vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
MÜBAHİSƏ  
22:39 | 12 mart 2017 | Bazar Məqaləyə 1664 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Millətimizin oyanması üçün azərbaycançılıqla məşğuluq»

Əhməd Obalı: «Nə qədər çox danışırıqsa, özümüzə o qədər düşmən qazanırıq»

Sevinc TELMANQIZI, Çikaqo, ABŞ

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «Tabuları qırmışıq»

Amerika səyahətinə davam... Başdöndürən Çikaqo ilə tanışlıqdan sonra GünAZ TV-nin bu şəhərdəki ofisinə yola düşürük. Uzun-uzadı yol, şəhərdən xeyli uzaq, meşənin, ağacların arasında bir malikanə. Üzərində telekanalın heç bir loqosu yoxdur. Həyətində üç qorxunc it. İtlərə olan «aşırı sevgimin» nəticəsində uzun müddət binaya yaxın düşə bilmirəm. Ta ki, asayiş keşikçiləri ordan uzaqlaşdırılana qədər. Malikanəyə daxil oluram. Amma bura telekenal deməyə min şahid lazım. Bildiyin yaşayış evi kimi görünür ilk baxışda. Ta ki, studiyanı görənə kimi... Bəli, foto və videoda gördüyünüz pırıl-pırıl studiya bu təvazökar telekanala məxsusdur. Canlı verilişlər burdan yayımlanır, montaj onun studiyasında edilir. Televiziya işinin incəliklərini bilməsəm də, texnikası, təchizatı çox müasir görünür. Ən azı müsahibənin videoçəkilişi zamanı kiçik heyətin mobil şəkildə, qısa zamanda hazırlanması bu nəticəyə gəlməyə əsas verdi.

Söhbəti çox uzatmadan qonaq olduğumuz əfsanəvi GünAZ TV-də onun rəhbəri Əhməd Obalı ilə müsahibəmizə başlayaq. Türk dünyası üçün mühüm yeri və rolu olan bu kanalın həyatından, eləcə də onun qurucusundan öyrənmək istədiklərimizi soruşmağa başlayaq.


- Əhməd bəy, sizi müsahibəmizdə xoş gördük. Hərçənd ki, mən həm sizin şəhərinizdə, həm də studiyanızda qonağam, bununla belə, oxucularımıza ilk dəfədi sizinlə virtual yox, canlı bir müsahibəni təqdim etmənin sevinci var içimdə. Studiyanızın qapılarını bizə açdığınız üçün təşəkkür edirəm öncə. İkinci bir tərəfdən, hər nə qədər oxucularımız üçün GünAZ TV məlum, açıq və doğma bir telekanal olsa da, mən söhbətimizə onun yaranma hekayəsi ilə başlamaq istəyirəm. Necə yarandı bu telekanal?

- Sizə burda olduğunuz üçün təşəkkür edirəm. Həmkarlarınıza, qəzet heyətinə uğurlar arzu edirəm. GünAZ TV açılmamışdan bir neçə il öncə mən beynəlxalq təşkilatların insan haqları bölümündə, o cümlədən BMT-in insan haqları bölümündə çalışdım. Güney azərbaycanlıların əzilmiş hüquqlarından reportaj hazırlayıb verirdik həmişə. Bir çox söhbətlərdən və görüşlərdən sonra sanki mən oyandım. Düşündüm ki, beynəlxalq təşkilatların hamısı bizim haqqımızda yazsalar da, danışsalar da, reportlarımızı göndərdiyimiz kimi çap edib, dünyaya çatdırsalar da, onların işi orda da bitir. Bizim hüquq və vəzifələrimizi almaq üçün onların əlində heç bir mexanizm yoxdur. Onun üçün bu millət özü hüququnu tanımalıdır. Ona görə də fikirləşdim ki, millətin oyanmasında modern texnologiyadan istifadə etmək lazımdır ki, bunun da başında telekanal gəlir. Bizdən öncə güney azərbaycanlıların bir televiziyası olmamışdı. Sağ olsunlar, bizdən öncə bəzi həmvətənlərimiz həftədə bir dəfə, bir neçə saatlıq proqramlar hazırlayıb, fars kanallarında yayımlayırdılar. Amma onlar da bir-bir bağlanırdı, hətta bağlananda təhqir də edirdilər. Ona görə də qərar verdik ki, özümüzün bir telekanalı olmalıdır. Bu barədə dostlarla çox danışdıq. Amma mən gördüm ki, bu barədə çox danışdıqca məsələ uzanır, iş görülmür. Nəhayət dostlarımızın bir neçəsi ilə 2004-ci ildə İndiana Universitetində bir görüşümüz oldu. Orda danışanda doktor Cavad Heyəti dedi ki, çox danışılır, amma biriniz irəli düşüb bu işi görün. Nəhayət mən televizyon və film oxuduğum üçün qərar verdim ki, dostların köməyi ilə bu işə başlayım. Elə həmin il də başladıq. O gün bu gündür ki, davam edirik. Məqsədimiz millətin oyanmasına kömək etməkdir. Kanalımızın gücündən istifadə edib, hamımız əl-ələ vermişik. Düşünürəm ki, bunun öhdəsindən gəlirik.


- Əhməd bəy, danışanda qısa cümlələrlə bu böyük hekayəni təsvir edirsiniz. Amma əminəm ki, telekanalın qurulma prosesinin arxasında gərgin zəhmət, yuxusuz gecələr və ciddi maliyyə fədakarlıqları var. Dünyanın hansı ölkəsində olursa olsun, bir telekanal açmaq üçün böyük vəsait lazımdır. Siz bunun öhdəsindən necə gəldiz?

- Təbii ki, bir iş görəndə, xüsusən də televiziya kimi bir iş görəndə hədəf bəlli olmalıdır, dəqiq olmalıdır, bu işə iradə olmalıdır, bu işi aparmaq üçün insanlar lazımdır. Həm də pul lazımdır. Sadaladıqlarımdan biri əskik olanda təbii ki, bu axsayacaq. Çoxlu söhbətlər olurdu. Sonunda fikirləşdim ki, bunun başlanğıcı lazımdır. Başlanğıc maliyyəsi lazımdır. Onu da öz cibimdən qoydum. Heç kimdən yardım istəmədim. Düşündüm ki, işi görmədən yardım istəsəm, yanlış anlaşıla bilər.


- Sirr deyilsə, ilkin maliyyə nə qədər idi?

- İlkin maliyyə 400 min dollar idi. Primitiv avadanlıq aldıq, peyklərin xərci daha çox idiı. Hamısını özüm təmin elədim. Hesablamışdım ki, 14 ayda bu işi qurtaracağıq. Pulumuz o vaxta qədər çatırdı. Amma verilişlər başladıqdan sonra hesablamadığımız xərclər ortaya çıxdı. Yayın istisində restoranın istisində veriliş hazırlayırdıq. Restoranın istisi avadanlıqlara ziyan vurdu, əlavə xərclər yarandı. Nəhayət 7-ci ayda mən düşündüm ki, 9-cu ayda bizim pulumuz qurtaracaq, telekanal da bağlanacaq. 7-ci aydan biz canlı olaraq efirdə tamaşaçılardan yardım istəməyə başladıq. Bizə kömək yağdı.


- Daha çox güneydən, ya quzeydən?

- Güneylilər də, quzeylilər də. Elə Güneyin özündən də. Baxmayaraq ki, ordan yardım etmək çətindir, amma etdilər. Rusiyadakı, Avropadakı, Kanadadakı azərbaycanlılar yardım etdilər. Biz bir müddət telekanalda yardım istəməklə məşğul olduq. Dostlar bu zaman etiraz etdilər ki, pul yığımına çox vaxt gedir. Yaxşı olar ki, bunu biz az azaldın, canlı proqramda pul istəməyin. Amma bu, mənim üçün mümkün olan bir şey deyidi. Ona görə də dostların bir hissəsi ilə danışdıq. Dedim ki, tamam, canlı proqramda pul yığmayım. Xərclərin bir hissəsi mənim boynuma olsun. Amma gələn qəbzləri, hesabatları bir qrupun öhdəsinə qoyaq. Həmin qrup bu qəbzləri ödəsin, biz də yola davam edək. Bu formada razılaşdıq və indi də davam edirik. Mən hətta dövlətlərdən də yardım alaram, əgər ala bilsəm. Onda heç bir yanlışlıq görmürəm. Çünki hədəfimiz üçün bu şərtdir.


- İndi bu süjeti izləyənlər, studiyanı görənlər GünAZ TV-nin 5-6 mərtəbəli bir ofisi, çoxlu sayda işçiləri olduğunu təsəvvüründə canlandırır. Mən az öncə necə təvazökar bir telekanala gəldiyimin şahidi oldum. Amma çox istərdim ki, sizin təqdimatınızla bu kanal barədə danışaq: işçilərinin sayı, potensialı və hazırkı durumu ilə bağlı...

- Bu kanalın hədəfi, missiyası təmtəraqlı işlərindən vacibdir. Təbii ki, biz də 10-15 mərtəbəli binamızın, 500-ə yaxın işçimizin olmasını istərdik. Amma buna imkanımız yoxdur. Ona görə də tamaşaçıların gördüyü bizim bu baxdığımız kameradır. Kənarda nə olduğunu görmürlər, heç önəmli də deyil. Burda mesaj önəmlidir. Siz gördüz, bizim bu günə qədərki ən modern studiyamız budur. İşə başlayanda restoranın üstündə, balaca otaqda veriliş hazırlamışıq. GünAZ TV bir vaxtlar 20 kvadrat metrlik otaqda məskunlaşıb. Studiya o qədər kiçik olub ki, bəzən kameranı geriyə çəkib, 5 nəfərin görüntülənməsinə nail ola bilməmişik. Hədəfimiz mesajımızı yetirməkdir. Tərəfsiz bir televiziya deyilik, belə iddiamız yoxdur. Xəbər televiziyası da deyilik. Biz tərəfli televiziyayıq, millətimizin oyanması üçün azərbaycançılıqla məşğuluq. Hansı mövzu bizim ümummili dərdimizlə bağlıdırsa, onu danışırq. Tərəfsiz oturub, millətimizə düşməncə davrananlara qarşı səssiz dayanmırıq.


- Telekanalın «arxa cəbhə»sindən danışmadız... Hal-hazırda durum necədir?

- Siz studiyaya gələndə gördüz ki, burda 3 nəfər var. Mənimlə birgə olduq 4 nəfər. Bəzən oluruq 5. Bəzənsə lap inanılmazdır, sayımız 7-ə qalxır. (gülür) Amma eybi yoxdur, çox hörmətli həmvətənlərimiz, könüllülərimiz yüzlərlədir. Xəbər göndərənlər çoxdur. Daimi olaraq bizimlə işləyənlər bunlardır. Türkiyədə də evin bir otağında bir studiyamız var. Orda da 6 nəfərlik heyətimiz çalışır. Veb saytımızda işləyənlərlə birlikdə bu rəqəm belədir. Heyətinin sayına görə ən zəngin olan büromuz isə Bakıdadır – 15-dən çox sayımız var. Orda çox güclüyük.


- Bildiyim qədər, Çikaqodan yayımlanan verilişləriniz canlıdır. Bu iş prinsipinin səbəbi nədir?

- Bizim Çikaqodan yayımlanan proqramlar canlıdır. Axşam proqramların hamısı canlıdır. Avropadan, Kanadadan proqram aparanlar da canlı aparır. Biz sadəcə onları efirə qoşuruq. Özümüzün burdan canlı proqramımız var. Heç birini montaj etmirik. Ona görə də xətalarımız çox olur. (gülür) Mən də istərdim ki, sonradan montaj edək, nələrisə çıxaraq, səhvsiz olsun...


- Həm də riskdir canlı yayım...

- Əlbəttə. Ox yaydan çıxır, qaytarmaq olmur. Amma olsun, canlı olmaq hamısından yaxşıdır. Sözü məcbursan fikirləşəsən. Dedin, bitdi.


- Əhməd bəy, bir telekanalı yaşatmaq üçün ayda nə qədər pul lazımdır? Çünki klassik telekanalın yaşaması üçün reklam axını şərtdir. Digər başqa rəsmi müqavilələr nəticəsində də maliyyə axını olur. Sizin timsalınızda bu məsələ necə həll olunur?

- Biz telekanala reklam axınının olmasını çox istərdik. Şimali Azərbaycandan da reklam arzu edirik. Müvəffəq olmamışıq bu günə qədər. Amma yardımların axınınından razıyam. İnanın ki, hər ay bu kanala davamlı olaraq, yüksək məbləğdə yardım edənlər var ki, mən onların üzünü görməmişəm. Hamısı da azərbaycanlıdır. Qeyri-azərbaycanlı da yardım etsə, qəbul edərik. Amma qeyri-azərbaycanlı bizə niyə yardım etsin ki? Nə onun dilində danışırıq, nə də onun dərdini danışırıq. Biz mesajla məşğuluq. Bəlkə Şimali Azərbaycan üçün bu televiziyanın önəmi o qədər də böyük deyil. Amma Güney Azərbaycan üçün çox önəmlidir. Hətta bəzən soydaşlarımıza müraciət etmişik ki, biz daha yaxşısını edə bilmirik, bəlkə bağlayaq, bir müddət ara verək? Qəbul etmirlər. Bizim sözümüzə ehtiyacdan daha çox televiziyanın açıq olmasına ehtiyacları var. Özümüz öz sözümüzün məsuluyuq. Öz işimizdir, səhv də olsa bizimdir, düz də olsa.


- Bəs sizə təzyiqlər nə qədərdir? Kanalın bağlanması üçün cəhdlər barədə də danışsaq?

- Bu, çoxdur. Bir telekanal ki, Güney Azərbaycanın dərdləri ilə məşğuldur, onu ilk gündən qapatmaq istəyənlər çox olub. Biz televiziya açandan ermənilərin əleyhinə çox ciddi verilişlər hazırladıq. Erməniləri, rusları özümüzə düşmən etdik. Türkiyəyə qarşı PKK terrorundan danışmışıq, kürdlər bizdən inciyib. Farsların rasizmindən danışmışıq, orda düşmənimiz çoxalıb. Bəzən Güneydəki hansısa daxili problemlərdən yazmışıq, öz həmvətənlərimiz bizdən inciyib. Biz bunu qəbul etməliyik ki, düşmən sakit oturmayacaq. Nə qədər çox danışırıqsa, özümüzə o qədər düşmən qazanırıq.


- Bu qədər bədxahların və təhlükənin fonunda yəqin ki, güclü təhlükəsizlik tədbirləriniz də var. Necə deyərlər, bir B planınız...

- Əlbəttə. Bizim birinci studiyamızın olduğu yerdə biri ünvanımızı tapıb şüşəmizi qırmışdı. Həmin adam tapıldı, üzr istədi, biz bağışladıq. Amma bununla iş bitmədi. Bu tipli verilişlər gedəndə çox adamların əsəbinə barmaq basırıq. Gücü çatmayanda aqressiv davranırlar. Şəxsiyyətimizi terror etmək istəyirlər. Onu da bacara bilmədilər. Özəl həyatımızdan başlayıblar, ümumi fəaliyyətimizə qədər terror ediblər. Mənim, işçilərimizin özəl həyatımıza elə şeylər yapışdırıb, internetdə yayıblar ki, bunları dilə gətirməyə utanıram. Məqsədləri o olub ki, biz ar edib, geri çəkilək. Amma biz bunu etməmişik. Öz işimizlə məşğuluq. Biz bunu qəbul etməliyik ki, düşmən sakit oturmayacaq. Əli çatmır, hədələyir. Gücü çatmır, ləkələyir. Onlar öz işində, biz də öz işimizdə. Necə deyərlər, filan hürər, karvan keçər. Bizim karvan öz yolundadır...

P.S. Müsahibənin daha geniş versiyası ilə video reportajda tanış ola bilərsiniz.