vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
SƏNƏTÇİ  
18:42 | 4 noyabr 2013 | Bazar ertəsi Məqaləyə 3734 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Telefon, gic-gic oyunlar gənclərin evini yıxıb»

Nəzakət Teymurova: «İndi yeganə biznesim səsimdir»

Aysel Talıbqızı, Virtualaz.org

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, prezident mükafatçısı Nəsakət Teymurovanın başı hazırda əsasən dərslərə qarışıb. Bir də deyir ki, əlində studiya işləri var. Ramiz Mirişlinin mahnıları üzərində işləyir. İşlərinin çoxluğuna baxmayaraq virtualaz.org üçün müsahibə verməyə vaxt tapdı. Beləliklə, bugünkü müsahibimiz sevilən muğam ifaçısıdır.

- Nəzakət xanım, sözlərinizdən hiss edilir ki, müəllimlik sizin işdə ön plandadır. Tələbələrlə münasibətiniz necədir?
- Yaxşıdır. Mən onlara çox sərbəstlik verirəm. Tələbə 1-ci sinif şagirdi deyil ki, onlara «düz otur» deyim. Əsas odur ki, hörmətimi saxlasınlar, sənəti öyrənsinlər.
- Dövlət səviyyəsində muğama verilən qiymət ürəyinizcədirmi, oradan sizə pay düşürmü?
- Mənə düşən pay dərs verməyimdir. Muğama verilən qiymətə sevinirəm, amma tələbələrdən narazıyam, yaxşı öyrənmirlər. Biz elə çətin vəziyyətdə müəllimlərimizin hər sözünü beynimizə yığırdıq. Bunlar isə müəllimin dediklərini telefona yazır, sonra da dərsə hazırlıqsız gəlirlər. Uşaqlar həvəssizdir. Deyirsən oxu, atan-anan pul tökür, gələcəyini qur, eşitmirlər sözümüzü. Bizim vaxt informasiyanın çox olduğu  dövr deyildi, amma savadımız indikilərdən qat-qat çox idi. İndi telefon, gic-gic oyunlar, gic-gic musiqilər, səviyyəsiz şou verilişləri bizim gənclərin evini yıxıb. Az tələbəm savadlıdır. Heyfim gəlir gənclərə. Dəyərli vaxtlarını lazımsız yerlərə sərf edirlər. Məsləhət də verirsən, «bəli» deyir, amma üzünü çevirən kimi yenə öz işini görür. Elə bilir mənə nəsə pislik edirlər. Yox, belə deyil. Mən oxuyub, məsləhətə qulaq asıb öz yerimi tutmuşam. Amma sən nə olacaqsan -  bilinmir.
- Sizə səhnənin Leylisi deyirlər. Bu rolu neçə dəfə ifa etmisiniz?
- Onu saymaqla məşğul olmamışam. Əsas işim düzgün iş görüb peşəkarlıq nümunəsi nümayiş etdirmək olub. Mən operanı sevib gəlmişəm, çətinliklər barədə düşünməmişəm. Yüksək sənət göstərmək barədə düşünmüşəm. 2006-ci ildən vətənimizdə də, xaricdə də o rolu oynamışam, heç saymaq ağlıma da gəlməyib. Mən özümdəki mənfini də, müsbəti də görən insanam. Müsbəti qabartmıram, mənfini də görüb düzəldirəm. Mənim üçün say yox, keyfiyyət önəmlidir. İndikilərə nə var?! İstədiklərini çıxıb efirdə istədikləri kimi oxuyurlar, amma biz xırda addımımızı da düşünüb atırdıq. Mənim üçün səhnə müqəddəsdir. Toylarda oluram, rahatlıq tapmıram, amma bir səhnədə oxuyum, elə bilirəm dünya mənimdir. Toya məcbur olub gedirəm. Mənim üçün mənəviyyat əsasdır. Mən toyda oxuya bilmirəm, o mühit məni sıxır. Amma səhnədə varlığım yerinə gəlir.
- Deyirsiniz aktyor, aktrisa səhnənin tozunu udmasa, peşəkar ola bilməz. Çox uddunuz o tozları?
- Hə, çox. Rejissor məni o qədər ağladıb ki... Rejissor mənə eyni rolu yeddi ay boyunca hər gün 3 saat oynadırdı. Bezsəm də, yorulsam da sözdən çıxmazdım.
- Liderlik etməyi bacarırsınız?
- Sənətimdə - bəli. Müğənni düşündürməyi bacarmalıdır. Onda liderlik etmiş olur.
- İnsanlarla tez ünsiyyətə girə bilmirsiniz. Elə bil sıxılırsınız. Səbəb nədir?
- İnsanlara inanmıram. Uşaqlıqdan beləyəm. Doğmalarım mənə «istiqanlı deyilsən» deyib danlayardılar. Amma nə yaxşı ki, ünsiyyətcil deyiləm. İndikilər dost deyib düşmənçilik edir. Rəfiqəm yoxdur, sirrim ailəmdən başqasına açılmaz. Düzlüyü, səmimiyyəti, mehribançılığı sevirəm. İşlədiyim Azəf Zeynallı adına Musiqi Kollecində məni mehriban ünsiyyət saxladı. Əgər sevgi, düzlük görməsəydim, heç kimin sözü ilə burada qalıb müəllim işləməzdim. Mən tələbələrimə deyirəm əgər bu ocaqdan dərs almadınızsa, milyonlar da töksəniz, sənətkar olmayacaqsınız. Eşitmirlər, amma başa düşəndə gec olacaq. Mən riski sevən insanam. Heç vaxt əvvəlcədən «bu işi görə bilmərəm» demirəm. Operaya da təyinatımı özüm almışam. Ağırlığını düşünməmişəm, istəyimi düşünmüşəm. Ürəyimin səsinə qulaq asmışam. Qardaşlarım qoymurdu. İndikilərə nə var e, azaddılar. Biz qəfəsdən çıxıb bu şan-şöhrəti qazanmışıq. Mənə kürəyimdəki mələklər kömək edib. Mən Allahın sevdiyi bəndə olmuşam.
- Alın yazısı var? İnanırsınız ona?
- Bəli, çox inanıram. Olacaqsa - olacaq, olmayacaqsa - olmayacaq. Bu reallıqla barışıram.
- Alın yazınıza inanırsınız. Əgər bir gün qismət sizi bu sənətdən uzaq salsa, başqa gəlir mənbəyiniz hara olar?
- Bu haqda heç düşünməmişəm. Gərək indən belə fikirləşim. Amma indilik biznesim təkcə səsimdir.
- Həcc ziyarətində olmusunuz. Deyirsiniz o qara daşa başımı qoyanda hamıdan fərqli olaraq mən tək sevgi istədim. Sevgisiz qalmaqdan çox qorxursunuz?
- Məni bircə dənə sevgisizlik öldürər. Başqa heç kim, heç nə məni əzə bilməz.
- Ailə və sənət seçimi qarşısında qalmısınızmı heç?
- Çox olub. Həyat yoldaşım o qədər qastrollarımı ixtisara salıb ki... «Oxuma, oxuma» sözünü o qədər eşitmişəm ki... Özümü qəfəsdə hiss etmişəm. Sonradan yoldaşım da səhnədən uzaqda qala bilmədiyimi görüb təzədən icazə verdi. Geyimimə isə hələ də qarışır. Mən insanı bezdirən adam deyiləm. Məni də bezdirən olanda əsəbiləşirəm. Ona görə də sözü çürükçülüyə aparmıram. Hər bir qadının başı üstündə kişi olmalıdır. Qadın kişisiz cılızdır. Ailə tam olmalıdır. Sənət ömürlük deyil, amma ailə əbədidir.
- «Olar-olmaz»lar hələ davam edir?
- Bəli, cavab «bəli» olanda gedirəm, «xeyr» olanda getmirəm. Hara olursa olsun.
- Anasınız. Bu qadağaları qızınıza da qoyursunuz?
- Bəli.
- Eşidirmi sözünüzü?
- Eşitməlidir, amma bəzən dinləmir məni. Bu zəmanənin gənci olduğu o saat bilinir.
- Haqqınızda sifarişlə yazı yazırlar. Paxıllığınızı çəkən çoxdur deyəsən...
- Aciz, mənasız insanlardır. İşləri-gücləri yoxdur, məni qaralayıblar. Gündəmdə olan adamın haqqında dedi-qodu olur.
- Şou-biznesdən başınız çıxır?
- Yox. Bizimkilər şoudan çox tərbiyəsiz səhnələr göstərirlər. Bizdəki şou heç bilmirəm nədir. Mən bunları heç başa düşmürəm.