vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
OLAY  
16:22 | 16 aprel 2017 | Bazar Məqaləyə 2753 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentin sərt müdaxiləsi...

...«Ovçular evi»nin gecəyarısı qəfil «ovlanması»nın qarşısını aldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının Mətbuat prospektində, «Ovçular evi» kimi tanınan məşhur binanın ətrafında çoxillik şam ağaclarının kütləvi məhv edilməsi ilə müşaiyət olunan və prezident İlham Əliyevin müdaxiləsi ilə dayandırılan tikinti bir neçə gün əvvəl-qəfil və gecə başlamışdı.

Virtualaz.org qeyd edir ki, həmin ərazidə «Böyük Plaza» adlı yaşayış və ticarət kompleksi tikmək istəyən şirkətin buldozerləri əvvəl gecə saatlarında «Ovçular evi»ni dağıtmağa, eyni zamanda ərazidəki ağacları məhv etməyə başlayıb. Proses ertəsi gün gündüz saatlarında da davam edib və qısa müddət ərzində onlarla iri ağac məhv edilib. Hələlik həmin tikintini aparan şirkətin adı açıqlanmır. Eyni zamanda şirkətin tikintiyə başlamaq və «Ovçular evi»ni sökmək üçün hansı sənədlərə malik olduğu müəyyən deyil.

Lakin qeyd etmək lazımdır ki, həmin ərazidə gözü olan bir çox iri məmurların adları əvvəllər mətbuatda çəkilirdi. Həmin «Ovçular evi»ində 2010-cu ildə bilinməyən səbəblərdən yanğın baş verib, içərisində ov silahları da olmaqla mağazanın bir hissəsi yanıb. «Ovçular evi» «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinin balansında olub, bu ictimai birliklə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında neçə vaxtdır qalmaqal yaşanırdı. Nazirlik ictimai birliyi saxta ovçuluq vəsiqələri verməkdə və ovçuluqla bağlı qanunları pozmaqda günahlandırıb. Nəhayət 2014-cü ildə təşkilatla ovçuluq təsərrüfatlarının idarə edilməsinə dair bağladığı müqaviləni ləğv edib.O vaxtdan xəbər yayılmışdı ki, «Ovçular evi»nin ərazisində yeni çoxmərtəbəli yaşayış kompleksi və ticarət mərkəzi tikilməsi planlaşdırılır. Və bu işdə birliyin rəhbəri Füzuli Əşrəfovun da marağı var.

Nəhayət buldozerlər bir neçə gün əvvəl əraziyə daxil olanda və ağacları məhv etməyə, binanı sökməyə başlayanda belə xəbərlər yayılmışdı ki, orada tikiləcək «Böyük Plaza» deputatlar üçün nəzərdə tutulub. Hərçənd bu, ancaq sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanırdı.

Görünür hansısa yolla Bakının mərkəzi prospektində yerləşən həmin ərazini ələ keçirən məmur-oliqarx prezidentin tikinti sektorunun canlandırılmasına dair verdiyi göstərişlərdən sui-istifadə etməyə qərar verib və bu işi paytaxtın onsuz da kasad olan yaşıllıqlarını məhv etməklə görməyə çalışıb. Prezident İlham Əliyev tikinti şirkətlərinin yenidən dirçəlməsi üçün şəraitin yaradılmasına göstəriş verib, ancaq heç vaxt heç yerdə deməyib ki, sektorun canlandırılması naminə tikinti şirkətlərinin yaşıllıqları məhv etməsinə də göz yummaq lazımdır. Əksinə, prezidentin yaşıllıqların məhvinə, ağacların qanunsuz kəsilməsinə görə hansı sərt mövqe nümayiş etdirdiyi çoxdan məlumdur.


***


14:37

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən «Ovçular evi» ərazisində yaşayış binasının tikintisi dayandırılıb.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda «Böyük Plaza» yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.

Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.

Ölkəmizdə yaşıllıqların salınması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, qanunsuz ağac kəsilmələrinə qarşı müxtəlif tədbirlər aparılması, ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq, mövcud yaşıllıqların məhv edilməsi, ağacların qanunsuz kəsilməsi təbii ki yolverilməzdir.

Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu bildirib:

Prezident İlham Əliyevin ağackəsimi ilə bağlı çıxışından sitat:

(13 aprel 2014, Nazirlər Kabinetinin iclası, yekun nitqi)

«Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır».


***


Xatırladaq ki, dünən haqqin.az və virtualaz.org Mətbuat prospektində ağacların qanunsuz kəsilməsi barədə yazmışdı.