vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MÜBAHİSƏ  
17:51 | 14 dekabr 2012 | Cümə Məqaləyə 7240 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vahid Naxış çıxıb bir şillə vurardı»

Mətanət Əliverdiya: «Beş dəqiqəlik söhbətdən sonra gödəkçəsinin düymələri qırıq-qırıq idi»

Günay, publika.az

Publika.Az-ın “Ev Havası” layihəsinin növbəti qonağı Azad Azərbaycan Radiosunun xəbər aparıcısı Mətanət Əliverdiyadır. Sumqayıtda doğulub. İxtisasca aktrisadır. 18 ildir ki, onun səsindən radio dalğalarda xəbər eşidirsiniz.

- Ənənəvi olaraq uşaqlıqdan başlayaq.

- Sumqayıtda doğulub böyümüşəm. Uşaqlığım  həyətdə qarşıma kim çıxsa, döyməklə keçib. Anam günlərlə məni həyətə qoymurdu. Əlim çox ağır idi. Deyirdi ki, günün birində kiminsə uşağını vurub şikəst edəcəksən, bu cür ağır əllə dul kişiyə ərə gedəcəksən. Əlim doğrudan da ağırdır. Buna görə heç vaxt uşaqlarımı vurmuram.

- ANS-dən niyə getdiniz?

- Mənə qarşı olan haqsızlığa dözə bilmədim. Elə fikirləşirdim ki, ANS-də qocalıb pensiyaya çıxacağam. 2005-ci ildə ANS-də ixtisarlar başlamışdı. Heç vaxt unutmaram, Mir Şahindən o zaman soruşdum ki, ola bilərmi ki, mən də nə vaxtsa ixtisar olunum. Mir Şahin o vaxt mənə dedi ki, Vahidin heç vaxt ikinci Mətanəti olmayacaq. İndi də eşidirəm ki, oradakı işçilər danışır ki, hələ də şokdayıq, necə ola bilər ki, Mətanət ANS-dən getsin. Mənim üçün də oradan ayrılmaq çətin idi. İndi Azad Azərbaycan Radiosundayam. Elə bilirəm ki, neçə ildir, burada işləyirəm. İşimdə, xəbərdə heç bir problemim olmamışdı. Heç bir səhv buraxmamışdım. Mənə təsir edən odur ki, Vahid Mustafayev “qardaş-qardaş” deyə-deyə mənə bunu elədi. Vahid Mustafayev bu məsələdə sona qədər mənimlə üz-üzə gəlmədi. O, özünü mənim qardaşım kimi aparmadı. Qardaş idisə, çıxıb mənə bir şillə vuraydı ki, bu addımın səhvdir. Onu da eləmədi. Kimlərdənsə mənə söz göndərib ürəyimi sındırdı. Nə vaxt ki, mən lazım idim, hansısa işlərini gördürürdülər, onda Vahid Mətanəti axtarırdı. Vahid məni yaxşı tanıyır. O bilir ki, sözü üzə deyənəm. Buna görə də, üzə çıxmadı. 18 il stajı olan işçini necə uzaqlaşdırmaq olar?! İndi mənə xəbər çatır ki, xəbər oxuyan tapa bilmir. Yeni gələnlərə də deyir ki, səndən Mətanət olmaz. Bəli, Mətanətdən olmayacaq.

- Hansı işləri gördürürdülər?

- Yeni gələn uşaqların öyrənməsi üçün mənim yanıma gətirirdilər. Xəbərdən başqa bir də o uşaqları hazırlaşdırmalı idim. Keçən il qış çox sərt keçdi. Xəbərə xələl gəlməsin deyə iki həftə pal-paltarımı götürüb demək olar ki, ANS-ə köçüb orda yatdım. Bütün bunları canla-başla edirdim. Özlüyümdə deyirdim ki, təki, işimdə problem yaranmasın, axı dinləyici xəbər gözləyir. Zəhmətə qiymət verilmədi.

- Sizcə, itirən tərəf kim oldu?

- Əlbəttə ki, ANS oldu. ANS-dən çıxanda bir əməkdaş mənə dedi ki, sənə bəlkə də, ANS-ə görə qulaq asırdılar. O zaman cavab verdim ki, xeyr, ANS-ə mənə görə qulaq asırlar. Və mən bunu sübut etdim. Hər dəfə eşidirəm ki, nə qədər dinləyici qazanıram. Xəbəri sevirəm, öz işimə həvəslə yanaşıram. Ona görə də, dinləyicini qazana bilirəm. Dinləyici keyfiyyət fərqini çox yaxşı hiss edir. Öz üslubum var. Xəbəri öz bildiyim kimi, dinləyicinin xəbəri rahat həzm edəcəyi tərzdə çatdırıram. Ona görə də, hansı dalğadan səsimin eşidilməyinə baxmayaraq, xəbəri məndən alacaqlar.

- Mübahisələrə səbəb maddiyyat idi?

- “Unibank” bir reklamını məhz mənim oxumağımı istəmişdi. Və həmin reklam bütün radio dalğalarda səslənirdi. ANS fəxr etməli idi ki, bütün radiostansiyalarda mənim səsim gəlirdi. Buna görə də mübahisə düşdü. Reklamdan aldığım qonorar maaşımdan tutuldu.

- Dediyiniz kimi “kişi xarakterli” olmağınız gündəlik həyatda da sizə problemlər yaratmır ki?

- Nanə məni öz proqramına dəvət eləmişdi. Proqramdan sonra dedi ki, mən sizi heç bu cür təsəvvür etmirdim. Sizi aqressiv, qaraqabaq biri kimi təsəvvür edirdim. Əksinə, mən qətiyyən qaraqabaq deyiləm. Dost məclisində mənim qədər şən və komplekssiz adam yoxdur.

- Yeni iş yeriniz sizi necə qarşıladı?

- Cəmi iki gün bəs elədi ki, kollektivə adaptasiya olum. Sadəcə olaraq mən 18 il ANS-də işləmişəm. Ora mənim üçün iş yeri yox, öz evim idi. İş masamı, kompüterimi dəyişdim. Lakin çox sürətlə hər şeyə və hamıya alışdım.

- Bəs televiziya? Niyə televiziya efirində olmadınız?

- Burda mənə təklif etdilər ki, televiziyada xəbər oxuyum. Məni anam elə bil, radio üçün doğub. Mənə radio daha əziz, daha doğrudur. ANS-də yeni başlayanda bir müddət “Xəbərçi”ni aparmışam. Televiziya ekranı məni radio mikrofonu qədər cəlb eləmir, özünə çəkmir. Qətiyyən efir kompleksim yoxdur.

- Başqasının səsindən xəbər dinləmək necə hissdir?

- İmkan düşdükcə başqalarının səsindən xəbərləri dinləyirəm. Hətta yeni başlayanlar xəbərləri oxuyanda qulaq kəsilirəm ki, görüm, özlərinə məxsus hansı elementləri yarada bilirlər. Gözəl səsləri olanda da tərifləyirəm ki, necə gözəl danışırlar. Bu çox adi haldır. Bəyəm, yazılı mətbuatda işləyənlər başqalarının yazısını oxumurlar?

- Pul sizə niyə lazımdır?

- Pul mənə yaxşı yaşamaq üçün lazımdır. İki övladım var. Mənim üçün ən vacib məsələ soyuducumun dolu olmasıdır. Pul həvəskarı deyiləm. Sadəcə olaraq istəyirəm ki, uşaqlarım yaxşı geyinsin, yaxşı qidalansın. Əlimə pul düşən kimi mağazaya, marketə qaçıb uşaqlarım üçün nəsə alıram. Arxada heç vaxt pulum olmur. Çünki yığa bilmirəm.

- Nədən qorxunuz var? Nədən ehtiyat edirsiniz?

- Ən böyük qorxum uşaqlarıma, ailəmə nəsə ola biləcəyi qorxusudur. Böyük oğlumun 21, balacanın isə 4 yaşı var. Mənim üçün elə böyüyün də 4 yaşı var.

- Hər saat xəbər oxumaq, ev, ailə... Necə çatdırırsınız?

- Hər səhər 6-da yuxudan oyanıram. Uşaqlar da mənimlə bərabər ayaq üstə olmalıdırlar. Kiçik oğlumu saat 7-də bağçaya təhvil verirəm. Bağça hərbçilərin bağçası olduğu üçün 7-də açılır. Elə özüm də hərbçi kimiyəm. Sonra işə gəlib xəbərləri elə seçirəm ki, televiziyadakı xəbərlərdən seçilsin.

- Heç xəbərdə siyasi səhv buraxmısınız?

- Siyasi səhv qətiyyən olmayıb. Dövlətçilik əleyhinə və ya hansısa məmurun adını yanlış deyim, belə şeylər olmayıb.

- Siyasi mövzuda yazan və ya siyasi proqramlar aparanların sonra özləri də siyasətə istiqamətlənir. Sizdən də siyasətə meyillənmə gözləmək olarmı?

- Heç vaxt ola bilməz. Siyasətlə yaxından uzaqdan heç bir əlaqəm, yaxınlığım yoxdur. Siyasəti sevmirəm. Siyasi xəbərləri çatdırmaq mənim yalnız işimdir. Mənim üçün heç bir fərqi yoxdur, ola bilər ki, sabah uşaq proqramı da apardım. Təcrübəm buna imkan verir.

- İndiki işiniz olmasaydı, harada işləyərdiniz?

- İxtisasca musiqili komediya aktrisasıyam. Ümumiyyətlə, isə bağça müəlliməsi işləyərdim. Çünki uşaqları çox sevirəm. Vahid Mustafayev həmişə deyirdi ki, səndən yaxşı aktrisa olardı, yerin radio deyil. O vaxt həvəs var idi, oxudum. İndi isə, nə qədər çalışsam belə, özümü aktrisa kimi təsəvvür edə bilmərəm. Bu mənim profilimə yaddır. Elə Vahid Mustafayevlə anlaşılmazlıqlar da rol üstündə başladı. “Xoca” filmi çəkiləndə mənə qısa bir epizod oynamağı tapşırdı. Hava şəraitinə və uşaqlarla bağlı problemlərə görə çəkilişlərdə iştirak edə bilmədim. O da buna görə mübahisə etdi.

- Həyatınızda sizə böyük zərər vuran səhviniz çox olub?

- İnadkarlığıma görə problemlər çox olur. Bilsəm ki, hansısa işi görəcəyəm və bu mənə problem yaradacaq, beynimə giribsə eləməliyəm. Səhv etmək insan üçündür. İnsan səhv etməlidir, səhvlərindən öyrənməlidir. Həyatda hər şey düz, rahat ola bilməz. Belədirsə, həmin həyatın mənası yoxdur. Heç bir problem məni sındırıb depressiyaya sala bilməz. Maddi problemlər, xəstəliklər, ölümlər, hər şey insan üçündür. Hətta valideynlərimin də ölümünü normal, adi qarşıladım. Həmişə deyirəm ki, o valideyn xoşbəxtdir ki, uşaqlarının yanında dünyasını dəyişir.

- Bu qədər real olmaq yaşamağa mane olmur ki? İnsan bir xəyal qurar, özünü aldadar...

- Mənə romantika, xəyal qurmaq çatmır. İnsan necə arzulaya, xəyal qura bilər anlamıram. Uşaqlarıma da belə tərbiyə edirəm. Oğlum məktəbi bitirən kimi, dedim ki, get əsgərliyini çək, sonra gəl universitetə hazırlaş. Uşaq vaxtı ən böyük arzum hərbçi olmaq idi. Bütün günü silahların xarakterini öyrənən kitablar oxuyurdum. Evdə hamının gözü qorxmuşdu ki, müharibəyə gedərəm. Bəlkə də, elə buna görə mənim tez ailə həyatı qurmağıma icazə verdi.

- Sosial şəbəkələrdə niyə yoxsunuz?

- Sosial şəbəkələrdən xoşum gəlmir. Hər dəfə eşidirəm ki, hansısa mənasız mövzular üstündə orda mübahisələr gedir. İnsanlar ömürlərinin ən yaxşı vaxtlarını kompüterin qabağında xərcləyirlər. Bu itkini hələ ki hiss etmirlər. Ömür kompüterin qarşısında keçirilməyəcək qədər qısadır. Ona qıymaq olmaz. Sosial şəbəkələrdə isə vacib heç nə müzakirə olunmur. Ancaq vaxt itkisidir. Mənim isə elə vaxtım yoxdur. Vaxtımı işimə, ailəmə xərcləyirəm. Bu mənim üçün daha vacibdir. Həm də əminəm ki, “Facebook”da olsam, hər gün dava edəcəyəm. Buna görə də uzaq qaçıram. Mən sözlə dava edə bilmirəm. Bu dava genişlənib qol-budaq ata bilər. Orda atmaca atmaqla məşğul olan adamlar bekardılar.

- Media mütəxxəssisləri deyir ki, bir neçə ilə sosial şəbəkələr yazılı mətbuatı da, radio və televiziyanı da əvəz edəcək.

- Yazılı mətbuatı bəlkə də ola bilər ki, cüzi formada əvəz etsin. Lakin, radio və televiziyanı sosial şəbəkə heç vaxt əvəz edə bilməz. Hər dəfə mikrofonun qarşısında oturanda elə bilirəm ki, bütün Azərbaycan məni dinləyir. Bəlkə də, cəmi 30%-i mənə qulaq asır.

- Sizə nə bəs etmir?

- Vaxt və yuxu həyatımda mənə ən çox azlıq edən məvhumlardır. Mediada olan insanların heç vaxt özlərinə xərcələyəcək zamanı olmur.

- İndi boşanmaların sayı artıb. Sizcə, bir kişiyə neçə il dözmək olar?

- Elə kişi var ki, heç ona 1 ay da dözmək olmaz. İndiki boşanmaların səbəbi insani münasibətlərdən çox maddi problemlərdir. Qadınların çoxu bu məsələdə haqsızdırlar. İstəkləri bitmək bilmir. Özləri işləmədikləri halda ərlərindən hər şey tələb edirlər. Olmayınca da boşanırlar.

- Boşanmaq çıxış yoludur? Boşanınca istədiklərini əldə edə bilirlərmi?

- Ailədə uşaq varsa, boşanma böyük travmadır. Qadınlar isə bəzi hallarda istədiklərini başqa yollarla əldə edirlər. Məsələn, boşanan kimi müğənni olurlar. Əvvəllər insanlar 40 il bir yastığa baş qoyurdular. İndi isə bir ildən sonra ayrılırlar. Əvvəlki yastıqların hikməti nə idisə, onu öyrənmək istəyirəm. Yəqin əvvəlki yastıqlar quş tükündən imiş. İndiki yastıqlar isə süni sintefondan hazırlanır. Bəlkə də, buna görə evliliklər elə də uzun sürmür.

- Evdə ən çox nəyin üstündə mübahisə edirsiniz?

- Həyat yoldaşım hərbçidir. Bizə heç bir aidiyyatı olmayan mövzuların üstündə mübahisələrimiz düşür. Qalib isə mən oluram. Bəzən deyir ki, sənə dil çatdırmaq mümkün deyil. Məsələn, hansısa nazir haqqında mübahisə edirik. Halbuki, həmin mübahisə heç bizə lazım da deyil.

- Onda sizdən heç vaxt feminist olmaz.

- Qətiyyən olmaz. Məsələlərdə hər iki tərəfi dinləmək lazımdır. Mənə uşaqların psixoloji vəziyyətindən başqa vacib heç nə yoxdur.

- Bəs vətəndaş nikahları?

- Rəsmi nikahın vətəndaş nikahından nə fərqi var ki?! Əgər iki insan xoşbəxtdirsə, kağız üzərində yazılanların heç bir əhəmiyyəti yoxdur.

- Namus sizin üçün nədir?

- Namus mənim üçün ailəmdir. Hər addımımı atanda onları düşünürəm. Düşünürəm ki, böyük oğlum var. Daxilimdə özünümüdafiə instinktim var. Mənə heç nəyisə deməyə ehtiyac yoxdur.

- Sizə niyə “Tereza Ana” deyirdilər?

- ANS-də nə vaxt mənim otağıma girsəydiniz, görərdiniz ki, kiməsə məsləhət verirəm. Mən ailədə böyük pillələrlə addımlamışam. Qayınanalı, baldızlı ailə görmüşəm. Kimsə gəlib problemlərini danışanda cavabım olur. Deyirəm ki, qayınanan bu sözü deyəndə “baş üstə” de.

- Bəs, özünüz “baş üstə”demisiniz?

- Deməzdim ki, həmişə yolagedən olmuşam. Mənim xarakterim elədir ki, mübahisə eləməyi, mübarizəni, axıra qədər dirənməyi sevirəm.

- Efirdə baxmaq üçün kimi gözləyirsiniz?

- Hansısa konsert proqramı olanda gözüm həmişə Aygün Kazımovanı gəzir. İstəyirəm, baxım bu dəfə necə görünür, bu dəfə nə oxuyacaq. Aygün Kazımova mənə həmişə maraqlı olub.

- 1988-ci il Sumqayıt hadisələrini necə xatırlayırsınız?

- Hər şey gözümün qabağındadır. Hadisələrin əsas meydanı o vaxt ermənilərin sıx yaşadığı 3-cü mikrorayon ərazisi idi. Biz də orda yaşayırdıq. Şəhərdə tanklar gəzişirdi. Fövqəladə vəziyyət elan edilmişdi. Mən bunu heç cür anlaya bilmirdim.

- Siz də evinizdə erməni gizlətmisiniz?

- Bəli. Onlar dinc əhali idi. Heç bir günahları yox idi. İndi də eyni hadisələr olsa, yenə eyni addımı atarıq. Biz hər şeyi bağışlayanıq. İrəvanda bircə nəfər də azərbaycanlı tapa bilməzsiniz. Bakıda isə kifayət qədər erməni var, istədikləri kimi də yaşayırlar.

- Jurnalist kimi İrəvana getmək istəyərsiniz? Çox sayda jurnalist var ki, erməni həmkarları ilə birgə konfranslardan imtina edirlər.

- Əlbəttə getmək istəyərəm. Heç bir birgə görüşdən imtina etmək lazım deyil. Ona qalsa gərək, idmançılarımız da ermənilərlə eyni meydançaya çıxmaqdan imtina etsinlər. Zərərçəkmiş tərəf bizik. Utanıb kənara çəkilməli olanlar isə ermənilərdir.

- ANS-dəkilər doğrudan, patriotdurlar, yoxsa bu bir imicdir?

- ANS-dən çıxmağım o demək deyil ki, oradakı səmimi vətənpərvərlik ruhunu inkar edim. Mən hərbçi olmaq istəyirdim. Müharibəyə getmək istəyirdim. ANS bu hissləri məndə daha da alovlandırdı.

- Heç əlbəyaxa dava eləmisiniz?

- Eyib söhbətdir. Mən ağız davası edə bilmirəm. 5 dəqiqədən sonra əl-qol hərəkətlərinə keçirəm. Küçədə özümə aid olmayan dava da olsa, müdaxilə edirəm.

- Axırıncı dəfə kimi döymüsünüz?

- Keçən bazar günü “20 Yanvar” metrosunun yaxınlığında yas məclisinə birgə getmək üçün iş yoldaşımı gözləyirdim. Bir nəfər çox tərbiyəsiz formada maşınını mənim maşınımın qarşısında dayandırdı. Normal şəkildə maşınını yana çəkməyi xahiş etdim. O isə ələ salmağa, tərbiyəsizlik eləməyə davam etdi. Maşından düşüb onu bayıra çağırdım. 5 dəqiqəlik söhbətdən sonra artıq gödəkçəsinin düymələri qırıq-qırıq idi.