vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
16:35 | 6 yanvar 2017 | Cümə Məqaləyə 2088 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ot kökü üstündə bitər

ABŞ bin Ladenin oğlunu təhlükəli terrorçular siyahısına saldı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Əl-Qaidə» lideri Üsəma bin Ladenin oğlu Həmzə bin Laden terrorçu elan edilib. ABŞ Dövlət Departamenti onun adını terrorçuların siyahısına saldığını bildirir.

Bu haqda CNN xəbər verir. 27 yaşlı Həmzə bin Ladenin «terrorçu» adlandırılmasının səbəbi, rəsmilərin dediyinə görə, onun ABŞ-ı terrorla dəfələrlə hədələməsidir.

11 Sentyabr hadisələrinin təşkilatçısı hesab olunan Üsəma bin Laden öldürüləndən sonra analitiklər Həmzə bin Ladenin varis olduğunu deyirdilər.

Dövlət Departamentinin məlumatına görə, 2015-ci ildə «əl-Qaidə»nin başçısı Ayman əl-Zawahiri Həmzə bin Ladeni öz terror təşkilatının üzvü elan edib. 2016-cı ildə isə Həmzə bin Ladenin özünün ABŞ-ı təhdid edən audioyazısı yayımlanıb. O, atasının qətlinə görə Birləşmiş Ştatlardan intiqam alacağına, amerikalılara həm öz ölkələrində, həm də xaricdə qənim kəsiləcəyinə söz verib.

Dövlət Departamentinin dünən – yanvarın 5-də yaydığı bəyanatında Həmzə bin Laden «Xüsusi təhlükəli qlobal terrorçu» adlandırılır. Yalnız ABŞ xalqına, onun milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına təhlükə yaradan, terror hücumları təşkil edən, ya da təşkil etmək niyyətində olan xarici vətəndaşlara belə ad verilir və bu ad onlara sanksiyalar nəzərdə tutur.

Həmzə Üsəma bin Ladenin 11 oğlundan biridir, ona digərlərindən yaxındır, çünki böyüyəndən yanında olub. CNN onun atasıyla cüt şəkillərini yayımlayıb. «Əl-Qaidə»nin təbliğat videolarında da Həmzə tez-tez görünürmüş. Bəzi videolarda o, şəxsən çıxış edərək, Qərb ölkələrini yeni hücumlarla hədələyib.

«Cihadın Birləşmiş Ştatları» kitabının müəllifi, milli təhlükəsizlik üzrə ekspert Peter Bergen CNN-ə müsahibəsində deyib ki, atası Həmzəni hələ kiçik yaşlarından bu missiyanı yerinə yetirməyə hazırlayıb: «Həmzə cihadın bütün nəzəriyyəsiylə tanışdır. Cihad onun beyninə yeridilib. O, bu nəzəriyyəyə bütün varlığıyla inanır. Onu təhlükəli edən budur».

2011-ci ildə Osama bin Laden öldürüləndə ABŞ qüvvələri Həmzə bin Ladenin də Pakistanda, əməliyyatın aparıldığı binada olduğunu güman edirlərmiş, amma onu orda tapmayıblar. İndi 27 yaşlı gənc «əl-Qaidə»nin yeni üzvü hesab edilir.

«Onlar onu «cihad liderlərinin yeni nəsli» adlandırırlar. Onları idarə etməyə hazırlaşan yeni bin Laden olduğunu deyirlər» , – Demokratiyaları Müdafiə Fondunun əməkdaşı Tomas Coşelin CNN-ə müsahibəsində belə deyib.

Analitiklərin fikrincə, gənc bin Laden «əl-Qaidə»nin yenilənməsinə yardım edə bilər. Təşkilat son illər liderlərinin çoxunu itirib, «İslam Dövləti» (İŞİD) terror qruplaşmasının kölgəsində qalıb, gənc cihadçıların çoxu İŞİD-ə üz tutur. P.Bergenin sözlərinə görə, İŞİD-in təbliğat videoları cihadçılara «əl-Qaidə»nin darıxdırıcı audio-mesajlarından qat-qat maraqlı görünür.