vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:33 | 14 dekabr 2016 | Çərşənbə Məqaləyə 1641 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Netanyahunun Bakı səfəri...

... və Tehranın «böyük şeytan» gedişi

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Israil Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. 1990-ci illərdə iki dövlət arasında əlaqələr yeni qurulmağa başlasa da, müsəlman Azərbaycanla yəhudi dövləti olan İsrail arasında qarşılıqlı anlaşma yarandı.

İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə Azərbaycana 1997-ci ildə səfər edib. Bu qısa səfər bir neçə saat çəkib, İsrailin baş nazirinin təyyarəsi Cənubi Koreyadan İsrailə geri dönərkən Bakı hava limanına enib. Ancaq bir neçə saatlıq səfər kifayət edib ki, Benyamin Netanyahu ilə Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev arasında sıx dialoq qurulsun. Üstündən 12 il keçdikdən sonra, 2009-cu ildə Azərbaycana İsrailin o zamankı prezidenti Şimon Peres səfər etdi. Bir il sonra isə Azərbaycana İsrailin xarici işlər naziri Aviqdor Liberman gəldi.

Bu görüşlər və iki ölkə arasında qurulan sıx münasibətlər İranı çox narahat edir. Tehran keçmiş illərdə də Azərbaycan-İsrail münasibətlərinin əleyhinə çıxır, iranlı rəsmilər buna qarşı sərt açıqlamalar verirdilər. Bu dəfə də belə oldu. Benyamin Netanyahunun Bakıya səfərindən bir neçə gün öncə İrandan Azərbaycanın ünvanına sərt açıqlamaların sayı artdı.

İlk sərt açıqlama İranın dini liderinin Qərbi Azərbaycan əyalətindəki nümayəndəsi, Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşidən gəldi. O dedi ki, Azərbaycan Respublikası müsəlmanlarını gərək Bakıya səfəri gözlənilən İsrailin baş naziri Benyamin Netanyahuya qarşı çıxsınlar. Öz çıxışında İsrailin baş nazirini «cinayətkar» adlandıran və açıq-aşkar anti-semitizm təbliğatı aparan axund Qüreyşi bildirdi ki, Netanyahu kimi şəxsləri qarşılamaq, Allah qarşısında durmaq deməkdir.

İranlı axund bu müraciəti ilə Azərbaycanın daxili işlərinə qarışır və Azərbaycan Respublikasının vətəndaşlarını faktiki qiyama çağırırdı. Rəsmi Bakı və Azərbaycanın din sahəsində mövqe tutan insanlar heç zaman İranın daxili işlərinə qarışmırlar, «niyə İran müsəlman azərbaycanlılar qətlə yetirən, müsəlman torpaqları işğal edən və məscidləri dağıdan Ermənistan hakimiyyəti ilı sıx münasibətlər qurur» sualını Tehrana ünvanlamırlar. Çünki, bu rəsmi səviyyədə İranın daxili işlərinə qarışmaq mənasına gəlir. Bunun qarşılığında İran rəsmiləri və din xadimləri Azərbaycan-İsrail münasibətlərinə eyni tolerantlığı, dözümlülüyü nümayiş etdirmirlər.

İranın dini liderinin Qərbi Azərbaycan əyalətindəki nümayəndəsindən sonra İran parlamentinin sədri Əli Laricaninin köməkçisi Hüseyn Əmir Abdullahiyan və İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də İsrail baş nazirinin Azərbaycana səfərini tənqid etdilər. İranlı rəsmilərin, diplomatların və din xadimlərinin açıqlamalarından bu qənaətə gəlmək olardı ki, guya Netahyahu Azərbaycana səfərini rəsmi Bakıya zorla qəbul etdirib və guya Netanyahunun bu səfərinin əsas məqsədi Tehran-Bakı münasibətlərinin müsbət prosesinə xələl gətirməyə cəhd göstərməkdir.

İranlı rəsmilər və din xadimlər eyni sərtliyi 2012-ci ildə də nümayiş etdirmişdilər. Həmin il Bakıda «Evrovision» musiqi yarışması keçirilirdi. Yarışmadan bir neçə gün əvvəl İranın anti-Azərbaycan açıqlamaları çoxaldı və bu bir kampaniya şəklini aldı. İran həmin tədbiri də Netanyahunun Bakıya səfəri kimi özü üçün təhlükəsizlik probleminə çevirmişdi.

İranlı rəsmilər və din xadimlərinin Netanyahunun Azərbaycana səfərinə sərt etirazının başqa səbəbi də var: Tehran ehtimal edə bilərdi ki, Benyamin Netanyahunun Bakıya səfəri Azərbaycanın İsraildə səfirlik açılması prosesini sürətləndirə bilər. Tehran bunu istəmir və bilir ki, rəsmi Bakı İsraildə səfirliyin açılması məsələsində İranın sərt mövqeyini nəzərə alır. Halbuki, rəsmi Bakının gözləmə mövqeyində dayanması İranın Azərbaycana qarşı siyasətini sərtləşdirir. Benyamin Netanyahu Ilham Əliyevi İsrailə səfərə dəvət edib. Azərbaycan prezidentlərindən heç biri bugünə qədər İsrailə səfər etməyib. Səfərin reallaşması üçün isə Azərbaycanın İsraildə səfirliyi açılmalıdır.

İranlı rəsmilər və din xadimləri anlamaq istəmirlər ki, Azərbaycan İsraildən müasir silahlar alır və bu bizə torpaqlarımızı işğaldan azad etmək üçün vacibdir. Aprel döyüşlərində İsrailin müasir silahlarının işğalçıya necə böyük zərbələr vurduğunu hamı gördü. Üstəgəl İsrail Ceyhan limandan Azərbaycan neftinin əsas alıcılarındandır.

Buna baxmayaraq, Netanyahunun Bakıya səfəri ilə bağlı yayılan məlumatda belə bir hissə də var ki, Bakıda Fələstin-İsrail münaqişəsi də müzakirə olunacaq. Xəbərdə elə belə də yazılırdı: «Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək». Əslində bu rəsmi Bakının Tehrana mesajı idi ki, rəsmi Bakı İslam dünyası və İran üçün həssas mövzu olan Fələstinin problemini də diqqətdə saxlayır. Halbuki, Fələstin-İsrail münasibətlərinin normallaşması və 70 ilə yaxındır uzanan gərginliyin rəsmi Bakının vasitəçilik təşəbbüsləri ilə həllini gözləmək də yersiz olardı.

Ən maraqlısı odur ki, iranlı rəsmilər, diplomatlar və din xadimləri Azərbaycan-İsrail münasibətləri və Netanyahunun Bakıya gəlişi əleyhinə açıqlamalar verən gün Tehranda Amerikanın təyyarə istehsal edən ən böyük aerokosmik şirkəti «Boeing»in amerikalı rəhbərliyi ilə böyük müqavilə imzalandı. Bu müqaviləyə görə, İran Amerika şirkətindən 80 ədəd təyyarə alacaq və bunun müqabilində 17 milyard dollara yaxın pul ödəyəcək.

Bu ikili standartların ən bariz nümunəsidir. İran rəsmiləri və din xadimləri Amerikanı bu gün də «böyük şeytan» və İsrailin əsas dəstəkçisi adlandırırlar. Buna baxmayaraq, «böyük şeytan» adlandırdıqları ölkənin ən böyük şirkətinə 17 milyard dollar pul ödəyəcəklərinə dair müqavilə imzalayırlar.

Tehranın sərt reaksiyaları uğursuz oldu. Benyamin Netanyahunun 20 ildən sonra Azərbaycana ikinci səfəri də uğurlu oldu. Netanyahunun özü də səfər etdiyi Azərbaycanla Qazaxıstanı müsəlman dünyasının iki böyük və vacib ölkəsi adlandırdı. Səfər zamanı iki ölkə arasındakı əməkdaşlığa dair bir neçə sənəd imzalandı.

Netanyahunun Azərbaycana səfəri iki mühüm amillə yadda qaldı.

Birinci amil. Azərbaycan prezidenti İlham Əliyev dedi ki, Azərbaycan bugünə qədər İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İmzalanmış müqavilələrin ümumi dəyəri isə 5 milyard dollardır. İlham Əliyev ilk dəfəydi iki dəvlət arasındakı hərbi əməkdaşlığın miqyasını göstərən rəqəmi açıqladı. Əslində bu açıqlama həm Ermənistana, həm də Rusiyaya mesaj idi. İlham Əliyev bu açıqlama ilə göstərdi ki, Rusiyanın Ermənistana yerləşdirdiyi «İsgəndər» raketləri əleyhinə Azərbaycanın da İsraildən eyni tipli və qoruyucu raketlər almaq imkanı var.

İkinci amil. Benyamin Netanyahu dedi ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin bu istəyi haqqında əvvəllər müxtəlif versiyalar səslənirdi. Ancaq ilk dəfə idi ki, İsrail baş nazir səviyyəsində öz qazını Azərbaycanın inşa etdiyi boru xətti ilə Avropaya nəql etməkdə maraqlı olduğunu açıqladı. Bu açıqlama iki ölkə arasındakı enerji əməkdaşlığını daha üst səviyyəyə qaldıracaq. Digər tərəfdən bu enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək.

İsrail-Azərbaycan əməkdaşlığının daha bir əhəmiyyəti var. Dünyanın müxtəlif ölkələrində kök salmış erməni lobbisi Türkiyə ilə yanaşı Azərbaycan əleyhinə də kampaniya aparır, Dağlıq Qarabağ və ətraf rayonların işğalına haqq qazandırırlar. Buna görə də Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki yəhudi icmalarının dəstəyinə ehtiyacı var ki, erməni lobbisi ilə mübarizədə güclü müttəfiqə malik olsun. İsraildəki 70 min nəfərlik azərbaycanlı diaspor isə milliyyətcə yəhudi olmasına baxmayaraq, iki ölkə arasındakı əməkdaşlığın genişlənməsində mühüm rol oynayır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)