vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
23:41 | 4 dekabr 2016 | Bazar Məqaləyə 2296 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məcburi köçkünlər üçün yeni problem

Onlar da yeni iqtisadi gerçəklikdə «yaşamağı» öyrənməli olacaqlar

Qubad İBADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir həftə bundan əvvəl inhisarçı subyektlərin müraciətləri əsasında tənzimlənən qiymətlərin kəskin bahalaşması məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə güzəştlərin ləğvinə dair müzakirələrə də şərait yaradıb. Bu müzakirələrə əsas yaradan başlıca səbəblərdən biri də növbəti ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsinə ayrılacaq vəsaitin 21 faizə qədər azaldılmasıdır.

Belə ki, 2016-ci ildə həmin məqsədlə 224,4 milyon manat vəsait xərclənəcəyi gözlənildiyi halda, gələn ilin büdcəsindən bu illə müqayisədə 46,9 milyon manat az, cəmisi 177,5 mln. Manat vəsait Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirləri üçün proqnozlaşdırılıb. Halbuki, indiki ağır sosial-iqtisadı şəraiti, eyni zamanda qaz və işığın tariflərində müvafiq olaraq 2 və 1,6 dəfə artımı nəzərə alanda, əksinə məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə yönələcək vəsaitin həcmi artırılmalı idi. Çünki, Azərbaycan Respublikasının «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında» Qanununa görə, məcburi köçkünlərə mənzil, kommunal xidmətlərindən istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Bu məqsədlə müəyyənləşdirilmiş normativlərə görə, məcburi köçkünlərə hər ay üçün adambaşına 150 kVt.saatdan, 35 kubmetr təbii qazdan, 5 kub metr sudan pulsuz istifadə etmək hüququ verilir.

Tarif Şurasının son qərarı məcburi köçkünlər üçün də problem yarada bilər. Belə ki, 2 və daha çox ailə üzvlərinə malik olan məcburi köçkünlərin aylıq limitləri əhali qrupu üçün müəyyənləşdirilmiş 250 kVt.saatı keçdiyindən onlar da ödənişlərini yeni tariflərlə həyata keçirməli olacaqlar. Bu isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin elektrik enerjisinə görə ödənişlərini artıracaq. Məsələn, 2 uşağı olan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin ailə üzrə elektrik enerjisindən pulsuz istifadə limiti valideynlər də daxil olmaqla 600 kVt saat təşkil edir. Bu halda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünə görə 250 kVt saatı 7 qəpikdən, yerdə qalan 350 kVt saatı isə 11 qəpikdən ödəməlidir. Analoji vəziyyət qaz istehlakı illik 1500 kubmetrdən artıq olan çox uşaqlı məcburi köçkün ailələrində də müşahidə oluna bilər. Bu halda əslində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirləri üçün gələn il bu illə müqayisədə büdcədən daha çox vəsait ayrılmalı idi. Əgər əksinə hazırkı layihədə bu məqsədlə ayrılacaq vəsait 21 faiz azaldılıbsa, onda ya maliyyə çətinliyi əsas götürülməklə 1 avqust 2016-cı il tarixindən köçkünlər üçün abunə haqqının ödənişi dayandırıldığı kimi gələn ildən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin güzəşlərinin bir qismi onlardan geri alınacaq, ya da 2017-ci il üçün dövlət büdcəsinin müzakirəsi zamanı qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirləri üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə nəzərdə tutulan 177,5 milyon manat artırılacaq.

Hesab edirəm ki, hazırkı şəraitdə ən düzgün qərar Milli Məclisin 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı məcburi köçkünlərin və onlara bərabər tutulan sosial müdafiəsinin gücləndirilməsinə yaranmış kəskin sosial ehtiyacı və kommunal xərclərin artımını əsas götürməklə onlara ayrılacaq vəsaitin məbləğini ən azı 50 faiz artırmaq olardı. Əks təqdirdə, onsuz da ağır sosial şəraitdə yaşayan, pis güzərana malik olan məcburi köçkün və onlara bərabər tutulan şəxslər də yeni iqtisadi gerçəklikdə «yaşamağı» öyrənməlidir. Yeni iqtisadi gerçəkliyı Milli Məclisin vitse-spikeri artıq göstərib. Qaçqınlar və məcburi köçkünlər də, digər yoxsul vətəndaşlar kimi hökumətdən gözləntilərini arxa plana atmalı, kasıb yaşamağa öyrəşməli (guya ki, varlı yaşayırdılar?!) və ayaqlarını yorğanlarına görə uzatmalıdırlar.