vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ƏDƏBİYYAT  
00:00 | 15 dekabr 2016 | Cümə axşamı Məqaləyə 3729 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Allahın oğludur daha…

Ramiz Rövşənin 70 illiyinə dost ismarışı

Məmməd İSMAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

Körpüsüz kənd çaylarını keçmək üçün adamlar addım aralıqlarıyla bu taydan o taya daşdan addamaç salırlar. Bu cümlənin vəzifəsi sözlüklərdə arasanız bulamayacağınız elə bu «addamac» sözünün izahı üçündür. Gözəgörünməz sənət tanrısı da ədədi boşluqları doldurmaq üçün addamaçsız keçinmir, keçinə bilmir. Bu «addamac»ları salan sənət karvanının əbədiyaşar təmsilçiləri onlara bəlkə heç özlərinin də xəbəri olmadan verilən görəvi yaşadıqları zamanlardan yaşayacaq zamanlara daşıyırlar. Və çox zaman dəyəri bilinməyən bu dəyərbiçilməz «addamaclar»dan neçə-neçə sənət fədaisi keçib gedir.

Yadıma bir sənət adamının sözü düşür: Ədəbiyyat çəmənlik deyil, ormandır və bu orman ağaclarının boyu da eyni deyil, böyüyü var, kiçiyi var. Böyük olanların missiyonu da böyük olur. Torpaq dərd-sərini yarpaq dilləriylə dünyaya yaymaq üçün o ormanda çox yox, bir-iki ağacı seçib böyüdər. Seçilən ağacdır (bəndədir), seçən Allahdır. Şübhəsiz bu günlərdə 70 illik yubileyini qeyd etdiyimiz Ramiz Rövşən o nadir seçilən bəndələrdən biridir. Yaşlarımız arasında bir xeyli fərq olsa da, bu yaş fərqi dostluğumuza əsla əngəl olmadı. Moskvada mən Ali ədəbiyyat kurslarında oxuyanda, Ramiz də Ali ssenari kurslarında oxuyurdu. Tez-tez bizim Dobrolyubov küçəsində yerləşən yataqxanamızda görüşər, bir-birimizə yeni şeirlərimizdən oxuyardıq. Belə görüşlərimizdən birində Ramiz mənə o zamankı üslubuna uymayan bir şeir oxuyacaqdı:

İlahi, öldü bu adam
Gözləri bağlıdır daha.
Onu nə sevmək qorxudur,
Nə ölmək qorxudur daha.

Kimi var salsın yada ki…
Bu gün, sabah, dünyada ki,
Bir yaşıl otdur, ya da ki
Bir quru qarğıdır daha.

Ağlamağa bir kəsi yox,
Ağacı yox, kölgəsi yox.
Nə evi, nə ölkəsi yox,
Allahın oğludur daha…


Şeir ilk oxunuşda yaddaşıma necə qazınıbsa, eləcə də qalıb, ola bilsin, orijinaldan bir qədər fərqli də xatırlamış olaram, məsələ bunda deyil. O zamana qədər mən Ramizin yalnız səs gətirən ilk kitabını - «Bir yağışlı nəğmə»sini oxumuşdum və o kitab müəllifinin nə zamansa, belə bir şerin yazılacağına kiçik bir ipucu olmadığından mənə oxuduğu «Daha» ilahisinin müəllifini soruşacaqdım. Ramiz, görünür mənim türklük sövdalısı olduğumu bildiyindən adını söyləmədən-bir türk şairinindir, cavabını verəcəkdi. Beləcə günün günortası aldanılmış olacaqdım. Füzulu dədəmiz «Aldanma ki, şair sözü əlbəttə yalandır» deməmişdimi? Və beləcə, yeri oldu, olmadı sonralar Ramizin kitabında yer alacaq əzbərimdə qalan o şeri bir türk şairinin şeri kimi tez-tez söyləyəcəkdim…
Qumsalda batan su, əslində batmayıb başqa bir yerdən çıxa bildiyi kimi on üçüncü yüzilin Yunus Әmrə ruhu Ramiz Rövşən şerində başqa bir biçimdə yeni və fərqli çalarlar qazanaraq şahlanacaqdı. Şahlanmağı ilə də qalmayıb R.Rövşən «addamaçından» yüzlərlə cığırdaşın keçməsinə vəsilə olacaqdı. Çünki;

Adilər illərə qoşulub itər,
Zamandan zamana dahilər qalar…


Uzun sözə nə hacət uzaqdan uzağa da olsa, Azərbaycan şerini fərqli ritimlər, fikirlər və ruhi hallarla zənginləşdirən və tam fərqli bir yolun yolçusu olan dostumu 70 illik yubileyi münasibəti ilə canı könüldən təbrik edir və bağrıma basıram. Bəlkə bağrıma basmaq üçün qollarım vücuduna çatmayacaq, zarafatyana özü demişkən o kökəldikcə mən arıqlayıram, amma olsun, kim bilir bəlkə bu da, bir tür keçid və yerdəyişmədir.