vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
09:07 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 1474 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Etnik təmizləmə – yeni beynəlxalq cinayətdir

Azərbaycan hansı beynəlxalq məhkəməyə müraciət edə bilər?

MÖVZU İLƏ ƏLAQƏLİ

Müasir şəraitdə soyqırım törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bir sıra mexanizmlər mövcuddur. Bir çox hallarda bu prosesi dövlətdaxili cinayət təqibi orqanları həyata keçirir.

Digər tərəfdən, milli hüquq-mühafizə orqanları bu və ya digər səbəblərdən caniləri təqib etmək iqtidarında olmayanda beynəlxalq məhkəmə mexanizmləri işə düşür. Burada Xocalı soyqırımı ilə bağlı bir mühüm məsələyə toxunmaq zərurəti yaranır. Müəyyən vaxtlarda belə fikirlər səslənir ki, bu əməli törədən şəxsləri cinayət məsuliyyətinə cəlb etmək üçün Azərbaycan Haaqa məhkəməsinə müraciət etməlidir.

Lakin, bir mühüm məsələni vurğulamaq lazımdır ki, Niderland Krallığının Haaqa şəhərində bir sıra beynəlxalq məhkəmə instansiyaları yerləşsə də, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən məsələni həll edəcək orqan yoxdur. Bunu Milli Məclisin hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov deyir. Belə instansiyalardan biri, BMT-nin Beynəlxalq Məhkəməsidir və onun səlahiyyətlərinə dövlətlərarası mübahisələrə baxılması aiddir, başqa sözlə desək, bu orqan beynəlxalq cinayətlərə görə fərdi məsuliyyət məsələlərini həll etmir.

Digər bir məhkəmə orqanı keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalıdır və onun səlahiyyətlərinə Yuqoslaviya ərazisində 1991-ci ildən başlayaraq törədilmiş beynəlxalq humanitar hüquq pozuntularında ittiham edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi daxildir. Tam aydındır ki, bu orqanın qeyd olunan ən ağrılı problemimizlə heç bir əlaqəsi yoxdur.

Haaqada yerləşən  növbəti beynəlxalq məhkəmə orqanı 1998-ci ilin iyun ayında Romada keçirilən Diplomatik Konfransda təsis edilmiş Beynəlxalq Cinayət Məhkəməsidir. Onun yurisdiksiyasına təcavüz, soyqırım, hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər daxildir. Lakin təəssüflə qeyd etməliyik ki, bu məhkəmə orqanı yalnız onun nizamnaməsi qüvvəyə mindikdən etibarən, yəni, 1 iyul 2002-ci il tarixdən sonra törədilən cinayətlərə şamil edilir. Bu isə qeyd etdiyimiz müddətə qədər Azərbaycan Respublikası ərazisində törədilən beynəlxalq cinayətləri ehtiva etmir.

Haaqada həmçinin Livan üzrə xüsusi tribunal yerləşir. Bu tribunal 2007-ci ildə BMT və Livan Respublikası arasında bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir və onun əsas təyinatı 14 fevral 2005-ci il tarixdə Livanın sabiq Baş naziri Rafiq Həririni qətlə yetirən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını təmin etməkdir. Əlbəttə ki,  bu orqanın da  Xocalı soyqırımına heç bir aidiyyəti yoxdur. Lakin diqqəti bir fakta cəlb etmək istərdik. Azərbaycan heç bir halda hansısa beynəlxalq məhkəmə orqanının əleyhinə deyil və qətiyyətlə törədilmiş cinayəti pisləyir. Ancaq bu məsələdə hüquqi cəhətdən anlaşılmayan bir problem var. Axı necə ola bilər ki, bir neçə nəfərin terror aktı nəticəsində ölümü ilə əlaqədar beynəlxalq tribunal yaradılır, ancaq  613 günahsız insanın amansızcasına məhv edilməsinə beynəlxalq aləm heç bir hüquqi cavab vermir. Fikrimizcə, burada artıq şərhə ehtiyac yoxdur.

Maraqlı bir fakt da ondan ibarətdir ki, dünyanın başqa regionlarında törədilən cinayətlərlə bağlı beynəlxalq birlik çox böyük həvəslə xüsusi tribunallar təsis etmişdir: keçmiş Yuqoslaviya (1993, may), Ruanda (1994), Sierra Leone (16 yanvar 2002), Şərqi Timor (6 iyun 2000), Kamboca məhkəmələrində fövqəladə  palatalar (2003) və s.


Etnik təmizləmə – yeni beynəlxalq cinayətdir


Məhz bu baxımdan Xocalı soyqırımı və ümumiyyətlə Azərbaycanın işğal edilmiş ərazilərində törədilmiş hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərlə bağlı yeni bir beynəlxalq cinayət – etnik təmizləmə son dərəcə aktual bir problemdir.        

Etnik təmizləmə yeni bir fenomen olmasa da, bu anlamda yalnız XX əsrdə fundamental insan hüquqlarının pozuntusu kimi qiymətləndirilmişdir. İlk dəfə olaraq etnik təmizləmə BMT-nin Təhlükəsizlik Şurasının 771 saylı 13 avqust 1992-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Həmin qətnamədə, etnik təmizləmə praktikası beynəlxalq humanitar hüququn kobud pozuntusu olaraq pislənmişdir. Etnik təmizləmənin beynəlxalq humanitar hüququn kobud pozuntusu olması BMT-nin həm Təhlükəsizlik Şurasının, həm də Baş Assambleyasının bir sıra qətnamələrində də öz əksini tapmışdır. Bu sırada Baş Assambleyanın 16 dekabr 1992-ci il tarixli «Etnik təmizləmə və irqi dözümsüzlük» adlı qətnaməsi xüsusi yer tutur. Bu qətnamədə qeyd olunmuş üç məsələ Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir:


1) etnik təmizləmə hamılıqla tanınan insan hüquqları və əsas azadlıqları ilə uyğun gəlmir;


2) etnik təmizləməni törədən və ya buna əmr verən şəxslər fərdi cinayət məsuliyyəti daşıyırlar və ədalət mühakiməsi qarşısında cavab verməlidirlər;


3) bütün dövlətlər etnik təmizləmənin istənilən formasının aradan qaldırılması istiqamətində əməkdaşlıq etməlidir.


BMT tərəfindən keçmiş Yuqoslaviya ərazisində beynəlxalq humanitar hüququn ciddi pozuntuları haqqında məlumatların yoxlanılması və analizi üçün yaradılan Ekspert komissiyası öz məruzəsində qeyd etmişdir ki, etnik təmizləmə siyasətinin vasitəsi kimi qəsdən adam öldürmə, qanunsuz həbslər, cinsi zorakılıq, işgəncələr, əhalinin deportasiyası, heç bir zərurət olmadan əmlakın məhv edilməsindən istifadə olunmuşdur. Eyni yanaşma həm BMT-nin Beynəlxalq məhkəməsi, həm də keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının təcrübəsində müşayiət edilmişdir.

Bu gün böyük təəssüf hissi və ürək ağrısı ilə qeyd edirik ki, dünyanın soyqırıma məruz qalan az sayda xalqları sırasında Azərbaycan xalqı da var. XIX əsrdən başlayaraq, şovinist imperiyaların himayəçiliyi ilə ermənilər tərəfindən azərbaycanlılara və Azərbaycana qarşı törədilən hərəkətlər məhz soyqırım kimi qiymətləndirilməlidir.  XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ötən yüzilliyin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı amansızlığına görə ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada yer alır.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.

Hazırda bu soyqırımımı törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.

Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, millət vəkili  Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü artıq dünyanın 100-dən çox yerində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Federasiyasındakı nümayəndəlik tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində uğurla davam edir.

Azərbaycan Parlamenti də bu sahədə mühüm addımlar atmışdır. Belə ki, Milli Məclis Xocalı soyqırımı ilə bağlı hüquqi görüşlərini müxtəlif vəsilələrlə ifadə etmiş və bu gün də etməkdədir. Bu bir həqiqətdir ki, ölkə parlamentində Xocalı soyqırımının tanınması və Xocalıda baş vermiş erməni vandalizminin mahiyyəti barədə indiyədək kifayət qədər normativ-hüquqi sənədlər, müraciət və bəyanatlar qəbul edilmiş, eyni zamanda soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması üçün çoxsaylı təbliğat tədbirləri həyata keçirilmişdir.

Xalqımız ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu davam etdirdiyi soyqırımı unutmur. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir azərbaycanlı üçün nümunə olmalıdır. Hesab edirik ki, soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquq ictimaiyyəti tərəfindən araşdırılmalı və  ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə daim səsləndirilməlidir. Bu baxımdan, dövlət və qeyri-hökumət təşkilatlarının bu istiqamətdə razılaşdırılmış fəaliyyət planının hazırlanması və həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.


Nizami  SƏFƏROV,
Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri,
BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin
Terrorçuluğun qarşısının alınması üzrə eksperti


P.S. Məqalə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, Milli Məclisin tərəfdaşlığı ilə Qüdrətli Azərbaycan Naminə İB tərəfindən keçirilən  «Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüququ aspektlərinin öyrənilməsi» də layihə çərçivəsində hazırlanıb.