vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
20:04 | 5 yanvar 2017 | Cümə axşamı Məqaləyə 863 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bəşər Əsədlə «sonuncu vals»

Suriya bataqlığı Türkiyənin təhlükəsizliyinə hansı zərbəni vurur?

CNN

MÖVZU İLƏ ƏLAQƏLİ

2016-cı il Türkiyədən ötrü ağır oldu. Beynəlxalq hava limanında partlayış, çevriliş cəhdi, Rusiya səfirinin qətli, ayrı-ayrı yerlərdə terror aktları və nəhayət, gecə klubunda qırğın. Türkiyəni terror hədəfinə çevirən nədir? CNN bu suala cavab axtarmağa çalışıb.

Suriya bataqlığı


CNN Türkiyənin xarici siyasətinin son vaxtlar xeyli dəyişkən olduğunu, Suriyadakı rejimi devirməkdən ötrü bir vaxtlar əlindən gələni edən Ankaranın birdən-birə Rusiyaya – Suriya lideri Bəşər Əsədin müttəfiqinə üz tutduğunu, eyni zamanda İŞİD-lə savaşdığını xatırladır.

«Türkiyə Suriya bataqlığında azmaqdadır və bu bataqlıq onu çəkdikcə, biz qeyri-stabilliyin onun sərhədlərini aşdığını, təhlükəsizliyinə zərbə vurduğunu görürük». Londondakı «Chatham House» araşdırma mərkəzinin əməkdaşı, Türkiyə üzrə ekspert Fadi Hakura belə deyir. Onun fikrincə, bu gün gördüklərimiz Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ölkəni Suriya münaqişəsinə cəlb etməsinin nəticəsidir. Əvvəllər Əsədlə vuruşan sünnilərə yardım edən Türkiyə indi İŞİD-i tək qoyub, İŞİD də Türkiyəyə qarşı çevrilib.

Sərhəd bölgələrində həm İŞİD-ə, həm də Türkiyədəki separatçılarla əlbir olan kürd yaraqlılarına qarşı əməliyyatları və Rusiya ilə ABŞ-ın bu əməliyyatları dəstəkləməsi Türkiyənin üzləşdiyi təhlükəni böyüdüb.


Kürdlər


CNN kürdlərin son zamanlar Yaxın Şərqdə nüfuzlu qüvvəyə çevrildiyini, bir tərəfdən Türkiyədə muxtariyyət uğrunda mübarizə apardığını, digər tərəfdən İŞİD-lə vuruşduğunu qeyd edir. Türkiyə hökumətinin kürdlərlə əvvəl anlaşmaya nail olduğunu, amma sonra Suriya ilə sərhədlərdə kürd silahlı qüvvələriylə toqquşduğunu, növbədənkənar seçkilərin kürdlərə təsir etdiyini, R.T.Ərdoğanın hakimiyyətdən bərk yapışdığını və 2016-cı ildə kürd qiyamının yenidən qalxdığını yazır.

Nəticədə həm ABŞ-ın, həm də Türkiyənin terror təşkilatı kimi tanıdığı Kürd Fəhlə Partiyasının – PKK-nın Türkiyəyə hücumları artıb. Ekspertlərin diqqətini kürd yaraqlılarının xüsusilə türk əsgərlərini və polisi hədəfə çevirməsi cəlb edir. Birləşmiş Krallığın London Kollecinin əməkdaşı, analitik Simon Valdmanın fikrincə, məhz bu məsələ siyasətçilərin kürdlərlə atəşkəsə nail olmasını çətinləşdirir.

F.Hakura hesab edir ki, kürd problemi insan haqları və demokratiya proqramları vasitəsilə yoluna qoyula bilər və bu, Türkiyədə təhlükəsizliyi bərpa etməkdən ötrü çox vacibdir.


Siyasi parçalanma


CNN yazır ki, Türkiyənin hücumlara mərz qalmasının səbəblərindən biri də siyasi və sosial parçalanmadır. Hakimiyyət daxilindəki çəkişmələr, Ərdoğanla Gülən tərəfdarlarının mübarizəsi, yaydakı çevriliş cəhdi… Bütün bunlar hücumçulara əlverişli şərait yaradıb. F.Hakuranın fikrincə, hökumət çevriliş cəhdindən birliyi qorumaqdan ötrü yararlanmaq əvəzinə cəmiyyətdə parçalanmaya səbəb olan siyasətini gücləndirdi.

«Siz parçalandıqca bundan yararlanmağa hazır oyunçulara fürsət vermiş olursunuz… Daxili birliyin təbliği Türkiyənin stabilliyini və təhlükəsizliyini möhkəmləndirər», – F.Hakura CNN-ə müsahibəsində belə deyib.

S.Valdman isə bildirib ki, Türkiyədə çevriliş cəhdindən sonrakı hadisələr, kütləvi təmizləmə əməliyyatları ölkədə təhlükəsizlik boşluğu yaradıb: «İndiki durumda Türkiyənin müxtəlif terror qruplarının öhdəsindən gələ biləcəyinə inanmıram. Türkiyənin hərbi və təhlükəsizlik qüvvələri kütləvi təmizləmədən zərər çəkib. Minlərlə adam tutulmasa da, işdən atılıb. Bu isə ölkənin terrorla mübarizə qabiliyyətini azaldıb».

Ekspert Türkiyənin Rusiyaya yaxınlaşmasının, Suriya lideriylə mübarizə aparan sünni qiyamçıları tərk etməsinin ona həm də yeni düşmənlər qazandırdığını vurğulayır. Məsələn, Ankarada Rusiya səfirini qətlə yetirənin Hələbdə öldürülənlərin qisasını aldığını dediyini xatırladır. Ankara bu qətlin də arxasında F.Gülənin dayandığını deyir, amma Moskva bu ittihamı təsdiqləməyib.

«Sonucda çox böyük təzyiq altında olan, eyni zamanda çoxlu sayda məsələni həll etmək məcburiyyətində qalan türk hökumətini görürsünüz». Bunu isə Krallığın Birləşmiş Xidmətlər İnstitutunda beynəlxalq təhlükəsizlik məsələləri üzrə direktor Raffaello Pantukki CNN-ə müsahibəsində deyib.


Coğrafi mövqeyi


Və nəhayət, Türkiyənin xarici və daxili siyasəti necə olur, olsun, coğrafi mövqeyi dəyişmir. Bu isə Türkiyənin həmişə Avropa və Asiya arasında dayanması, müxtəlif mədəniyyətlərin və maraqların kəsişmə nöqtəsi olması deməkdir.

R.T.Ərdoğanın hakimiyyəti illərində dinin nisbətən yuxarı başa keçdiyinin şahidi olsaq da, Türkiyədə, hələ də, müxtəlif xalqların Yeni il bayramını qeyd edə bildiyi «Reina» klubu kimi məkanlar var və İŞİD kimi terror təşkilatları belə yerləri hədəf götürür.

Suriya ilə qonşuluğu qaçqınlarla yanaşı, ölkəyə zərər vurmaq niyyəti olanların da Türkiyəyə asanlıqla keçməsinə imkan verir. R.Pantukkinin fikrincə, bu, Türkiyənin ən böyük problemlərindən biridir, məhz coğrafi mövqeyi Türkiyəni asanlıqla terror hədəfinə çevirir: «Türkiyə dünyanın ən böyük vətəndaş müharibəsiylə qonşudur və silahlı qruplar keçid məntəqəsi kimi bu ölkədən istifadə etməkdədirlər». (Azadlıq radiosu)