vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SƏNƏTÇİ  
18:18 | 5 noyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 3862 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mini yubkada muğam oxumazlar»

Mələkxanım Əyyubova: «Bəzi böyüklərimiz dünənki uşaqlara dil verir»

Aysel TALIBQIZI, Virtualaz.org

MÖVZU İLƏ ƏLAQƏLİ

Muğam ifaçısı Mələkxanım Əyyubova çox nadir hallarda müsahibə verir. «Məni danışdırmaq çətindir. Həmkarlarınız məni bəzən aylarla danışdıra bilmirlər» - deyən xanəndə əslində mətbuatdan o qədər də qaçan adam deyil. Dediyinə görə, efirlərə üstünlük verir. Amma...

Amma Mələkxanımın «saqqızını oğurlamaq» elə də çətin olmadı. «Axı bu gün - noyabrın 5-i sizin ad gününüzdür, təbrik edirik...» deyincə xalq artistinin virtualaz.org saytına müsahibəsi öz-özünə alındı. Suallar da necə deyərlər, bədahətən, bəzən hətta nizamsız-filansız gəlirdi.
- Bu gün ad gününüzdür. Necə qeyd edəcəksiniz? Təmtəraq olacaqmı?
- Mən heç vaxt başıma sənət adamlarını toplayıb təmtəraqlı ad günü eləməmişəm. Keçən il yubileyim qeyd olundu. Bu il də məni sevənlərlə birgə qeyd edəcəyik, inşallah. Çəkilişi sevmirəm, ona görə təmtəraq olmur. Efirlər ad günümü qeyd edir, daim diqqətdə saxlanılıram. Təşəkkür edirəm hamıya.
- Hədiyyə verməyi sevirsiniz, yoxsa almağı?
- Hədiyyəni verə bilməyən almağı da gözləməsin. İkisi də ustalıq və mədəniyyət tələb edir. Hörmət görmək istəyən hörmət etməlidir. Əlinə gələni verdiyinin adını hədiyyə qoymaq olmaz. Bahalı hədiyyə əsas deyil. Diqqət və lazımlı bir şey olmalıdır.
- Bir ömür saxlayacağınız hədiyyələr var?
- Bəli, çoxdur.
- Layiq olduğunuz qiyməti-hörməti almısınız?
- Bəli. Layiqli qiymətimi Allah mənə hər zaman nəsib edib.
- Fransada, Almaniyada, Türkiyədə albom çıxarmısınız. Daha hansı ölkələrdə albom çıxaracaqsınız?
- Bilirsiniz, onları mən çıxarmamışam. Ölkələrdən təklif gəlib, onlar öz hesablarına bu albomları çıxarıblar. Yenə təklif gəlsə, əlbəttə ki, dəyərləndirərəm.
- Bir sənətkar üçün aldığı bütün titullar vacibdirmi?
- Bəli, lazımdır. Bunlar sənətkara ruh verir. Həvəsini atırır. Amma birinci xalqın sevgisidir. Bizim bəzi böyüklərimiz  dünənki uşaqlara dil verirlər. Tanınmış bir sənətçimiz çıxır efirdə yenicə addım atan bir gəncə deyir ki, bala, sən əla oxudun, heç xalq artistlərimiz sənin kimi oxuya bilməz. O gənc sabah hansı sənətkara hörmət edəcək, kimi sayacaq? Mənim də bir tələbəm tez böyüdü, saymazyana hərəkətlər elədi. Amma o, özünü hörmətdən saldı. Mənim səviyyəm də, çəkim də yerindədir. Böyükləri hörmətsiz edən elə böyüklərin sözüdür. Artıq sən o sözünlə onu yönəltdin ki, böyüyü sayma. Analıq edirsən, himayə edirsən, sonra tez qudururlar, çünki dil verənlər var. Biz özümüzdən böyüklərə salam verməyə belə çəkinirdik. İndikilər isə gözümüzə hoppanır.
- «İndi əlçatmaz qalmayıb, istədiyin məşhuru pulla hara istəsəm, gətirib oxutduraram» deyənlərin fikirləri ilə razısınız?
- Məni kim pul verib şou-proqrama aparıb oxutdura bilər? Sənətkar olanın şou-proqramda, restoranlarda nə işi var? Onu şou adamları üçün deyərlər, sənətkarlar üçün yox. O sözü deyən düz deyib, amma şou adamı üçün söyləyib. Onlar kimdir ki, onlara da əl çatmasın?
- Bu günün gənclərinə vətəni tapşırmaq olar?
- Uşaqlarımızın bünövrəsi düzgün qoyulmur. Əvvəllər də qüsurlar olub, amma bu qədər açıq-aşkar yox. Bilirsiniz necədir, deyir balam əzizidir, tərbiyəsi ondan da əzizdir. Canımızı verərik balalarımıza, amma gərək həddində. Yoxsa sabah utanan da özümüz olacağıq. Valideynin hökmü olmalıdır ki, uşaq ondan qorxsun. Uşağı yönləndirmək lazımdır. 
- Üzünüzə yalandan gülənləri tanıya bilirsiniz?
- Rentgen kimi. O saat, yerindəcə tanıyıram. Həssas insanam.
- Öz yerinizi bilirsiniz?
- Əgər bilməsəydim, bu qədər xalqın sevgisini rəğbətini qazanmazdım.
- Sirr deyilsə, sizi kim və ya nə ram edə bilər?
- Yalnız təmiz qəlb.
- Odunuzun üstünə kim su tökür?
- Həyat yoldaşım. Həm də mən hələm-hələm hirslənmirəm. Çox səbrliyəm. Axırıncı dəfə nə vaxt hirsləndiyimi xatırlamıram desəm, səmimiyyətimə inanın. Mən qaraçı dediyin ən həyasız insanla savaşa bilmərəm. Sakitcə üzümü çevirib gedərəm. Səbrin özü yüksək mədəniyyətdir. Məndə o var.
- Mini yubkada muğam oxumaq olar?
- Hərənin öz zövqü var. Ancaq milli musiqi oxuyursansa, milli geyim də geyinməlisən. Mini yubkada muğam oxumaq olmaz, bu, janrın özünə hörmətsizlikdir.
- Müğənni oynamalıdır, yoxsa oxumalı?
- Oxumalıdır. Amma indikilər rəqqasəlik də edir. Mən də belə görəndə hirslənirəm. Mahnı ilə yaşamaq başqa hissdir.
- Qazandığınız günah çoxdur, yoxsa savab?
- Onu bilən tək Allahdır. Bilə-bilə qəlb qırmaram. Bəlkə də yaxşılığım yazılmaz. Ona görə Allah bilir. Günahımızı Yaradan özü bağışlasın. Namaz qılıb oruc tutmuram. İnşallah, bu da nəsib olar. Oruc tut, namaz qıl, sonra da saxtakarlıq elə. Bunun harası din və Allah yolu oldu? Qeybət et, sonra de dindaram. Belə olmaz.
- Kövrəksiniz?
- Çox. Həddən ziyadə, çünki gözləmirsən ki, kimsə sənə pislik edər. Amma edir, sonra da ürəyin sınır.
- Tez qərar verirsiniz?
- Yox, min ölçüb bir biçirəm.
- Komplekslisiniz?
- Bir az hə.
- Sözü üzə deyənsiniz?
- Lazım gəldiyi yerdə hə, deyirəm.
- Dostunuz çoxdur?
- Var. Amma ürək sirdaşım ailəmdir. 
- Özünüzdən razısınız?
- Yaxşı mənada - bəli.
- Bədxərcsiniz?
- Yox. Hər yaşımda pulla davranmağı bacarmışam. Çox nizamlıyam. Mühasibatlıqda işləsəydim, yaxşı işçi olardım.
- Vasvası insansınız?
- Off.. Özü də xəstə kimi.