vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
18:55 | 18 aprel 2013 | Cümə axşamı Məqaləyə 2815 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Torpaqdan məhrum mərhumlar»

Qurban YAQUBOĞLU

Mərhum şair Ağa Laçınlının ailəsinə məxsus torpağın zəbt olunduğunu eşidən hər hansı kənar adam bunu adi mülkiyyət dolaşıqlığı, yer mübahisəsi kimi də yoza bilərdi.

Hərçənd yavaş-yavaş detallar açıqlandıqca (bəli, məşhur ifadə tamamilə yerinə düşür: Şeytan bu dəfə də detallarda gizlənib…) bu mülkiyyət mübahisəsinin, torpaq haqq-hesabının matıq-qutu qurudan təfsilatı ortaya çıxdı. Demə, mərhum şairin torpağının bir hissəsini həmin ərazinin tabeçiliyində olduğu yerli icra hakimiyyəti rəhbəri öz anasının adına “sənədləşdirib”. Lənət şeytana, anaya belə hədiyyə verərlərmi?
Axı, torpağın hüquqi sahibi olan şair dünyasını dəyişəndən sonra mülkiyyət vərəsəlik yoluyla onun həyat yoldaşının, yəni ailənin başçısı olan qadının adına keçib; beləliklə, zəbt olunmuş torpaq bir növ — əslində birbaşa — bir ananın əlindən alınıb başqa bir ananın ixtiyarına verilmiş sayılır…
Əlbəttə, olmaz. Belə olmaz, uşaqlar. Anaları narahat eləməyin. Onlar nə belə hədiyyəni verərlər, nə də bu sayaq hədiyyəni götürərlər.
Məsələnin bir başqa özəlliyi də odu ki, imzasına doğulduğu torpağın adını həkk eləmiş mərhum şairin yurdu işğal altındadı. Laçındakı dədə-baba torpağını itirmiş bir insanın, bir atanın, bir ailə başçısının Badamdardakı qanuni torpağını paralanmamış, bütöv halda balalarına miras qoymaq haqqı var, elə deyilmi?
Bir hadisənin statistika sayılmadığı aydındı. Adətən, cəmiyyət baş vermiş bir pis olayı, bir acı faktı nadir hadisə kimi qarşılayır; insan şüurunda olanın bir daha olmayacağına, təkrarlanmayacağına ümid mexanizmi var. Ancaq ikinci baş verirsə…
Bax, bu, artıq həyəcan doğuran gəlişmə deməkdi. Məhz onda aydın olur ki, birinci baş verən nadir və təkrarsız deyilmiş, əksinə, davamı olan başlanğıcmış.
Birinciyə heç deyib əl yelləmək bəlkə də olardı. Təkrarlanırsa heç sayılmamalıdı. Bu, artıq infeksiyafason qorxulu cəmiyyət xəstəliyidi, hamıya, hər kəsə dəxli olan, hamını bircə-bircə təhdid edən mərəzdi. Təcili tədbir görülməlidi.
Oxşar hadisə daha bir mərhum ziyalının — xalq şairi Qabilin oğlu Mahir İmamverdiyevin ictimailəşdirdiyi faktda üzə çıxdı. Demə, Qabilin də 12 sot bağ torpağını zəbt eləyiblərmiş. Çoxdan zəbt eləyiblərmiş, onda hələ xalq şairi sağ-salamatmış, ancaq bu, məsələnin, yəni şəxsi mülkiyyətə olan saymazyana və ağayana müdaxilənin mahiyyətini dəyişmir. Hətta Mahir bu fakta nə qədər təmkinlə, yaxud ironik-yumoristik üslubda yanaşmağa cəhd eləsə də, baş vermişin tragik məğzi öz təsirini zərrəcə azaltmır.
Və o da hiss olunur ki, atası sağ olanda öz halalca torpağının zəbtinə laqeyd yanaşmış Mahir İmamverdiyevə indi bu acı reallıqla razılaşmaq çətin və əziyyətli görünür. Bəlkə də, qüruruna toxunur. Hər halda, ağrıyır ki, danışır. Axı, həmin torpaq sözün hərfi mənasında onun dədəsinindi…
…Ölkədə mülkiyyət probleminin olduğunu heç kəs danmır, bunu danmaq heç mümkün də deyil. Və görünür, ilk belə faktın nə zaman baş verdiyinə də diqqət eləməliyik. Vaxtında O-nun qarşısını almamışıq, heç olmasa BU-nun qarşısını alaq.
Sonuncu olsun!

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)