vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
HƏYATIN DİBİ  
10:43 | 14 fevral 2012 | Çərşənbə axşamı Məqaləyə 3045 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müəllim olmalıydım, bomj oldum»

Səfil həyat keçirən Müşfiq: «Ölməmək və donmamaq üçün içirəm, ancaq normal həyata dönmək istəyirəm, mənə kömək edin...»

AMİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Otağa girdiyimdə buranın müvəqqəti sakinlərindən biri qaz peçinin qarşısında durub əllərini ovuşdurur, biri stola dirsəklənib siqaret tüstülədir, digəri isə qarşısına qoyulmuş xörəyi yeməyə çalışırdı. Dördüncüsü otaqdakılara baxıb cibində gizlətdiyi arağı çıxarıb qapağını açmağa çalışırdı. Ancaq ona diqqət etdiyimizi görüb təkrar cibinə qoydu. Göyərmiş üzünü yana çevirib özünü görməzliyə qoymaq istəsə də alınmadı, təkrar bizə baxıb dilləndi: “Siz məni tanıyırsınız?”

Jurnalist olduğumuzu və onu da tanımadığımızı söyləyirik, yeməyini kənara itələyib yalvarır: “Kömək edin mənə, yaşamaq istəyirəm”. Spirt qoxuyan süfrəyə yaxın oturub elə spirt qoxuyan və kömək istəyən şəxslə söhbətləşirik. Üzünün bir tərəfi tamam göyərib, gözünün altı qaralıb, şişkinlikdən gözü açılmır. Üzü, saçları çirkli və pırtlaşıqdır. Əlləri olduqca çirkli, dırnaqları uzun və qaradır. Əynindəki paltarlar çirk içindədir, köynəyinin boynu kirdən qat kəsib. Kurtkasının üstü başdan-başa palçıq və yemək ləkələridir.
Arabir boşqabdakı bir böyük tikəyə, iki kartofa baxsa da, yeməyə əl vurmur və dərdini danışır. Adının Müşfiq, soyadının Mustafayev olduğunu bildirir. Dediyinə görə, ucqar rayondandır - Oğuzun Xaçmaz kəndindən. Uzun illərdir ki, Bakıda yaşayır. Paytaxta üz tutmasının səbəbi isə ailəsində dalbadal yaşanan faciələrdir. Dediyinə görə, illər öncə kəndlərində kiçik həyətləri və balaca komaları, ondan bir qədər böyük tövlələri, iki inəkləri və üç keçiləri varmış. Ata-anası və balaca Müşfiq kasıbçılıqla həyatlarını sürdürüblər: “Dərslərimi pis oxumurdum. Müəllim olmaq istəyirdim böyüyəndə. Ancaq sonra ali məktəbə girə bilmədim, getdim əsgərliyə. Görürsən də həyatı, müəllim olmaq istəyirdim, bomj oldum”.
Əsgərlikdən qayıdandan sonra o, kiçik həyətlərində yaşamını sürdürür, birtəhər dolanışığını qurmağa çalışırmış: “Fəhləlik də edirdim”. Ancaq günlərin birində ailəsinə faciə üz verir. Əvvəl atası, sonra da anası dünyasını dəyişir. “Tək qaldım və yaşamağı bacarmadım”, - Müşfiq əllərini üzünə tutub ağlayır. Bundan sonra evlənmək planlarını da arxaya qoyan Müşfiq həyatdan nə istədiyini özü də bilmədən yaşamağa çalışır. Ancaq həyat bu dəfə də ona arxa çevirir, onun yaşadığı ata evi, daha doğrusu koması yanır: “Və mən evsiz-eşiksiz və tək qaldım. Bilmədim neyləyim, yaşamaq istəyirdim. Çox fikirləşdim və gəldim Bakıya. Elə bilirdim ki, burada pul qazanmaq mümkün olacaq”.
Bakıda da günlərinin yaxşı keçmədiyini deyir. Ancaq sınmır, qorxmur və iş tapmaq ümidi ilə hər tinə baş vurur: “Çünki evimi tikmək üçün pul qazanmalı idim. Ancaq qazandığım yeməyimə güclə çatırdı”. Müşfiq deyir ki, aylarla dayanacaqda maşınlara nəzarət edib, maşın yuyub və birtəhər dolanıb. “Əvvəl normal adam idi. Bilirsən necə zəhmətkeş adam olmuşam? İşləyirdim, kirayədə qalırdım. Sonradan soyuqlar düşdü, iş olmadı. Fəhləlik edirdim, iş tapa bilmədim. Ev pulunu da verə bilmədim, kirayə qaldığım evdən çıxdım. Başladım zirzəmilərdə yaşamağa. 150 manatı haradan tapa bilərdim?”, - üzümə baxıb sualına cavab gözləyir. Çiynimi çəkirəm, dillənir: “Tapa bilmədim. Günlərin birində bərk qar yağdı, çöldə qaldım, dondum. Məcbur idim araq vuram. Ölməmək üçün, donmamaq üçün içirdim. İndi də qanıma işləyib, içməsəm dözə bilmirəm. İçməyəndə əllərim, bədənim əsir, yeriyə bilmirəm. İçəndə bir müddət vəziyyətim düzəlir. Sonra yenə... 39 yaşım var, həyatımı beləcə yaşamağa məcburam, istəmədiyim kimi. Mən yalan danışmıram”.
Ona arağı isə yolda qarşılaşdığı insanlar, əsasən də polislər alırmış: “Görürdülər ki, vəziyyətim pisdir, pul verirdilər, araq alırdılar. Mən də içib yatırdım zirzəmidə”.
Müşfiqin bizdən kömək istəyi isə müalicə olunmaqla bağlıdır. Deyir, müalicə olunmaq istəsə də, pasportu olmadığından, xəstəxana onu qəbul etmir: “Əhmədlidən bir qədər o tərəfdə narkomanların, alkaşların müalicə olunduğu xəstəxana var. İstədim gedim orada müalicə olunum, götürmədilər. Pilləkəndə yatdım günlərlə, kömək edən olmadı. Mən müalicə olunmaq, normal həyata qayıtmaq istəyirəm. Kömək edin, orada müalicə olunum, məhv olmaq istəmirəm. Tərgitmək istəyirəm arağı”.
Hazırda Müşfiq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakıda “bomj”lar üçün quraşdırdığı sığınacaqda yaşayır. Buraya da özü gəlib: “Özüm gəldim öz ayağımla. Eşitdim ki, alkaşlar, çöldə qalanlar, evi-eşiyi olmayanlar üçün yer açıblar. Gəldim bura, sağ olsunlar, neçə gündür canım isinib. Yeməyimi də verirlər, qarnım doyur”. Soruşuram ki, bəs havalar isinəndən və buradakı sığınacaq söküləndən sonra aqibəti necə olacaq? Bir qədər fikirləşib dillənir: “Müalicə olunsam, rayona gedərəm. İstəyirəm evim, ailəm, uşağım olsun. Cavanam, tez  ölmək istəmirəm”.
Sığınacaqda bomjlara növbə çəkən polislərin bir neçəsi isə onu tanıdıqlarını söyləyirlər: “Əvvəl normal insan idi. Yaxınlıqda maşın yuma məntəqəsində işləyirdi. Dayanacaqda maşınlara gözətçilik edirdi. Birtəhər dolanırdı. Sonradan içkiyə qurşandı və günü kafelərdə keçdi. Əziyyətlə qazandığını kafelərdə içkiyə xərcləməyə başladı, daha sonra da belə...”