vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SƏNƏTÇİ  
15:35 | 18 mart 2017 | Şənbə Məqaləyə 3558 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

O niyə bənzərsiz idi?

Və ya talenin səs mələyi ...

Rafael HÜSEYNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Onu Azərbaycanın heç bir müğənnisinə bənzətmək mümkün deyil. Keçmişdəkilərin də, indiklərin də arasında nə bu səsə bənzər səs var, nə bu oxu ədası. Heç mən muğam sənətinin yayıldığı Şərq xalqları arasında da belə bir müğənni, belə ifa tərzini görməmişəm, eşitməmişəm.

Muğam tarixinə az-çox bələdəm və təsdiq edə bilərəm ki, bəlli muğam coğrafiyasında keçmişlərdə də Yavər xanım Kələntərliyə bənzəyən qadın xanəndə, müğənni olmayıb.

Yavər xanım Kələntərli özünü məşhur Şirvan xanəndəsi Mirzə Məhəmmədhəsənin tələbəsi sayırdı.

Baxmayaraq ki, nə ondan dərs almışdı, nə də onunla uzun müddət ünsiyyətdə olmuşdu.

Elə uzaqdan uzağa – uşaqlıq, yeniyetməlik çağlarında, ömrünün bəxtiyar, qayğısız günlərində Şamaxı toylarında ustadı dinləmişdi.

Mirzə Məhəmmədhəsənin səsi vala yazılmayıb.

Oxuduğu və əksərinin sözünü də, musiqisini də özünün qoşub-düzdüyü məlahət saçan təsniflər vaxt boşluqlarında əriyib itib.

Yavər Kələntərli isə uşaqlıq yaddaşına hopmuş həmin təsniflərin bir çoxunu unuduluşdan xilas edərək cazibəli bir şəkildə canlandırıb, yeni gələn müğənnilər də ondan mənimsəyərək bu füsünkar sənət incilərini yaşadıblar.

Mirzə Məhəmmədhəsənin necə oxuması haqqında 40-45 il əvvəl hələ sağ olan qocaman insanlar xatirələrini bölüşürdülər.

Lakin ən dəqiq, təfərrüatlı xatirə də səsin ecazkarlığı, oxu yolunun özünəməxsus gözəllikləri barədə tam təsəvvür yaratmaq gücündə deyil axı!

XX yüzildə Seyid Şuşinski bizim ən böyük xanəndəmiz olub. Məndə səs yazısı var. Mirzə Məhəmmədhəsəndən danışır və deyir ki, onu gördüyüm xanəndələrin heç birinə bənzər tuta bilmərəm.

Və həmin tam bənzərsiz xanəndənin oxu tərzini yaşadan məhz Yavər xanım Kələntərli idi.

Oxşarsız bir oxu üslubunu canlandırdığına görə elə Yavər xanımın özünün də tayı-bərabəri yox idi.

Sanki tale onu bir səs mələyi kimi ezam, müvəkkil edibmiş ki, gəlsin, yaşasın, yaratsın və həm özü ömrümüzə qarışsın, həm də bizim üçün Mirzə Məhəmmədhəsəni yenidən diriltsin.

Yavər xanım Kələntərlinin martın 26-da 115 yaşı tamam olur. Və elə Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək «Axşam görüşləri»nin növbəti buraxılışı da həmin günə təsadüf edir. O gün 1 saat boyunca efirimizdə unudulmaz müğənni ilə ruhən birgə olacaqsınız. Martın 28-də saat 23-də isə Yavər Kələntərliyə həsr edilən həmin veriliş bir daha səslənəcək.