vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
02:30 | 7 yanvar 2017 | Şənbə Məqaləyə 2513 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ səfirliyindən «gəvəzəlik», yoxsa mesaj

Ərdoğana sui-qəsd təhdidimi?

Heydər OĞUZ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu şəkillə hansı mesaj verildiyini özlərindən soruşun. Mesaj deyilsə, deməli, gəvəzəlikdir». Strateq.az xəbər verir ki, Türkiyənin baş naziri Binəli İldırım ABŞ-ın Ankaradakı səfirliyinin «Twitter» səhifəsində dünən paylaşılan bir foto-şəkili şərh edərkən belə deyib.

Qeyd edək ki, Türkiyənin sabiq baş nazirlərindən Nihad Erimin ABŞ ziyarəti zamanı çəkilən bu şəkilinin onun altında yazılıb: «Ağ evdəki rəsmi dövlət yeməyində Baş nazir Nihad Erim prezident Riçard Nikson, həyat yoldaşlarıyla birlikdə (1972)# Türk Amerikan Dostluğu».

Bu paylaşmanın yaratdığı ajiotaj səbəbsiz deyil.

Əvvəla, mərhum Nihad Erim türk siyasət tarixində ciddi iz buraxan, xatırlanan siyasi xadim olmayıb. O, iki dəfə hökumət qurmaq şansı yaxalasa da, heç birində uğur qazana bilməyib.

İlk dəfə 1971-ci ildə ordunun Süleyman Dəmirəli devirməsiylə hakimiyyətə gələn Nihad Erim bir neçə partiyanın millət vəkillərinə nazirlik verərək hökumət kabineti qurub. Amma bu tərkibdəki hökumətin ömrü heç yarım il də davam etməyib. Ankara başda olmaqla, ölkənin 11 vilayətində elan olunan fövqəladə vəziyyət şəraitində Türkiyəni idarə etməyə çalışan Nihad Erimin bu mövqeyi yaratdığı kabinetdə istefalarla nəticələnib. 11 nazirinin istefası ilə Nihad Erimin ilk hökuməti də səlahiyyətini itirib.

1971-ci ilin 11 dekabrında qurduğu ikinci hökumət də 4 aydan sonra istefa verib. Bunun əsas səbəbi baş nazirin həm dindarlara, həm də sol görüşlü radikal qruplara qarşı həyata keçirdiyi repressiya siyasətilə izah olunur. ABŞ-a yaxınlığı ilə seçilən Nihad Erim Vaşinqtondan aldığı təlimatla Türkiyədə tiryək əkinini qadağan edən siyasətilə yadda qalıb. O, həmçinin dindar yetişdirən təhsil ocaqları – İmam-xətib liseylərini bağlayıb və bu mövqeyi ilə mühafizəkar insanların ciddi tənqidinə məruz qalıb.

Özü CHP-dən olmasına baxmayaraq, sol görüşlü insanlara qarşı da amansızlığı ilə seçilən Nihad Erim Türkiyənin ən ünlü sosialistləri kimi tanınan Dəniz Gəzmiş, Hüseyn İnan ve Yusuf Aslanın edamında ittiham olunur.

Taleyin hökmünə bax ki, baş nazirin ölümü də bu edamlarla əlaqəlidir. Məlumata görə, 1972-ci ildə uğursuz idarəçiliyindən sonra istefaya gedib siyasətdən tamamən ayrılan Nihad Erim üzərindən 8 il keçəndən sonra bir sol terror təşkilatının hücumuna məruz qalaraq, öldürülüb. Terrorçular öz silahdaşlarının qisasını aldıqlarını bildiriblər

ABŞ-ın Ankara səfirliyinin terrora qurban gedən yeganə Türk baş nazirinin şəkilini dostluq simvolu kimi paylaşması həqiqətən müəmmalı görünür. Binəli İldırımın dediyi kimi, bu paylaşmanı gəvəzəliyə yozmaq isə mümkün deyil. Deməli, Türkiyə baş nazirinin məntiqilə, bu hadisə gəvəzəlik deyilsə, rəsmi Ankaraya verilmiş mesajdır.

Bəs, mesaj kimədir?

Nihad Erimin hakimiyyəti ilə Türkiyənin indiki dövrü bir-birinə xeyli bənzəyir. O dövrdə də qardaş ölkədə rus təsiri güclü idi və Türkiyə tarixinin ən ağır imtahanından keçirdi. Hər tərəfi bürüyən solçu üsyanları və hakimiyyətin onlara qarşı aqressiv mövqeyi, həbslər, edam hökmləri, terror hadisələri, tez-tez baş verən hökumət istefaları bugünkü kimi o zaman da ölkə insanlarının əsəblərini tarıma çəkirdi. Repressiv üsullarla ölkəni əldə tutmaq o dövrün də əsas prioritetlərindən idi və s.

O dövrün siyasi mənzərəsinin bu gündən yeganə fərqi Türkiyəni idarə edən əsas şəxsin kimliyidir. Dövrün prezidenti Cevdet Sunay olsa da, həm onun şəxsi xarakteri, həm də ölkə Konstitusiyasının tələbləri baş naziri həlledici fiqura çevirmişdi. Bu mənada 1972-ci ildəki Türkiyənin baş naziri indiki prezidentlə müqayisə etmək olar. Məsələyə bu baxımdan yanaşanda mesajın R.T.Ərdoğana verildiyi aydınlaşır.

Son zamanlar R.T.Ərdoğan hakimiyyətinin ABŞ-la düz deməməsi, bir çox hallarda Vaşinqtonu açıq-aşkar tənqid hədəfinə çevirməsi, ən əsası isə Rusiya ilə münasibətlərini yaxşılaşdırması da səfirlik tərəfindən verilən bu mesajı  daha anlamlı qılmaqdadır. Nədən ki, Osmanlının son dövrlərindən indiyə qədər özgələlərə meyllənən türk liderlərini yalnız bir aqibət gözləyib-ölüm!

Belə ki, cızığından çıxdığına görə cəzalandırıldığı güman edilən ilk Türk hökmdarının Osmanlı sultanı Əbdüləziz olduğu bildirilir. Ehtimallara görə, ölümünə intihar görüntüsü verilsə də, əslində o, bir sui-qəsdin qurbanı olub. Onun varisi olan digər sözəbaxmaz Osmanlı sultanı II Əbdülhəmid də hakimiyyətdən uzaqlaşdırılıb, «dəli» adıyla Çırağan sarayına həbs edilib.

Daha sonra Türkiyənin ən ünlü baş nazirlərindən Adnan Menderes Rusiya ilə yaxınlaşmağa meyl edincə, taxtdan salınıb, edama məhkum olunub. Türkiyə siyasət tarixində yeni səhifə açan Turqut Özal da post-sovet məkanına səfərdən qayıtdıqdan sonra müəmmalı şəkildə həyatını itirib və onun ölümündəki sirr pərdəsi indiyə qədər aralanmayıb. ABŞ səfirliyinin şəkilini paylaşdığı Nihat Erimin sələfi Süleyman Dəmirəlin də SSRİ ilə texnoloji əməkdaşlıq etmək sevdasına düşdükdən  sonra 1971-ci il hərbi çevrilişilə hakimiyyətdən uzaqlaşdırıldığı bildirilir.

Bütün bu faktları bir araya toplayaraq, Ərdoğanın Rusiya açılımına nəzər salanda ABŞ səfirliyinin heç də «gəvəzəlik» etmədiyi ortaya çıxır. Belə məlum olur ki, səfirlik Ərdoğana Türkiyənin keşməkeşli siyasət tarixini xatırlatmaq istəyir.

Bəs, niyə bu tarix dərsinə ehtiyac duyur, zənnimcə, bu sualın cavabı çox sadədir: Ərdoğan, yəqin ki, çızığından çıxdığına görə təhdid olunur!