vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AKTUAL  
12:08 | 29 mart 2017 | Çərşənbə Məqaləyə 2335 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

GUAM-ın yenidən dirçəldilməsi mümkündürmü?

Ekspertlər qurumun münaqişələrin həllindəki roluna skeptik yanaşırlar

Azər NURİYEV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Uzun bir fasilədən sonra Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ilk dəfə olaraq toplantı keçirib. Qurumun yaradılmasının 20 illiyinə həsr olunan sammit Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutub. Sammitdə GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələr, o cümlədən qurumun 20 illik fəaliyyəti və gələcək strategiyası geniş müzakirə olunub. Sammitdə GUAM-ın əməkdaşlıq coğrafiyasının genişləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması məsələləri müzakirəyə çıxarılıb. GUAM-a üzv ölkələrin hökumət başçıları arasında Azad Ticarət Zonasının yaradılması, üzv ölkələrin dövlət sərhədlərindən keçən mallar və nəqliyyat vasitələri ilə bağlı gömrük prosedurlarının ayrı-ayrı nəticələrinin qarşılıqlı tanınması ilə bağlı sənədlər imzalanıb. Məlumata görə, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova arasında bu ildən Azad Ticarət Zonası yaradıla bilər.

Ukraynanın baş naziri Vladimir Groisman bu görüşü «mühüm» və təşkilat tarixində «yeni səhifə» adlandırıb. Baş nazir bəyan edib ki, Azad Ticarət Zonası bu il fəaliyyət göstərə bilər və imzalanan sənədləri «cəsarətli addım» adlandırıb. «Biz GUAM-ın tarixində yeni səhifə açırıq», - deyə baş nazir bildirib. «Biz GUAM çərçivəsində azad ticarət zonasının tətbiqini sürətləndiririk, nəqliyyat loqistika üçün hansı imkanların olduğunu təhlil edirik», - deyə Ukrayna hökumətinin saytında yerləşdirilən xəbərdə bildirilib.

Qəbul edilən yekun bəyanatda GUAM ərazisindəki münaqişələrə xüsusi yer verilib. GUAM münaqişələrin davam etməsindən narahatlığını ifadə edir, bu münaqişələrin üzv ölkələrin davamlı inkişafına maneə olduğunu vurğulayır. Qeyd olunur ki, GUAM məkanındakı münaqişələr dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında çözülməlidir və GUAM bu istiqamətdəki səylərini davam etdirəcək.

Yeri gəlmişkən, sammit dərhal dünya mediasının diqqətinə düşüb. Məsələn, BBC-də dərc edilən məqalədə göstərilir ki, «qurumda təmsil olunan dövlətlərin hər biri çox ciddi humanitar və iqtisadi itkilərlə üzləşib öz ərazilərinin bir hissəsindən məhrum olublar. Həmin ərazilərdə isə separatçı «respublikalar» yaranıb. Üç ölkə - Gürcüstan, Ukrayna və Moldova bəyan edirlər ki, öz ərazilərinə nəzarətlərinin itirilməsinə səbəb Rusiyadır». 

BBC-nin müraciət etdiyi ekspertlər GUAM-ın möhkəmləndirilməsi və nüfuzlu bir təşkilata çevrilməsi perspektivlərinə skeptik yanaşırlar. Ən çox da üzv ölkələrin ərazisində separatçı qurumların yaranmasından irəli gələn və yaşanan problemlər, itkilər qabardılır. Məsələn, Moldova Bazar İqtisadiyyatı İnstitutunun direktoru Roman Kirke apardıqları hesabatı təqdim edir. Burada qeyd edilir ki, «Dnestryanı Respublika»nın yaranması ilə Moldova ümumdaxili məhsulunun 40 faizini itirib. Azərbaycan isə separatçı «DQR»in yaranmasından 820 mlrd. dollar itirib. Gürcüstan iqtisadiyyatı 2008-ci il hadisələrindən 2 mlrd. dollar zərərə məruz qalıb. Ukrayna hökuməti isə Krımın işğalından sonra 3 trln. dollar itirib. Lakin ekspertlər bu rəqəmin iki dəfə çox olduğunu bildirirlər. Hökumətin hesablamalarına görə, Donbas və Luqansk separatçı qurumlarının yaranması ilə ölkə ümumdaxili məhsulunun 20 faizini itirib. Gürcüstan baş naziri Georgi Kvirikaşvili də bəyan edib ki, ərazi bütövlüyü GUAM ölkələri üçün ümumi məsələdir. Onun sözlərinə görə, həlli uzanan münaqişələr ölkələrin siyasi, iqtisadi və sosial inkişafına mane yaradır. «GUAM-ın səsinin daha güclü çıxmasına nail olmaq gərəkdir», - deyə baş nazir bildirib. Moldovanın baş naziri Pavel Filipp isə bildirib ki, GUAM ölkələri ölkələrdə suverenliyə təhlükə ola biləcək hallara qarşı birləşməlidir. Lakin GUAM-ın münaqişələrin həllindəki roluna ekspertlər o qədər də ciddi yanaşmırlar. «Bu gün GUAM öz potensialına baxmayaraq, ortasürətli perspektivə malik deyil»- deyə Da Vinci AG analitik qrupunun direktoru Anatoli Baronin bildirir. Ukraynalı ekspert Aleksey Melnik də bu qənaətdədir. Onun qənaətincə, GUAM-ın təhlükəsizliklə bağlı perspektiv qiymətləndirmələrinə skeptik yanaşmaq gərəkdir.