vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
23:48 | 5 yanvar 2017 | Cümə axşamı Məqaləyə 2334 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Oktyabrın əvvəlində Türkiyə Ermənistana qoşun yeridəcəkdi»

Yunan səfirin kitabında 1993-cü il hadisələri ilə bağlı sensasion fakt

MÖVZU İLƏ ƏLAQƏLİ

Yunanıstanın Ermənistanda ilk səfiri olmuş Leonidas Krizantopulas səfirlik müddətindəki xatirələrini dərc edib. Strateq.az xəbər verir ki, «Qafqaz salnamələri: 1993-1994-cü illərdə Ermənistanda millət quruculuğu və diplomatiya» adlı kitabda o dövrkü Rusiya-Türkiyə, Türkiyə-Ermənistan münasibətləri və əlaqələri, həmçinin Qarabağ ətrafında baş verən hadisələr barədə xeyli qiymətli məlumatlar əks olunub.

Qeyd edək ki, bu yunan səfir daha sonra karyerasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsini də icra edib.

Strateq.az aşağıda diplomatın «Qafqaz salnamələri: 1993-1994-cü illərdə Ermənistanda millət quruculuğu və diplomatiya» adlı kitabından kiçik bir epizodu Azərbaycan dilinə tərcümə edib oxucuya çatdırmaqla, Ermənistanda necə bir Türkiyə vahiməsinin olduğunu və Rusiyaya niyə belə bağlandıqlarını onların rəhbərlərinin öz etiraflarıyla bir daha göstərir.

Beləliklə, yunan səfir xatirələrində yazır:

«…1993-cü ilin oktyabrın əvvəlində Rusiya deputatlarının prezident Boris Yeltsinin istefasını tələb etdiyi və tarixə «oktyabr böhranı» kimi düşmüş hadisələr 4 oktyabrda ordunun müdaxiləsi və 187 nəfərin ölümü, yüzə qədər insanın yaralanması ilə nəticələndi. Yeltsinə qarşı bu sivil çevrilişin təşkilatçıları parlamentin sədri Ruslan Xasbulatov və vitse-prezident Aleksandr Rutskoy idi…

Yeltsinin prezidentliyini təhlükəyə atan bu böhran zamanı ən böyük qorxu və iğtişaş həm də Ermənistanda yaşanırdı. Çünki rus qoşunlarının ölkəni tərk etməsi və Türkiyənin mümkün hərbi müdaxilə qorxusu var idi.

Bu hadisələr cərəyan etdiyi zamanda, Levon Ter-Petrosyan tələsik Yeltsinə zəng vuraraq, ona açıq dəstəyini nümayiş etdirdi. Bu telefon danışığından dərhal sonra isə Ter-Petrosyan Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı və şurada əlavə təhlükəsizlik tədbirlərinin alınması qərarlaşdırıldı…

Ter-Petrosyanla 5 oktyabr 1993-cü ildə görüşəndə, o bildirdi ki, əlavə təhlükəsizlik tədbirləri Türkiyə ilə sərhədlərin mühafizəsini gücləndirmək üçün alınıb. Çünki Türkiyə-Ermənistan sərhədini qoruyan 10 min rus əsgərinin Moskvada baş verən hadisələrə görə təcili geri çağırılma ehtimalı yaranıb.

Ter-Petrosyan, əldə etdiyi müxtəlif kəşfiyyat məlumatlarına əsaslanaraq, Türkiyənin Rusiyadakı qarışıqlıqdan istifadə edərək, Ermənistana hərbi müdaxilə edə biləcəyinə inanırdı. Bunun üçün bəhanə isə ya PKK ilə mübarizə, ya da Naxçıvanın müdafiəsi ola bilərdi.

Ter-Petrosyan onu da bildirdi ki, onda olan kəşfiyyat məlumatlarına görə, Türkiyə Milli Təhlükəsizlik Şurasında Türk ordusunun PKK gerillalarını məhv etmək üçün  İraq və Ermənistana mümkün hərbi müdaxiləsi üzərində fikir mübadiləsi də aparılıb.

Bu söhbətimizin axşamı – 5 oktyabrın gecəsi Türk ordusu İraqın şimalında PKK-ya qarşı kiçik çaplı hərbi əməliyyat həyata keçirdi.

Ter-Petrosyanla görüşümdən bir neçə gün sonra – 11 oktyabr tarixində Fransanın Yerevandakı səfiri mənə bildirdi ki, Fransa kəşfiyyatının məlumatına görə, Ruslan Xasbulatovla rəsmi Ankara arasında anlaşma əldə olunub. Anlaşmaya görə, əgər Xasbulatov (Yeltsinlə mübarizədə) qalib gələrsə, o, Türkiyənin PKK ilə mübarizə adı altında kiçik çapda Ermənistana və eyni zamanda Abxaziyaya müdaxiləsinə icazə verəcək. Bunun baş verməsi üçün Xasbulatov Ermənistandakı rus qoşunlarını geri çağıracaq.

Bu informasiyanın təsdiqini ABŞ səfirliyindəki kolleqalarımdan da eşitmişdim.

Cərəyan edən hadisələri və Türkiyənin müdaxiləsi məsələsini daha yaxşı izah etmək üçün Ermənistanın müdafiə naziri Vazgen Sərkisyanla 12 oktyabrdakı görüşümün bəzi elementləri maraq kəsb edə bilər.

Vazgen Sərkisyan həmin görüşdə, əminliklə bildirmişdi ki, Ankarada Rusiyada ciddi siyasi proseslərin getməsi barədə məlumatlar var və buna görə də sentyabrın əvvəlindən Türkiyə ordusu Ermənistanla sərhəddəki qoşun sayını artırıb.

Eyni zamanda, Naxçıvanda Türkiyə hərbi kontingentinin sayı iki briqada və 15 vertolyot səviyyəsində artırılıb. Türkiyə eyni zamanda sərhəddə gərginliyi artırıb, 6 sentyabr tarixində türk sərhədçiləri tərəfindən Ermənistanın sərhədinə atəş açılıb. Amma sərhəd keşikçiləri (ruslar) buna reaksiya verməyiblər.

22 sentyabr tarixində Türkiyədən olan hərbi heyət, general Hayrettin Uzunun rəhbərliyində  ATƏT-in Verifikasiya komissiyasının tərkibində  Ermənistana səfər etmişdi. Səfər vaxtı general Hayrettin Uzun Ermənistanın Türkiyə və Azərbaycanla olan beynəlxalq sərhədlərinə baxış keçirməyi tələb etmişdi.

Vazgen Sərkisyanın sözlərinə görə, onlar Türklərin sərhədə səfərinə icazə verməyiblər və yalnız hərbi vertolyotla ərazilər göstərilib. Bununla da Türklərə sərhəddəki erməni ordusunun dislokasiyası barədə kəşfiyyat məlumatları əldə etmək imkanı verilməyib…

2-3 oktyabr tarixləri Ermənistan üçün olduqca gərgin keçdi. Erməni rəhbərliyi düşünürdü ki, rus qoşunlarının Moskvaya geri çağırılması Türkiyənin hərbi müdaxiləsini mümkün edəcək. Buna görə də kritik iki gündə Vazgen Sərkisyan rus həmkarı ilə dəfələrlə telefon danışığı apardı və ruslar onu əmin etdilər ki, ordu Yeltsini dəstəkləyir və qoşunların geri çəkilməsindən söhbət belə, gedə bilməz.

Fransa və ABŞ kəşfiyyat məlumatları isə Xasbulatov və Tansu Çillər arasında mümkün razılaşmanı ehtimal edirdi. Türkiyənin müdaxiləsi və ya güc göstərişi məqsədli reaksiyası məsələsi xüsusilə Füzuli rayonunun işğalından sonra Ankaranın gündəmində idi…

Hələ 13 avqust 1993-cü ildə Ter-Petrosyanla görüşdə Ermənistan prezidenti əmin etmişdi ki, Füzuliyə müdaxilə olmayacaq və olacağı təqdirdə Türkiyənin müdaxiləsi və daha da mühümü – beynəlxalq sanksiya ilə üzləşə biləcəklərini dərk edirlər. Hətta o vaxt Romada davam edən danışıqlarda Kəlbəcər və Ağdamın Azərbaycana geri verilməsi də müzakirə olunurdu. Ter-Petrosyan buna Robert Köçəryanın kəskin etiraz etdiyini bildirmişdi. Ermənistan prezidenti hətta əmin etmişdi ki, Füzuli barədə qarantiya verir…»