vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
PROBLEM  
19:44 | 16 mart 2017 | Cümə axşamı Məqaləyə 2703 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bunlar bizi ələ salırlar»

«Azəriqaz»da qaz yoxdur, həzin melodiya var...

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu gün düz 1 ay tamam olur ki, evlərimizə qaz gəlmir. Çoxmərtəbəli binalarda qaz balonlarından istifadə etmək məcburiyyətindəyik. Son vaxtlar eşidirik orda qaz partladı, burda insanlar zəhərləndi... İranın istehsalı olan bu balonlara etibar yoxdur. Çox adam düzgün istifadə qaydasını da bilmir. Bizi göz görə-görə ölümə sürükləyirlər».

Vəli Məstəliyev Təhsil Nazirliyinin yaxınlığında, Xətai prospektində yaşayır. Onun dediyinə görə, 1 aydır ərazidəki binalar qazsız qalıb. Sakinlər səbəbləri öyrənmək üçün «Azəriqaz»ın qaynar xəttinə zəng etsələr də, qulaqları həzin melodiyadan başqa heç nə eşitmir.

Vəli Məstəliyev «Telefon xəttində gözləyin, elə sizinlə danışa-danışa yenə zəng vururam», – deyib başqa telefonla harasa zəng vurur və səsgücləndiriciyə keçirir. Telefon xəttinin o başından ahəstə romantik melodiya eşidilir. Müsahibim qəzəblə sözünə davam edir: «Bax, bunlar bizi beləcə ələ salırlar. 1 aydır qulaqlarımız melodiya eşitməkdən bezib. Biz dərdimizi kimə deyək?»

Beləcə, abonentlərə nə qəza xidməti, nə də qaynar xətt xidmət göstərmir.

Eyni ünvanda yaşayan başqa sakin Ləman Məmmədova mavi yanacaq tələbi ilə rayon qaz idarəsinə getdiyini və qovulduğunu bildirir: «Dedilər, «özümüz evimizdə qaz yandırırıq ki, bir sən də üstümüzə gəlmisən? Qəza olub, nə vaxt düzələcək, qaz da olacaq». Başa düşmürəm, 1 ay ərzində bu qəza aradan qaldırılmadı ki? Bayram qapıdadır, bayram taamlarımız hələ də hazır deyil. Bir qazan aş dəmləməyə yanacağımız yoxdur».

Nərimanov rayon Qaz İdarəsindən bildirilib ki, qeyd olunan ərazilərdə söküntü planına gedən evlər olduğundan ərazidəki bəzi ünvanlara qaz verilişi dayandırılıb. Ancaq bunu bütün ünvanlarla bağlı demək olmaz: «Təzyiq aşağı ola bilər, ancaq «yerli-dibli qaz yoxdur» söhbəti ola bilməz. Qaynar xətt də, qəza xidməti də günün 24 saatı abonentlərin xidmətindədir».

Xatırladaq ki, payız-qış mövsümü başlayandan Bakı şəhərində abonentlərdən mənzillərə verilən qazın tez-tez kəsilməsi, yaxud təzyiqin həddən artıq aşağı olduğu haqda çoxsaylı şikayətlərin ardı-arası kəsilmir. («Azadlıq» radiosu)