vaxtlı-vaxtında oxuyun! Cümə, 20 oktyabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0000 AZN
Rusiya rublu 1 RUB = 0.0297 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2421 AZN
Türk lirəsi 1 TRY = 0.4638 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MÜZAKİRƏ  
17:23 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 566 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«70 il araq içdim, 50 il də çaxır içim»

Musa Yaqubla 80 yaş söhbəti: «Torpaq çox qəribə şeydi, həm bulandırır, həm duruldur»

MÖVZU İLƏ ƏLAQƏLİ

Kulis.az jurnalist Ülviyyə Niyazqızının şair Musa Yaqubla 80 yaşının tamam olması münasibəti ilə etdiyi söhbəti təqdim edir.

«Arxa da seçəndə dağdan arxa seç» deyən, dağlara sığınmış Buynuzda məskən salmış dağ vüqarlı şair Musa Yaqubun görüşünə gedəndə sanki Babadağın ziyarətinə gedirdim - elə Sözdən dağ yaratmış fərqli bir İnsanın ziyarətinə. Taleyimdə ən yaddaqalan, daha çox özüm olduğum, ilahi dünyada olduğum günlərdən biri də dahi şairimizlə söhbət etdiyim gün oldu... 20 ildir içimdə yol gəlirdim bu böyük poeziyaya, Sözə topdağıtmaz heykəl ucaltmış şairə doğru - məni mənə, məni həyata qaytaran poeziyaya... Güclü depressiya yaşadığım aylarda, illərdə mənə həyat eşqi bəxş etmiş dərddaşım, sirdaşım, qəlbdaşım Musa Yaqub poeziyası... və nəhayət, mənə nəsib oldu bu böyük insanla söhbət edib onu dərindən tanımaq. Adətən həmsöhbəti, alim ya sənətkar olsun- titullarına görə təqdim edirlər. Həmsöhbətimin isə ən böyük titulu elə xalq arasında qazandığı ən yüksək ad, özü kimi sadə və təvazökar titulu var - Şair MUSA YAQUB.

Şairlə söhbətimiz təbii ki, elə poeziyasından bəhs etdi, çünki bu poeziya hər şeyi deyirdi - yaşamı, həyatı, sevgini, insanlığı... və bütün insani duyğuları ifadə edirdi. Musa Yaqub poeziyasının gücünü, qüdrətini ifadə edə biləcək kəlmə ədəbiyyatda yoxdu məncə... Onun bənzərsiz, özünəməxsus poeziya dünyasının kiçik bir sakini olduğum üçün çox şanslıyam. Şairlə söhbət boyu böyük heyranlıq içində idim. Şairin dünyası o qədər gözəl, rəngarəng, işıqlı idi ki, o dünyada qalmaq istəyirdim daim, heç vaxt tərk etmək istəməzdim... Yalnız və yalnız səmimiyyətdən, saflıq və ucalıqdan gələn misralar bizi başqa - reallıqdan uzaq, səmimi və günahsız poetik duyğular dünyasına aparmışdı. «Qara daş əfsanəsi»ni yaradan şairlə söhbət zamanı yaşadığım hissləri, duyğuları, o isti ovqatı dilə gətirməkdə, olduğu kimi təsvir etməkdə acizəm...

Musa müəllim özünəməxsus incə yumoru ilə bizi həm güldürür, həm də düşündürürdü. Şairlə ilk əyani görüşümüz olsa da, mənə elə gəlirdi ki, uzun illərdi onu tanıyıram. Bilirəm ki, bundan sonra neçə görüşümüz olsa da, əsla ilk görüşü əvəz etməyəcək. Elə şairin özünün dediyi kimi «Hələ min-min belə payız gələcək, amma ki, bu payız qayıtmayacaq»... Musa müəllim Azərbaycan poeziyasının ən danılmaz və təvazökar simalarından biridir. Bu baharda da ziyarət etdim şairi. Ruhuyla bağlı olduğu doğma yurdu Buynuzda qarşıladı novruzu. Yurda bağlılıq Musa müəllimdə bir başqadır. Bənövşəsiz bir yazı olmaz. Elə mənim də ən çox sevdiyim güldür bənövşə. Poeziyası da bənövşə ətirlidir yaza vurğun şairin. Musa müəllimi mənə çox sevdirən əsas xüsusiyyətlərindən biri də bənövşə kimi təvazökar olmasıdır...

Qarşıdan 80 illik yubileyi gəlir «Təbiət filosofumuzun». Elə təbiət gözəli İsmayıllının da yaranmasının 85 illiyidir - cəmi 5 yaş kiçikdir Vətəndən Vətən ruhlu şairimiz. Demək ki, elə Vətən boyda, Vətən yaşdadır Vətənə Sözdən heykəl ucaltmış Söz korifeyimiz!.. Musa Yaquba Vətən torpağı kimi möhkəm olmağı, torpaq qədər zəngin və əbədi ömür arzulayırıq. Qoy şairin Vətən sevgisi bitməsin, tükənməsin! Vətən torpağı da sevinir ki, belə dahi yetişdirib. Şair söhbətində də qeyd etdi ki, «Mənim bu cür şair olmağımda İsmayıllı təbiətinin rolu əvəzsizdir. Dəyərli ziyalımız, Musa Yaqub poeziyasının və şəxsiyyətinin pərəstişkarı Xeyrulla Ağayevin dediyi kimi «Süleyman peyğəmbər quş dilini bilirdisə, Musa Yaqub təbiətin, gül-çiçəyin, dağların - daşların dilini bilir, təbiət dilinin tərcümanıdır insanlar üçün». Poeziyası da təbiətə bənzəyən «Ömrümün həştadındayam» deyən şairimizi 80 Zirvəsində ürəkdən təbrik edir, poeziya vurğunlarını, çoxminli oxucularını yeni ədəbi Söz çiçəkləri ilə sevindirməyi arzulayırıq...


- Sizə təbiət şairi desələr də, deyərdim, HƏYAT şairisiniz. Sizi hamı eyni cür dərk edə...

- Şeiri başa düşmək elə şairlə yarıdır. Başa düşmək dedikdə - o hissə girmək çətindir. Hamı başa düşə bilir, ancaq onu kapilyarlarıyla, xətləriylə şeirə girə bilmir, sevə bilmir. Hisslər üst-üstə düşəndə elə bilirsən bu şeiri sən özün yazmısan. Bu, çox qəribədir…


- Bu dünya vəfasız gözələ bənzər,

İşi kimə, kefi kimə qalıbdır.

Kəpənəklər üçün oyuncaq çiçək

Arını gör necə işə salıbdır…


Bu misraları duysam da, açması asan deyil…

- Bunlar çox sadə şeylərdi. Hamı görür onu, adi müşahidədən doğur. Bir misal çəkim. XIV əsrdə Saib Təbrizi deyir:


Bir qədəh badə ilə könlümü açmaq dilədim,

Bilmədim ki, açılmazdır düyün islansa əgər…


Yəni istədim ki, badə ilə könlümü açım, daha bilmədim ki, badə ilə düyün açılmır, daha demir ki, könlüm düyün bağlayıb. Bu da çox güclü müşahidədən doğub. Saibin 6 yaşı olanda anası deyir ki, get buzovu aç gəlsin anasının altına, gedir, yer şeh, çomağı islanıb, islaq düyünü aça bilmir. 40 yaşında yada düşür ki, o düyün açılmadı axı.

Yəni müşahidə özünəməxsusdur. Göyçay çayı həmişə bulanıq olurdu, bir bulaq vardı, qadınlar gedib çiyinlərində səhəng bulaqdan su gətirirdilər. Zəy vururdular ki, durulsun bu su. Sel gələndə düşürdülər çaya, orda bir damcı su çökür torpağa, 2 metr o yanda durulub çıxır üzə... Bəli, bu da müşahidələrimdi, poeziyama ayaq açdı.


Orda bulanıq su hopur torpağa,

Burda çıxır üzə dönür bulağa.

Hələ vaxtımız var durulmağa...

 

Torpaq çox qəribə şeydi, həm bulandırır, həm duruldur. Dünya üzündə bu dağlar var, bax elə bizim Babadağdan milyon illərdi bu çaylar - Dəmiraparan, Göyçay, Girdiman, Axox, Ağsu və başqa çaylar daş gətirir, daşınır, elə o dağdan da böyük binalar tikilir, ancaq dağlar qurtarmır ki qurtarmır... Heç dağlar bircə santimetr kiçilibmi, alçalıbmı ya azalıbmı? Yox! Bax bu çox qəribə sirdir. Niyə qurtarmır bu dağlar, bu qum? Bunlar hikmətdir. Bu hikmətləri başa düşəndə hiss edirsən, poeziya belə yaranır. Poeziyada da elə hikmət olmalıdır ki, söz rəng götürsün. Söz ta qədimdən, Füzulidən keçərək söz həmən sözdür. Dilimiz elə gözəldir ki, hər cür rəng götürür. Hər cür sözü deyə bilirsən, təki fikrin olsun, təki ideyan olsun, hoqqabazlıq etməyəsən. İndi bəziləri hoqqabazlıq edirlər, sözü dəyişdirirlər. Təki başa düşülməsin. «İntellektual səviyyəsi» olsun desinlər.


- A baxışı kobud, o tərəfə bax,

Zərif hisslərimə heyfim gəlir.


Hansı hisslərdən qaynaqlanaraq demisiniz bu sözü?

- İnsan çox qəribədir. Allah nə qədər möcüzə kimi yaradıb ki, insanı, bir barmaq cizgisində fərqlənir hamı, barmaq izləri bir-birinə bənzəmir, bu insan xarakterində var ki, bənzəmir başqasına. Xarakterlər də düz gəlməyən adamlara baxanda könlüm qana dönür.

 

Ata bir barmağın cizgisində dönür yada.

Bəli. İnsan Tanrının yaratdığı ən böyük möcüzədir.

-  Bəlkə də birinci müsəlmanam mən,

Cəhənnəm çəkirəm savaba görə.


Sizcə, insanlar real həyatda savaba görə cəhənnəm çəkirlərmi?

- İndi daha çox çəkirlər bunu. Cəhənnəm deyirlər. Hələ deyirlər Qiyamət olacaq. Deməli, hələ cəhənnəm də boşdur, cənnət də. Bilmirəm bu dünyasını dəyişənləri hələ harda saxlayırlar?! Hələ Sirat körpüsündən keçməyiblər. Peyğəmbər durur müsəlmanların yanında, savab tərəfə atır ki, günahı az olsun müsəlmanların. Hələ ki, çəkilməyib Sirat körpüsü. Keçilməyib də. İnsan elə cəhənnəmi bu dünyada görür. Məsələn, haqsız işləri görürsən. İnsanın xisləti çox mürəkkəbdir. İndi o cəhənnəmi çəkirlər. Mən də çəkmişəm. O məhəbbət şeiridir, həm də tək sevgi şeiri deyil. «Özünü öyrətmə belə» - bu da eyni. Bu cəmiyyət bizi cəhənnəmə salır. O qadına əzab verməyini istəmərəm, ancaq Allah-Təala o adama əzab versin ki, bizə bu əzabı verir, bircə bu fərq var. Bəli, həqiqətdir bu, mən də çəkirəm, sən də çəkirsən, çünki insanlar bir-birinə çox zülm edirlər.


- Sevgisiz yaşamaq olmur. Mən bilən, sizə o şerləri yazdıran sevginiz olub...

- Bəli, olub. Bəlkə də sevgi deyil heç, münasibətdir. Sevgi şeirləri tam ayrı olur. Təmiz, şəhvətdən uzaq. Sevgi şeirləri çox azdı, lap az. Ağırdır əsl sevgidən yazmaq.

Qəribə hiss var - əgər sevgidən, həyatdan doymamısansa, sevgi səni doydurmayıbsa - istənilən yaşda, lap 50-60 yaşında dirilə bilər. Məsəl deyirlər, utanmır ee, yekə kişidi, filankəslər, qadın-kişi sevirlər bir-birini. İnsanın hissi doymalıdır, yəqin ki, o doymayıb. O, sevgidir, şəhvət deyil. O, çox nadir hallarda baş verən bir sevgidir. Payızda qızılgüllərin solmasıyla müqayisə eləmişəm belə sevgini. Solub, ancaq nə vaxtsa yenə bitəcək, çiçək açacaq, dəxli yoxdur nə vaxt...


- Sevgi günaha çevrilə bilərmi?

- Hamının içində bir günah var. Bir günah sənindir, bir günah mənim...


- Deyirsiz, İsmayıllı təbiətinin bənzəri yoxdur...

- Yaradıcılığımın hamısı təbiətə bağlıdır. Bax burda oturmuşuq, bu ağaclar, bu təbiət mənim ədəbi qəhrəmanlarımdı. Çoxları deyir, siz də vurğuladınız ki, təbiət şairiyəm. Doğrudur, mən təbiətin şairiyəm, mən təbiəti sadəcə təsvir etmirəm, öz fikrimi, duyğumu onunla bölüşürəm. Ağac da, insan da əslində ömürdə-gündə eynidir, ağac da bir yerdə bitir, nəfəs alır, susaya bilir, xarakterləri eyni şeydi, yəni onu insanla uyuşdura bilirəm, ona görə fərqlənir poeziyada.

Mən yol gedəndə Muğanlıdan keçirəm, orda bir kənd var. Gözəl təbiəti var, hər payız ora gedirəm, qəlbim titrəyir, 10-15 şeir yazıram.


- Necə düşünürsünüz, xalqımız sizə və poeziyanıza lazımi qədər dəyər verə bilirmi?

- Mənim ilk poemam 1958-ci ildə çıxıb, çox böyük idi - 1300 misra. «Azərbaycan gəncləri» qəzetinin 4 nömrəsində çap olundu, böyük əks-səda doğurdu. Kənd həyatından bəhs edirdim. Mən ondan sonra 2 il bir dənə də olsun şeir yaza bilmədim. Yəni tapa bilmirdim, təzəcə poeziyaya gəlirdim, məhəbbət poeziyasına gəlirdim, mənim gördüyümü heç kim görə bilmirdi. Bax bu İsmayıllı təbiəti məni özünə bağladı, şair elədi. Həmişə sevinmişəm ki, Babadağa çox yaxınam, ziyarətə gedirəm, baxıram, xəyallara dalıram.

Qədir bilməkdən deyirsənsə, çox razıyam. Millətimdən, xalqımdan çox razıyam, məni çox seviblər, dəyərləndiriblər...

(Məclis, xoş və səmimi ünsiyyət həvəskarı Musa müəllim qədəhinə süzülmüş arağa baxıb zarafatından da qalmır)

Mənim araq içməyim durnanın boşqabdan dovğa içməyinə bənzəyir (gülür). Həmişə içən olmuşam. İndi səhhətimlə bağlı bir az azaltmağa «məcbur olmuşam».

Arada arağı tərgidib çaxıra başlamışdım. Bir dostum mənə dedi, araqdan çaxıra keçməyin mənası nədir? Dedim, 70 il araq içmişəm, bir 50 il də çaxır içim görək nə olur? (gülüşürük).

Söhbətimizi davam etdirmək üçün şairin Buynuzdakı həyətinə getdik. «Qara daş»ın yanına tələsirdim. Çox arzuladığım bu daşı görəndə qəlbimi qəribə hisslər bürüdü, özümü nağıllar aləmində hiss etdim. Kitablardan, şeirlərdən, qəzetlərdən oxuduğum əfsanəvi «Qara daş» bir yanımda, bu əfsanəni yaradan Şair bir yanımda. Bəli, əfsanəylə onu gerçəkləşdirən SÖZ arasındaydım... Deməli, nağıllar, əfsanələr həqiqətə çevrilə bilərmiş, gerçəkləşə bilərmiş.

Bax beləcə Musa Yaqub xarakterinə xas səmimi və xoş zarafatlarla ilk söhbətimizə nöqtə qoyduq. Söhbətlərimiz davam edəcək. Elə 80-dək də. 80-dən sonra da... 100-də də... Və Zaman gələcək, Nizami, Xəqani, Nəsimi, Füzuli, Sabir, Hadi kimi Musa Yaqub adı da klassiklər, söz korifeyləri sırasında çəkiləcək. Ona, onun poetik söz çeşməsinə müraciət edəcəklər - təkrarsız poetik xəzinə kimi...

Mənim üçünsə Musa Yaqub Söz dünyasının fətholunmaz Zirvəsi olaraq qalacaq hər zaman - Şeirimizin Babadağı kimi...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *