vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0421 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2982 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ŞƏXSİYYƏT  
15:47 | 26 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 679 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Balıqqulağını kim rəngləyir?

Pinəçi Rza necə dahi aktyor oldu?

Fərhad SABİROĞLU,
«Aydın yol» qəzeti

MÖVZU İLƏ ƏLAQƏLİ

- Ay qız, eşitmirsən, gün səni vurar, keç kölgəyə! Başımıza iş açma! Anası artıq ikinci dəfə idi ki, bayaqdan artırmanın üstüaçıq hissəsində lal-dinməz dayanmış qızına səslənirdi. Günəş qüruba enməyə hazırlaşsa da, qızmar şüalarını yığışdırıb boğçasına qoymağa tələsmirdi.

1922-ci ilin qorabişirən avqust ayı idi. Abşeronun Novxanı bağlarına, günorta olduğu kimi, indi də od ələnirdi. Amma Xəzərdən əsən yüngül meh yağış həsrəti ilə çırpınan üzüm tənəklərinin, tut, əncir, püstə və badam ağaclarının, xışıldayan qızıl qumlu bağlarda dincələn adamların dadına çatırdı. Neçə gün idi ki, xəzri tüğyan edirdi, bağ camaatı quru alaq otlarını, tikan kollarını yandırmağa macal tapmamışdılar, külək də onları narın qumla birlikdə havaya sovurmuş, ətrafa səpələmişdi. Səhərə yaxın hava sakitləşmişdi, dəniz küləyin təlatümündən yavaş-yavaş özünə gəlməyə, sular durulmağa başlamışdı. Dənizi sanki xətt çəkib iki hissəyə bölmüşdülər. Sahilyanı sular firuzəyə çalırdı, xəttin arxasında isə mavi dalğalar ləpələnirdi. Qayaların başına fırlanan qağayıların şıltaq səsləri eşidilirdi, quşlar balıq ovlamaq üçün gah özlərini suya vurur, gah da səs-küy salıb havada pərvazlanırdılar. Artırmada dayanmış qızcığaz elə bil ovsunlanmışdı, gözünü bu sirli mənzərədən çəkə bilmir, dənizin həzin səsini dinləməkdən doymurdu.

Kim bilir, anası səsləməsəydi, üstüaçıq artırmada hələ nə qədər dayanacaqdı.

- Bədurə, bir sözü nə qədər demək olar? Niyə eşitmirsən. Atanın gələn vaxtıdır. Bacınla birlikdə düşün həyət-bacaya əl gəzdirin, samovara da çırpı atın...

Ağamalovlar ailəsi, hər yay olduğu kimi, bu dəfə də Novxanıdakı bağ evlərində dincəlirdi. Ailə başçısı Məlik Ağamalov dövlət qulluğunda çalışdığından, hər gün işə gedib-gəlirdi. Ziyalı adam idi, övladlarında elmə, ədəbiyyata və incəsənətə maraq oyatmağa çalışırdı. Özü də vaxt tapanda ya rəsm çəkir, ya da uşaqları başına toplayıb mütaliə edirdi. Elə Bədurə də kağız üzərində nəsə çəkməkdən həzz alırdı.

Uşaq təsəvvürünə həkk olunmuş bağ mənzərələrini, dənizi, bir də sevimli gəlinciklərini çəkirdi. Anası bu marağa elə də əhəmiyyət vermirdi, amma atası çox bəyənir, qızı həvəsləndirir, ona cürbəcür rəngli karandaşlar alırdı. Bacısı Səyyarə isə torpaqda eşələnməyi sevir, yaş torpaqdan müxtəlif fiqurlar düzəldirdi. Sonra külək bu zərif fiqurları uçuranda ağlamsınırdı.

...Anasının təklifi Bədurənin ürəyincə olmadı. Sevimli məşğuliyyətindən – dənizi seyr etməkdən ayrılmaq istəmirdi. Gözlərini dənizdən çəkməyərək yalnız bunu dedi:

- Dənizə istəyirəm...

Xoşbəxtlikdən atası işdən tez qayıtdı və qızları dənizə çimməyə apardı. Bacıların sevinci yerə-göyə sığmırdı. Ləpədöyəndə xeyli atılıb-düşdülər, sonra yorulub qumda uzandılar. Səyyarə yenə torpaqdan adam fiquru düzəltməyə başladı. Bədurə isə ləpədöyəndən alabəzək balıqqulağı topladı. Balaca ovcuna güclə yerləşirdi. Günəşin axşam şəfəqləri altında balıqqulağılar min rəngə çalırdı. Bədurə atasına yaxınlaşıb ovcunu açdı, yığdığı kiçik balıqqulağılarını göstərdi.

- Ata, onları kim rəngləyir?

- Dəniz.

- Bəs dəniz bu rəngləri hardan tapır? Mənim bu rəngdə karandaşlarım yoxdur axı.

Atası gülümsündü. Bədurənin əlindəki balıqqulağından birini götürüb günəşə tərəf tutdu. Şəffaf idi, min rəngə çalıb par-par yanırdı.

- Bunlar dənizin balalarıdır, qızım. Dənizin məhəbbətindən yaranıblar. Dəniz onlara öz sevgisini, nəvazişini, bir də rəngini bəxş edib. Bu rənglərə heç bir yerdə rast gəlməzsən. Çünki ən böyük rəssam elə ana təbiətin özüdür. Ancaq sən böyüyəndə rəssam olsan, bundan da gözəl rənglər yarada bilərsən. Yetər ki, doğmalarını, əzizlərini, təbiəti sevəsən, onların qəlbini duya biləsən, gözəlliyi qiymətləndirməyi bacarasan...

İllər keçəndən sonra – Bədurə adlı-sanlı rəssam olanda, həmişə atasının müdrik sözlərini xatırlayırdı: «Təbiətin ən boz, sönük mənzərəsinin də özünəməxsus rəng çaları, gözəlliyi var. Əgər rəssam onu görüb, duyub çatdırmağı bacarırsa, deməli, xoşbəxt sənətçidir».

Bədurə Əfqanlı da belə xoşbəxt sənətçilərdən oldu, çağlayan dənizi, kükrəyib şahə qalxan, özünü sahilin qumlarına, qayalara, daşlara çırpan dalğaları kətana köçürdü, fırça vasitəsilə dənizin necə rəngdən-rəngə düşməsini təsvir etdi.

Hər yay tətilindən dönəndən sonra Bədurə gördüklərini kağız üzərində canlandırmağa çalışırdı. Çəkdiyi rəsmlər məktəb yoldaşlarının, müəlliminin də diqqətini cəlb edirdi. Müəlliminin ona «istedadlısan» deməsi Bədurəni ümidləndirdi. Rəssamlığa marağı daha da artdı. Ancaq orta məktəbi bitirəndə sənədlərini Bakı Rəssamlıq Məktəbinə verməyə cəsarət etmədi – 1929-cu ildə Bakı Pedaqoji Texnikumuna daxil oldu. Rəssam olmaq istəyi isə onu rahat buraxmırdı. Texnikumu bitirdikdən sonra 5 il orta məktəbdə müəllimlik etdi. Elə həmin vaxtlarda – 1931-ci ildə Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə qəbul olundu. Həm işləyir, həm də oxuyurdu. İncəsənət vurğunu olan böyük bacısı Səyyarə isə heykəltəraşlığı seçdi...

Bədurə hələ tələbə ikən dünya incəsənət tarixini öyrənməyə başladı. Moskvada, Sankt-Peterburqda yerləşən qalereya, teatr və etnoqrafiya muzeylərini gəzdi, dünya incəsənətinin nadir və əvəzsiz nümunələri ilə yaxından tanış oldu. Rəssamlığı nadir sənət kimi qiymətləndirərək yeni əsərlər üzərində işləməyə başladı. Amma nədənsə, teatr rəssamlığı onu daha çox cəlb edirdi. Odur ki, diplom işinin mövzusu da Şekspirin «Otello» faciəsi oldu. Və «Otello»dakı mövzudan fərqli olaraq, ona xoşbəxtlik – ömür-gün yoldaşı bəxş etdi...

Çəkməçi emalatxanasının özünəməxsus qoxusu var. Gön, rezin, rəng, qatran və yapışqan iyinin qarışığını başqa heç nə ilə səhv salmaq mümkün deyil. Bu qoxunu  «Zinger» tikiş maşınının səsi və xırda mıxları rezin altlığa vuran çəkməçi çəkicinin taqqıltısı tamamlayır.

Ayaqqabı emalatxanasında iş günü yenicə başlayıb. Qara, ləkəli önlük taxmış üç cavan təmir masasının arxasında əyləşib köhnə ayaqqabıları yamamaqla məşğuldur. Səhər saatlarıdır, hələ müştərilərdən gələn yoxdur. Cavanların üçü də azərbaycanlıdır, çörəkpulu qazanmaq üçün Bakıdan Pyatiqorska gəlib burada çalışırlar. Bir müddət emalatxana sahibinin yanında şagird kimi işlədikdən sonra ustalaşıblar.

1916-cı il yenicə başlayıb, Rusiyanın bu kiçik şəhərində də digər yerlərdə olduğu kimi adamlar çox kasıb yaşayır. Birinci Dünya müharibəsinin başlanmasından iki il ötüb və qanlı savaşların əks-sədası Qafqazın bu kiçik şəhərindən də yan keçməyib...

- Dadaş, axşam teatr necə keçdi, xoşuna gəldi? Hec olmasa, de görək, rus qızları ilə əylənə bildin? – cavanlardan biri gülümsəyərək digər yoldaşına göz vurdu. – Deyirəm ki, ay Dadaş, pulunu boş-boş şeylərə niyə xərcləyirsən axı? Əylənməyə o qədər yaxşı yerlər var ki!

Müraciət etdiyi gəncin adı Rza idi, sadəcə, dostları onu «Dadaş» çağırırdılar. Rza dünən yerli teatrda Qoqolun «Müfəttiş» tamaşasına baxmağa getmişdi.

- Teatr əla idi! Qoqol kimi dahi yazıçının pyesi pis ola bilməz, - Rza bunu deyib əlindəki qayçını masanın üstünə qoydu. Ayağa qalxıb önlüyünü çıxardı və aktyorlara xas tərzdə şeir söyləməyə başladı: 

 

Sabir, ey aləmi-xəlqə tərcüman!

Ey hər anda kasə-kasə zəhr udan!

Ey qoca bir qövmə ağlarkən gülən,

Naləsilə xalqı dağlarkən gülən,

Şeirdə tərhi-növ icad eylədin,

Qoqolu, Hüqoları yad eylədin.

 

Rzanın dostları donub-qalmışdı. İndicə göz vurub sual verən oğlan soruşdu:

- Qoqol yazıb?

- Yox.

- Sənindir?

- Abbas Səhhət yazıb.

- Dadaş, vallahi-billahi, düz sözümdür, sən gərək artist olasan. Məni öldürsən də, şeiri sənin kimi deyə bilmərəm. At bu pinəçiliyin daşını, çıx adam arasına, özünə gün ağla…

Rza dostlarına tamaşa barədə xeyli danışdı, «Müfəttiş»in qısa məzmununu söylədi. Söhbətin sonunda dedi:

- Amma tamaşada əla sözlər eşitdim. Qoqol bu əsəri çoxdan yazsa da, bizim günlərlə çox səsləşir – Rza yenə duruşunu dəyişib sanki səhnədə yer aldı və «Müfəttiş»dən bir parçanı aktyor kimi səsləndirdi: «...şəhər rəisi axta at kimi axmaqdır, poçt müdiri əclafdır, araq içəndir... Xeyriyyə idarələrinin rəisi elə bil başına araqçın qoymuş donuzdur... Məktəblər müdiri başdan-ayağa soğan iyi verir... Məhkəmə sədri çox murdar adamdır. Doğrusu, bu cür həyat cansıxıcıdır.»

Rza susdu, gözləri yol çəkirdi. Dalğın idi.

- Xlestakov düz deyir, bu cür həyat, doğrudan da, cansıxıcıdır. Boğuluram burda. Bütün gecəni düşünmüşəm, götür-qoy eləmişəm. Qərara gəlmişəm ki, Bakıya qayıdım. Böyük şəhərdir, bir parça çörəyi orda da tapa bilərəm.

…Teatrın ovsunladığı bu gəncin taleyinə Azərbaycanın məşhur aktyoru Rza Əfqanlı olmaq yazılmışdı. O, Bakıya döndü, neft mədənlərində iş axtara-axtara ilk növbədə Sabunçu qəsəbəsindəki dram dərnəyinə yazıldı və tezliklə Akademik Teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başladı. 1923-cü ildə isə Milli Dram Teatrının truppasına qoşuldu. 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işlədi. Daha sonra Aşqabaddakı «Natsmen» Teatrının baş rejissoru oldu. Nəhayət, 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrına qayıtdı, səhnədə, kinoda bir-birindən maraqlı unudulmaz obrazlar yaratdı. 

Rza Əfqanlı zəhmli baxışları, sərt və ifadəli sifət cizgilərindən obrazın mahiyyətini açmaq üçün ustalıqla istifadə edirdi. Janrından asılı olmayaraq, bütün tamaşalarda yaratdığı obrazlara böyük məsuliyyətlə yanaşırdı. O, həm romantik, həm də  realist obrazları şövqlə, əzmlə, yaradıcılıq ehtirası ilə oynayır, bununla da öz bənzərsiz aktyor üslubuna yeni təravəti verirdi.

Teatr onu həm də sevgisinə qovuşdurdu. Təhsilini başa vuran Bədurə Əfqanlı ömrünü həmişəlik səhnəyə bağlamağı qərara almışdı. Bu işdə ilk müəllimi də elə həyat yoldaşı Rza oldu. 1930-cu ildə onun quruluşçu rejissoru olduğu «Qaçaq Kərəm» tamaşasının bədii tərtibatını Bədurə Əfqanlı verdi. Bundan sonra uzun illər birlikdə tamaşalar hazırladılar. Bədurə Əfqanlı quruluşçu rəssam kimi tamaşaları maraqlı geyim və dekorasiya eskizləri ilə zənginləşdirirdi. «Şeyx Sənan», «Aşıq Qərib», «1905-ci ildə», «Sevil» tamaşaları bu tandemə böyük uğurlar gətirdi.

Rza Əfqanlı Bədurə xanıma qədər iki dəfə evlənmişdi. Hər iki izdivacdan uşaqları var idi. Ancaq nə birinci, nə də ikinci evliliyi uzun sürmüşdü. Üçüncü evliliyi daha uğurlu oldu. Bədurə xanım onun yalnız həyat deyil, həm də sənət yoldaşı idi. Onlar Azərbaycan mədəniyyətinin, teatr sənətinin inkişafı yolunda birlikdə çox işlər gördülər. Qeyd edildiyi kimi, Bədurə Əfqanlı sənətdə ilk kövrək addımlarını Rza Əfqanlının təcrübəsinə söykənərək atdı. İstedadı, zəhmətsevərliyi, bir də rəssamlığa sonsuz sevgisi sayəsində daha da püxtələşdi, uğurlu sənətkar ömrü yaşadı.

Rza Əfqanlı 39 yaşında Əməkdar, 44 yaşında Xalq artisti fəxri adlarını, 1948-ci ildə «Şərqin səhəri» tamaşasında oynadığı Fərhad roluna görə Stalin mükafatı aldı. Bədurə Əfqanlı isə 1949-cu ildə Əməkdar incəsənət xadimi adına layiq görüldü. Deyilənə görə, o vaxt Azərbaycanın rəhbəri olan Mircəfər Bağırov təqdim olunan siyahıda rəssamın adını görməyəndə soruşub: «Bəs sizin gənc rəssamınız Bədurə Əfqanlının adı niyə yoxdur?» Bundan sonra Bədurənin də adını təltif olunanların siyahısına yazmışdılar...

Balıqqulağını kim rəngləyir? Məncə onlara insanların qəlbində dəniz kimi çağlayan həyat eşqinin rəngi hopub. Hər birinin də öz rəngi var,  sevgi kimi...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *