vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
23:00 | 20 aprel 2017 | Cümə axşamı Məqaləyə 2339 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyədə qadın lider önə çıxır

Şahin Cəfərli: «Meral Akşener sıradan çıxarılmasa, 2019-cu il seçkilərində Ərdoğana çox ciddi rəqib ola bilər»

Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Referendumun nəticələrinin Türkiyənin gələcək siyasi həyatına təsiri ilə bağlı təhlillər davam edir. Nəticələrin ölkədəki siyasi partiyaların da həyatına ciddi təsir göstərəcəyi proqnozlaşdırılır. Məsələn, Türkiyədə referendumdan sonra MHP-dən istefalar başladığı bir zamanda narazıların yaradacağı yeni partiya gündəmə gəlib.

MHP-də narazıların rəhbəri, keçmiş daxili işlər naziri və Böyük Millət Məclisinin sədri Meral Akşenerin yaradacağı yeni partiyanın adının Milliyyətçi Türkiyə Partiyası - MTP olacağına dair xəbərlər var. Siyasi kulislərdə yayılan məlumata görə, yeni partiyada M.Akşener çox sayda tanınmış partiya üzvlərini birləşdirmək üçün artıq fəaliyyətə keçib. «Financial Times»in xəbərinə görə, MHP daxilindəki müxalif qanadın lideri Meral Akşener AKP hakimiyyətinə meydan oxumaq üçün yeni partiya yaratmaq istiqamətində fəaliyyətə başlayıb. Xəbərdə deyilir ki, ekspertlər sağ mərkəzçi qüvvələri AKP hakimiyyəti üçün ən böyük təhlükə olaraq görür və Akşener belə bir hərəkata rəhbərlik edəcək ən yaxşı namizəd hesab oluna bilər.

Politoloq Şahin Cəfərli bildirdi ki, Türkiyədə yeni bir sağ-mərkəzçi partiyanın yaranmasına çox ciddi ehtiyac var: «Son referendum kampaniyası və ümumxalq səsverməsinin nəticələri də göstərir ki, milliyyətçi-mühafizəkar platformaya sahib güclü bir siyasi qüvvənin ortaya çıxması sosial sifarişdir. Ən əvvəl ona görə ki, Milliyyətçi Hərəkat Partiyasının hazırkı rəhbərliyi artıq xeyli müddətdir ki, öz sosial bazasının gözləntilərinə cavab verməkdən uzaq siyasət yeridir və zamanın tələbi ilə ayaqlaşmaqda çətinlik çəkir. MHP rəhbərliyinin hədəfi ölkədə hakimiyyətə gəlmək səviyyəsindən partiya daxilində öz hakimiyyətini qorumaq səviyyəsinə qədər kiçilib. Ankaranın Balqat səmtindəki mərkəzi qərargahla partiyanın yerli təşkilatları, hərəkətverici nüvəsi arasında əlaqə qopub. Dövlət Bahçeli və yaxın ətrafından ibarət gerontokratik-statik elita ilə ülküçü hərəkatın dinamizmi çoxdandır ki, bir-biri ilə uyuşmur. Bilirsiniz ki, ülküçülər partiya daxilində dəyişiklik etmək üçün çox ciddi cəhd göstərdilər, fövqəladə qurultay çağırmaq üçün səlahiyyətli qurultay nümayəndələrinin üçdə ikisindən imzalar toplanıldı. Lakin rəhbərlik bu tələbi qəbul etmədi və məhkəmə vasitəsilə seçkili qurultay keçirilməsinə imkan vermədi. Sonrakı mərhələdə bir sıra müxalif mövqeli yerli təşkilatlar buraxıldı, Meral Akşener, Ümit Ozdağ, Sinan Oğan, Yusuf Halaçoğlu kimi nüfuzlu simalar isə partiyadan xaric olundu. Yəni partiya daxilindəki qiyam hakimiyyətin də köməyi ilə yatırıldı və bəlli oldu ki, MHP içərisində dəyişiklik etmək mümkün olmayacaq.

Son referendum göstərdi ki, milliyyətçi-mühafizəkar kəsimə xitab edən AKP MHP rəhbərliyi ilə ittifaq qursa da, MHP-nin sosial bazasından gözlədiyi dəstəyi ala bilmədi. Konstitusiya dəyişikliyinə MHP elektoratından maksimum 2 faizlik dəstək gəldiyi güman olunur. Bu, onu göstərir ki, ülküçülərin asanlıqla AKP-yə və Ərdoğana meyllənəcəyi barədə gümanlar özünü doğrultmadı, ülküçülərin yeni bir siyasət, yeni bir lider axtarışında olması çox aydın şəkildə ortaya çıxdı. Öz dinamizmi və xarizması ilə önə çıxmış Meral Akşener təbii ki, bu gözləntilərin, aşağılardan gələn bu tələbin fərqindədir. Əgər MHP daxilində dəyişiklik artıq mümkün deyilsə, bütün qapılar qapanıbsa, onda yeni siyasi partiya yaratmaqdan başqa yol qalmır».

Ş.Cəfərli qeyd etdi ki, yerlərdə partiya rəhbərliyindən narazı olan ülküçü-milliyyətçi insanların Akşener ətrafında toplanması prosesi gedir: «Onu dəstəkləyənlər arasında MHP-nin nüfuzlu simaları, bir sıra keçmiş millət vəkilləri, eləcə də əvvəllər Ana Vətən və Doğru Yol partiyalarında fəaliyyət göstərmiş, bu partiyaların üzvü olmuş geniş təbəqələr də var. Akşenerin personası ən müxtəlif, bir-birinə zidd ideoloji kəsimləri də cəlb edir, məsələn, onun MHP ilə yanaşı, həm AKP-dən, həm də Cümhuriyyət Xalq Partiyasından səs qoparmaq imkanları var. Bunu təbii ki, iqtidar dairələri də bilir və görür. Bu səbəblə, ötən müddətdə Meral Akşenerə qarşı əngəlləmələrin şahidi olduq. Onun MHP-də hakimiyyəti ələ keçirməsinə imkan verilmədi, referendum kampaniyası zamanı isə Akşener mərkəzi mediaya buraxılmadı, təzyiqlərə məruz qaldı, Ankarada mitinq keçirməsinə icazə verilmədi. Mən düşünürəm ki, əgər iqtidar Meral Akşener təhlükəsinin böyüdüyünü görərsə, ona qarşı FETÖ əməliyyatı təşkil oluna bilər. Məlumdur ki, MHP rəhbərliyi M.Akşenerin fətullahçı olduğunu iddia edir, hətta deyilirdi ki, 15 iyul çevrilişindən sonra baş nazir məhz Akşener olacaqdı. Ona görə də yaxın həftələrdə və ya aylarda Meral Akşener haqqında istintaq başlandığı barədə xəbər eşitsəniz, təəccüblənməyin. Amma bu addım hakimiyyət üçün müəyyən riskləri də özündə ehtiva edən addım olardı. Əgər hakimiyyət Akşenerin FETÖ ilə əlaqələrinə cəmiyyəti inandıra bilməsə, ona qarşı təqiblər əks effekt verə bilər. Türk xalqı adətən haqsız təqib olunan, onların sözü ilə desək, mağdur edilən siyasətçiyə hər zaman simpatiya ilə yanaşıb. Vaxtilə Ərdoğanın nüfuzunun yüksəlməsinə təsir edən amillərdən biri məhz onun həbsi idi. Yəni hüquqi təqibin Akşenerin reytinqinin artması ilə nəticələnməsi istisna deyil».

Ekspert hesab edir ki, Meral Akşener hansısa səbəblə sıradan çıxarılmasa, 2019-cu il prezident seçkilərində Ərdoğana çox ciddi rəqib ola bilər.