vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TÜRK DÜNYASI  
09:34 | 16 fevral 2017 | Cümə axşamı Məqaləyə 3239 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xıdır Nəbi bayramı haqqında nə bilirik?

Bu bayram indi də bəzi bölgələrimizdə yaşadılır

S.Qaliboğlu

MÖVZU İLƏ ƏLAQƏLİ

Elimizin inancına görə, fevralın 1-dən başlayan Kiçik çillənin ilk ongünlüyünü yaşamaqdayıq. Yüzillər boyu fevralın 6-10-da bölgələrimizdə Xıdır Nəbi bayramı keçirilib. Bu bayram indi də bir sıra bölgələrimizdə qalmaqdadır. Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Xalidə Mete Xıdır (Xızır) Nəbi obrazını geniş araşdıraraq müəyyən qənaətlərə gəlib. Tədqiqatçının sözlərinə görə, yalnız Azərbaycanda deyil, başqa türk xalqlarında da Xızırla bağlı inanclar dərin kök salıb.

Bəs Xızır kimdir? Neçənci əsrdə yaşayıb? Nə üçün folklorda bu qədər çoxşaxəli əks olunub?

X.Mete bildirir ki, Xızır bəzi qaynaqlarda əl-Hadr, əl-Hidr şəklində görünsə də, doğrusunun əl-Hadır olduğu qəbul edilir. Bu söz türklərdə Hızır, nadir hallarda Hidır, qırğız türklərində Kıdır (“Xıdır ata”), iranlılarda Khezz, Azərbaycanda Xızır şəklində istifadə edilir. Bir yerdə Xızırın soyu Nuh peyğəmbərə, o birisində İbrahim peyğəmbərə gedib çıxır. Başqa qaynaqda isə Adəm peyğəmbərin nəvəsi kimi göstərilir. Bu çoxçeşidliliyə baxmayaraq, qaynaqlardan ən çox etibar edilən birincidir.

Xızır obrazı ən çox suyun və torpağın sahibi kimi tanınıb. Əfsanələrə görə, Xızır İlyas suyun, Xızır Nəbi isə qurunun yiyəsidir. Xızır peyğəmbərin boz at minməsinə Azərbaycan folklorunun müxtəlif janrlarında rast gəlinir. Bəzən Xızır ağ at üzərində də təsvir olunur.

Folklorumuzda Xızır bir neçə adla - Xıdır, Xızır, Xızır İlyas, Xıdır Zində, Xıdır Elləz, Xızır Nəbi və başqa adlarla tanınır. Məsələn, Siyəzən rayonundakı Beşbarmaq dağı el arasında Xıdır Zində adı ilə tanınır. Beş barmağı andıran dağın zirvəsi isə Xıdır Zində babanın əlinin təsviri sayılır. Həmin dağla bağlı yaranan əfsanələr də bu fikri bir daha təsdiqləyir.

Folklorşünas qeyd edir ki, Azərbaycan Xızırı daha çox yazın gəlişi ilə əlaqədardır. Xızırın Novruzla bağlılığı həmişə folklorşünasların diqqət mərkəzində olub. Dədə-babadan hər il qış yarı olanda böyük çilləylə kiçik çillə arasında Xıdır bayramı keçirilərdi. Qabaqlar kiçik çillənin əvvəlində, indiki vaxtla fevralın 1-ci ongünlüyündə axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar. Hər qapıda “Xıdır payı” qoyardılar.

Xıdır Nəbi bayramı həm də qədim əkinçilik görüşləri ilə bağlıdır. Üç gündən ibarət olan Xıdır Nəbi bayramının birinci günü torpaq öyülərdi. Od qalanardı ki, torpağın nəfəsi qızınsın. Bağlar təmizlənər, çör-çöp, xəzəl yığılıb yandırılardı. Bayramın ikinci günü evdəki hər öküzün adına üç duzsuz kömbə bişirilib öküzlərin qarnının altından diyirləyər və oxuyardılar:


Xıdır Nəbi, Xıdır İlyas,

Bitdi çiçək, oldu yaz!


Bayramın üçüncü günü cütçü və əkinçinin şəxsində torpağı becərən, yer şumlayan, əkin əkən əməkçilər tərif olunardı. Boz at üzərində gələcək Xıdır Nəbinin əlində od olacağı və insanlara sağlamlıq gətirəcəyi düşünülərdi. Mərasimdə əkinçi, cütçü və sayaçı nəğmələri oxunar, Xıdır Nəbiyə nəğmələr, şeirlər qoşulardı. Bayramın hər üç günündə cavanlar hava işıqlanmazdan qabaq əllərində şam əkin yerlərindən keçib Xıdır Nəbini axtarmağa gedərdi. Onlara “Xıdırçı” deyərmişlər. Həmin mərasim dövründə gərək hər ev, hər ailə bu mərasimə hazırlaşsın, mərasim təntənə ilə keçsin. Mərasimi hamının icra edə bilməsi üçün yoxsullara yardım edərmişlər ki, bayram axşamı bir ev belə azuqənin yoxluğundan əziyyət çəkməsin və hər evdə süfrə açılsın. Əgər belə olmazsa, Xızır bunu özünə sayğısızlıq sayar və küsüb gedər, baharın gəlişi uzanar:


Xan Xıdır atdı gəldi,

Palçığa batdı gəldi.

Xan Xıdırım addıdı,

Xan Xıdırım oddudu,

Sünbülü daddıdı.


Day verin Xıdıra,

Pay verin Xıdıra,

Hay verin Xıdıra.

Süfrəsi daddı gəldi,

Xan Xıdır atdı gəldi.


El arasında Xızırın əbədiliyi və ölməzliyi su ilə bağlıdır. Bəlkə bunun nəticəsidir ki, Novruz bayramında ilk çərşənbə məhz su çərşənbəsi kimi keçirilir. Xalqda belə bir deyim var ki, ilk çərşənbədə Xızır peyğəmbər su üstünə gəlir və ondan sonra sular şırıltı ilə axmağa başlayır.