vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
22:10 | 2 fevral 2017 | Cümə axşamı Məqaləyə 2319 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hasarlama siyasəti»

ABŞ-Meksika sərhədində 20 milyardlıq divar Trampın nəyinə lazımdır?

MÖVZU İLƏ ƏLAQƏLİ

İnauqurasiyadan sonra Donald Trampın imzaladığı ilk sərəncamlardan biri dövlət sərhədinin mühafizəsi ilə bağlı oldu. Bu sənəd həm də, bir neçə ay ərzində ABŞ-la Meksika arasında divarın çəkilməsini nəzərdə tuturdu.

Qonşu dövlətlə aranı «çəpərləmək» seçkiöncəsi kampaniyada Trampın verdiyi əsas vədlərdən idi. Vədin reallaşmağa başlaması dərhal Meksika ilə münasibətləri gərginləşdirdi. Böyük ehtimalla, gərginlik hələ uzun müddət səngiməyəcək.

Strateq.az xarici mətbuata istinadla ABŞ-ın yeni prezidentinin «hasarlama siyasəti»nin səbəblərinə aydınlıq gətirməyə çalışıb.

 

Bir tərəfi səfalət, bir tərəfi cənnət…

 

Trampın yeni miqrasiya siyasətinin ilk növbədə Meksika ilə sərhəddə yerləşən ərazilərə aidiyyəti var. Məsələn, belə yerlərdən biri Kaliforniyanın San-Dieqo şəhəridir.

San-Dieqo faktiki olaraq Meksikanın Tixuana şəhəri ilə vahid meqapolisə çevrilib.

Ştatlarla müqayisədə sərhəddən cənubda evlərin qiyməti iki dəfə ucuzdur. Bu səbəbdən də günortaları ABŞ-da işləyən meksikalılar axşamlar vətənə qayıdırlar.

Əksi də olur. Məsələn, bəzi zəngin meksikalılar bizneslərini Tixuanada qurur, özləri isə ailələri ilə birgə San-Dieqoda yaşayırlar.

San-Dieqoda qeyri-leqal miqrantlara ən qəribə yerlərdə rastlamaq olar. Elə buna görə də bir çox yerlərdə maraqlı yol nişanları qoyulub. Həmin nişanların üzərində uşaqlarının əlindən tutaraq qaçan kişi və qadın şəkli əks olunub.

Bu işarə o anlama gəlir ki, ərazidə qeyri-leqal meksikalılar var və sərhədçilərdən qaçdıqları üçün qəfildən özlərini maşının altına ata bilərlər.

Sərhədə yaxın çoxlu sayda milli parklar var. Lakin o parklarda da «Siz qeyri-leqal miqrasiya və narkoticarətin olduğu zonadasınız. Diqqətli olun!» kimi, xəbərdaredici lövhələrə rast gəlmək olar.

Düzdür, bu təhdidlərlə bağlı real hücum faktları qeydə alınmayıb. Amma istənilən halda xəbərdarlıq edilir.

 

Qeyri-leqallar ABŞ-a necə keçir?

 

Məşhur 11 sentyabr (2011) olayına qədər ABŞ sərhədi demək olar ki, qorunmurdu. Və hər gün minlərlə miqrant yaxşı güzaran axtarışı ilə Amerikaya daxil olurdu. 

Teraktdan sonra Vaşinqton cənub hissənin mühafizəsini gücləndirdi. 2007-ci ildə – Corc Buş administrasiyası dövründə isə iki ölkənin sərhədində 6 metrlik hasar ucaldıldı.

Sonradan mətbuat onu «Qüdrətli Amerika divarı» kimi təqdim etdi. Hasarın uzunluğu min kilometr idi.

2010-cu ildə prezident Barak Obama divarın inşasını dayandırdı. Səbəb kimi büdcənin çatışmaması göstərildi.

Lakin Obamanın dövründə Meksika ilə sərhədi mühafizə edən sərhədçilərin sayı xeyli artırıldı.

Hazırda Amerikanın 20,5 min sərhədçisindən 17,6 mini ABŞ-Meksika sərhədini qoruyur. Bu, 11 sentyabr teraktına qədərki dövrlə müqayisədə 2 dəfə çoxdur.

Bu tədbirlər nəticəsində Meksikadan gələn qeyri-leqal miqrantların sayı 4 dəfə azaldı. Lakin heç kim təminat vermir ki, hətta divarın tikintisi tam başa çatandan sonra belə, miqrant axını dayanacaq.

Qaçaqmalçılar San-Dieqoya hasarı xüsusi pilləkənlərlə aşaraq keçirlər. Geniş yayılmış bir üsul da divarda dəlik açmaqdır ki, balta və mişarla «silahlanan» miqrantlar bunu cəmi 30 saniyəyə edə bilirlər.

Təkcə 2016-cı ildə sərhədçilər 500 belə dəliyi qapatmalı olublar. Lakin divarın təmir edilən hissələrinə Meksika tərəfindən tez-tez daşlar və «Molotov kokteyli» də atılır. Ötən il 52 belə insident qeydə alınıb.

 

«Sərhəd mələkləri»

 

Mühafizə güclənəndən sonra ABŞ-a keçmək çox təhlükəli olub. Qeyri-leqallar sərhədçilərin əlinə keçməmək üçün yaşayış məntəqələrindən uzaq olan quraq ərazilərlə getməyə üstünlük verirlər.

San-Dieqo mətbuatında demək olar ki, hər gün bu marşrutda günvurmadan həlak olan meksikalılar haqda xəbərlər dərc olunur.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2000-2014-cü illərdə 6 min insan Amerikaya qeyri-leqal yolla daxil olmaq istəyərkən həyatını itirib.

Vəziyyət o qədər acınacaqlıdır ki, San-Dieqoda «Sərhəd mələkləri» adlı təşkilat təsis edilib. Təşkilat çətinkeçilən sərhəd bölgələrinə qida, geyim və kanistrlərlə su daşıyır.

«Gördüyümüz işlər siyasət deyil, adi insanlıqdır. Kişilərin, qadınların, uşaqların susuzluqdan və günvurmadan ölmələrini istəmirik», deyə təşkilatın rəhbəri Enriko Morones bildirib.

Moronesin sözlərinə görə, Trampın qələbəsindən sonra «Sərhəd mələklərinə» ianə vermək və qurumda könüllü kimi işləmək istəyənlərin sayı xeyli artıb.

Bəzi sərhədyanı rayonlarda isə yerli əhali evlərinin yaxınlığındakı yollara kanistrlə su qoyur. Yerlilər deyir ki, bu yolla həm çarəsiz insanlara yardım etmiş olurlar, həm də özlərini qoruyurlar. Belə ki, bu halda qeyri-leqallar evlərə hücum etmirlər.

 

«Xəyallar ölkəsi»nə doğru…

 

Bəs, ABŞ-a keçmək üçün bu qədər riski gözə almağa meksikalıları nə vadar edir? Bu suala cavab tampaq üçün San-Dieqodan Tixuanaya keçmək kifayət edir.

İnkişaf etmiş ölkədən üçüncü dünya ölkəsinə keçirsən. Köhnə evlər, sınıq körpülər, üzündən səfalət yağan küçələr.

Kənd təsərrüfatı ilə məşğul olan bir meksikalı ABŞ-da bir aya Meksikada olduğundan ən azı 10 dəfə artıq qazana bilər. Bir sözlə, pul xatirinə insanlar riskə girməyə və bütün çətinlikləri gözə almağa hazırdılar.

Bu gün Meksikada nüfuzlu peşələrdən biri sərhəddə «koyot» işləməkdir. Meksikada qeyri-leqalları sərhəddən yola salan bələdçiləri belə adlandırırlar.

Təbii ki, ABŞ-ı «xəyallarının ölkəsi» hesab edən təkcə meksikalılar deyil. Tixuanada – sərhəddə yoxsul ölkələrdən gələn miqrantların mindən artıq çadırına rast gəlmək olar.

Xüsusi zərurət olmadan hətta polis belə, təhlükədən ehtiyat edərək bu düşərgəyə girməyə risk eləmir. Burada Latın Amerikasının bütün yoxsul ölkələrindən gələnlər var. Bələdçiyə verəcək pulları olmadığı üçün bu düşərgələrdə ilişib qalırlar.

Adətən Latın Amerikasından olan qeyri-leqallar Qvatemalaya gəlirlər. Bura istənilən ölkədən gələnləri buraxırlar.

Miqrantlar buradan Meksikaya – Amerika ilə sərhədə doğru irəliləyirlər.

 

«Polis miqrantları qoxudan tanıyır»

 

Qvatemaladan olan miqrant başına gələnləri belə təsvir edir: «Meksika vizam yox idi. Qərara gəldim ki, Meksika vasitəsilə Tixuanaya gedim. Mənimlə iki nəfər də vardı. Biri Nikaraquadan, o biri də Salvadordan. Meksika-Qvatemala sərhədi qorunmur. Meksikada isə vəziyyət fərqlidir. Polis qeyri-leqal miqrantların «ovuna» çıxır. Əsas şərt tez-tez yuyunmaqdır ki, səndən qoxu gəlməsin. Çünki polislər avtobuslarda qeyri-leqalları məhz qoxularından tanıyırlar.

İkinci təhlükə meksikalı xuliqanlardır. Onlar qeyri-leqalları qarət edirlər. Bizim bəxtimiz gətirdi. Bir həftəyə Tixuanaya çatdıq. Düzdür, bir dəfə polisə düşdük. Amma 100 dollar rüşvət alandan sonra bizi sərbəst buraxdılar.

Tixuanada gizlənməyə bilərsiz. Burada qeyri-leqallar o qədər çoxdur ki, heç kim onları təqib etmir. Bundan sonrakı mərhələdə isə əsas məsələ etibarlı «koyot» tapmaqdır».

ABŞ-la Meksika arasında divarın inşası yaxın vaxtlarda başlamalıdır. Hələ ki, tikintiyə nə qədər vəsait ayrılacağı ilə bağlı dəqiq məlumat yoxdur. Müxtəlif rəqəmlər səsləndirilir – 8 milyarddan 20 milyardadək.

Tramp deyir ki, inşa başa çatandan sonra xərclənən vəsaiti Meksikaya ödətdirəcək. Meksika lideri Enrike Penya Neto isə bunun üçün heç bir ödəniş etməyəcəklərini açıq şəkildə bəyan edib.

Senatdakı çoxluğun lideri Mitça Makkonnella bildirib ki, Konqres divarın tikintisinə 12 milyarddan 15 milyardadək vəsait ayıra bilər.

Respublikaçıların bu məsələdə Trampla həmrəy olması vəsaitin ayrılmasına problem yaranmayacağı deməkdir.

 

Məğlubiyyətə bərabər qələbə?

 

Bəzi ekspertlər hesab edirlər ki, hətta divar inşa olunsa belə, bu, «Pirr qələbəsi» olacaq.

Məsələn, San-Dieqo yaxınlığında ABŞ-ın nəhəng kənd təsərrüfatı rayonlarından biri yerləşir. Burada işləyənlərin demək olar ki hamısı meksikalı qeyri-leqal miqrantlardır.

San-Dieqo universitetinin professoru Cey Hovard deyir ki, Meksika ilə sərhədə divar çəkməzdən əvvəl ABŞ ucuz işçi qüvvəsi olan qeyri-leqallara alternativ tapmalıdır.

Əks halda miqrasiyaya qarşı mübarizə ABŞ-ın sərhəd ştatlarının iqtisadiyyatını möhkəm silkələməli olacaq…