vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNEY  
13:02 | 2 mart 2017 | Cümə axşamı Məqaləyə 1402 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əhərdə qara səhər

Türk fəallar Dünya Ana Dili Günü ilə əlaqədar məhkəməyə çağırılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçən həftə ərzində Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində daha əvvəl müvəqqəti azadlığa buraxılmış azı 6 türk fəalın məhkəməyə çağırıldığı bildirilir. Bu haqda İranda insan haqlarına dair məlumat yayan HRA agentliyi və Güney Azərbaycan Televiziyası (Günaz TV) məlumat yayıb.

Məlumata görə, məhkəməyə çağırılan fəalların bir neçəsi 2014-cü ildə Dünya Ana Dili Günü, digərləri isə 2015-ci ilin noyabr ayında keçirilən kütləvi «anti-irqçilik» mitinqləri zamanı nəzarət altına alınıb və ETTELAAT həbsxanalarında dindirildikdən sonra müvəqqəti sərbəst buraxılıblar.

Yerli fəalların «Amerikanın Səsi»nə verdiyi məlumata görə, məhkəmə bir çox fəala yazılı çağırış göndərib. Amma sadəcə Murtaza Məhəmmədi, Saleh Molla-Abbasi, Əlirza Çəngizi, Süleyman Kazımi, Beytullah Bərzgər və İsrafil Fətullazadənin adları mediada əks edilib.

Bu fəallar Novruz bayramından sonrakı həftələrdə məhkəməyə müraciət etməlidirlər.

2015-ci il noyabrın 9-da Azərbaycan vilayətləri və İranın digər bölgələrində türklərə qarşı yürüdülən ayrıseçkilik siyasətinə etiraz olaraq təşkil olunan kütləvi aksiyalar ardından Şərqi Azərbaycanın Əhər şəhərində keçirilməsi planlaşdırılan etiraz aksiyası polis qüvvələrinin sərt müdaxiləsi və onlarla adamın həbsi ilə nəticələnmişdi.

Kütləvi etirazlar İranın dövlət televiziyasında yayımlanan «Fitilə» adlı uşaq proqramında türklərin aşağılanması ardından baş qaldırmışdı.

2014-cü ilin fevral ayında isə Dünya Ana Dili Günü münasibəti ilə Əhər şəhərində keçirilən bir mərasimə qatılan 100-ə yaxın türk fəal nəzarət altına alınmışdı.

Hər iki olayda nəzarət altına alınan fəalların çoxu daha sonra yüksək məbləğli zəmanətlər qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Bu günlər məhkəməyə çağırılan fəalların bəzisi hər iki olayda həbs edilənlərin arasında olublar.