vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ENERGETİKA  
19:10 | 28 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 2358 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neftin bahalaşması milli valyutaları gücləndirəcək

Manat 9, rubl 7, tenge 4 faiz möhkəmlənib

Vahab RZAYEV, APA Analitik Mərkəzi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Citibank» mütəxəssislərinin proqnozlarına görə, neftin qiyməti bu ilin sonuna kimi 1 barelə 70 dollara çata bilər. Bu qiymət artımı bazarda təkliflə tələb arasında tarazlığın yaranması səbəb olacaq. Eyni zamanda birinci rüb üçün qiymət təxminən 55 dollar səviyyəsində proqnozlaşdırılır. «Citibank»ın bu müsbət və ümidverici proqnozu OPEC tərəfindən neft hasilatın azaldılması amilinə əsaslanır.

Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyinin icmalına görə, yanvar ayında OPEC üzvləri məcmu olaraq neft hasilatlarını sutkada 1 milyon barel azaldıb və hazırda hasilat 32,06 milyon barelə bərabərdir. Liviya və Nigeriyada artımı tarazlaşdırmaq üçün bəzi ölkələr, ilk növbədə Səudiyyə Ərəbistanı hasilatı öhdəlikdən daha çox azaldıblar. Bu detallardır, əsas odur ki, 2017-ci ilin əvvəlindən gözlənilən hasilat artıq azaldılır. Bu, neft bazarı üçün çox yaxşı xəbərdir, o səbəbdən  dərhal bazara təsir edib. 

Hazırda «Brent» markalı neftin qiyməti 56 dollara bərabərdir ki, bu da ilin əvvəli ilə müqayisədə təxminən 1 dollar aşağıdır. Ümumilikdə, ilin əvvəlindən neftin qiyməti 53,7-56,8 dollar çərçivəsində dəyişib, yəni neftin qiyməti sabitdir. Amma bu, ilin əvvəlinə nisbətən, əgər neftin qiymətinin illik dinamikasını götürsək, onda mənzərə tam olaraq fərqlidir – bazarda iri həcmdə artım müşahidə olunur.

Göründüyü kimi, ötən ilin sonunda neftin qiyməti 55 dolların ətrafında sabitləşib və bu günə kimi bu tendensiya davam edir. Bu baxımdan «Citibank»ın rüb üzrə proqnozunun reallaşacağını demək olar. Çünki hələlik bazarda elə bir gözlənti yoxdur ki, neftin qiyməti kəskin dəyişsin. Sonrakı dövrlərə gəlincə isə mütəxəssislərin fikrincə, OPEC-in addımlarının nəticələri hələ də bazara tam olaraq təsir etməyib, onun müsbət təsirləri ilin ikinci rübündə görünəcək və qiymətlərə təsir edəcək. Həmçinin unutmaq lazım deyil ki, OPEC-in sazişi yalnız yarım illikdir və ilik ortalarında onun uzadıb-uzadılmaması barədə qərar qəbul ediləcək. Citibank analitiklərinin gözləntilərinə görə, OPEC bazara lazım olan qərar qəbul edəcək və neft hasilatı üzrə limiti azaltmasa da, hasilatı dondurmaq barədə sazişin müddəti uzadılacaq. 

Aydındır ki, neftin bahalaşması dərhal neft ixracatçılarına müsbət təsir edib. İlk növbədə bu valyutada əks olunub ki, neft ixracat edən ölkələrin valyutaları möhkəmlənib. Məsələn, Rusiyada dolların məzənnəsi 57 rubla düşüb, fevralın əvvəlindən rubl təxminən 6,5-7 faiz möhkəmlənib. Oxşar mənzərə Qazaxıstanda da müşahidə olunur: hazıra dolların məzənnəsi 312 tenqeyə bərabərdir ki, bu da fevralın əvvəli ilə müqayisədə 13 tenge və ya 4 faiz aşağıdır. Maraqlıdır ki, Azərbaycanda da analoji tendensiya müşahidə olunur, baxmayaraq ki, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası manatın məzənnəsinin neftin qiyməti ilə hər hansı əlaqəsi olduğunu «bir səslə» inkar edirlər. Halbuki fakt ortadadır, fevralın əvvəlindən dolların məzənnəsi 1,92 manatdan 1,75 manatadək, yəni 9 faizə yaxın aşağı düşüb. Əlbəttə ki, neftin qiyməti ilə manatın məzənnəsi ilə bir birbaşa əlaqə olmazsa belə, neftin satışından daha çox vəsaitin əldə edilməsi faktı nəticəsində ölkədə dollar kütləsi artır. Və bu Dövlət Neft Fondunun bazara dolların təklifi imkanları artırır. Sadə desək, Dövlət Neft Fondunun büdcə qarşısında öhdəlikləri və bəzi layihələrdə iştirakı neftin qiymətindən də asılıdır. Yəni neftin qiyməti yüksək olsa Neft Fondu da bazara daha çox dollar çıxardacaq ki, bu da manatın möhkəmlənməsinə dərhal təsir edəcək. 

Hər halda, əgər «Citibank»ın proqnozu reallaşsa, neft ixrac edən ölkələrdə milli valyutaların daha da möhkəmlənməsini gözləmək olar. Bundan əlavə olaraq, bu, neft ölkələrinin iqtisadiyyatlarına müsbət təsir edəcək. Proqnozun real olub-olmaması barədə isə bunu demək olar: 70 dollar həddinə indiki səviyyədən nə az, nə çox, düz 25 faizlik artım qalıb və bu, nisbətən iri rəqəmdir. OPEC tərəfindən bazarda təklifin azaldılmasına istiqamətlənən addımlar davam edilsə, bəlkə də, qalan 10 ay ərzində 25 faizlik artım baş verə bilər. Həmçinin bu məsələyə tələbat faktoru da təsir edə bilər, çünki bəzi proqnozlara əsasən, bu ilin ortalarında dünyada neftə tələbatın artacağı gözlənilir. Məsələn, OPEC-in proqnozuna əsasən, bu il dünyada neftə tələbat sutkada 1,19 milyon barel təşkil edəcək ki, bu da əvvəlki proqnozla müqayisədə (1,155 milyon barel) 3 faiz çoxdur. Proqnozun yaxşılaşdırılmasına soyuq havalar, ABŞ, Avropa, Çin və Hindistanda avtomobil nəqliyyat vasitələrinin satışının artması və dünyada neft-kimya sahəsində vəziyyətin yaxşılaşdırması amilləri də təsir göstərir. Ümumilikdə, «Citibank»ın proqnozunun real olduğu barədə hələ danışmaq tezdir, amma neftin qiymətinin artıq iki ay ərzində 56 dollar səviyyəsində sabitləşməsi faktdır və müəyyən amillər neftin bahalaşmasının lehinə «danışır».