vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
01:31 | 19 fevral 2017 | Bazar Məqaləyə 2967 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Emal sənayesi vacibdir

Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün prioritet bazarlar hansılardır?

Şəbnəm MEHDİZADƏ
kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Neftin qiymətinin 3-4 dəfə azaldığı bir dövrdə əsas gəlirləri neftdən asılı olan ölkələr bir sıra çətinliklərlə rastlaşdılar. Təbii ki, proseslərin fonunda Azərbaycanda da bir sıra problemlər yaşandı. Lakin məhz bu amil ölkəmizin post-neft dövründə digər imkanlarından səmərəli inkişafına əlverişli şərait yaratmış oldu. Belə ki, ötən ilin dekabr ayında dövlət başçısı tərəfindən imzalanan strateji «yol xəritələri»ndə iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafına dair tədbirlər planı hazırlandı. Bunlardan biri də məhz aqrar sahənin inkişafı üçün nəzərdə tutulub. Təbii şəraitdə yetişdirilən kənd təsərrüfatı məhsullarımız son illər ərzində bir çox dünya ölkələrinin diqqətini cəlb etməkdədir. İldən ilə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artacaq. İstehsalla yanaşı, bazar da axtarmaq vacibdir. Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün prioritet bazarlar hansılardır? Məhsullarımızı daha hansı bazarlara ixrac etmək imkanlarımız var? Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.


Daha müasir texnologiyadan istifadə etməklə, intensiv istehsalı təmin etmək mümkün olarsa...

 

İqtisadçı Rəşad Həsənov deyir ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları dünyanın bir çox ölkələrinə ixrac oluna bilər: «Hazırda qlobal ərzaq bazarında mühüm problemlərdən biri də məhz geni modifikasiya olunmuş məhsulların geniş yayılmasıdır. Azərbaycanda aqrar sferada innovasiyanın zəif tətbiq edilməsi, eyni zamanda, modifikasiyaya meylliliyin aşağı olması, məhsullarımızın dünya bazarlarında bir çox kənd təsərrüfatı məhsulları ilə rəqabətdə üstün olmasına gətirib çıxarır. Bu baxımdan, Azərbaycan məhsullarının keçmiş SSRİ ölkələri, Orta Asiya, Rusiya və Ukrayna bazarlarına da ixracatı mümkündür. Eyni zamanda, digər ölkələrə, xüsusilə bu günlərdə ölkəmizlə əməkdaşlıq etməyə meylli olan yaxın Şərq və Ərəb ölkələri bazarlarına da ixrac mümkündür. Belə ki, Ərəb ölkələrinin təbii coğrafi şəraiti bazarlarda kənd təsərrüfatı məhsullarının ciddi çatışmazlığına səbəb olur. Belə bir şəraitdə həmin ölkələrlə ən müxtəlif formada əməkdaşlıq, məhsul ixrac etmək üçün münbit şərait yaranır».

İqtisadçı qeyd etdi ki, bununla yanaşı elə məhsullarımız var ki, onlarla bağlı araşdırmalar və nəticələrin modelləşdirilməsi aparılır: «İlkin nəticələrə əsaslanıb deyə bilərəm ki, Avropa bazarlarında da müəyyən məhsullarımız - məsələn, xurma, fındıq, nar, üzüm və s. təbii müqayisədə üstünlüyə malikdir. Lakin bu məhsulların istehsalı, son istehlakçıya təqdim edilməsi, onun Avropa bazarlarına çıxarılması və digər lazımi prosedurlara əməl olunması kimi məsələlər hələlik öz həllini tapmayıb. Eyni zamanda, hasilatın və istehsalın artırılması məsələsi də gündəmdədir. Aparılan araşdırmalar nəticəsində müqayisəli üstünlüyə malik sahə kimi qiymətləndirilsə də, Azərbaycanda kənd təsərrüfatının gücü bir o qədər də böyük deyil. Ölkə iqtisadiyyatında bu sahənin payı altı faizdir. Həmçinin daxili bazarların strukturuna da nəzər salsaq, görərik ki, bir çox hallarda yerli istehlak məhsulları, söhbət kənd təsərrüfatı məhsullarından gedir ki, idxal hesabına təmin olunur. Belə bir şəraitdə biz çox da böyük sektorlu bazarlardan danışa bilmirik. Çünki bizim istehsal gücümüz zəifdir. Azərbaycanda aqrar sektorda daha çox ekstensiv inkişaf modelinə üstünlük verilir. Aqrar sahədə bəzi keçmiş ənənələr təəssüf ki, hələ qalmaqdadır. Bu baxımdan, əgər kənd təsərrüfatının daha müasir texnologiyadan istifadə etməklə, intensiv istehsalını təmin etmək mümkün olarsa, təbii ki, bazarların diversifikasiyası və məhsulların rəqabətinin artırılması haqqında da düşünməyə dəyər».

R.Həsənov deyir ki, Azərbaycanlı fermerləri narahat edən bəzi məqamlar var: «Vahid bazarlardan asılılıq bir çox hallarda neqativ təsirlərlə müşahidə edilir. Məsələn, dəfələrlə müşahidə etmişik ki, Rusiya ilə Azərbaycan arasında müşahidə edilən hər hansı kiçik siyasi anlaşılmazlıq belə son nəticədə iqtisadi sferaya təsir edir. Heç bir əsas gətirilmədən azərbaycanlı fermerlərin məhsulları günlərlə, aylarla, həftələrlə saxlanılır və xarab olur. Fermer də bir il ərzindəki fəaliyyətini aparıb bazarda satışını reallaşdıra bilmədiyindən növbəti dövrlərdə öz fəaliyyət prosesini təmin edə bilmir. Belə bir halda bu kimi hallar təbii ki, iş prosesində problemlər yaradır. Bu baxımdan strateji «yol xəritələri»ndə əslində diversifikasiyanın tövsiyə edilməsi, hədəflərin müəyyənləşdirilməsi normal qəbul ediləndir. Amma ilk növbədə daha çox yerli istehsalın inkişafının həcminin artmasına nail olmalıyıq ki, bu da əsas parametrlərdən və hədəflərdən biri hesab edilir».

 

Emal sənayesinin yaradılması da çox vacibdir

 

İqtisadçı ekspert Qadir İbrahimli açıqlamasında bildirdi ki, Azərbaycanın aqrar məhsullarının bir sıra dünya bazarlarına çıxış imkanları var: «Burada söhbət təkcə Rusiya bazarlarından getmir. Lakin keçmiş MDB ölkələrinə məhsul ixracı bir o qədər də sərfəli deyil. Çünki həmin bazarların özü bu məhsullarla zəngindir. Yaxşı olar ki, məhsul bazarlara xammal şəklində yox, ilkin emal formasında ixrac edilsin. Məsələn, meyvə-tərəvəz əvəzinə meyvə-tərəvəzin konserv məhsulları buna misal ola bilər. Əgər belə olarsa, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracat imkanlarını artırmaq olar. Lakin söhbət təkcə xammal ixracatından gedirsə, hesab edirəm ki, bu bir o qədər də perspektivli deyil. Avropa bazarlarına gəldikdə isə deyə bilərəm ki, hələlik Azərbaycanın kənd təsərrüfatı məhsulları həmin bazarların tələb etdiyi standartlara cavab vermir».

İqtisadçı deyir ki, keyfiyyətli məhsul istehsal etməklə daxili tələbat ödənilməlidir. Yalnız bundan sonra ixracat haqqında düşünə bilərik: «Hesab edirəm ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları hələlik keyfiyyət baxımından xarici bazarlarda rəqabətə davamlı deyil. Rəqabət qabiliyyətini artırmaq üçün böyük bir aqrar proqram olmalıdır. Fermerlərin müəyyən güzəştlər və subsidiyalar tətbiq edilməlidir. Əsas məsələ aqrar sektorda rəqabət mühitinin yaradılmasıdır. Həmçinin, emal sənayesinin yaradılması da çox vacibdir. Emal sənayesi olmadan kənd təsərrüfatını inkişaf etdirmək və xarici bazarlara çıxmaq mümkün deyil. Çünki emal müəssisələri kənd təsərrüfatı məhsullarını satış bazarı rolunu oynaya bilər. Fermer bilməlidir ki, onun istehsal etdiyi məhsul əlində qalmayacaq. Əgər sözügedən emal müəssisələri yaradılarsa, bu amil aqrar sektorun inkişafında stimul ola bilər».