vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0421 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2982 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MÜSAHİB  
17:10 | 16 avqust 2011 | Çərşənbə axşamı Məqaləyə 764 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Prezident kişiyana hərəkət etdi»

Qüdrət Həsənquliyev: «Fars-molla rejimi Azərbaycanda özünün yönəltdiyi marionet hökumət istəyir»

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Seçkilərdən sonra yaranan süstlük artıq aradan qalxmaq üzrədir. Son vaxtlar cəmiyyətdə və siyasi səhnədə canlanma var. Bu hərəkətliliyin nəticəsi təkcə ölkə siyasətindən deyil, həmçinin Güney Azərbaycan, Türk dünyasından da cəmiyyətə təsirlər var. Hətta Güney məsələsində qabaqdangəlmişlik etməyə çalışan molla rejimi Bakıya qeyri peşəkar basqılarını artırıb. Bu oyanışı nəzərə alıb, siyasi səhnədə baş verənlərə bir əldən münasibət almaq istədik. Buna görə də, istər ölkə daxilində, istərsə də Güney və Turançılıq baxımından daim Azərbaycanın maraqlarını güdən millət vəkili Qüdrət Həsənquliyevin özünəməxsus açıqlamaları, təklifləri, ölkəyə zərbə vura biləcək hər hadisəyə kəskin fikirləri olub. BAXCP sədrinin bu təlatümlər astanasında fikirləri oxucularımız üçün də düşündürücü ola bilər. Bu səbəbdən partiya sədrinə sadaladığımız mövzular bağlı daha konkret suallar ünvanladıq. Beləliklə müsahibimizin hədəfi nə qədər dəqiq vurduğu ilə Siz də tanış olun.

- Qüdrət bəy, son vaxtlar İranın Azərbaycana qarşı təzyiq və təhdidləri daha açıq və qabarıq şəkildə nəzərə çarpmaqdadır. Sizcə baş verənlərin arxasında hansı maraqlar dayanır və İranı narahat edən nədir?
- Şübhəsiz ki, Azərbaycan gücləndikcə, iqtisadi gücü artdıqca bu, İranı narahat edəcək. Təəssüf ki, İran güclənməkdə olan Azərbaycanla daha yaxşı qonşuluq münasibətləri qurmaq əvəzinə başqa vasitələrə əl atır. Bu gün Cənubi Azərbaycan İranın tərkibindədir və orada 35 milyon azərbaycanlı yaşayır ki, bu da əslində rəsmi Tehranın Bakı ilə daha yaxşı münasibətlər qurmasını əsaslandıran amil kimi qəbul olunmalıdır. Amma bunun qarşılığında biz hər zaman Azərbaycanın daxili işlərinə müdaxiləni görürük. Azərbaycanın bəzi vətəndaşlarının ələ alınaraq, ölkənin konstitusion quruluşuna qarşı çıxmasına təhrik etmə halları ilə qarşılaşırıq. Əlbəttə bu da haqlı olaraq Azərbaycan ictimaiyyətində narazılıq doğurur. Həm də o narazılıq yaşanır ki, İran Azərbaycan torpaqlarını işğal edən Ermənistanla iqtisadi, siyasi, hətta hərbi əməkdaşlığını gündən-günə gücləndirir. İran Ermənistanın iqtisadi baxımdan ayaq üstə durmasına yardım edir. Bütün bu məsələlərin təməlində dayanan əsas amil isə İranın Azərbaycanın müstəqilliyi ilə barışmamasıdır. İran orada yaşayan azərbaycanlıların nə vaxtsa oyana biləcəklərindən narahatdır. Fars-molla rejiminin niyyəti Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə etmək, faktik olaraq onu öz maraqlarına uyğun yönəltmək, burada müstəqil siyasət yürüdə bilməyən, marionet bir hökumət görməkdir. Lakin Azərbaycan xalqı dini ideologiya ilə yüklənmiş bir hakimiyyətin, xüsusilə də islam fundamentalizmini özündə ehtiva edən bir rejimin əsil mahiyyətini yaxşı görür və belə çağırışlara qarşı özünün sərt təpkisini göstərir.
- Bəzən Azərbaycana düşmən münasibəti açıq-aşkar görünən molla rejimi təmsilçilərinin təhdidləri ölkəmizdəki bəzi siyasi qruplar və onların himayə etdiyi mətbuat orqanları tərəfindən xüsusi şəkildə qabardılır...

«Azərbaycanda bir antitezisçilər qrupu formalaşıb»

- Mən də bunu müşahidə edirəm. Ümumiyyətlə Azərbaycanda bir antitezisçilər qrupu formalaşıb. Bu insanlar, nə deyirsənsə mütləq onun əleyhinə çıxırlar. Guya özlərinin fərqli münasibətlərini ortaya qoyurlar. Bu psixoloji bir xəstəlikdir ki, ona düçar olmuş insanlar Azərbaycanda da var. Bir qrup insan isə başqa bir xəstəlikdən əziyyət çəkir - içərilərində qərəz var. Məsələn, ermənilər Azərbaycan prezidentinin əleyhinə danışanda da onlar sevinirlər. Xatırlayırsınızsa, Sərkisyanın Azərbaycan  prezidenti ilə bağlı açıqlamalarına bu qrupun təmsilçiləri necə reaksiya verdilər, canfəşanlıqla onu necə təqdim etdilər. Yaxud bu yaxınlarda İran generalının rəsmi Bakının ünvanına söylədiyi ittihamlardan necə fərəhləndilər. Təki söylənilənlər Azərbaycan dövlətinin və hökumətinin əleyhinə olsun. Çox təəssüf ki, bu insanlar özlərini siyasi ehtiraslarına təslim ediblər.
- Həmin şəxslərin vaxtilə ağır cinayətlər törətməkdə ittiham etdikləri Ayaz Mütəllibovla bağlı son açıqlamaları, onun siyasi motivlərlə təqib olunması barədə söylədikləri də çox güman ki, bu qəbildəndir...
- Sözün düzü, mən də bu məlumatları mətbuatdan oxudum. Əvvəla mənim Ayaz Mütəllibovla hər hansı bir münasibətim olmayıb. Amma ona ağır itki üz verdi, gənc oğlu dünyasını dəyişdi. Allah rəhmət eləsin. Hesab edirəm ki, Ayaz Mütəllibovun vətənə qayıtması üçün Azərbaycan prezidenti tərəfindən kişiyana qərar qəbul olunub. Hər kəs kimi mən də bu addımı alqışlayıram və hesab edirəm ki, belə bir imkan ona yaradılmalıydı. Amma düşünürəm ki, illərin keçməsindən asılı olmayaraq öz ölkəsinə, xalqına qarşı bu və ya digər dövləti cinayətlər törətmiş şəxslər yalnız müvafiq məhkəmə qərarlarından sonra əfv edilə bilərlər. Bizim cinayət qanunvericiliyimiz bunu tələb edir. Bir qrup insan, hansılar ki, Ayaz Mütəllibovun tərəfdarlarıdırlar, onlar onun Bakıda yenidən cinayət məsuliyyətinə cəlb olunmamasını istəyirlər. Hesab edirəm ki, Azərbaycan hökuməti belə bir addım atarsa onda bu, ölkənin qanunlarla idarə olunmaması təəssüratını yaradar. Həm də çox ciddi nəticələrə gətirib çıxara biləcək presidentə yol aça bilər. Belə bir hal olarsa, bəzi siyasətçilər dövləti cinayətlər törətməkdən çəkinməzlər. Düşünərlər ki, ən pis halda ölkəni tərk edəcək və 20 ildən, hər şey unudulduqdan sonra vətənə qayıdacaqlar. Belə olmamalıdır. Cinayət Məcəlləsinin 74 və 75-ci maddələrində cinayət məsuliyyətindən azadolma halları var. Orada da ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərin şəraitin dəyişməsi ilə cinayət məsuliyyətindən azad olunması nəzərdə tutulmur. Mütəllibov həm bu baxımdan, həm də axtarışda olduğuna görə cinayət məsuliyyətindən azad oluna bilməz. Azərbaycana qayıdış vaxtı bitəndən sonra o, istintaq orqanlarına gedib istintaqın suallarını cavablandıra bilər. Bundan sonra istintaq yekunlaşdırılıb materiallar məhkəməyə göndərilər. Məhkəmə onun haqqında hansı qərarı qəbul edərsə bu məhkəmənin işidir.

«Bu gün Mütəllibovun siyasi motivlərlə həbs olunduğunu deyən və onun azadlığını tələb edən şəxslər vaxtilə onun üzərinə Fəhmin Hacıyevin zirehli texnikası ilə gedirdilər»

Amma mən hesab edirəm ki, adətən Mütəllibov kimi insanlar, hətta ömürlərinin sonuna çox az bir müddət qalmalarına baxmayaraq, halbuki Mütəllibov kifayət qədər gümrah görünür, ədalət məhkəməsi qarşısında dayanmalıdırlar. Bu gün onun siyasi motivlərlə həbs olunduğunu deyən və onun azadlığını tələb edən şəxslər vaxtilə Mütəllibovun üzərinə Fəhmin Hacıyevin zirehli texnikası ilə gedirdi. 1992-ci ilin mayın 15-ni xatırlamaq kifayətdir. Ondan sonra da AXC hakimiyyəti Mütəllibov haqqında cinayət işi qaldırdı. Bu gün bir qrup insanın özlərini belə aparması onu göstərir ki, guya Mütəllibovun Azərbaycandan Moskvaya qaçmasında AXC hakimiyyətinin rolu olmayıb. Onun siyasi motivlərlə həbs olunmasını gündəmə gətirən insanlar siyasi riyakarlığın ən bariz nümunəsini göstərirlər. Belə insanlar elə zənn edirlər ki, qısa müddət ərzində hər şey unudulur, tarix yaddan çıxır. «Bizim yol» qəzetinə müsahibə verən Əli Kərimli qeyd edib ki, vaxtilə o, Ayaz Mütəllibovla birgə koalision hökumət qurmaq tərəfdarı olub. Guya bu bəyanatla AXC-nin Məclisində çıxış edib. Əlbəttə Əli Kərimli 1991-ci il aprelin 27-də bizim Bakı Dövlət Universitetinin qarşısında mitinq keçirməyimizin əleyhinə olub. Hətta buna görə AXC sıralarından çıxmaq barədə ərizəsini Qəzənfər Əhmədoğluna təqdim etmişdi. O zaman hamı bilirdi ki, onun hüquq fakültəsinin komsomol təşkilat katibi kimi rektor Mirabbas Qasımovla sıx əlaqələri var idi. Rektorun isə Ayaz Mütəllibovla yaxınlığı hər kəsə bəlli idi. 1990-cı ilin yanvarında Əli Kərimlinin Müdafiə Komitəsinin üzvü kimi vəsiqəsinin «Krasnaya zvezda» qəzetində çap olunması, amma həmin dövrdə bu faktın araşdırılmaması əslində bu gün də onunla bağlı bir çox şübhələri artırır. Mən əminəm ki, Mütəllibov Bakıya düşən kimi gedib Heydər Əliyevin qəbrini ziyarət etsəydi, mərhum prezidentin fəaliyyəti ilə bağlı açıqlamalarını həmin gün versəydi nə Mütəllibovun siyasi rəqibləri tərəfindən təqib olunması ilə bağlı söz-söhbət dolaşacaqdı, nə də «Bizim yol» qəzetində o fikir səslənməyəcəkdi. Bu məsələdə yenə də həmin adamlar yanıldılar. Ölkədən qovduqları bir adamın timsalında özlərinə müttəfiq axtarmaqla özlərini biabır etdilər.
- Bir məqama da aydınlıq gətirmənizi istəyərdik. Maraqlıdır ki, Türkiyədə PKK terror təşkilatı ilə bağlı hər hansı bir hadisə baş verəndə, bəlli düşərgənin təmsilçiləri və yazarları dərhal bu məsələlərdə Azərbaycan izinin axtarışına çıxırlar. Halbuki bu məsələdə hər hansı bir fakt yoxdur və Azərbaycan prezidenti Türkiyə baş nazirinin ölkəmizə səfəri zamanı bir daha rəsmi Bakının PKK-nı terrorçu təşkilat kimi tanıdığını bəyan etdi. Amma buna baxmayaraq, eyni yanaşmalar davam etməkdədir. Lakin nədənsə həmin siyasi dairələr konkret fakt kimi ortalıqda olan Türkiyə-Ermənistan iqtisadi-ticari əlaqələrinə münasibət bildirmək istəmirlər. Sizcə bunun səbəbi nədir?
- Daha öncə dediyim kimi onların əsas məqsədi dövlətin maraqlarından çıxış etmək deyil. Məqsəd dövlətin maraqlarından çıxış etmək olsaydı, onlar birinci qardaş Türkiyəyə səslənməli idilər. Narahatlıqlarını bildirməliydilər. Əvvəla deyim ki, bu adamların fəaliyyətlərində heç bir ardıcıllıq yoxdur. Xatırlayırsınız, onlar hər il aprelin 24-də Türkiyədən, ölkədaxili siyasətdən bir dəstək almaq üçün bir kampaniyaya başlayırlar. Hay-küy salırlar ki, Obama soyqırım ifadəsini işlətməsin. Əgər doğrudan da prezidentlərin dediyi sözün çəkisi, önəmi yoxdursa, nə üçün onlar ABŞ prezidentinin deyəcəyi bir sözdən bu qədər əndişələnir, narahatlıq keçirirlər. Bunu müqayisə üçün dedim. Bu adamların Türkiyənin Ermənistanla olan və gündən-günə genişlənən iqtisadi-ticari əlaqələrilə bağlı susmalarının yeganə bir səbəbi var: Fikirləşirlər ki, susmaqlarının, PKK məsələsini qabartmalarının, Türkiyə-Ermənistan iqtisadi əməkdaşlığını arxa plana keçirmələrinin müqabilində Türkiyənin siyasi dairələrinin dəstəyini qazanacaqlar. Məqsəd yenə də sırf daxili siyasətə hesablanmış cılız hisslər və cılız yanaşmalardır. Türkiyənin Ermənistanla bütün sahələrdəki əlaqələri ortadadır. Bu barədə bir kəlmə də olsun deyilmir. Amma olmayan PKK-Azərbaycan əlaqələrindən, PKK-ya hansısa Azərbaycan iş adamının maliyyə yardımı etməsindən genişinə-boluna danışır və yazırlar. Bəsit və reallığa uyğun gəlməyən yanaşma nümayiş etdirirlər. Türkiyənin naziri deyir ki, bizim Ermənistanla ticari əlaqələrimiz 250 milyon dolları keçib. Baxın, PKK-nın Türkiyəyə qarşı etdiyi cinayətlərdən daha ağırını Ermənistan Azərbaycana qarşı edib və etməkdədir. Əgər Azərbaycanda insanlar PKK ilə əməkdaşlıq etsələr, Türkiyə bunu necə qarşılayar? Azərbaycandan kimsə PKK ilə əməkdaşlıq edərsə o, bütün türk xalqının düşməni elan olunmalıdır! Amma bundan danışıb, öz dərdlərimizdən danışmamaq milli qeyrətsizlikdir. Görünür onlar üçün bu kimi məsələlərdə sərhəd yoxdur. Onlar özünə hörmət edən siyasət adamlarının toxunulmaz saydığı sərhədləri çoxdan keçiblər. Ermənilərlə saziş də bağlaya, ermənilərin və farsların verdikləri bəyanatlara sevinə də bilərlər... Bu da ciddi mənəvi aşınmanın göstəricisidir.

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *