vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
18:07 | 6 yanvar 2017 | Cümə Məqaləyə 1586 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə «İkinci Suriya»ya çevrilə bilər

MİT terrorun qarşısını ala bilmir

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə tarixinin ən təşvişli dönəmlərindən biri yaşayır. Ölkə son 18 ayda PKK, İŞİD və digər terror qruplaşmalarının silsilə hücumlarına məruz qalıb. Sonuncu belə hadisə ötən gün İzmirdə məhkəmə binasının qarşısında törədilən partlayış oldu.

Milliyətçi Hərəkat Partiyasının (MHP) ölkə parlamentinə təqdim etdiyi hesabatda deyilir ki, 2015-ci ilin yayından 2017-ci ilin yanvarına qədər Türkiyə ərazisində gerçəkləşdirilən terror aktları və silahlı hücumlar zamanı 593 dinc sakin, 538 hərbçi, 303 polis, 63 mühafizəçi həlak olub. Bu isə ümumilikdə, 1512 insanın zorakı ölümü deməkdir.

Amma bu da son deyil. İyul ayında dövlət çevrilişi cəhdi zamanı həlak olan 5 hərbçi, 62 polis və 173 dinc sakini, «Fərat Qalxanı» əməliyyatı çərçivəsində Suriyada həlak olan 43 əsgəri də hesabata daxil etsək, bu rəqəm 1795 olacaq. İstənilən ölkə üçün bu kifayət qədər ciddi itkidir və ilk növbədə həmin ölkənin xüsusi xidmət orqanlarının zəifliyinin göstəricisidir.

İstər PKK, istərsə də İŞİD asanlıqla İstanbul, Ankara, Kayseri, Qaziantep, İzmir kimi böyük şəhərlərin mərkəzinə daxil olaraq, öz silahlı aksiyasını asanlıqla həyata keçirə bilirlər. Xüsusi xidmət orqanlarının, o cümlədən MİT-in (Milli İstihbarat Təşkilatı) terror aktlarının qarşısını ala bilməməsinin səbəbi kimi ötən ilin iyulundakı dövlət çevrilişi cəhdindən sonra çoxlu sayda professional kəşfiyyatçının «fətullahçı» (FETO) təşkilatla əlaqələrdə ittiham olunaraq işini itirməsi göstərilir.

Professional kadrlarını itirən təhlükəsizlik qüvvələri isə ölkəni bürüyən terror dalğası qarşısında aciz vəziyyətdə qalıblar. Bununla yanaşı, Türkiyənin Suriyaya hərbi müdaxiləsi, 3 milyondan artıq qaçqını öz ərazisində yerləşdirməsi də ölkədəki ictimai-sosial durumun kəskinləşməsinə şərait yaradıb. Qaçqınlar arasında İŞİD və PYD-nin gizli üzvü olan şəxslərin gəlməsi onların identifikasiyasını çətinləşdirən amillərdən sayılır.

İstənilən halda, 2017-ci ildə də Türkiyədə qeyri-stabil durumun davam edəcəyi və ölkəni yeni terror hücumlarının sarsıdacağını gözləmək olar. Bu təhlükələrə qarşı rəsmi Ankara təhlükəsizlik sahəsində ciddi islahatlara getməli və Qərb ölkələri, xüsusən ABŞ-la kəşfiyyat sahəsində məlumat mübadiləsini daha da intensivləşdirməlidir. Əks halda, terror aktlarının sayı və miqyası təhlükəli həddə gələcək və Türkiyəni ikinci Suriyaya çevirəcək.

Türkiyədəki qeyri-stabillik isə Yaxın və Orta Şərqin, həmçinin Balkanların, bir sözlə, dünyanın geopolitik mənzərəsində əsaslı deformasiyalara səbəb olacaq.