vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REPORTYOR  
19:25 | 16 noyabr 2016 | Çərşənbə Məqaləyə 2975 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Antisanitariya, çirkab...

Bakının ən ucuz, ən qarmaqarışıq və... ən qalmaqallı bazarında güzəran...

Gülnar ƏLİYEVA, Foto: Samirə HƏSƏNOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu bazarın başı çox qalmaqallar çəkib. Müəmmalı şəkildə baş verən yanğınlardan tutmuş Bakının ən gur prospektlərindən birində hökm sürən nəqliyyat xaosuna, antisanitariyadan tutmuş leş ətinin satışına qədər çox şey bu bazarın adıyla bağlıdır. Bütün bunlar yetmirmiş ki, o, MTN generallarının da süfrəsində «yağlı tikə»yə çevrilmişdi.

Söhbət Bakının ən ucuz (yaxud indiki bahalaşma dövründə nisbətən ucuz) və ən qarmaqarışıq, eyni zamanda bəlkə də, ən qalmaqallı bazarı olan, xalq arasında «Vosmoy bazarı», yaxud qısaca «Vosmoy» adlanan ticarət mərkəzindən gedir. Virtualaz.org saytının reportyor qrupu bu bazarda olub, Bakının bir çox adlı-sanlı ticarət mərkəzlərində «bayquş uladığı» bir vaxtda orada alış-verişlə, gündəlik güzəranla maraqlanıb.

 

«Elə bil toyuq başı kəsmisən...»

 

...Bazarın meyvə-tərəvəz satılan hissəsinə daxil olan kimi piştaxta arxasından satıcının qırmızı çuğunduru satmaq üçün istifadə etdiyi «reklam roliki» ilə qarşılaşırıq. O, əlindəki çuğunduru iri  bıçaqla ildırım sürəti ilə bölərək içərisinin necə qırmızı olduğunu bizə göstərir: «Bax, elə bil toyuq başı kəsmisən...»

«Vosmoy bazarı»ında alıcı cəlb etmək üçün orijinal «reklam roliklərindən» istifadə edənlər çoxdur. Kimi kələmi, kimi narı, kimisi kartof-soğanı bacardığı kimi reklam edir.

Doğrudur, 8-ci km bazarı paytaxtın ən ucuz bazarı olsa da, qiymət artımı bura da təsir edib. Amma digər ticarət mərkəzləri ilə müqayisədə burada o qədər də alıcı qıtlığı hiss olunmur. Bazar, bəlkə də,  yeganə yerdir ki, burada heç kim tələsmir. Pensiyaçı nənələr və babalar yavaş-yavaş piştaxtaları gəzir, qiymətlərlə maraqlanır, əllə yoxlayır və hətta dadına da baxırlar. Müşahidələrdən belə görünür ki, bu heç də satıcıları narahat etmir. Əksər satıcılar hər yaxınlaşan müştəriyə səbirlə məhsulu haradan gətirdikləri, keyfiyyəti, xasiyyəti ilə bağlı uzun-uzadı izahat verirlər. Məsələn, bir satıcı bizim üçün şabalıdın qabığını soydu, digəri üzüm giləsini çirkli köynəyinə silib dadına baxmaq üçün bizə uzatdı.

Antisanitariya və çirkab isə belə görünür ki, Bakının digər bazarları kimi bura da xasdır.  Meyvə-tərəvəzə, balığa çilənən su piştaxtaların arası ilə axıb ayaq altına tökülür. Nizamsız ticarət stolları alıcılara keçib-getməyə imkan vermir. Əvvəllər baş verən yanğınlara baxmayaraq yanğın təhlükəsizliyi tədbirlərindən danışmağa da dəyməz. Bir həyəcan siqnalına kifayətdir ki, qarışıq piştaxtalar əcəl hasarına çevrilsin. Bazarın dörd tərəfi isə əbədi olaraq tıxacdır. Bir-birinə yol verməyən, bir-birinin yolunu kəsən avtomobillərin siqnal səsi bazarın adi həyat ritmidir.

«Vosmoy» bazarına qiymətlərin nisbətən ucuz olmasına görə aylıq, yaxud həftəlik bazarlıq etməyə gələnlər də çoxdur. Eləcə də ətraf məhəllələrdəki kiçik meyvə-tərəvəz dükanları da hər gün buradan mal alıb aparırlar. Onlar bazarın daha çox topdansatış hissəsinə baş çəkirlər. Satıcılar yük maşını ilə bazara daxil olur və gətirdikləri məhsulu satana qədər orada qalırlar.

 

Gədəbəy kartofu adı altında...

 

Topdansatışda almanın yeşiyi 8-9 manatdır. Kiloqramı isə növündən asılı olaraq 35 qəpikdən başlayır və 1 manata qədər davam edir. Yalnız Qəbələdən gətirilmiş Qızıl Əhmədi alma növü bir qədər baha, 1.50 -2.50 manat arasında dəyişir.

Yerli kartof isə bu il bazarda qıtdır. Görünür, il boyu havaların yağmurlu keçməsi məhsuldarlığı kəskin aşağı salıb. Satıcı Ənvərin sözlərinə görə, bazarda yerli kartof adı ilə satılanların əksəriyyəti xaricdən gətirilən kartofdur. Bəzi satıcılar onu Gədəbəy kartofu adı altında müştərilərə baha qiymətə satırlar. Kartofun qiyməti də 55-60 qəpikdən başlayır və 1 manata qədər davam edir. Bunlar daha çox xarici ölkələrdən, o cümlədən, Belarusdan, İrandan, Türkiyədən gətirilmiş kartofdur.

Digər meyvə-tərəvəzin qiyməti isə mövsümlə əlaqədar elə də yüksək sayılmaz. Məsələn, soğan - 45-60 qəpik,  xiyar – 1.50 manat, mandarin – 80 qəpik, nar -  1-2 manat,  yerkökü -  1 manat, heyva - 70 qəpik -1.50 manat, kələm  - 15 qəpikdir.

 

Sarımsaq ən bahalı məhsuldur

 

Bazarda ən baha məhsullardan biri də sarımsaqdır. Bunu alıcılar da təsdiqləyirlər. Alıcı Məryəm Novruzovanın sözlərinə görə, bu il rayonlarda da sarımsaq çətin tapılır: «Qiymətlər digər bazarlarla müqayisədə burada ucuzdur, ona görə də buradan bazarlıq edirəm. Bazarda ən bahalı sarımsaqdır. Düzdür, marketlərlə müqayisədə xeyli ucuzdur. Keçən həftə qızım 10 manata almışdı, amma burada kiloqramı 7 manatdır. Yenə də, ümumən götürəndə bahadır. Rayonlarda da demək olar ki, eyni qiymətdir, satıcılar üstünə elə bir qiymət qoymurlar», - deyə alıcı bildirir.

Satıcı Səmayə xanım da alıcının dediklərini təsdiq edir :«Ağsu rayonundan gətirmişik. Düz deyir, üstünə qəpik-quruş qoyuruq. Bir azdan daha da bahalaşacaq. Çünki bu il məhsul olmayıb. İndidən alsanız uduzmazsınız».

Satıcı Gülüstan Kərimova isə alverin zəiflədiyini deyir. Onun sözlərinə görə, yer pulu, alıcı azlığı, qalan məhsulun zay olması əl-ayaqlarını soyutsa da, dolanışıq üçün bundan başqa çarə görmür: «İndi alver yoxdur, çox zəifləyib. Rayon malları az gəlir.  Ayda 200 manat yerpulu veririk. Alan bir dəfə alır, gedir, gündəlik almırlar axı. Xaçmazdan gətirdiyimiz yüklə dolu maşının içəri girməsinə görə 70 manat veririk. Amma kiçik maşınlar – «Gazel»lər 50 manat verirlər. Ondan sonra hər günə görə 2 manat ödəyirik. Maşındakı yükü yayda bir günə satırdıqsa, indi 3 günə zorla satırıq. Bu il bibər mövsümünün axırıdır, sonuncu reysdir. Bir ay dincələcəyik, gələn dəfə kələm vuracağıq», - deyə satıcı bildirdi.

 

Kilosu 2 manatlıq da balıq var, 22 manatlıq da

 

Bazarın ən natəmiz yeri isə balıq və toyuq məhsulları satılan hissədir. Satıcılar balıqları iri ləyənə yığdıqları suyun içərisində yarır, içalatını təmizləyirlər. Əksər hallarda zir-zibil vaxtında təmizlənmədiyindən kəskin qoxu ətrafa yayılır.

Öyrəndik ki, burada «sazan» balığının kilosunun qiyməti 3 manat 50 qəpikdir.

Satıcıların sözlərinə görə, «sazan» nisbətən ucuz olsa da, baha qiymətə satılan növləri də var. Məsələn,  Naxçıvan «sazan»ının kiloqramı 7 manata satılır.

Kütüm (ziyad)  – 6 manat, Belamur 5.50, sümüksüz Xanı balıq 3,50 qəpikdir.

Masallıdan gətirilmiş Çəki balığı isə 4-6 manata satılır. 

Bazarda həmçinin xərçəngə də rast gəldik. Yarımcan vəziyyətdə bir-birinin üstünə qalaqlanmış bu məhsulun da öz alıcıları var. Satıcının sözlərinə görə, kiloqramı 8 manata təklif olunan bu dəniz məhsulu Neftçaladan gətirilib.

Bazarda həm göl, həm çay, həm də dəniz balığı satılır. Süni göllərdə yetişdirilən balıqların qiymətində fərq var. Amma satıcılar deyirlər ki, heç də bütün müştərilər onları fərqləndirə bilmirlər. Bəzən təbii balıq da növündən asılı olaraq göl balığının qiymətinə olur. Fərq ancaq onların ölçülərində və dadında olur.

Satıcı deyir ki, kütüm və kefal balığını süni göllərdə yetişdirmək olmur. Onlar şirin suda yaşaya bilmədiklərindən, dənizdən tutub göldə saxlamaq mümkün deyil. Bazarda ən ucuz balıq çapardır. Deyilənə görə Mingəçevirdən gətirilən bu balığın kq-ı 2, 5 manatdır. Ən bahalı balıq isə qızıl balıqıdır. Kiloqramı 22 manata satılan bu balığın özünü görmədik. Satıcılar deyirlər ki, bahalı balıqları xüsusi müştərilər aldığından onu vitrinə qoymurlar. Amma qızıl balıq yerli deyil,  bazarda daha çox Norveçdən və Çilidən gətirilən qızıl balıqlar satılır.

 

Sarıköklü broyler toyuğu

 

Bazarda kənd toyuğu kimi təklif olunan toyuqların qiyməti 5-8 manatdır. Satıcı Sahib satdığı toyuqların  Şamaxıdan gətirdiyini iddia etsə də, alıcılar onun əslində broyler toyuğu olduğunu iddia edirdilər. Hətta alıcılardan biri onu broyler toyuğunu sarıköklü suya salıb kənd toyuğu adı altında  satmaqda günahlandırdı. Bazarda satılan toyuqlar hamısı kəsilmiş toyuqlar idi. Satıcılar diri toyuğun o qədər də alıcısı olmadığını deyirlər.

Kənd məhsulları arasında əhəmiyyətli məhsul olan yumurta da burada mağazalardan bir qədər ucuzdur. Gədəbəydən gətirilmiş kənd yumurtasının biri 20 qəpiyə təklif olunur.

 

7 manata mənşəyi məlum olmayan «qoyun əti»

 

Bazarın ət satılan hissəsində də hər cür mala rast gəlmək olar. Orada dana ətinin qiyməti 9, 50 qəpikdir.  Quzu əti isə 10 manata təklif olunur. Satıcının sözlərinə görə, heyvanlar Füzuli və Beyləqan rayonlarından gətirilir və birinci əldən satılır.

«Daimi müştərilərimiz var, onlar bizə inanırlar, heç vaxt haram mal satmarıq. Özümüz burada kəsirik. Bizim kəsdiyimiz ət köhnəlmir, alınır», - deyə satıcı bildirir.

Bazarın kənarında ,açıq havada qoyulmuş piştaxtalarda satılan ət isə xeyli ucuzdur. Burada 7.50 manata mal və qoyun ətinə də rast gəldik. Satıcı təmiz heyvan əti olduğunu və Bərdədən gətirdiyini desə də, ətin hansı heyvan mənşəli olduğunu ayırd etmək mümkün deyildi. Həm də köhnəlmişdi. Satıcı ucuz satmasını ancaq icarə qiymətinin çöldə ucuz olması ilə əlaqələndirirdi.

 

3 manatlıq geyimlər

 

Bazarın geyim bölməsində də digər ticarət mərkəzi ilə müqayisədə xeyli ucuzluqdur. Yenə də ən çox alıcı  qalaq-qalaq tökülmüş geyimlərin ətrafında idi. Biri 3 manata təklif olunan uşaq paltarları və «biri 5 manata nə istəyirsən seç» tablosunun altında əsl qələbəlik idi.

Bazarda 5 manata qalın kişi köynəkləri də satılır. Satıcının sözlərinə görə, İrandan gətirilən bu köynəklərin də həmişə alıcısı olur, onları əsasən yaşlılar alır.

Burada Çin malını «türk malı» kimi satmaq adi praktikadır. Adətən satıcılar satdıqları geyimləri «türk malı» kimi tərifləyir, ancaq etiketdə Çin heroqlifləri gözə dəyir. Satıcılar deyir ki, dolların bahalaşması və gömrük tarifləri ucbatından mal gətirmək getdikcə çətinləşir, keyfiyyətli malın qiyməti bu amillərə görə kəskin artdığından alıcıları olmur. «Camaatda pul yoxdur» – satıcıların əksəriyyəti bu qiymətləndirmə ilə razıdır...