vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SOSİAL  
15:13 | 2 fevral 2017 | Cümə axşamı Məqaləyə 2632 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2017-ci ilin iqtisadi proqnozları

Vüqar Bayramov: «Azərbaycan öz ehtiyatları ilə post-neft dövründə prioritetlərini reallaşdıra biləcək»

Şəbnəm MEHDİZADƏ
kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edərək, bəzi məqamları qeyd edib. Ölkə başçı neftin qiymətinin üç-dörd dəfə aşağı düşdüyünü və bütün dünyada iqtisadi böhranın daha da dərinləşdiyini vurğulayaraq bildirib ki, əvvəlki illərdə görülən işlər və islahatlar nəticəsində 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etməklə yanaşı, bütün əsas vəzifələr icra olunub. İ.Əliyev həmçinin qeyd edib ki, kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 dəfə artıb, keçən il yüz mindən çox daimi iş yeri yaradılıb. Prezident eyni zamanda, Azərbaycanda valyuta ehtiyatlarının qorunduğunu da söyləyib: «Valyuta ehtiyatları hər bir ölkənin iqtisadi imkanlarını, iqtisadi müstəqilliyini möhkəmləndirən amildir. Azərbaycanda valyuta ehtiyatları qorunub. Halbuki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləmişdir. Xarici borcun artmaması üçün xarici kreditlər yalnız Azərbaycan üçün strateji əhəmiyyət daşıyan layihələrə alınmalıdır».

Konfransın yekun nitqində prezident öz tapşırıq və tövsiyələrini də qeyd edib. Bəs görəsən ölkə başçısının tövsiyələri Azərbaycan üçün hansı perspektivləri vəd edir? Mövzu ilə bağlı iqtisadçı ekspertlərin fikirlərini öyrəndik.


«Bu rezervlərin qorunması 2017-ci il də daxil olmaqla, növbəti illərdə müxtəlif fəaliyyətlərin maliyyələşməsi ilə bağlı mənbə formalaşdırır»


İqtisadçı-alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, 2016-cı il iqtisadi çətinliklərin daha çox müşahidə edildiyi il kimi yadda qaldı. Amma ötən il eyni zamanda iqtisadi və sosial çətinliklərə baxmayaraq, bir sıra uğurlu fəaliyyətlər də oldu: «Onlardan biri də strateji «yol xəritəsi»nin imzalanması idi. Bu «yol xəritəsi» həm ümumi iqtisadi inkişaf üzrə, həm də iqtisadiyyatın ayrı-ayrı istiqamətləri üzrə tətbiq edildi. Nəticə etibarı ilə Azərbaycan 2016-cı ildə bu xəritənin hazırlanması ilə yeni iqtisadi modelin birbaşa post-neft dövrünün çağırışına uyğun olaraq tətbiqini həyata keçirməyə başladı. Yeni iqtisadi model olaraq bu xəritə Azərbaycanda hüquqi bazanın formalaşmasında da böyük rol oynadı. Bu konteksdən yanaşdıqda, 2016-cı ildə valyuta ehtiyatlarının qorunub saxlanılması da diqqəti çəkən əsas iqtisadi məqamlardan biri hesab olunur. Nəzərə almalıyıq ki, Dövlət Neft Fondunun aktivlərində artım müşahidə olundu və nəticə etibarı ilə maliyyə konsolidasiyası imkan verdi ki, valyuta ehtiyatlarının qorunub saxlanılmasına nail olaq. Maliyyə konsolidasiyası birbaşa büdcə xərclərinin post-neft dövrünün çağırışlarına uyğun olaraq baxılması və qruplaşdırılmasıdır».

V.Bayramov bəzi vacib məqamlara da aydınlıq gətirdi: «Hələ 2015-ci ilin əvvəllərində ölkə prezidentinin də qeyd etdiyi kimi, lazımsız xərclərin ixtisarı və yalnız əhəmiyyətli xərclərin saxlanılması kimi addımların atılması özünü doğrultdu. Bu da imkan verdi ki, valyuta ehtiyatlarının qorunub saxlanılması mümkün olsun. Əslində valyuta ehtiyatlarının qorunması özünü 2017-ci ilin Dövlət Neft Fondunun xərcləmələrində də göstərir. Bildiyiniz kimi, ilk dəfə olaraq Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manat transfertlər nəzərdə tutuldu. Qeyd edim ki, cari ildə Neft Fondunun büdcəsi 14,5 milyard olacaq. Bu da praktiki olaraq imkan verir ki, fond dövlət büdcəsinə 6,1 milyard manat vəsait transfert etsin. Hesab edirəm ki, atılan bu addım xeyli vacib idi. Xüsusən Mərkəzi Banka ayrılan vəsait, makroiqtisadi sabitliyin formalaşması baxımından vacib idi. Dövlət büdcəsinə ayrılan vəsait isə gəlirlərin formalaşması baxımından vacib hesab olunur. Dövlət rezervlərinin qorunub saxlanması 2017-ci ildə dövlətə xüsusi bir maliyyə alətləri verdi. Bu maliyyə alətlərindən istifadə etməklə, neftin dünya bazardakı qiymətinin aşağı səviyyədə qalmasına baxmayaraq, fonddan fərqli istiqamətlərə vəsaitlərin ayrılması mümkün olacaq. Bu rezervlərin qorunması 2017-ci il də daxil olmaqla, növbəti illərdə müxtəlif fəaliyyətlərin maliyyələşməsi ilə bağlı mənbə formalaşdırır. Bu da imkan verir ki, Azərbaycan öz ehtiyatları ilə post-neft dövründə prioritetləri reallaşdıra bilsin».

İqtisadçı xarici borclar haqqında da söz açdı: «Xarici borcların idarə edilməsinə gəldikdə isə bu da hazırkı dövrün əsas çağırışlarından biridir və bu çağırışlar həyata keçirilməlidir. Post-neft dövrünün prioritetlərinə uyğun olaraq, xarici borclar yalnız strateji əhəmiyyət daşıyan layihələrin və fəaliyyətlərin maliyyələşdirilməsi üzrə həyata keçirilməlidir. Xarici borcların cəlb edilməsi və eyni zamanda idarə edilməsi mexanizmi əsas səbəblərdəndir. Çünki burada sadəcə xarici borcun cəlb edilməsi strateji proqramlar üzrə həyata keçirilməsi vacibdir. Eyni zamanda xarici borcların xərclənməsi və xərclənməyə nəzarətin gücləndirilməsi də hədəflər sırasındadır. Əslində dövlət ehtiyatlarının qorunub saxlanılması hökumətə xarici borcların idarə edilməsi, eləcə də onların cəlbinin optimallaşdırılması siyasətini həyata keçirməyə imkan yaradır. Bu da imkan verir ki, dövlət rezervləri ilə xarici borclar arasındakı proporsionallığı qoruyub saxlamaq mümkün olsun».


«Vəziyyət bütün növ qlobal iqtisadi təzyiqlərə rəğmən, qənaətbəxşdir»


İqtisadçı ekspert Pərviz Heydərov da mövzunu şərh edib. O, bildirib ki, 2014-cü ilin yayından bəri neftin qiymətinin 3-4 dəfəyədək ucuzlaşmasına baxmayaraq, hökumət çox da böyük itkilər verməyərək, qarşısına qoyduğu müxtəlif proqram və məqsədləri inamla davam etdirə bilir: «Mən bu haqda öz şərhlərimdə də qeyd etmişəm ki, bəli, bu, bir həqiqətdir ki, 2016-cı il əvvəlcədən də gözlənildiyi kimi, çətin il oldu. Çünki 2015-ci ildə birincisi 34 faiz, ikincisi isə 47 faiz səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya baş verdi, Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatları aşağı düşdü. Manatın dəyəri cari ilin əvvəlinədək 125 faiz ucuzlaşdı, buna müvafiq olaraq istehlak qiymətləri yüksəldi - 12,4 faiz civarında inflyasiya qeydə alındı, iqtisadi artım tənəzzülə uğradı. Lakin büdcə və özəl strukturlarda hələ hiss olunacaq səviyyədə ixtisarlar baş verməyib, maaşların və pensiyaların ödənişlərində yubanmalar yaranmayıb, bu və ya digər istehlak məhsullarının qıtlığı problemi ortaya çıxmayıb, əhalinin enerjidaşıyıcıları ilə təminatında problem və sair yaranmayıb. Üstəlik, Prezident İlham Əliyev də konfransda qeyd etdiyi kimi, Neft Fondunun ehtiyatlarını qoruyub saxlaya bilmişik. Belə ki, AMB-nin rəsmi valyuta ehtiyatları 11 milyarddan çox əriyibsə də, neft dollarları ilə olan ehtiyatlarımız qalır. Və hətta böhranla əlaqədar olaraq, ondan dövlət büdcəsinə ənənəvi transfer 2015-ci ildə də və keçən il də qənaət edilməklə həyata keçirildi. Sözün qısası, vəziyyət bütün növ qlobal iqtisadi təzyiqlərə rəğmən, qənaətbəxşdir».

İqtisadçı vurğuladı ki, bütün söylənilənlərə rəğmən, görüləsi işlər hələ çoxdur: «İndiyədək ölkədə regionların sosial-iqtisadi inkişafı üçün çox işlər görülüb və bütün bunlar dövlət tərəfindən müvafiq maliyyə vəsaitlərinin ayrılması hesabına həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı sayca 4-cü Dövlət Proqramı qəbul olunub ki, bunların əsas məqsədi regionlarda qeyri-neft sektoruna aid sahələrin inkişafını təmin etmək, müvafiq infrastruktur obyektlər yaratmaq, istehsal, emal müəssisələri təşkil etmək, mövcud müəssisələrdə istehsalı genişləndirmək, həmçinin müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektləri yaratmaqdan ibarət olub. Lakin bütün bunlara rəğmən, rayonlarımız demək olar, yenə mərkəzdən, yəni dövlət büdcəsindən asılı vəziyyətdədir. Və bu da ondan irəli gəlir ki, Azərbaycanın mövcud iqtisadi potensialından ən çox Bakı şəhərində istifadə edilir. Ölkə üzrə bütün iqtisadi fəaliyyət ancaq mərkəzdə həyata keçirilir. Yəni, dövlət gəlirlərimizin 80-90 faiz hissəsi məhz paytaxt ərazisindən təmin olunur. Regionlar üzrə gəlirlər heç 1 milyard manat təşkil etmir. Cari ilədək şəhər və rayonlarımızdan cəmi 6-sı öz xərclərini ödəyə bilirdi. Digərləri isə dotasiya hesabına yaşamaqdadırlar. Odur ki, vəziyyətdən çıxmaq üçün bundan sonra ən çox kənd təsərrüfatını inkişaf etdirmək qayğısına qalmaq lazımdır. Belə ki, zavod və fabriklərin yaradılması öz yerində, lakin aqrar məhsulların istehsalı və tədarükü məsələsi bölgələrimizin iqtisadiyyatında əsas gəlir mənbəyini təşkil etməlidir. Dövlət, sosial xarakterli infrastrukturun qayğısına qala bilər və qalmalıdır da. Yəni, xəstəxana və məktəb tikə və yaxud təmir edə bilər və etməlidir də. Ancaq bölgələr mərkəzi büdcə hesabına maliyyələşdirilməli deyil. Ölkədə əmək qabiliyyətli əhalinin 40 faizə yaxın hissəsi məhz aqrar istehsalla bağlı sahələrdə - regionlarda yerləşir. Hesab edirəm, buna görə də kənd təsərrüfatı məhsulları istehsalına münasibət dəyişməlidir. Yeni mexanizm yaradılmalı, kooperativ təsərrüfat üsullarından istifadə imkanları geniş tətbiq olunmalıdır».