Pirəküşkül kəndləri də əlavə olunub.

1870-ci il siyahısında isə Bakıda 41 kənd olduğu qeyd edilir .

Onların bəzilərini əlifba sırası ilə açıqlayaq.


Balaxanı

Bu kəndin ərazisi yarandığı gündən odlu-alovlu olmuş, sakinlərə böyük bəlalar gətirib. Bu səbəbdən də adını Balaxanı qoymuşlar, yəni «bəlalı məkan».

Digər fərziyyə. Kəndin adı iki sözdən əmələ gəlib : bala – yuxarı , hündür və xana – ev deməkdir , Balaxanı qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan kiçik otağa deyərdilər. Vaxtı ilə Balaxanı kəndinin əhalisi tat dilində danışardı. Odur ki, bəzi tədqiqatçılar, «Balaxanı» toponiminin «bala» və «xana» sözlərindən əmələ gəldiyini iddia edirlər. Bu isə tərcümədə «yuxarı ev» deməkdir. Həqiqətən vaxtı ilə Balaxanıda bütün binaların üstündə yay istirahət evləri - külafirəngilər tikilərdi.

Daha bir xalq etimalogiyasına görə isə Balaxanı kəndinin əsasını qədim dövrlərdə Bəli adlı bir xan qoymuş, bu kənd məhz onun şərəfinə belə adlandırılıb. Yeri gəlmişkən, Bəli xan daha bir kənd bina etdirərək onun arvadı Fatmanın şərəfinə Fatmayı qoyub.


Bibiheybət

Tarixi rəvayətlərə görə, Bibiheybət kəndinin əsasını yeddinci imam Musa əl-Kazımın qızı, səkkizinci imam Əli ər-Rzanın bacısı Akimə xatun qoymuşdur. O, xilafətin təqiblərinə məruz qalaraq vətəndən qaçmağa məcbur olmuş, öz qulu Heybətlə birlikdə Səba-Səbail (indiki Bayıl) liman şəhərinin sahilində məskunlaşıb. Hər ikisi uzun illər burada yaşamış, buradaca dəfn olunub. Kəndin adı məhz onların şərəfinə Bibiheybət qoyulub.


Biləcəri

«Beran ğar» monqol sözündən əmələ gəlib. «Beran» «sağ», «ğar» isə «qol» deməkdir, yəni «qoşunun sağ qolu». Çox güman ki, türklər Altayda olarkən bu sözü özləri ilə birlikdə Qafqaza gətirmişlər, Qafqazda isə «baranğar» sözü kiçik fonetik uğramaya məruz qalaraq «Biləcəri»yə çevrilib.


Bilgəh

Bu coğrafi məfhum fars mənşəli «bil» - «bataqlıq» və «gəh» - «yer» sözlərindən əmələ gəlib.


Binə

İndiki Binə kəndinin ərazisi tarixən nardaranlıların qışlaq yeri olub. Binə kəndi Bakı kəndləri içində ən təzəsidir . Bu kənd qədim Kürkənd kəndinin xarabalıqları yanında salınıb. Bir müddət sonra isə yaşayış məskəninə çevrilib . Yaşlı adamların dediyinə görə, buraya ilk dəfə yaxşı otlaq tapmaq məqsədi ilə Hacı Mövlan adında bir qoyunçu ayaq basıb. Sonralar onun qohumları Binəni qışlaq yerinə çeviriblər. Maldarlar ilk vaxtlar müvəqqəti qış düşərgəsində - «binədə» yaşayardılar. Kəndin adı da məhz buradan götürülüb.


Binəqədi

Xalq etimologiyasına görə, Binəqədinin əsl adı Binəqazidir, farsca tərcümədə isə bu, «qazi evi» deməkdir. Guya vaxtı ilə kəndin əsasını hansısa bir qazi qoymuşdur.


Buzovna

Maştağa ilə qonşu kənddir. Əsasən əkinçilik və bostançılıqla məşğul olan kənddir. Yerlilər öskürəyə qarşı burada bitən buzovna adlı otdan istifadə etdiklərinə üçün kəndin adı da Buzovna qalıb . Adətən alimlər bu toponimi üç hissəyə bölürlər: «buz» - «çıxıntı», «ov» - «su» və «na» - şəkilçi. Bu isə tat dilindən tərcümədə «suya girən burun» deməkdir. Düzü, bu bənzətmə Buzovnaya çox uyğun gəlir.


Bülbülə

Elmi ədəbiyyatda göstərilir ki, Bülbülə əslində «pilpilə» sözünün təhrif edilmiş formasıdır. «Pil» farsca «palçıq vulkanı», «bil» isə «bataqlıq» deməkdir, yəni «palçıq vulkanı, bataqlıq olan yer». Xalq etimologiyasına görə isə guya vaxtı ilə burada müqəddəs adamlardan biri bilə-bilə öldürüldüyündən kəndə bu ad verilib.


Corat

Bu kənd də öz adını monqolların corat tayfasından götürüb.


Digah

Farsca «di» - «kənd», «gəh» - «yer», yəni «kənd yeri» kimi tərcümə olunur.


Əhmədli

Kəndin qısa tarixçəsi belədir: kəndin əsası şahsevənlər tayfasından olan Mahmud və Əhməd adlı iki qoyunçu qardaş tərəfindən qoyulub. Onlar qış otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş və həmişəlik burada məskunlaşıblar . Əhməd daha igid və cəsarətli olduğundan kənd əvvəl-axır onun adını daşımağa başlayıb.


Əmircan

Şirvanşahlar dövründə Məkkəyə ziyarətə gedən zəvvarlara dövlət tərəfindən başçı təyin edilərdi və onlara «Əmir hac» deyərdilər. Başçı təyin edilənlərdən biri də Əmir hac Nizaməddin idi. Əmircan qəsəbəsi məhz onun şərəfinə bu cür adlandırılıb, açıqlaması da belədir: «əmir», üstəgəl «hac», üstəgəl «an» - məkanlıq şəkilçisi. 


Göradil

Kəndin adının üç açıqlaması vardır. Birincisi, farsca bu, «məzarıstan» deməkdir. İkincisi, toponimdəki «gor» kök tərkibi goranboy tayfasının adı ilə sıx bağlıdır. Üçüncüsü «göran» monqol-türk sözü olub «düşərgə», «qoşun», «müharibə edən tərəf» deməkdir.


Güzdək

Kəndinin adı türk oğuz tayfası olan «quzlarla» əlaqələndirilir və bu ehtimal ağılabatandır. Vaxtı ilə Güzdəkdə əsasın tatdilli əhali yaşayırdı. Onların dilindən tərcümədə isə «güzdək» «quzlar kəndi» deməkdir.


Hökməli

Toponimin hərfi mənada açıqlaması belədir: «hökm» - «əmr, sərəncam» və «əli» şəxs adı, yəni «Əlinin hökmü ilə tikilən kənd».


Hövsan

Tədqiqatlar nəticəsində toponimin bir neçə yazılış forması aşkar edilib. Hövsan, Oussa, Housan, Heovsan, Xouzan, Qevzan, Hovz. Sara Aşurbəyli «Hövsan» toponiminin İran mənşəli, Qiyasəddin Qeybullayev ərəbcə «qusu» - «qala» sözü ilə eyni köklü və mənalı olduğunu, Rəmzi Yüzbaşov isə «həzz» tayfasının adı ilə bağlı olduğunu iddia edirlər.


Xırdalan

Bu toponiminin bir neçə açıqlaması vardır. Bəzi alimlər bu coğrafi məfhumu vaxtı ilə həmin ərazidə saysız-hesabsız xırların, yəni əkin sahələrinin olması ilə əlaqələndirirlər, bir başqaları isə «Xırdalan» toponimindəki «xır» sözünün əslində «xur» olduğunu iddia edirlər. «Xur» isə farsca «qeyri-adi, görünməmiş, od, atəş, günəş parıltısı» deməkdir. Əgər bu, həqiqətən belədirsə, onda Xırdalan kəndinin atəşpərəstliklə sıx əlaqəsi olub.


Xocahəsən

Bu kəndi XVII əsrdən başlayaraq belə adlanır, həm də zəmanəsinin tanınmış tacirlərindən olan Xoca Həsənin şərəfinə. Yeri gəlmişkən, kənddəki ovdanın və karvansaranın üzərində də onun adı həkk olunub.


Keşlə

Bu toponim farsca tərcümədə «geniş vadi» deməkdir. XVIII əsrdə burada keşli elinin nümayəndələri məskunlaşıblar.


Kürdəxanı

Kər (Kür ) yəni dəmirçi məskəni (ustalar ) - xanə isə (yer) deməkdir. Böyük İpək yolu üstündə yerləşən dəmirçilər məskəni. Bu yolun bir hissəsi indi də mövcuddur. Həmin hissə Kürdəxanıdan Maştaga kəndinə istiqamətlənir, bağlararası və ya dəniz kənarı yol adlanır.


Qala

Toponimin izahı bir tərəfdən tarixi və arxeoloji faktlara, digər tərəfdən isə xalq etimologiyasına əsaslanır. Bəzi mütəxəssislər kəndin adını «mühafizə olunan yer» kimi mənalandırırlar , bir başqaları isə bu adın birbaşa «qala» sözü ilə əlaqədar olduğunu iddia edirlər. Həqiqətən XIV əsrdə və XVIII əsrin birinci yarısında burada çoxlu istehkam qalası və müşahidə xarakterli xırda qala tikilmişdi.


Qobu

Bu toponimlə bağlı Azərbaycanda bir sıra yer adları mövcuddur. Məsələn, Abşerondakı Qobu kəndini, Ağdaşdakı Qobuüstü, Xaçmazdakı Qobuqıraq, Füzulidəki Qobudilağarda kəndlərini və Qobustan rayonunu göstərə bilərik. Bu toponimin bir çox mənası vardır - çuxur yer, kiçik dərə, bataqlıq yer, çayın ən dərin yeri, kiçik gölməçə, düzəngah. Şübhə yoxdur ki, Bakının Qobu kəndi öz təbii xüsusiyyətlərin ə görə bu açıqlamalardan birini özündə birləşdirir.


Masazır

Kəndin adının haradan əmələ gəldiyi hələlik bəlli deyil.


Maştağa

Bakının ən böyük kəndidir. Bu kəndin adı vaxtilə burada məskən salan massaget tayfasının adı ilə bağlıdır. Deyilənlərə görə, Maştağa kəndinin əhalisini əsas etibarı ilə Orta Asiyadan çıxan massaget tayfasının nümayəndələri təşkil edirdilər. Yeri gəlmişkən, massagetlərin şimal-şərqi Albaniyada öz knyazlıqları olub. İllər ötdükcə «massaget» toponimi «masqut», «məsqətə», «maşqada» və nəhayət «maştağa» sözünə çevrilib.


Məhəmmədəli

Araşdırmalar göstərir ki, Məhəmmədəli kəndinin adı onun bünövrəsini qoymuş bir şəxslə bağlıdır.


Mərdəkan

Kəndin adı mərd tayfası ilə bağlı meydana gəlib və «mərdlər məkanı» kimi tərcümə olunur. Antik alimlərdən Heradotun, Pliniyin, Strabonun və başqalarının yazdığına görə, mərdlər hələ eramızdan əvvəl 331-ci ildə Qavqamel döyüşündə İran ordusunun sıralarında qəhrəmancasına vuruşmuş, böyük şücaətlər göstəriblər. Çox güman ki, sasanilər şimal sərhədlərini möhkəmləndirmək məqsədi ilə onları V-VI əsrlərdə Abşeron torpağına köçürüblər.


Nardaran

Elmi ədəbiyyatda «Nardaran» sözünün mənşəyi belə izah olunur: «nar» - farsca «dəvə», «dar» - «saxlanılan» və «an» - məkanlıq şəkilçisi, yəni «dəvə saxlanılan yer». Nardaran kəndi dəniz sahilində salınan kəndlərdən biridir . Nardaran iki sözdən : «nar» və «daran» sözlərindən düzəlib , «daran» farsca «olan» mənasında işləndiyindən kəndin adı da nar olan yer kimi tanınıb.


Novxanı

Bu kəndin adına gəlincə isə «nou» tat dilində «təzə», «xana» isə «ev» deməkdir, yəni «təzə ev». Tarixdən məlumdur ki, vaxtı ilə Novxanı kəndindən bir qədər aralıda Siyan kəndi olmuşdur. XVII əsrdə bu kəndi su basdığından onun əhalisi indiki Novxanı ərazisinə köçərək orada məskən salıb.


Pirşağı

Bu kənd öz adında müqəddəslik rəmzi daşıyan kəndlərimizdən biridir. Vaxtı ilə burada Piri-Şah adında bir məzar-pir vardı. Pirin müqəddəsliyi onun müalicəvi əhəmiyyəti ilə sıx surətdə bağlı idi. Ağır dəri xəstəliyinə tutulan adamlar mütəmadi buraya gələrək, ətrafda bitən otlardan yara yerlərinə sürtər və tez bir zamanda sağalardılar. Kəndin adı məhz bu pir ilə bağlıdır. 


Ramana

Xalq etimologiyasına görə, Ramana «rahi» - «yol» və «mani» - «maneə» sözlərindən əmələ gəlib. Həqiqətən bu kənd coğrafi cəhətcə o qədər yüksəklikdə yerləşib ki, buradan başqa kəndlərə gedib-gəlmək çox çətin imiş. Başqa bir mülahizə də var. Bəzi alimlər, o cümlədən Sara xanım Aşurbəyli belə hesab edir ki, «Ramana» toponimi birbaşa romalılarla əlaqədardır. Onların fikrincə, «Ramana» «romalıların yaşadığı yer» kimi izah olunmalıdır. Həqiqətən tarixdən məlumdur ki, hələ eramızın birinci əsrində romalılar Bakıda olmuş və bir müddət burada yaşayıblar. Bunu Qobustanda tapılan qayaüstü yazılar da təsdiq edir.


Sabunçu

Kəndin adı ilə bağlı da müxtəlif fikirlər var. Xalqın ehtimalına görə, bu toponim Azərbaycan dilindəki «sabın» sözündən götürülüb, yəni «sabın hazırlanan yer» deməkdir. Başqa bir fərziyyəyə görə isə «Sabunçu» toponimi farsca «sə» - «üç», «bun» - «təpə» və «çi» sonluğundan əmələ gəlib ki, bu da tərcümədə «üç təpə» deməkdir. Doğrudan da vaxtı ilə Sabunçu ərazisində üç hündür təpə olub. Digər bir fərziyyə - «sabunçu» toponimi bilavasitə sabunçu türk tayfası ilə bağlıdır. Həmin tayfanın nümayəndələri XVII əsrdə Ermənistanda, Azərbaycanın Ermənistanla sərhəd ərazilərində və qismən də Dağlıq Qarabağda yaşayıb, XVIII əsrdə isə Abşerona köçüb gəliblər.


Saray

Kəndin adı hərfi mənada «şah, xan sarayı, öz əzəməti ilə nəzəri cəlb edən bina və yaxud ev» deməkdir. «Sar» farsca «yüksəklik» kimi tərcümə olunur. Bu kənd ilə bağlı digər fərziyyə XIII əsrdə Cənubi Qafqaz ərazisində monqollarla birgə yaşamış saray tayfası ilə bağlıdır. Ola bilər ki, o zamanlar həmin tayfanın nümayəndələri indiki Saray kəndinin ərazisində məskunlaşıblar.


Suraxanı

Əhalisinin tərkibinə görə , tat kəndi hesab edilən Suraxanı kiçik bir kənd olsa da , öz ağ nefti və daimi yanar odları ilə bütün şərqdə şöhrət tapıb , burada həmçinin atəşpərəstlik dininin məbədi də yerləşir . Kəndin adı isə iki sözdən əmələ gəlib : sürx – qırmızı və xana – ev ..Suraxanı kəndi «atəş məkanı» kimi tərcümə olunur ki, bu da ərazinin təbii və geoloji xüsusiyyətləri ilə sıx surətdə bağlıdır.


Şağan

Abşeronun ən qədim və səfalı yerlərindən biri də Şağandır. «Şağan» coğrafi məfhumunun bir neçə izahı vardır. Bəzi etnoqrafların fikrincə, toponim «şah» - «böyük» sözündən və «an» - məkanlıq şəkilçisindən əmələ gəlib ki, bu da tərcümədə «böyük kənd» kimi səslənir. Xalq etimologiyasına görə isə vaxtı ilə burada Şahxan adlı bir nəfər yaşayıb və kənd onun şərəfinə belə adlandırılıb. Daha bir fərziyyə: Şağan kəndinin əhalisi tarixən türkdilli olub. Toponimin «sakan» etnonimi ilə oxşarlığı bizə belə bir mülahizə yürütməyə əsas verir ki, vaxtı ilə burada sakan tayfasından olan adamlar yaşayıblar.


Şüvəlan

«Şüvəlan» sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq yaranıb. Şüvəlanda olanlar, yəqin fikir veriblər ki, bu yerdən dənizə tərəf enişlər başlayır. Farsca «şiv» sözünün mənası eniş, «lan» isə məkan deməkdir ..Tarixən Şüvəlan ərazisi Qala camaatının bağ yeri olmuşdur. Orta əsrlərin bir sıra sənədlərində isə yaşayış məntəqəsinin adı «Şivəlan» kimi göstərilir. Fikrimcə, «Şüvəlan» sözü fars mənşəlidir: «şüvül» - «uzun və düz ağac», «an» - məkanlıq şəkilçisi. Bu onu göstərir ki, vaxtı ilə burada çoxlu bağ salınıb və ağac əkilib...


Türkan

Monqolların Azərbaycana hücumundan əvvəl türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək Xəzərin qərb sahillərinə və Azərbaycana yayılıblar . O zamanlar türkmənlər sadəcə olaraq Türkan adı ilə də məşhur idilər . Bu tayfaların bəziləri Xəzərin qərb sahillərinə daimi məskən salıblar və Türkan kəndinin adı da görünür vaxtilə bu yerlərdə yaşayan türkmənlərin adı ilə bağlıdır. «Türkan» coğrafi məfhumu «türk» etnonimindən əmələ gəlib: «türk» və «an» - məkanlıq şəkilçisi. Bəzi mənbələrdə, o cümlədən elmi əsərlərdə və xalq danışıq dilində Türkan «Türkənd» kimi də işlədilir. Hər iki variantda məna eynidir: «türklərin yaşadığı yer».


Zabrat

Alimlərin fikrincə, «Zabrat» toponimi fars mənşəli olub «zab» - «bulaq» və «rat» - «bol» sözlərindən əmələ gəlib ki, bu da tərcümədə «neft bulağı» kimi açıqlanır.


Zağulba

Toponimin açıqlaması isə belədir: «za» - sahildə və «qolbe» - «daxma», yəni «sahildə tikilən daxma».


Zirə

Bu toponim də fars mənşəlidir, «çökəklikdə olan yer» deməkdir. Həqiqətən Zirə kəndi çökəklikdə yerləşir.


Zığ

Kənd öz adını vaxtı ilə burada yaşamış zığ tayfalarından götürüb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *