vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
10:40 | 14 aprel 2017 | Cümə Məqaləyə 2028 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aslanlı «super-məmur» səlahiyyəti verilmədi

İnzibati Prosessual Məcəllədə etiraza səbəb olan maddə qanundan çıxarıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev İnzibati Prosessual Məcəlləyə dəyişikliklər haqda maraqla gözlənilən qanunu imzalayıb. Geniş ictimaiyyətin diqqətini o qədər də cəlb etməyən bu dəyişiklik son günlər hakimiyyət kuluarlarında və bəzi media orqanlarında ciddi müzakirə mövzusuna çevrilmişdi.

Çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının təklif etdiyi qanun layihəsi bu qurumun sədri Rüfət Aslanlını «super məmur» edə bilərdi. Məsələn, məcəllənin 92-1-ci maddəsi maliyyə bazarlarına nəzarət orqanında banka müvəqqəti inzibatçı təyin edilməsi, bankın lisenziyasının ləğvi və bankın rezolyusiyası çərçivəsində qəbul olunmuş digər qərarları hətta məhkəmənin ləğv edə bilməyəcəyini nəzərdə tuturdu.

Maddəyə görə, maliyyə bazarlarına nəzarət orqanının qərarlarından şikayətin verilməsi həmin qərarların icrasını dayandıra bilməzdi. Sözügedən qanun layihəsinin müzakirəsi ötən ayın sonu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında başlayıb. R.Aslanlı müzakirələrdə demişdi ki, qanun layihəsinin üzərində 1 il iş gedib. Maraqlıdır ki, ali məhkəmə orqanına bu cür sayğısız münasibət və Palataya hüdudsuz səlahiyyət verən layihə parlamentin 7 aprel iclasında qəbul edilib və imzalanmaq üçün prezidentə göndərilib.

Bu məsələyə ən ciddi reaksiyanı Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev «Yeni Müsavat»a son müsahibəsində vermişdi. Müsahibədən sitatı olduğu kimi təqdim edirik: «Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların lisenziyasını ləğv etmək səlahiyyəti vardı. Amma İnzibati Prosessual Məcəllədə indi belə bir yeni müddəa nəzərdə tutuldu ki, əgər Nəzarət Palatası hansısa bankı bağlayırsa və məhkəmə də həmin qərarı qanunsuz sayırsa, onda qərar yenə qüvvədə qalır. Yəni məhkəmə qərarı qanunsuz hesab edir, amma ləğv edə bilmir. Bu, absurddur, hüquqi nihilizmdir. Burada konstitusiyanın bir neçə müddəası pozulur. Konstitusiyanın 7-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Bundan başqa, konstitusiyanın 93-cü maddəsində qeyd olunur ki, qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Yəni qanunverici orqan məhkəməyə necə göstəriş verə bilər ki, qanunsuz hesab etdiyini ləğv etmə?!

Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər. Biz İnzibati Prosessual Məcəlləyə sözügedən dəyişikliyi qəbul edəndən sonra belə çıxır ki, vətəndaş ona məxsus bankın qanunsuz bağlandığını düşünərsə, o zaman bankın bərpası ilə bağlı iddia qaldıra bilməz. Yalnız kompensasiya iddiası qaldıra bilər. Konstitusiyanın 60-cı maddəsi də kobud şəkildə pozulur. Sən vətəndaşa deyə bilməzsən ki, sən hansı iddianı qaldır. Yəni bu, vətəndaşın hüququdur».

Qüdrət Həsənquliyev sonda bunun qarşısını prezidentin ala biləcəyinə ümid etdiyini qeyd etmişdi. 

Novator.az saytı bildirir ki, dövlət başçısının aprelin 12-də imzaladığı fərmanı ilə rəsmiləşən qanun parlamentin aprelin 7-də qəbul elədiyi layihədən fərqlənir.

Prezidentin aprelin 12-də imzaladığı variantda məhkəmə qərarlarının heçə sayılması barədə maddə yoxdur.

Yada salaq ki, prezident Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərmanı ötən ilin fevralında imzalayıb. Palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılıb.

Palatanı beş nəfərdən ibarət Direktorlar Şurası idarə edir ki, qurumun sədr Rüfət Aslanlıdır. Gənc olmasına baxmayaraq, hökumətdə savadlı kadr kimi tanınan ləğv olunmuş Qiymətli Kağızlar üzrə Komitənin sabiq sədrinin aşkar konstitusiya pozuntusunu «niyə görmədiyi» və «super səlahiyyət» sahibinə çevrilmək istəyi suallar doğurur.

Bəzi ekspertlər iddia edir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilmir. Belə ki, bankların sağlamlaşdırılması istiqamətində ciddi addımlar atılmır, bu proses çox ləng gedir, problemli kreditlərin həcmi isə azalmır.