vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
10:36 | 7 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 2544 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gələcəyin enerjisi» Qazaxıstana nə verəcək?

Astana «Ekspo-2017» sərgisini qarşılamağa hazırlaşır

KAMRAN, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Təqribən beş aydan sonra dünyanın diqqəti yenidən Qazaxıstanın paytaxtına yönələcək. Ölkənin siyasi mərkəzində nüfuzlu ixtisaslaşdırılmış «Astana Ekspo-2017» sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq. İndiyədək 112 ölkə və 18 beynəlxalq təşkilat sərgidə iştirakını təsdiqləyib. Bu isə sözügedən tədbirin dünyada maraqla izlənməsindən xəbər verir. Bundan əlavə, «The Nyu York Times» qəzetinin də «Ekspo-2017» sərgisini 2017-ci ildə səyahət edilməli olan ölkələr siyahında 26-cı yerdə qeyd etməsi, tədbirə marağı daha da artırıb.


«Ekspo-2017»- antiböhran məqsədli bir layihədir


İlk vaxtlar, bəzi analitiklər, postsovet məkanında, Qazaxıstan kimi bir ölkədə belə nüfuzlu bir tədbirin keçirilməsini düşünülməmiş addım kimi dəyərləndirirdilər. Lakin çoxlu maliyyə vəsaitlərinin sərf olunduğu bu möhtəşəm layihəyə dünyada da biganə qalmadılar. Belə ki, Qazaxıstan inkişaf səviyyəsi ilə dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bildi. Əsas gəlirlərinin təbii sərvətlər hesabına formalaşdığı neft hasil edən bir ölkədən ekoloji enerji mənbələrinə malik bir dövlətə çevrildiyini sübuta yetirdi. «Ekspo-2017» sərgisinin ölkəyə gətirəcəyi dividentlərə gəlincə, analitiklər belə hesab edirlər ki, bu, ilk növbədə təhsilə böyük fayda vermiş oldu. Elə sərginin təşkilatçıları da bu fikirdədirlər. «Turistləri müşayiət edənlər, eləcə də bələdçilər nəinki qazax dilini, həmçinin rus, ingilis, çin, fransız, türk və digər dilləri də artıq mükəmməl bilirlər. Onlar eyni zamanda, Qazaxıstanın tarixini, onun coğrafiyasını, iqtisadiyyatını da yüksək səviyyədə bilməklə yanaşı dünyada baş verən proseslərdən də xəbərdardırlar. Bütün bunlar imkan verəcək ki, xarici turistlərə ölkəmizi layiqli şəkildə təqdim edə bilək», - deyə «Ekspo-2017»-nin İctimai Şurasının sədri, L.N.Qumilyev adına Avrasiya Universitetinin rektoru Yerlan Sıdıkov vurğulayıb.

Analitiklər belə hesab edirlər ki, növbəti divident sözsüz ki, turizmin inkişafı ilə bağlı olacaq. Odur ki, «Ekspo-2017»nin sayəsində Qazaxıstan bu il sözügedən sahədə böyük uğurlar əldə etmək niyyətindədir. Hətta bu məqsədlə, sərginin ziyarətçilərinə «Baykonur» kosmodromuna belə səfər etmək imkanı yaradılacaq. Ümumilikdə götürdükdə isə ötən il respublikada sərgiyə hazırlıq məqsədilə möhtəşəm işlər görülüb. Sərginin keçirilməsi üçün artıq 130 beynəlxalq pavilyon tikilərək istifadəyə verilib. Hazırda İctimai Kommunikasiyalar Mərkəzində son tamamlanma işləri həyata keçirilir. Burada həmçinin Vahid xidmət, Akkreditasiya və Media mərkəzləri də yerləşəcək. Bundan əlavə, hazırda qonaqların müvəqqəti yaşayacaqları şəhərcikdə də tikinti işləri yekunlaşmaq üzrədir. Sərgi başa çatdıqdan sonra həmin mənzillərin münasib qiymətlərlə vətəndaşlara satılması nəzərdə tutulur. «Düşünürəm ki, «Ekspo-2017»- antiböhran məqsədli bir layihədir. Biz bunu konkret faktlar və rəqəmlərlə təsdiqləyirik», - deyə «Astana Ekspo-2017 Milli Şirkəti» Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Ahmetjan Yesimov vurğulayıb. Onun sözlərinə görə, sərgiyə hazırlıq çərçivəsində yerli istehsalı dəstəkləmək məqsədilə ölkənin bütün vilayətlərinin akimatları (icra hakimiyyətləri) ilə əməkdaşlığa dair memorandum imzalanıb. «Bunun nəticəsi olaraq hazırda 322 yerli istehsalçı ilə ümumi dəyəri 48,9 milyard tengə olan müqavilələr imzalanıb. Layihənin reallaşması nəticəsində bütün ölkə üzrə 50 mindən artıq vətəndaş yeni iş yerləri ilə təmin olunacaq. Bundan əlavə, ölkəyə sponsor vəsaiti olaraq 126 milyon avro və 211 milyard tengə dəyərində investisiya cəlb edə bilmişik», - deyə Ahmetjan Yesimov bildirib. 

 

«Bu, çox uğurlu və möhtəşəm bir hadisə olacaqdır»

 

Yerli analitiklər belə hesab edirlər ki, Ahmetjan Yesimovun sözləri ilə müəyyən mənada razılaşmaq da olar. Belə ki, antiböhran şəraitində sərgi üçün ən uğurlu variant – «Gələcəyin enerjisi» mövzusu seçilib. Çünki hazırda bərpa olunan enerji mənbələri məsələsi bir sıra dövlətlərin , eləcə də nəhəng şirkətlərin diqqət mərkəzindədir. Bu məsələyə həmçinin Qazaxıstan prezidenti Nursultan Nazarbayev də çox böyük önəm verir. «Hazırda Qazaxıstanı dünyada bir sıra aspektlərdən tanıyırlar. Bunlar - ən iri enerjidaşıyıcılarına, eləcə də böyük həcmdə uran yataqlarına sahib dövlət olması, ölkənin geniş təbii sərvətlərə malik olması və iri taxıl ixracatçısı olması ilə bağlıdır. İndi isə vaxt çatıb ki, biz Qazaxıstanı dünyaya başqa bir cəhətdən – tam yeni və gələcəyə hədəflənən bir ölkə kimi tanıdaq»,- deyə Nursultan Nazarbayev son çıxışlarından birində vurğulayıb.

Analitiklər belə hesab edirlər ki, məhz bu amil Sakit okeanı Alyansı ölkələrində (buraya Çili, Meksika, Peru və Kolumbiya daxildir) Qazaxıstana maraq oyadıb və onlar sərgidə iştiraklarını artıq təsdiqləyiblər. Yeri gəlmişkən, xatırladaq ki, sözügedən ölkələr bərpa olunan enerjinin tətbiqi imkanlarını geniş şəkildə öyrənməkdədirlər. Məsələn, dağ mədən sənayesinin inkişaf etdiyi Çilidə günəş və külək enerjisindən geniş istifadə olunur. Böyük həcmdə hidroenerji, eləcə də qaz kondensatı ehtiyatları və təbii qaz potensialına malik Peruda isə günəş enerjisi ilə yanaşı külək və geotermal enerji sahələri də geniş inkişaf etdirilməkdədir. Eləcə də , günəş enerjisi ilə işləyən avtomobil istehsal edən Kolumbiyada alternativ enerjidən istifadəyə böyük önəm verilir. İri neft hasil edən ölkələr sırasında yer almasına baxmayaraq, Meksikada da hazırda yeni enerji növlərinin istehsalı sahəsində aktiv tədqiqatlar aparmaqdadır. Bundan əlavə, alternativ enerjinin istehsalı və istifadəsində lider ölkə olan Kosta-Rika da sözügedən bölgədə yerləşir. Hazırda, bu ölkədə daxili tələbatın 90 faizi məhz alternativ enerjinin hesabına ödənilir.

«Bizim əsas prioritetimiz maraqlı pavilyonları olan mükəmməl sərgi təşkil etməklə Qazaxıstanın inkişafını, onun gözəl insanlarını dünyaya təqdim etmək, eyni zamanda bütün dünyadan olan insanları da Astanaya cəlb etməkdir», - deyə Beynəlxalq Sərgilər Bürosunun baş katibi Vinsente Lossertales bildirib. Onun sözlərinə görə, bunun üçün qazaxlar əsas üç işi görə biliblər: «Bunlardan birincisi odur ki, Qazaxıstan əsrarəngiz bir ölkədir. Astana isə - səhranın ortasında bir möcüzədir. O ki qaldı «Ekspo-2017» sərgisinə, əminliklə deyə bilərəm ki, bu, çox uğurlu və möhtəşəm bir hadisə olacaqdır». Yerli analitiklər belə hesab edirlər ki, Astana artıq öz layiqli qiymətini beynəlxalq coğrafiyaşünaslardan da ala bilib. Belə ki, ölkənin paytaxtı ötən il «National Geographic Traveler» mükafatına layiq görülüb. «Əminliklə söyləyə bilərəm ki, bu möhtəşəm tədbir dünyanın hər yerindən Qazaxıstan paytaxtına turistləri cəlb edə biləcəkdir», - deyə «Astana Ekspo-2017» milli şirkətinin nəqliyyat və turizm departamentinin direktor müavini Roza Asanbaeva bildirib. 


Sərginin əsas məqsədi nədir?


Yeri gəlmişkən, xatırladaq ki, bu günlərdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev də sərgiyə hazırlıq məsələləri, eləcə də, burada yaradılan infrastrukturla yaxından tanış olmaq üçün şəhərcikdə olub, görülən işləri yüksək qiymətləndirib, öz lazımı tövsiyələrini verib. «Biz sərgidə, xarici iştirakçılar tərəfindən nümayiş etdirilən yeni innovativ texnologiyalardan da maksimal dərəcədə istifadə etməliyik», - deyə Nursultan Nazarbayev vurğulayıb.

«Astana Ekspo-2017» ixtisaslaşdırılmış sərginin keçirilməsi barədə qərar Beynəlxalq Sərgilər Bürosunun 22 noyabr 2012-ci ildə Parisdə keçirilən 152-ci Baş Assambleyasında verilib. Quruma daxil olan 161 ölkədən 103-ü gizli səsvermə zamanı Astananın namizədliyini dəstəkləyib. Sərginin təşkili məqsədilə Qazaxıstan hökuməti Astanada 174 hektar torpaq sahəsi ayırıb. Burada qısa müddətdə 35 iri obyekt, o cümlədən sərgi salonları, konfrans zallar, ticarət-əyləncə mərkəzləri, üstüqapalı şəhərcik, mehmanxanalar, yaşayış massivləri və s. inşa olunub.

Qeyd edək ki, ixtisaslaşdırılmış «Astana Ekspo-2017» sərgisi 10 iyun 2017-ci il tarixində öz işinə başlayacaq. Təntənəli açılış mərasimində bir sıra ölkələrin dövlət və hökumət başçıları, dünyada tanınmış siyasətçilər, nüfuzlu elm adamları, məşhur iqtisadçılar, beynəlxalq təşkilatların rəsmiləri , eləcə də diplomatik korpusların nümayəndələrinin iştirakı gözlənilir. Sərginin baş mövzusu «Gələcəyin enerjisi» adlanır. Analitiklər belə hesab edirlər ki, bu mövzu əbəs yerə seçilməyib. Belə ki, o özündə dünya ictimaiyyətinin enerji istehlakına olan narahatçılığını əks etdirir. Sərginin əsas məqsədi diskussiyalar və bilikləri inkişaf etdirmək yolu ilə, enerji istehlakında əhalinin məsuliyyətini daha da artırmaq, eləcə də təbiətə vurulan zərəri minimuma endirməklə, planetimizdə enerji istehlakına nəzarət etməkdir. Yeri analitiklərin proqnozlarına görə, sərgiyə 2 milyondan artıq ziyarətçinin gələcəyi gözlənilir. Sərginin pavilyonlarını ziyarət edənlərin arasında MDB dövlətləri, eləcə də qonşu Çin Xalq Respublikası, Avropa ölkələri, ABŞ-dan da çoxlu turistlərin olacağı ehtimal olunur. Beynəlxalq ixtisaslaşdırılmış sərgi öz işini sentyabrın 10-da başa çatdıracaq. Xatırladaq ki, bu, müstəqil Qazaxıstanın tarixində ən irimiqyaslı bir tədbir olacaq.