vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
21:17 | 22 mart 2017 | Çərşənbə Məqaləyə 1890 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İqtisadi sanksiya, yoxsa...

Rusiyanın Azərbaycan məhsullarının idxalına qadağa qoymasının pərdəarxası

E.PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

Bayram günlərində şimal qonşumuz Rusiya Azərbaycandan idxal etdiyi bəzi məhsulları geri qaytarmağa qərar verib. Belə ki, əvvəlcə Dağıstanın Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan Rusiyaya aparılan 13 ton 941 kq təzə tomat saxlanılıb.

Rusiyanın fitosanitar müfəttişləri Azərbaycandan gətirilən tomatın sertifikatında şübhə doğuran düzəliş aşkar ediblər və buna görə də malın saxlanılması barədə qərar verilib. (APA) Məlumatda deyilir ki, tomat yükünün sahibi karantin altında məhsulun gətirilməsi və daşınması qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib. 13 ton 941 kq. tomatın Rusiya ərazisinə keçirilməsinə qadağa qoyulub.

Bundan bir gün sonra isə belə bir rəsmi məlumat yayılıb ki, Azərbaycandan Rusiyaya ixrac edilmiş 3,8 ton ət geri qaytarılacaq. Məlumata görə, Rusiya Kənd Təsərrüfatı Nəzarəti İdarəsinin Moskva, Moskva ətrafı və Tula üzrə müfəttişləri əti Rusiyaya ixrac edən şirkətin Azərbaycanda attestasiyada keçmədiyini və ixracla bağlı xüsusi icazəyə malik olmadığını bildiriblər.

Azərbaycan məhsullarının ardıcıl şəkildə geri qaytarılması şübhəli fikirləri ortaya çıxarır. Olmaya, şimal qonşumuz qeyri-neft sektorunu inkişaf etdirməyi qarşısına məqsəd qoyan Azərbaycana qarşı yeni iqtisadi təzyiq rıçaqlarını işə salıb? Hər halda Kremlin bənzər addımlarının təkcə ölkəmizə qarşı deyil, digər dövlətlərə, həmçinin Türkiyəyə qarşı buna bənzər qərarlarının az şahidi olmamışıq. Hətta bu gün məlum olub ki, münasibətlərində dönüş yaranmasına və gərginliyin geridə qalmasına baxmayaraq, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti Türkiyədən məhsul idxalına qoyulan mövcud qadağanı aradan qaldırmağı planlaşdırmır. (Report) Bu mənada son addımlar Azərbaycan məhsullarının da müxtəlif bəhanələrlə Rusiya bazarından çıxarılması əməliyyatı ola bilərmi? Xüsusilə də son günlər Rusiyanın digər dolayı təzyiqləri, o cümlədən 30-a yaxın bloqqerin Xankəndiyə qanunsuz səfərinə göz yumulması, Şuşaya köç etmiş rus milyarderin yenə də üzə çıxması və digər məsələlər «şimal küləyi»nin əsdiyini deməyə imkan verir. Bəs, ekspertlərimiz nə düşünür?

«Rusiya qonşularına qarşı təzyiqləri nə vaxt səngidib ki? Vaxtaşırı axtarıb bir şey tapır və sui-istifadə edir...Bu minvalla ilin 365 günü qısa fasilələrlə təzyiq altında yaşayırıq. Sadəcə media bunu qismən işıqlandırır». Deputat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bu fikirləri Musavat.com-un suallarını cavablandırarkən söylədi.

90-cı illərdə baş nazir əvəzi və baş nazirin müavini vəzifələrində çalışmış Ə.Məsimli o zaman Rusiyanın ölkəmizə qarşı iqtisadi təzyiqlərinin yanında indi baş verənləri «jurnal» adlandırdı: «O zaman taxıl təchizatı məsələsində çox çətinlik çəkirdik. Türkiyədən, digər xarici ölkələrdən aldığımız taxılın gətirilməsi normal həyata keçirilirdi. Amma Qara dəniz sahillərində hava pisləşəndə böşaltma işlərində müvəqqəti fasilələr yaranırdı. Qazaxıstandan isə yol uzaq olduğundan taxıl gec gəlirdi. Üçüncü kanal kimi Rusiyadan taxıl alma işində problem yarananda ehtiyatımız minimuma enirdi. Amma bu işdə ad çəkmirəm, «sapı özümüzdən olanlar» əl altdan daha neqativ rol oynayırdılar. Belələri taxılın Gürcüstan ərazısi ilə gəlməsinə də müəyyən süni maneələr yaratmağa çalışırdılar. Amma Gürcüstanın ovaxtkı baş naziri ilə birlikdə belə halları tez aradan qaldıra bilirdik».

Ə.Məsimli indiki durumda tədbirli olmağı tövsiyə etdi: «Yəni biz belə şeylərə adət eləməliyik və işlərimizi elə qurmalıyıq ki, kənar təsirlər olanda iş dayanmasın, irəliləsin. Burda qrup maraqları, biznes maraqları da ola bilər. Amma Rusiya bazarı bizim üçün önəmli olduğundan, bazar uğrunda ağılı üsullarla mübarizəni davam etdirmək lazımdır ki, belə hallardan az itki ilə çıxaq. Qalan hallarda isə daha çox uduşlu olaq».

Deputat qeyd etdi ki, 2017-ci ilin yanvar ayında Azərbaycanın ixracının 3, 2 faizi, idxalının isə 19 faizə yaxını Rusiyanın payına düşüb: «Rusiya bazarı dünyanın yeganə yarımboş bazarıdır. Ora ixraca imkan var. Biz işləri yaxşı təşkil etsək, kənd təsərrüfatı və ondan istehsal olunan digər məhsullar hesabına Rusiyaya ixracı bir neçə dəfə artıra bilərik».

Sabiq maliyyə naziri Fikrət Yusifov da hesab edir ki, Rusiya bazarı Azərbaycandan ixrac olunan ərzaq məhsulları üçün çox əlverişli bir bazardır: «Bu mallara qonşu ölkədə tələbat kifayət qədər böyükdür. Ölkəmizdən ixrac olunan meyvə-tərəvəz məhsulları isə Rusiya bazarında bütün alıcılar tərəfindən ən keyfiyyətli məhsul kimi dəyərləndirilir. Belə münasibət rus alıcısında on illər boyu formalaşıb. Bu gün Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda bu bazarın bizim məhsullarımıza olan tələbatı daha da artıb». F.Yusifovun sözlərinə görə, belə bir durumda bəzi məhsulların ixracı zamanı yaranan müəyyən insidentlər Azərbaycandan Rusiyaya məhsul ixracına hansısa qadağaların qoyulması və ya bütövlükdə ixracın məhdudlaşdırılması anlamına gəlməməlidir: «Ola bilsin ki, bəzi hallarda həqiqətən də Rusiyaya məhsul ixrac edən bəzi müəssisələrimiz bu ölkənin aidiyyatı xidmətlərinin müəyyən etdiyi qaydalara riayət etməyiblər və bu səbəbdən də həmin məhsulların ixracına icazə verilməyib. İdxal ixrac əməliyyatları zamanı belə hallara bizdə də rast gəlmək mümkündür. Yəni müvafiq qaydalara riayət etmədən kimsə Azərbaycana hər hansı bir məhsulu gətirmək istəsə, bizim də aidiyyatı qurumlar belə idxala icazə verməyə bilər. Bir sözlə, iki ölkə arasındakı ticarət əlaqələri zamanı baş verən belə epizodik insidentləri siyasiləşdirməyə cəhd etmək lazım deyil».