vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
09:16 | 3 fevral 2017 | Cümə Məqaləyə 2289 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tacikistan Avrasiya İqtisadi İttifaqına üzv olur?

İki ölkə prezidentinin qarşılıqlı səfərlərindən sonra daha bir postsovet ölkəsi Kremlin himayəsi altına düşə bilər

AZƏR, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Postsovet məkanına daxil olan daha bir ölkə Avrasiya İqtisadi İttifaqına üzv olmağa hazırlaşır. Birləşmiş Ştatların nüfuzlu «EurasiaNet» saytı yazır ki, yaşanan son hadisələr Rusiya ilə Tacikistan arasında münasibətlərdə yüksəlişin olduğunu göstərir. Nəşr iddia edib ki, ilk növbədə Düşənbə Moskvanın himayəsi ilə yaradılan Avrasiya İqtisadi İttifaqına üzv olmağa razılaşa bilər. Nəşrin yazdığına görə, qurum son vaxtlar iqtisadi çətinliklər yaşasa da, Rusiya Tacikistanı təşkilata cəlb etməyə çalışır.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, yaxın vaxtlarda prezidentin Mərkəzi Asiya dövlətlərinə səfəri nəzərdə tutulub. Məlumata görə, prezident Qırğızıstan və Tacikistana səfər edəcək. Turnenin konkret tarixi bəlli deyil. Artıq Rusiya baş nazirinin müavini İqor Şuvalov prezidentin səfərində müzakirə oluna biləcək məsələlər barədə danışıb. Yanvarın 27-də Düşənbədə İqtisadi Əməkdaşlıq üzrə Tacikistan-Rusiya dövlətlərarası komissiyasının 14-cü iclasında iştirak edən baş nazirin müavini qarşı tərəflə ticarət, investisiya, energetika, təhsil, elm və miqrasiya məsələlərini müzakirə edib. Əslində isə baş nazirin müavininin səfərində əsas müzakirə mövzusu ötən ilin sonundan başlayan aviasiya sahəsində yaranan münaqişənin həlli və prezident Emomali Rahmonun da qeyd etdiyi kimi, sərnişinlər, daha çox da tacik əmək miqrantları üçün yaranan problemlər olub. «Bu, vətəndaşlar üçün çətinliklər yaradır və iki ölkə arasında strateji tərəfdaşlığa kölgə salır», - deyə Tacikistan prezidenti Rusiya baş nazirinin müavini ilə görüşdə bildirib. Danışıqlar nəticəsində müsbət nəticə əldə olunub. Belə ki, Tacikistanın «Somoni Eyr» aviaşirkəti Rusiyanın Krasnoyarsk, Krasnodar, Orenburq və Ufa şəhərlərinə çarter reysləri əldə edib. Rusiya tərəfi isə Moskvadan Düşənbəyə reysləri bərpa edib.

İ.Şuvalov Düşənbəyə səfəri zamanı Rusiya İxrac Mərkəzinin açılışında da iştirak edib. Kremlin dəstəklədiyi bu Mərkəz Rusiya mallarının xaricdə maraqlarını müdafiə etməklə məşğuldur. Rusiya İxrac Mərkəzinin nümayəndələri Tacikistanı Rusiya mallarının və xidmətlərinin postsovet məkanında ən önəmli istiqamətlərindən biri adlandırıblar. «Bizim çantada Rusiya-Tacikistan ikitərəfli münasibətlərini özündə əks etdirən və dəyəri 33 milyon dollardan çox 20-yə yaxın layihə var. «Əlavə edək ki, məhz bu sayda da layihə işlənmə mərhələsindədir», - deyə Rusiya İxrac Mərkəzinin rəhbəri Pyotr Fradkov bildirib.

Ekspertlərin qənaətincə, biznes sahəsində əməkdaşlığın genişlənməsi Düşənbənin iştahasını artırsa da, rəsmi Düşənbəni daha çox Rusiyada çalışan yüz minlərlə tacik miqrantların taleyi narahat edir. Rusiya Daxili İşlər Nazirliyi yanında Miqrasiya Baş İdarəsinin məlumatına görə, 2016-cı ilin sonuna kimi Rusiyada 1 milyona yaxın Tacikistan vətəndaşı olub. Qeyd edilir ki, bu, rəsmi qeydiyyatda olan şəxslərdir və məlumata görə, sənədsiz və qeydiyyatda olmayan tacik miqrantarın sayı daha çoxdur. Taciklər Rusiyada Mərkəzi Asiya respublikaları içərisində özbəklərdən sonra sayca ikincidirlər. Məlumat üçün bildirək ki, Özbəkistan Mərkəzi Asiyanın ən çox əhalisi olan respublikasıdır və hazırda Rusiyada çalışan özbəklərin sayı iki milyona çatır.  Bir sıra məlumatlara görə, tacik miqrantlar il ərzində evlərinə 4 milyard dollar göndərirlər. Bu da Tacikistanın ümumdaxili məhsulunun təqribən yarısına bərabərdir. Lakin son illərdə respublika üçün həyat əhəmiyyətli bu maliyyə axını iki maneə ilə üzləşib. Birinci məsələ, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsidir. Nəticədə Rusiya iqtisadiyyatı çətin bir duruma düşüb, iş yerləri ixtisar olunub və bu da tacik miqrantlarına təsirsiz ötüşməyib. Kremlin də mövcud vəziyyəti dəyişmək imkanı yoxdur. İkincisi, Rusiyanın miqrantlar üçün bürokratik maneələr yaratmasıdır. Və Kreml istəsə, bu maneələri asanlıqla aradan qaldıra bilər. E.Rahmon ötən həftə bəyan edib ki, iki ölkə Rusiyada çalışan tacik miqrantların hüquqlarının qorunması ilə bağlı saziş imzalamağı planlaşdırır.

Ən ümdə məsələlərdən biri də Tacikistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsidir. İndiyə qədər rəsmi Düşənbə bu məsələyə soyuq yanaşıb və insaf naminə qeyd edək ki, buna əsas da var. Qurum indiyə qədər hər hansı bir uğuru ilə fərqlənə bilməyib. Buna baxmayaraq, Rusiyanın himayəsində olan Avrasiya İnkişaf Bankının keçirdiyi sorğunun nəticələrinə görə, taciklərin böyük əksəriyyəti quruma üzvlüyün tərəfdarıdır. Beləliklə, Rusiya prezidentinin Düşənbəyə, tacik prezidentinin isə Moskvaya səfərindən sonra Tacikistanın Aİİ-yə üzvlüyü ilə bağlı məsələ qətiləşə bilər. Bununla da Moskvanın daha bir postsovet ölkəsini öz himayəsi altına alması prosesi başa çatacaq.